beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Atropatena-Ermənistan əlaqələri

Güman ki, e.ə. I əsrin ikinci rübündə Atropatena çarları ilə erməni çarları arasında nikah əlaqələri yarananadək Atropatena prinsipcə parfiyapərəst siyasət yeridirdi. Atropatena çarı Mitridat erməni çarının qızı ilə evlənəndən sonra isə Atropatena tacidarının siyasəti antiparfiya siyasəti olmasa da, hər halda, şübhəsiz, ermənipərəst və antiroma siyasəti idi.

Bu zaman Romaya qarşı ümumi mübarizə zəminində atropatenalılarla ermənilərin əlaqələri çulğalaşır, ittifaq, dostluq, ən sıx siyasi və mədəni-iqtisadi təmas məcrasında inkişaf edirdi.

Parfiya ilə Ermənistan arasında gedən müharibələr nəticəsində Ermənistan II Mitridata tabe oldu. Parfiya çarı Ermənistan şahzadəsi Tiqranı girov götürdü və Tiqran uzun müddət Arşakilər sarayında saxlanıldı.

E.ə. 95-ci ildə parfiyalılar Tiqranı Ermənistan taxtına əyləşdirir və Tiqran bir məlumata görə, Ermənistanda, digər məlumata görə isə Atropatenada yerləşən 70 vadini təşəkkür əlaməti olaraq Parfiyaya verir. Bu vadilər üstündə dövlətlər arasında mübahisə gedirdi. Hələ Strabon yazmışdı: "Atropatilərin... qüdrətli qonşuları vardır və bu qonşular – ermənilər və parfiyalılar onların ölkəsini viran qoyurlar. Lakin atropatilər müqavimət göstərir və işğal edilmiş torpaqları geri alırlar".

Bəzi alimlərin güman etdiklərinə görə, II Tiqranın azad olunması müqabilində parfiyalılara verdiyi "70 vadi" məhz o vadilər idi ki, guya hələ I Artaşes onları atropatenalılardan almışdı. Əgər doğrudan da belədirsə, onda göstərilən fakt hələ Ermənistan dövlətinin meydana gəlməsinin lap ilk dövründə iki çar arasında düşmənçilik münasibətlərinə və təxminən e.ə. II əsrin birinci rübünün sonunda, yaxud ikinci rübünün əvvəlində erməni qəsbkarlığına sübut olardı. II Tiqran (95-55-ci illər) artıq öz hakimiyyətinin ilk illərində öz qonşularına – ilk növbədə Sofenadakı erməni çarlığına qarşı təcavüzkarlıq göstərir və e.ə. 94-cü ildə onu istila edir. Elə həmin il II Tiqran Pont dövlətinin qüdrətli çarı VI Mitridat Yevpator ilə saziş bağlayır və onun qızı Kleopatra ilə evlənir. Ermənistan çarı Atropatilərlə də qohum idi – Atropatena çarı Mitridat II Tiqranın qızını almışdı.

Pont-Ermənistan ittifaqının başlıca məqsədi Romaya müqavimət göstərmək idi. Lakin Roma ilə müharibədən əvvəl II Tiqran hələ Parfiya ilə mübarizə aparmalı idi.

Parfiyalıların Fərat sahillərinə gəlib çatması bu ərəfədə Kiçik Asiyada geniş əraziyə yiyələnmiş romalıları bərk narahat edirdi.

II Tiqran Sofenanı tutduqdan sonra fəal qəsbkarlıq əməliyyatlarını davam etdirirdi. O, Kappadokiyada öz mövqelərini möhkəmləndirdi ki, bu da 93-92-ci illərdə Roma ilə qısamüddətli müharibəyə gətirib çıxartdı. Tiqran darmadağın edilib böyük tələfata uğradısa da, Ermənistan çarının əvvəlki müvəffəqiyyətləri romalıları parfiyalılarla təmasa girmək üçün yollar axtarmağa vadar etdi. E.ə. 92-ci ildə Roma sərkərdəsi Sulla Fərat sahilində Parfiya səfiri Orobazla görüşdü. Bu görüş parfiyalı II Mitridatın romalılara yaxınlaşmasına kömək edirdi, lakin sonrakı hadisələrin göstərdiyi kimi, parfiyalılar Romanın onları, eləcə də bütün Şərqi necə böyük təhlükəyə məruz qoyduğunu o zaman hələ dərk etmirdilər.

