beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cavanşir Vəkilov - Xaricdə və Azərbaycanda fəaliyyəti

Azərbaycan istiqlalına qovuşduqdan sonra 1992-ci ilin mart ayında diplomatiya sahəsinə keçmiş, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində ikinci və birinci katib, 1 may 1995-ci ildən 5 noyabr 1998-ci ilə qədər Azərbaycan Respublikasının Tehrandakı səfirliyində 2-ci katib vəzifəsində çalışmışdır.

Ankara (1993), Tehran (1994, nümayəndə heyətini rəhbəri) və Qahirədə (2002, nümayəndə heyətini rəhbəri) keçirilən Diplomatik Kurslarda iştirak etmişdir.

1993-1995-ci illərdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran nümayəndə heyətləri ilə danışıqlarında fars dili tərcüməçisi kimi iştirak etmiş, Prezidentin Tehran (1994, 2000, 2002), Aşqabad (1994), Məşhəd (1996) səfərlərində Azərbaycan nümayəndə heyətinin tərkibində olmuşdur.

Onun Azərbaycanın Sloveniya ilə diplomatik münasibətlərinin qurulmasında xidmətləri vardır.

1997-ci ilin əvvəlində Tehran, Təbriz, Zəncan və Ərdəbilin əsas dövlət qəzetlərində "İran ermənilərinə müraciət"ini fars, Azərbaycan və ingilis dillərində dərc etdirə bildiyinə görə, səfirliyin 2-ci katibi C.Vəkilova təşəkkür elan edilmiş və şəxsi işinə əlavə edilməsi məqsədi ilə XİN-ə göndərmişdir.

1998-ci ilin noyabrında İrandakı diplomatik fəaliyyəti bitdikdən sonra XİN-ə qayıtmış, 2000-ci ildən 2-ci Ərazi İdarəsinin Orta Şərq və Cənubi Asiya şöbəsinin müdiri vəzifəsində çalışmış, 2003-cü il iyul ayının 1-də C.Vəkilova 2-ci dərəcəli müşavir rütbəsi verilmişdir. 2003-cü il sentyabrın 15-dən – 2007-ci il sentyabrın 16-dək Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin müşaviri vəzifəsində çalışmışdır.

2003-cü il dekabr ayının 26-da rəsmi məlumatlara görə 41 min adamın ölümünə səbəb olmuş İran İslam Respublikasının Kerman vilayətinin Bəm şəhərində baş vermiş zəlzələdən sonra dekabr ayının 27-31-də Azərbaycan Respublikasından İİR-ə ezam olunmuş həkim briqadası, (16 nəfər) xilasedici qrup (24 nəfər) və hadisələrin işıqlandırılmasında ANS televiziya kanalı şirkəti üzvlərinin (2 nəfər) fəaliyyətlərinin aparılmasına və zəlzələ zonasında Azərbaycan Respublikasından ezam olunmuş nümayəndə heyətinin işinin təşkil olunmasına etdikləri köməkliyə, nümunəvi və peşəkar xidmətə, zəlzələ dalğalarının davam etdiyi bir vaxtda soyuq havada səhra şəraitində qurulmuş çadırda, məişət vəziyyətinin ağır olduğu bir halda, qida və su çatışmazlığı şəraitində göstərdikləri xidmətə görə, səfirliyin müşaviri Cavanşir Vəkilova təşəkkür elan edilmiş və şəxsi işinə əlavə edilməsi məqsədi ilə XİN-ə göndərmişdir.

Azərbaycan Respublikasının İİR-dəki Səfirliyinin müşaviri vəzifəsində çalışdığı zaman 2004-cü il oktyabr ayının 20-də Azərbaycan Respublikasının Təbrizdə Baş Konsulluğunun açılışını təşkil etmiş və orada 2005-ci il mart ayının 7-dək (qeyri-rəsmi aprel ayının əvvəllərinə qədər) ilk Baş Konsul vəzifəsini icra etmişdir. Belə bir vəzifəyə, məhz, Azərbaycanın milli şairi Səməd Vurğunun qardaşı oğlunun təyin olunması İran Azərbaycanı ziyalıları tərəfindən rəğbətlə qarşılanmış, bu haqda Təbriz mətbuatında yazılar dərc edilmilşir.

