beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Naxçıvan şəhəri - Monqol yürüşləri və Hülakülər

1221 – ci ildə Naxçıvan şəhəri monqollar tərəfindən dağıdıldı, əhalisi qarət və talan edildi. 1225 – ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Mənqburnı Naxçıvanı işğal etdi. Naxçıvanda onun əlehinə üsyan baş verdi. XIII əsrin 30 – cu illərində Naxçıvan Qızıl Ordanın tərkibinə daxil edildi. 1257 – ci ildə isə Hülakülər dövlətinin tərkibinə daxil oldu.

XIII – XIV əsrlərdə Naxçıvan Azərbaycanda və ümumiyyətlə, şərqdə gedən siyasi, iqtisadi və mədəni proseslərin mərkəzlərindən birinə çevirilmişdi. Hülakülərin, Çobanilərin, Cəlairilərin nüfuz dairlərində olan Naxçıvan bu sülalələrin siyasi həyatında yaxından iştirak edirdi. Şəhər həmin sülalələrin təyin etdikləri nümayəndələr tərəfindən idarə olunurdu.

1253 – cü ildə Naxçıvanda olmuş flamand səyyahı Vilhelm de Rubruk Naxçıvanı təsvir edərək yazırdı ki, monqollar şəhəri dağıdaraq boş səhraya çevirmişlər.. XIII əsrdə şəhərin 5/6 hissəsi dağıdılmışdı. XIII əsrin sonlarında Naxçıvan Elxani hökmdarı Qazan xanın hakimiyyəti altında olan şəhərlər sırasına daxil olmuş, Qazan xanın həyata keçirdiyi iqtisadi və siyasi islahatlar Azərbaycanın başqa şəhərləri kimi, Naxçıvanın da yenidən bərpa olunub, dirçəlməsinə şərait yaratmışdı.

XIII əsr mənbələrindən məlum olur ki, Elxanilər dövlətinin tərkibinə daxil olan Azərbaycan doqquz tümənə bölünmüşdü ki, onlardan da biri, Naxçıvan tüməni idi. Naxçıvan tüməni müasir Naxçıvan MR ərazisini, o cümlədən Naxçıvan şəhərini əhatə edirdi. Azərbaycanın 27 iri şəhərindən 5 – i – Naxçıvan, Ordubad, Azad, Əncan və Maku bu tüməndə yerləşirdi.

Bu dövrdə Naxçıvan zərbxanasında yeni sikkələrin kəsilməsinə başlanmışdı. Burada Hülakü elxanları Əbu Səid (1316 – 1335), Arpaxan (1335 – 1336), Məhəmməd xan (1336 – 1338), Satıbəy xatun (1339 – 1340), Süleyman xan (1340 – 1344) və Ənuşirəvanın (1344 – 1340) adından müxtəlif nominallı sikkələr kəsilmişdi. Qazan xanın vəziri və sahib divan olan Rəşidəddinin Azərbaycanda olan 940 fəddak torpaq mülkündən 100 fəddakı (təqribən 1000 hektar) Naxçıvanda idi. XIV əsrin 40 – cı illərində Hülakülərin Naxçıvan nahiyyəsindən yığdıqları vergilərin ümumi məbləği 113000 dinar idi.

Naxçıvan XIV əsrin 50 – ci illərindən çobani, cuci, cəlairi və müzəffərilərin hakimiyyəti altında olmuşdur.


Tarix: 12.02.2015 / 14:16 Müəllif: Feriska Baxılıb: 59 Bölmə: Ümumi