beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Manna - Din

Manna əhalisinin dini baxışları haqqında yazılı mənbələrin məlumatı son dərəcə məhduddur, bu qaynaqlarda Urmiya gölü hövzəsinin qədim sakinlərinin sitayiş etdikləri tanrıların adı çəkilmir, məbədlərin adı göstərilmir. Əldə olan bir neçə məlumat belə güman etməyə əsas verir ki, mannalıların şəhərlərində ayrı-ayrı məbədlər varmış və bu məbədlərdə tanrıların heykəlləri qoyulubmuş. II Aşşurnasirapal Zamuada alınan qəniməti sadalayanda zamualı Amekanın paytaxtı Zamridə ələ keçirilən bütlərdən də xəbər verir. II Sarqon deyir ki, mannalılar çar Ullusunu ilə birlikdə Aşşura və öz tanrılarına təşəkkür duası oxumuşlar: "Onlar mənim səltənətimə Aşşurun və yaşadıqları ölkənin tanrılarının hüzurunda xeyir-dua vermişlər".

Arxeoloqlar Həsənlidə qazıntı zamanı aşkara çıxarılmış məskənin binalarından birini məbəd hesab edirlər; bu binanın ortasında kərpic meydança vardı, güman ki, gətirilən qurbanları burada yandırırlarmış. Divarlardan birinin dibində pilləkanlı səki aşkar edilmişdir; səkiyə üçayaqlı dəmir çıraq qoyulmuşdu.

Yerli əhalinin dini görüşləri haqqında maddi mədəniyyət abidələri daha çox məlumat verir. Dəfn adətləri, keramika və metal məmulatının, silindrik möhürlərin və digər əşyaların üzərindəki təsvirlər əhalinin mənəvi həyatının xüsusiyyətlərini əks etdirir.

Həsənlidən tapılmış qızıl camın yuxarı registrindəki təsvirlər tanrılara sitayişi və qurbanlar verilməsini xüsusilə parlaq şəkildə nümayiş etdirir. Qatırlar və öküz qoşulmuş üç döyüş arabasını ətəyi uzun, qolu qısa olan saçaqlı paltar geymiş allahlar sürürlər. Onların saçları bellərinə çatır. Tanrılara tərəf iki fiqur gəlir, ehtimal ki, kahinlərdir – biri qədəhdən şərab tökmək mərasimini icra edir, digəri ibadət edirmiş kimi əllərini qabağında tutmuşdur. İki xidmətçi onların ardınca qurbanlıq qoyunlar gətirir. Onlar da tanrılar və kahinlər kimi geyinmişlər, lakin saçları çiyinlərinədək kəsilmişdir.

Bu təsvir kompleksi allahlara şərab nəziri vermək mərasiminin icrasından, havaların məhsul üçün əlverişli olması naminə yalvarış və qurbanlar kəsilməsindən bəhs edən məhsuldarlıq mifləri ilə əlaqələndirilir. Camın üzərində təsvir edilmiş tanrıların baş geyimində qanadlara və buynuzlara bənzər şeylər vardır. Həsənlidə minalı divar üzərində buynuzlu tanrının başının relyefli təsviri aşkar edilmişdir. Qanadların olması bu ərazidə geniş yayılmış hurri ənənəsi sayılır.

Qızıl camın üzərində təsvir edilmiş, öküz qoşulu döyüş arabasını sürən ilk tanrını tufan, hərb tanrısı ilə eyniləşdirmək olar ki, onun da atributu öküzdür. Bu tanrı aşşurluların tanrısı Adada, urartuluların tanrısı Teyşebaya, hurrilərin tanrısı Teşşəba (Teşuba) uyğundur. Qatırlar qoşulmuş döyüş arabalarının sürücüləri Mesopotamiya tanrıları olan Günəş tanrısı Şamaş və Ay ilahəsi Sin ilə tutuşdurulur.Mesopotamiya təsvirlərindən göründüyü kimi, bu tanrılar tez-tez Adad tanrısını müşayiət edirlər. Bunlar üçü birlikdə təbiətin xeyirxah qüvvələrinin təcəssümü olan tanrılar üçlüyünü təşkil edirlər. Adətən mifik rəvayətlərdə xeyirxah qüvvələr şər qüvvələrlə qarşılaşdırılır və şər qüvvələrlə daim mübarizə aparılır.
Qədim əhali vəhşi və ev heyvanlarına fövqəltəbii qüvvələr kimi isnad edir, bəzilərini tanrıların rəmzi, müttəfiqi və ya əksinə, düşməni sayırdılar.