2005-ci il aprel ayının axırlarında (təhvil-təslim işləri aparıldıqdan sonra) Tehrana qayıtmış və 2007-ci il sentyabr ayının 16-na qədər Səfirlikdə müşavir vəzifəsində çalışmışdır.

2007-ci il yanvar ayının 7-də 1-ci dərəcəli müşavir diplomatik rütbəsi verilmişdir.

Vətənə qayıtdıqdan sonra 2007-ci il sentyabr ayının 21-dən Azərbaycan Respublikası XİN-in 2-ci (Şərq) Ərazi idarəsində (2013-cü ildən 1-ci Asiya idarəsi) müşavir vəzifəsində çalışır.

2009-cu ildə "Azərbaycan Respublikası Diplomatik Xidmət orqanlarının 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.

11 il yarım müddətdən artıq Azərbaycan Respublikasını (1970-ci illərdə Azərbaycan SSR-ni) Vətəndən xaricdə təmsil etmişdir.

Beş dəfə Məşhəd şəhərində imam Rza hərəmini, yeddi dəfə Qum şəhərində Fateme-yi Məsume hərəmini, İranda çalışdığı müddətdə Ərdəbildə Şah İsmayılın, Xorasanda, Tus şəhəriində Firdovsinin, Şiraz şəhərində Hafiz Şirazi, Sədi və Kərim xan Zəndin, Məşhəd şəhərində Nadir şah Əfşarın məqbərə və türbələrini, Tehranda Səttarxanın, Təbrizdə, Sorxab məhəlləsində, Məqbərətülşüarada (Şairlər Məqbərəsi)ndə Əsədi Təbrizi [1072-ci ildə ilk dəfn olunmuş], Xaqani Şirvani, Zülfəqar Şirvani, Şahpur Nişapuri, Qətran Təbrizi, Mani Şirazi, Mücirəddin Beyləqani, Məğrebi Təbrizi, Hümam Təbrizi, Ənvəri Əbiverdi, Mirzə Əli Siqqətülislam, Şeyx Məhəmməd Xiyabani, Seyid Məhəmməd Şəhriyar [1988-ci ildə son dəfn olunmuş] və oradakı daha 53 nəfər şair və məşhur xadimin qəbrlərini ziyarət etmişdir.

Əfqanıstanda çalışdığı müddət ərzində Kabildə Məhəmməd Nadir şah Durranininın, Herat şəhərində Cami və Nəvainin türbələrini ziyarət etmişdir.

2002-ci ildə Bakıda "Ozan" nəşriyyatında işıq üzü görmüş "Heydər Əliyev və Şərq" altı cildliyinin İran İslam Respublikasına həsr olunmuş 2-ci cildinin hazırlanmasında yaxından iştirak etmişdir.

Azərbaycan Xarici İşlər Nazirliyinin 90 illik yubileyi münasibətilə nəşr olunmuş:

- Cəmil Həsənli. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti (1918-1920). Bakı: "GARİSMA" MMC nəşriyyatı, 2009.

– Джамиль Гасанлы. Внешняя политика Азербайджанской Демократической Республики (1918-1920). Москва: Изд."Флинта", Изд."Наука", 2010.

– Cəmil Həsənli. Sovet dövründə Azərbaycanın xarici siyasəti (1920-1939). Bakı: "Adiloğlu" nəşriyyatı, 2012, kitablarının redaksiya şurasının üzvü olmuşdur.

Şəxsi kitabxanasını Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kitabxanasına, Azrəbaycan Milli Elmlər Akademiyası Fundamental kitabxanasının Şərq fonduna və AMEA M.Füzuli adına Əlyazmalar İnstitutun kitabxanasına hədiyyə etmişdir. İranda çalışarkən, əldə etdiyi çox saylı kitab, jurnal və qəzetləri adı çəkilən kitabxanalardan başqa Azərbaycan Yazıçılar Birliyi, Bakı Dövlət Universitetinin kitabxanalarına və M.F.Axundov adına Milli Kitabxanaya göndərmişdir.


Tarix: 09.02.2015 / 19:05 Müəllif: Feriska Baxılıb: 125 Bölmə: Azərbaycan tarixçiləri