beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mannada Mədəniyyət

Şəhərlər və şəhər həyatı
E. ə. II minilliyin sonuna məxsus abidələr göstərir ki, mannalılar öz məskənlərini düşmənin əli çatmayan, eyni zamanda asan müdafiə edilən təbii yüksəkliklərdə və strateji cəhətdən əlverişli olan yerlərdə salmağa başlayırlar. E. ə. I minilliyə yaxın bu məskənlər tədricən qalın divarlar arasına alınır və əsl qalalara çevrilir.

Arxeoloji cəhətdən bu proses Həsənlunun V və IV dövrləri arasındakı keçid mərhələsi ilə əyaniləşir. Təpənin başında beşinci dövrə aid orta ölçülü tikili qalığı aşkar edilmişdir. Onun divarları 38×38×16 ölçülü kvadrat formalı çiy kərpiclərdən hörülmüşdür. Ölçülər göstərir ki, kərpiclərin ölçüsü sonrakı yüzilliklər boyu dəyişməmişdir. Bəzən bütöv kərpic sıraları yarım kərpiclərlə tamamlanmışdır. Məhz buna görə də bəzi yerlərdə divarın eni təqribən 60 sm-ə çatmışdır. Bu tikinti texnikasından IV dövrdə də istifadə edilmişdir. Lakin artıq həmin dövrdə tikililər möhkəm divarlarla dövrələnmişdir.

Manna dövlətinin yaşayış məntəqələrinin adını çəkən Aşşur mənbələri onları uzun mübarizədən sonra ələ keçirdikləri (bəzən də onlar buna müvəffəq olmurdular) möhkəmləndirilmiş qala şəhərlərə ("alani dannuti") və bu qalaların ətrafında yerləşən yaşayış məskənlərnnə ("alani sehruti sa limetisunu") ayırırlar. Urartu məskənləri də ələ keçirilmiş əyalətlərdə qalaların mövcudluğunu qeyd edir və onları alu — adi yaşayış məntəqələri və möhkəmləndirilmiş qalalar E. GAL agununi manu adlandırırlar.

Lakin şəhər-qalaların heç də hamısı yaşayış məntəqələri deyildi. Görünür, onların bəzisi yalnız mühüm strateji məntəqələrdə qərar tutan və daha vacib yaşayış mərkəzlərinin yollarını qoruyan müdafiə qurğuları imiş. Düşməndən müdafiə üçün bu qala-şəhərlərdə müəyyən qədər qoşun saxlanırdı. Habelə mühasirə təhlükəsi yarandıqda mal-qara buraya sürülür, yaxın kəndlərin sakinləri urada daldalanırdılar. Həmin qalalar təpənin başında divarla dövrələnmiş kiçik bir sahədə yerləşirdi. Görünür, Zibia (Uzbia, İzzibiya) da qədimdə bu cür qalalardan idi. Onun xarabaları hündürlüyü 90 metr olan təpədədir. Təpənin çox məhdud bir sahəni tutan, ətrafına çiy kərpicdən hasar çəkilmiş yuxarı hissəsində tikililərin qalıqları vardır.

R. Dayson özü belə güman edir ki, onu əhalinin daimi yaşayış yeri olan şəhər hesab etmək mümkün deyildir.A. Qodar Zibia qalasını indiki Ziviyə kəndi yaxınlığında dəfinə tapılmış yerin yaxınlığındakı təpə ilə lokalizə edir. Aşşur mənbələrində Zibia ilə yanaşı adı çəkilən Armait (Urmeyate) qalası isə ona yaxın, indiki Sahab kəndinin ərazisində lokalizə edilir. A. Qodar 5 km-də yerləşən Qaplantu şəhər yerini İzirtu ilə eyniləşdirir. Lakin İ. M. Dyakonov buna şübhə ilə yanaşır.

Assuriya qaynaqlarına görə Mannanın paytaxtı İzirtu bu qalaların bilavasitə yaxınlığındaymış. Onların adları həmişə birgə çəkilirdi və assurlar İzirtuya Zibia və Armait qalaları dağıdıldıqdan sonra yaxınlaşırdılar. Həsənlu yaxınlığındakı Əqrəbtəpədə də qazıntı zamanı eynilə bu tipdən olan kiçik bir qala aşkar edilmişdir. Bu qalanın da ətrafına qabarıq bürcləri olan hasar çəkilmişdir. Qala iki dəfə yandırılmış, lakin dağıdıldıqdan sonra ilkin plan əsasında bərpa edilmişdir. Ola bilsin, Əqrəbtəpədə qurulmuş istehkam qədimlərdə Həsənlu təpəsində yerləşmiş şəhərin giriş yollarında bir maneə imiş. Düşmənin yaxınlaşdığını xəbər verən xüsusi bürclər də müdafiə məqsədlərinə xidmət edirdi. Əldə olan məlumata görə, Mannanın Saiqibutu vilayətində belə bürclər varmış: "Dağ zirvələrində bürclər ucaldılmışdı, tonqal yandırılıb-yandırılmadığına gecə-gündüz göz qoyur və uzaqda olan çoxsaylı düşmən yaxınlaşdıqda xəbər verirdilər".