Mesopotamiya və Kiçik Asiya tanrıları ilə yaxınlıq, Urmiya gölü hövzəsinin vilayətləri ilə həmsərhəd ərazilər arasında mövcud olmuş qonşuluq münasibətləri və əlaqələr sayəsində mümkün olmuşdur. Lakin nəzərdən keçirilən ərazidə Aşşur və ya Urartu tanrılarının tam eyni olan tanrı təsvirləri tapılmamışdır. Məlumdur ki, qədim xalqların demək olar ki, hamısında təbiət qüvvələrinə sitayiş geniş yayılmışdı, lakin bu qüvvələr hər dəfə yerli şəraitə və adətlərə müvafiq olaraq təsvir edilirdi.

Nəzərdən keçirilən ərazinin qədim əhalisinin etiqadlarında dirilik ağacına sitayiş böyük yer tuturdu. Bu, Həsənlinin, Mərlikin, Ziviyənin qədim əhalisinin incəsənətində də öz əksini tapmışdır. Sənətkarların hazırladıqları bir çox metal və sümük əşyalarda, möhürlərdə dirilik ağacı və yanlarında ayaq üstə durmuş və yaxud diz çökmüş heyvanlar təsvir olunur. Həsənlidən tapılmış qab parçalarından birində, Mərlikdən tapılmış möhürlərdə ağacın qabağında dayanan dağ keçisinin təsviri vardır.

Mərlikdə aşkara çıxarılmış qədəhin üzərindəki təsvirdə də dirilik ağacının yanında qanadlı öküzlər dayanmışdır. Ziviyədə aşkara çıxarılmış qızıl pektoralın yuxarı registrində stilləşdirilmiş dirilik ağacı, onun yanında qabaq ayaqlarını qaldırmış dağ keçiləri, aşağı registrdə qanadlı öküzlər təsvir edilmişdir.

Dirilik ağacına sitayiş Yaxın Şərqdə geniş yayılmış motivdir. Dirilik ağacı təbiətin ölməsi və dirilməsi ideyasını, qədim əhalinin əhyaya və axirətə inamını təcəssüm etdirirdi. Müvafiq dövrün dəfnləri də buna sübutdur. Ölünü sağlığında nədən istifadə eləmişdisə və o dünyada ömrünü davam etdirmək üçün nə lazımsa hamısı ilə təmin edirdilər. Qəbirlərə silah, bəzək şeyləri, içində yemək-içmək olan çoxlu qab-qacaq qoyulurdu; bəzən qazıntı zamanı bu yemək-içməyin qalıqları tapılır. Qəbirlərə hökmən qoyulan əşyalardan biri də, ehtimal ki, dini mərasimlərdə işlədilən və içərisinə müqəddəs su doldurulan uzunlüləli qablar idi. Mərhumun baş tərəfində qurbanlıq heyvanlar yerləşdirilirdi.

Bu dövrdə əhalinin həyatında at xüsusi yer tuturdu. At, sözsüz, ilahiləşdirilirdi. Mərlik, Kaluraz və Şahtaxtı nekropolundan tapılmış materiallar sübut edir ki, atlar ayrıca qəbirlərdə basdırılırdı.

Əfsanəvi xüsusiyyətlərə malik olduqları güman edilən atların təsvirlərinə sənətkarların qayırdıqları əşyalarda da rast gəlinir. Materiallar göstərir ki, Urmiyaətrafı vilayətlərdə tanrılar panteonu varmış, əhali tanrılara sitayiş edirmiş, məbədlərdə ibadət olunur, qurbanlar kəsilir, dini ayinlər icra edilirmiş.


Tarix: 27.01.2015 / 18:02 Müəllif: Feriska Baxılıb: 274 Bölmə: Ümumi