Parfiya daxili çəkişmələr nəticəsində zəifləyir, Romada da vətəndaş müharibəsi qızışır, bunlar II Tiqranın əl-qolunu tamamilə açır. O, ən əvvəl təqribən 90-cı illə 88-ci il arasında parfiyalılara basqın edir və ilk növbədə, özünün azad edilməsi müqabilində hədiyyə verdiyi yetmiş vadini onlardan alır.

Strabonun əsərindən göründüyü kimi, II Tiqran atropatenalıların o vilayətini də işğal etmişdi ki, coğrafiyaçı onu Simbaka adlandırır, lakin bu ad təshih edilib "Albaka" yazılmalıdır (həmin yer indiki Beşqala ətrafında yerləşən müasir Böyük Axbaq vilayətidir). Biz bilmirik ki, Tiqran o vaxt Atropatena çarı ilə artıq qohum olmuşdumu, ya yox. Bizə burası da məlum deyil ki, o zaman Atropatena dövlətini çar Mitridatmı idarə edirdi?

Biz bilmirik ki, Atropatena doğrudan da tabe edilmişdimi və vassal çarlığa çevrilmişdimi, atropatenalı Mitridat sonralar II Tiqranın "sədaqətli vassalı" olmuşdumu, ona bac verirdimi və bəzi tədqiqatçıların hesab etdikləri kimi, müharibə zamanı ona köməkçi qoşunlar göndərməyi öhdəsinə almışdımı? Yalnız burası məlumdur ki, Atropatena padşahı Mitridat, yuxarıda qeyd edildiyi kimi, erməni padşahının qızı ilə evlənmişdi. İki tacidarın qarşılıqlı münasibətlərində çox şey bununla müəyyən edilirdi və ola bilsin ki, onlar sadəcə müttəfiq idilər.

E.ə. 70-ci ildə II Tiqranın qayınatası Pontlu Mitridat Roma sərkərdəsi Lukull tərəfindən darmadağın edildi və Ermənistana qaçıb bir müddət "çarlar çarının" məşvərətçisi oldu. Gizlincə müharibəyə hazırlaşan Lukull e.ə. 69-cu ildə Ermənistana soxuldu və həmin ilin yazında Tiqranakerti mühasirəyə aldı. O ərəfədə II Tiqran çox böyük bir ordu toplamışdı. Plutarxın verdiyi məlumata görə, "ermənilər və korduenlər yığma qoşun kimi hamılıqla tökülüşüb onun köməyinə gəldilər, çarlar gəldilər, özləri ilə bütün medləri (atropatenalıları – İqrar Əliyev) və adiabenliləri yığma qoşun kimi gətirdilər, Babildə olan dənizin sahillərindən çoxlu ərəb gəldi, Kaspi [sahillərindən] çoxlu alban gəldi, albanlarla qonşu olan çoxlu iber gəldi, çarları olmayan, Araz [sahillərində] sürülər otaran bir çox tayfalar gəldi, [bəziləri] yardım göstərmək, [başqaları] ənam almaq arzusu ilə gəldilər".

Plutarxın verdiyi məlumata görə, fəlakətli döyüşdən qabaq II Tiqran qoşunun orta hissəsinin komandanlığını öz öhdəsinə götürmüş, sol cinahı Adiabena padşahına, zirehli süvarilərin əksər hissəsinin ön sıralarda olduğu sağ cinahı isə Mada (Atropatena – İqrar Əliyev) padşahına etibar etmişdi.

Süvari qoşunun bu zirehlənmiş və nizələrlə silahlanmış hissəsi on yeddi min süvaridən ibarət idi və Plutarxın dediyinə görə, II Tiqran ona "xüsusi ümidlər bəsləyirdi". Plutarx bu barədə məlumat verərkən ayrıca qeyd edir ki, "bu, Lukullun senata raportunda göstərilmişdir". Müttəfiq qoşunun məhz bu hissəsinə komandanlıq etmək II Tiqranın kürəkəni Atropatena çarı Mitridata tapşırılmışdı. Müttəfiq qoşunun madalılardan ibarət olması və Atropatenadan gətirilməsi demək olar heç bir şübhə doğurmur [atropatenalılarda 10.000 süvari olması haqqında Strabonun verdiyi məlumatı, yaxud Plutarxın yuxarıda sitat gətirdiyimiz sözlərini xatırlayaq: "padşahlar gəldilər, özləri ilə bütün medləri (atropatenalıları – İqrar Əliyev) və adiabenliləri yığma qoşun kimi gətirdilər" və i.a.

