beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmməd ibn Xalid

Məhəmməd ibn Xalid – Ərəb Xilafətinin təyin etdiyi Ərməniyyə və Azərbaycan valisi, Şirvanşahlar dövlətinin əsasını qoymuş Heysam ibn Xalidin qardaşı.

Fəaliyyəti
Xalidin ibn Yezidin ölümündən sonra Xəlifə Vasiq onun böyük oğlu Məhəmmədi Azərbaycan, Ərminiyyə və Arrana vali qoydu və Tiflisdə üsyan qaldırmış İshaqın üzərinə getməyi əmr etdi. H.230 (844)-cu ildə hakimiyyətə başlayan Məhəmməd İshaqla müharibədə məğlubiyyətə uğradı və elə həmin il Dərbənddə Buğa əş-Şərabi tərəfindən devrildi. Xəlifə Mütəvəkkil Dərbənd şəhərini və onun həndəvərindəki torpaqları iqta kimi Məhəmməd ibn Xalidə verdi. Sonralar Şirvanşahlar, xəlifənin hədiyyəsi kimi, daim Dərbənd torpaqlarının iddiasında olmuşlar. Xəlifənin əmri ilə Məhəmməd türk Əbu Musa ilə birgə İshaqın üzərinə yürüdü. Çoxlu vuruşmalardan sonra İshaq məğlub edildi və öldürüldü. Məhəmməd Dərbəndə qayıtdı. Onun sonrakı fəaliyyəti Dərbəndin qonşuluğunda və Sünikdə yaşayan "gavurlara" (xristian albanlara)qarşı yürüşlərlə bağlı olmuşdur. H.242 (846)-ci ildə o, Buğa əl-Kəbirin köməyilə yenidən Azərbaycan, Ərminiyyə və Arranın valiliyinə qaytarılmışdır. Bir mənbədə onun h.245 (859)-ci ildə Arran vilayətində Cənzə (Gəncə) şəhərini saldırdığı göstərilir. Şəhər, xəlifənin ona hədiyyə etdiyi mülklərlə birlikdə, onun irsi sahibliyinə keçdi. Məhəmməd Ərminiyyə hakimliyini buraxıb Gəncəyə qayıtdı.

Ərminiyyədə və Arranda Xilafət əleyhinə üsyanlarla əlaqədar xəlifə Mütəvəkkil Buğa əl-Kəbiri həmin ölkələrə vali göndərdi. O, "Curzanı yenidən fəth etdi, itaət etməyənləri Arran, Ərminiyyənin dağlıq vilayətləri və Sisəcandakı (Sünik) iğtişaşın bütün günahkarlarını – istər xristian, istərsə də başqaları – əsir tutub xəlifənin hüzuruna göndərdi. Beləliklə, indiyədək görüşmənin qayda-qanun bərqərar edən Buğa h.241 (855/6)-cı ildə Samirəyə qayıtdı" Buğa gedəndən sonra Məhəmməd ibn Xalid üçüncü dəfə Ərminiyyə və Arranın valisi təyin olundu. Onun ölüm ili məlum deyil.

"Tarix-i əl-Bab"a görə Məhəmməd ibn Xalid Gəncənin əsasını qoyan, yəni Arran şəhərlərindən birinin hakimi olmuşdur. Onun qardaşı Heysəm ibn Xalid həmin vaxt Şirvanın hakimi idi və müstəqillik qazanaraq, Şirvanşah titulu qəbul etmişdi. "Tarix-i əl- Bab"da sonra deyilir:

"...Heysam ibn Xalid Şirvanda müstəqillik əldə edəndə onun qardaşı Yəzid ibn Xalid də Layzanda müstəqillik qazandı. Heysəm Şirvanşah, onun qardaşı Yəzid isə Layzanşah adlanırdı".
S. Aşurbəyli qeyd edir ki, "bu mətndən aydın olur ki, Cənzənin (Gəncənin) əsasını qoyan Məhəmməd ibn Xalid "Tarix-i əl-Bab"ın göstərdiyi kimi, yalnız Cənzənin hakimi olmuşdur: o, Ərminiyyə hakimiliyini öz üzərindən götürdü, Cənzə şəhəri və mülklərinin mədaxili ilə kifayətləndi."


Tarix: 11.02.2015 / 15:57 Müəllif: Feriska Baxılıb: 149 Bölmə: Ümumi