Giriş yolları müdafiə edilən şəhər-qalalar (alani dannuti) çox böyük bir ərazini əhatə edən və ən əlverişli mövqe tutan məskənlər idi. Bunlar daha ciddi möhkəmləndirilirdi, içqalaları, sarayları, məbədləri və digər memarlıq qurğuları vardı. Şəhər-qalaların bəzisi "çar şəhəri" (al sərruti) adlanırdı və çarın, əyanların, vilayət rəislərinin yaşayış yeri idi. Bu şəhərlər mədəniyyət, din və sənət mərkəzləri idi. Kiçik qalalar və onların ətrafında olan məskənlər dağıdılanda orada yalnız malqara zəbt edilirdisə, iri şəhərlərdən mal-qara sürülür, anbarların ehtiyatda olan taxıl, gümüş, mis, qızıl, sənətkar əməyinin məhsulları aparılırdı. Assuriya relyeflərində verilmiş bu cür qalaların zahiri görkəmini təsəvvürdə canlandırmağa kömək edir. Manna qalalarının tutma səhnələri Xorasabadda II Sarqon dövrünə aid relyeflərdə təsvir olunmuşdur.

Torpaqqalada Aşşur relyefinin qüllələrinə bənzər qülləciklər təsvir edilmiş, tunc lövhələrdən hazırlanmış üçmərtəbəli binanın modeli tapılmışdır. Karmirblurda da sümükdən kəsilib düzəldilmiş belə bir qülləcik tapılmışdır. Mannanın Uşkaya qalasını II Sarqon belə təsvir edir: "Mən güclü silahımın hünərinə bu qalaya qalxdım, onun bol əmlakını qarət edib düşərgəmə daşıtdırdım. Qayaya söykənən bünövrəsini, səkkiz qulac qalınlığında qalanın möhkəm dinarını onun diş-diş olan üst hissəsindən ta hündür özülünədək birnəfəsə söküb yerlə-yeksan etdim. Qalanın içində olan evlərə od vurdum, onların uzun tirlərini yandırdım".

Ən mühüm qalaların müdafiəsini möhkəmlətmək üçün onların ətrafında dövrələmə xəndəklər qazır, torpaq bəndlər qururdular. Tarui və Tarmakisa belə qalalar idi. Həsənlu təpəsində qazıntı zamanı tapılmış şəhər böyük təpəni tuturdu və o təpənin başında binalar tikilmişdi. Təpəni əhatə edən möhkəmləndirilmiş divarın salamat qalmış özülünün qalınlığı 3 metr 20 santimetrdir ki, bu da II Sarqonun kitabəsində deyilən təqribən 8 qulaca uyğun gəlir. Divarların özülü iri daş tavalardan hörülmüşdür. Divarın tamamilə salamat qalmış özülünün hündürlüyü 2 metr 60 santimetrə yaxındır. Qala divarının qalan hissəsi isə kvadrat şəkilli çiy kərpicdən tikilmişdi. Güman edirlər ki, divarların hündürlüyü 10 metrə yaxın ola bilərdi. Qalanın bütün çevrəsi boyunca bir-birindən 30—35 metr aralı, hərəsi 10 kvadratmetr olan on bir ədəd kvadratşəkilli, qabarıq bürc tikilmişdi. Bürclər arasındakı divar 3×0,5 metr ölçülü iki dayaq divarla möhkəmləndirilmişdi. Qalanın mərkəzində onun qalan hissəsindən hündür olan içqala vardı. Binaların arasından yerinə iri daşla döşənmiş küçə keçirdi. Binalar iki və ya üç mərtəbə idi. Yuxarı mərtəbələrə pilləkan vardır.