Müttəfiq qoşunun sayca böyük üstünlüklərinə baxmayaraq, çarın səhvləri nəticəsində e.ə. 69-cu ilin payızında Tiqranakert yaxınlığındakı döyüşdə Lukull düşmənlərini darmadağın edərək qələbə çaldı. Romalıların əlinə saya-hesaba gəlməyən var-dövlət keçdi – onlar II Tiqranın səkkiz min talantdan ibarət xəzinəsinə, otuz milyon medimn taxıla və çoxlu miqdarda başqa sərvətlərinə yiyələndilər. II Tiqran istila etdiyi torpaqların demək olar hamısını itirdi. Məğlubiyyət çox ağır nəticələr verdi. Bu, silah zoruna yaradılmış Böyük Ermənistan dövləti süqutunun başlanğıcı idi.

Lakin müttəfiqlər məğlubiyyətdən sonra da Roma əleyhinə cəbhəni gücləndirməyə çalışırdılar. Onlar erməniləri parfiyalılarla barışdırmaq və ümumi düşmən olan Romaya qarşı birgə mübarizəyə sövq etmək üçün çox böyük səylər göstərirdilər. Tiqran hətta istilalar prosesində ələ keçirdiyi torpaqların bir hissəsini parfiyalılara verməyə də hazır idi. Lakin parfiyalıların müttəfiqlərə qoşulduqları halda, çox təhlükəli bir vəziyyət əmələ gələ biləcəyini yaxşı başa düşən romalılar da sərvaxt tərpəndilər: Lukull parfiyalıların hüzuruna elçi göndərdi. Beləliklə, tərəflərin hər biri özünün xeyrinə olaraq Parfiya çarı III Fraatı münaqişəyə cəlb etməyə cəhd göstərdi. Lakin III Fraat bitərəfliyi üstün tutdu ki, bu da, şəksiz, çox böyük səhv idi.

Atropatenalı Mitridatın fəal iştirakı ilə əsasən ermənilərdən, iberlərdən, mardlardan və atropatenalılardan çox böyük bir ordu toplamış II Tiqran və Pontlu Mitridat e.ə. 68 və 67-ci illərdə Lukull üzərində bir neçə mühüm qələbə qazandılar. Birinci qələbə 68-ci ilin sentyabrında Artsaniya çayının sahilində qazanılmış qələbə idi.

Artaşata tərəf getmək niyyətində olan Lukull Mesopotamiyaya yollanmaq məcburiyyətində qaldı. Bu arada müttəfiq orduları öz müvəffəqiyyətlərini inkişaf etdirərək Kiçik Asiyaya soxuldular və romalıları ağır tələfata uğratdılar. Atropatenalı Mitridat xüsusilə böyük cəsurluq göstərərək, romalılara qəfildən basqınlar edir, onların pərən-pərən düşmüş kiçik dəstələrini təqib edib qırırdı.

Müttəfiqlərlə müharibələrdə Romanın məğlubiyyəti heç də Şərq vilayətlərinə qarşı Roma qəsbkarlığının sonu deyildi. E.ə. 66-cı ildə Qney Pompey Şərq vilayətlərində səlahiyyətli canişin və Roma qoşunlarının baş komandanı kimi Lukullu əvəz etdi və dərhal müharibəyə güclü hazırlıq görməyə başladı. Pompey ən əvvəl parfiyalılarla ittifaq bağladı, bu ittifaqın şərtlərinə görə parfiyalılar Ermənistanla müharibəyə başlamalı idilər; o, II Tiqranın oğlu Kiçik Tiqranı atasının üzərinə qaldırmağa başladı və hələ e.ə. 67-ci ilin payızında Kiçik Tiqran atasına qarşı üsyan etdi. Tiqran III Fraatın qızı ilə evləndi, Parfiya qoşunlarını Ermənistana çağırdı və Parfiya qoşunları, bəzi məlumatlara görə, Atropatenanı tutmuş Ermənistana soxuldular və Artaşatı mühasirəyə aldılar. Pompey bu arada Pontlu Mitridatı tamamilə darmadağın edib Ermənistana soxuldu və Artaşata yaxınlaşdı.

Müttəfiqlərini itirən və öz vəziyyətinin çıxılmazlığını başa düşən II Tiqran e.ə. 66-cı ildə romalılarla həqarətli bir sülh bağladı. Sülhün şərtlərini Pompey irəli sürmüşdü.

II Tiqran külli miqdarda təzminat verməyə məcbur oldu, istila etdiyi bütün torpaqları itirdi və "yalnız ata yurdunun" – Ermənistanın çarı olaraq qaldı. Bu andan II Tiqran "Roma xalqının dostu və müttəfiqi" (bu, əslində vassal olmaq deməkdir) olur, Ermənistan isə böyük dövlətdən asılı çarlığa çevrilir.

Bəzi Roma qaynaqlarında Pompeyin məğlub etdiyi ölkələr və padşahlar sırasında "Madanın" (Atropatenanın) və onun çarı Daranın da adı çəkilir. Lakin buna inanmaq çətindir. Bu məlumatlardan belə bir nəticə çıxarmaq olar ki, e.ə. 65-ci ilə yaxın Atropatenada hökmranlıq Daranın əlinə keçmişdi.

Mənbələr göstərir ki, Atropatenanın Ermənistanla əlaqələri dəyişkən xarakter daşımışdır. Ermənistan tarixində Atropatenanın və atropatenlilər in rolu,ümumiyyətlə çox böyükdür. Əsrlərlə qonşu yaşamış xalqlar arasında geniş mədəni və ticari əlaqələr mövcud idi. Yadelli işğalçılara qarşı aparılmış mübarizələrdə bəzən Atropatena Ermənistanla birgə hərəkət edərək, müttəfiqlik əlaqələri yaradırdı. Digər tərəfdən mənşə etibarilə atropatenlilərdən olan bir sıra şəhzadələr müəyyən vaxtlarda Ermənistanın hakimi olmuşdular. Lakin bir sıra hallarda mədəni və iqtisadi əlaqələr pozulurdu. Atropatenlilərin Ermənistan taxt-tacına yiyələnmələri, qonşu ölkənin ərazisini tabe etmələri faktları ilə yanaşı, ermənilərin də Atropatena ərazinə yürüşləri məlumdur.

Strabonun göstərdiyinə görə, e.ə. I əsrdə Ermənistan çarı II Tiqran öz yeznəsi olan Mitridadın (Mehrdad) torpaqlarına hücum edib, Sumbaki adlı ərazini tutub öz ölkəsinə qatmışdı. Lakin bu hadisə uzun müddət davam etməyib, II Tiqran tərəfindən işğal edilmiş ərazi yenidən Atropatenaya birləşdirilmişdir.

Bundan başqa e.ə. I əsrin axırlarında Atropatena hakimləri yenidən Ermənistan taxtında möhkəmlənmək üçün səy göstərirdilər. E.ə. I əsrin sonu, b.e. I əsrinin əvvəllərində Atropatenanı Roma ilə dostluq əlqələri saxlayan Artabarzan idarə edirdi. O, bir müddət Ermənistan taxtını da ələ keçirmiş, lakin bu uzun çəkməmişdi.

Eramızın 2-11-ci illərində Ariobarzanın oğlu V Artavazd Atropatena ilə yanaşı Ermənistanın da şahı olmuş, doqquz il müddətinə Ermənistanı özünə tabe etmişdir. Ermənistan parf mənşəli hökmdar II Tiqranın hakimiyyəti dövründə güclənməyə başlayır. Bu zaman II Tiqran Parfiya dövlətinin zəifləməsindən istifadə edib Parfiya torpaqlarına, eləcə də Atropatena ərazisinə sozxulur və Atropatena torpaqlarının bir hissəsini (Şimal Qərb vilayətlərini – müsir Naxçıvan, Xoy, Maku və Salmas ərazilərini) özünə tabe edir. Lakin bu hal uzun çəkmir. Tezliklər II Tiqran romalılar tərəfindən məğlub edilir və öz ordusunu Azərbaycandan çıxarmalı olur.


Tarix: 29.01.2015 / 16:31 Müəllif: Feriska Baxılıb: 270 Bölmə: Ümumi