Binaların kərpic divarları da daş binövrənin üstündə hörülürdü. Kərpiclər 38×38×16 santimetr ölçüdə kvadrat şəkilli çiy kərpiclər idi. Divar bir cərgədə bütöv kərpicdən və bir cərgə yarım kərpicdən hörülürdü, beləliklə qalınlığı təqribən 60 santimetrə çatırdı. Yaşayış binalarının dəhlizi, ona bitişik yan otaqları, pillə suvanmış daş özüllər, üzərində diametri yarım metr olan ağaç sütunlar vardı. Divarların qalıqlarına görə güman edirlər ki, sütunların hündürlüyü 7 metrdən çox imiş. Zalın divarları boyunca çiy kərpicdən tikilib gillə suvanmış skamyalar, zalın ortasında ocaq vardı. Saray kompleksinin ayrı-ayrı otaqlarında divarlara şirələnmiş kərpicdən üz çəkilmişdi. Yerə daş tavalar döşənmişdi148. Qapılar dabanlıqlara söykənən mehvər ətrafında fırlanırdı. II Sarqonun məlumatından məlumdur ki, çar saraylarının üstü sərv ağacından yonulmuş tirlərlə örtülür və bunların xoş ətri otaqları bürüyürdü. Mannaya qonşu olan Allabria vilayətinin III Salmanasarın salnaməsində verilmiş təsviri, otaqlar haqqında müəyyən təsəvvür yaradır: "Mən allabrialı Yanziburiaşın möhkəmləndirilmiş Şurdira şəhərini, qızıl qapısını, saray kənizlərini, xeyli mülkiyyətini ələ keçirdim".Buna müvafiq olaraq biz Manna şəhər-qalalarındada "saray kənizləri" üçün ayrıca zəngin bər-bəzəkli otaqlar olduğunu təsəvvürümüzə gətirə bilərik, xüsusilə də ona görə ki, Həsənlu qalasının sütunlu zala bitişik otaqlarının birindən eyni vaxtda tələf olmuş üzüklü, bilərzikli, dekorativ sancaqlı 44 qadının skeletləri tapılmışdır. Aşkar edilmiş silahdan məlum olur ki, çar əhatəsinin hərbi nümayəndələri üçün sarayda xüsusi otaqlar varmış. Tanrılara ibadət etmək üçün məbədlər tikilirdi. Məbədin baş otağının ortasında kərpic meydança var idi, güman ki, qurbangah imiş. Divarlardan birinin dibində pilləvari alçaq çəki düzəldilmiş və səkiyə üçayaqlı çıraq qoyulmuşdu. Yerə tava döşnmişdi; tavaların altından su axıdan boru keçirdi.

Təsərrüfat ehtiyacları üçün əsas binalara bitişik çoxlu köməkçi otaq tikilirdi: bunların bir qismindən taxıl və şorab saxlanan nəhəng qablar tapılmışdır. Şəhər-qalada əhalini sənətkarlıq məmulatı ilə təmin edən ustalar da yaşayırdı. Ustalara məxsus otaqlardan tökmə üsulu ilə tunc məmulat-balta, bəzək şeyləri və i. a. hazırlamaq üçün birtaylı və ikitaylı qəliblər tapılmışdır. Keramika məmulatını bişirmək və qurutmaq üçün evin qabağında sobalar qurulmuşdu, hazır məmulat evlərin yastı damlarında saxlanırdı. Qalanın ətrafında aşağılarda kiçik məskənlər (alani şihruti) yerləşirdi. Bunların sakinləri əkinçilik və heyvandarlıqla məşğul olur, şəhər-qalanı ərzaqla təchiz edirdilər. Bəzən bir şəhərin ətrafında xeyli məskən olurdu. Adətən mixi yazılarda düşmən şəhərləri üzərində qələbənin təsviri edilərkən "yaxşı möhkəmləşdirilmiş şəhər-qalanı və onun ətrafında olan kiçik məskənləri zəbt etdim" trafaret bir formuldan istifadə olunur. Bir çox əskənlərin əhalisi düşmənin hücumu zamanı yaxınlıqdakı qalada daldalanır, öz əmlakını buraya daşıyır, mal-qarasını sürüb gətirirdi. Qala mühasirəyə alınanda onun müdafiəsində qoşunlardan başqa, burada daldalanan əhali də iştirak edirdi. Kiçik məskənlər talan edilir və yandırılırdı, möhkəmləndirilmiş şəhər-qalaları isə işğal etmək heç də həmişə mümkün olmurdu, buna görə də onların bəzisi bir neçə dəfə mühasirəyə alınırdı. Lakin inşaat texnikası o qədər mükəmməl idi ki, dağıdılmış qalalar tez bərpa olunur, orada həyat davam edir, müdafiə qaydaya salınırdı.


Tarix: 27.01.2015 / 18:06 Müəllif: Feriska Baxılıb: 198 Bölmə: Ümumi