beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Manna - Əhalisi

Yazılı mənbələrdə Urmiyayanı hövzə ərazisindən e. ə. III minilliyin ikinci yarısından bəhs olunur. Göstərilən əraziyə aid ən qədim etnik ad kuti adıdır. Mənbələrdə ilk dəfə yad edildikləri dövrdə əsas məşğuliyyətləri maldarlıq olan kutilərdə artıq tayfa ittifaqı təşəkkül tapmışdı. İ. H. Əliyev kuti dilini Qafqaz-hürri dil qrupuna, aid edir. İ. M. Dyakonov belə hesab edir ki, kuti dili, "hardasa müəyyən dərəcədə, bütün Zaqroş əyalətinə yayılmış elam dilləri qrupuna yaxın" ola bilərdi. Digər tərəfdən o, kuti dilinin mürəkkəb fonetik tərkibə malik olan hürri dili ilə yaxınlığı imkanını da güman edir. Sonrakı dövrün araşdırmaları onu Şərqi Qafqaz dilləri ailəsinə aid etmişdir. Q. A. Melikişvili kuti dilini "zaqroş-elam" qrupuna aid edir. Akad. M. İsmayılov[63], Prof. Q. Qeybullayev, Prof. F. Cəlilov və başqaları kutiləri türkdilli heesab edirlər.

Urmiya gölündən cənub-şərqdə yerləşən əyalətlər haqqıpda məlumat verən e. ə. III minilliyin sonlarına aid Akkad mənbələrində lullubum (Lullupum, Luilume, Lullu) tayfasının adı çəkilir. Q. A. Melikişvili lullubu və elam dillərinin qohumluğu iddia etmişdir. O, öz növbəsində "zaqroş-elam qrupu" dillərini müasir Qafqaz dilləinə yaxın hesab edir. Lakin Q. Qeybullayev lulubi etnonim, teonim və toponimlərini tədqiq edərək onların türk dilli ola biləcəkləri ehtimalını irəli sürmüşdür.

Urmiyayanı hövzə əhalisinin etnik cəhətdən formalaşmasında e. ə. III minilliyin sonlarından məlum olan hürrilər mühüm rol oynamışlar. Onlar Mesopotamiyanın şimalından və Suriyadan tutmuş Urmiya gölünədək Ön Asiyanın geniş bir ərazisində yayılmışdılar. Həmin ərazidə, habelə Zaqafqaziyanın və Şimal- Qərbi İranın xeyli hissəsində yayılmış Kür-Araz mədəniyyətini hurrilərin səpələnmələri ilə əlaqələndirirlər. Hürri dilində müxtəlif dövrlərə aid bizə xeyli miqdarda yazılı abidələr gəlib çatmışdır. Son illərdə aparılmış linqvistik tədqiqatlar nəticəsində hürri və ona yaxın olan Urartu dilinin Şimali Qafqaz dillərinın şərq qoluna mənsub olduğunu sübut edən yeni dəlillər əldə edilmişdir. E. ə. I minilliyin əvvəllərində Urmiya gölündən cənubdakı ərazi Zamua adı ilə tanınmağa başladı. Bu ad lullubi tayfalarından birinə mənsub yerli ad hesab edilir. Sonralar həmin ərazi hissələrində mannalılar yüksəldi. Bu ad altında şübhəsiz ki, ayrı-ayrı qohum tayfalar birləşir. Lakin, xeyli sonralar da, hətta Manna dövləti özünün yüksəliş dövrünə çatdıqda da bu ərazi "Lullubu" adını saxlamışdı. O, arxaik forma kimi Aşşur hökmdarlarının orakullara müraciətində və ya sinonim kimi özlərinin Urmiyayanı əyalətlərə hərbi yürüşlərini yüksək üslubda təsvir etdikdə işlədilirdi.

İ. M. Dyakonov Manna dövlətinin Diyala çayının yuxarı axarınadək cənub əyalətlərinin əhalisini kuti-lullubi etnik qrupuna, Diyala və Kərxa çaylarının yuxarı axarındakı əhalini isə kassi etnik qrupuna aid edir. Mixi yazılı və antik mənbələrin materiallarını tədqiqata cəlb edən İ. H. Əliyev e. ə. III-I minnlliklərdə Cənubi Azərbaycan ərazisində məskunlaşmış xalqların dil və etnik-mədəni cəhətdən Zaqroş-Elam və hürri etnosları ilə yaxınlığını əsaslandırmağa çalışır.

R. M. Böhmer Manna əhalisini hürri hesab edir. O, Manna dövlətinə aiddiyyatı olan Aşşur və Urartu mətnlərində qeyd edilən şəxs adlarının və coğrafi adların tam siyahısını göstərir. Bu adları təhlil edərək o, belə nəticəyə gəlir ki, onların əksəriyyəti hürrilərə, bəziləri kassilərə, ancaq bir neçəsi isə irandillilərə aiddir.

Q. A. Melikişvili hesab edir ki, şərqə doğru xeyli uzaqlara irəliləmiş hürri ünsürləri Dağlıq Zaqroşda adacıqlar şəklində Zaqroş-Elam dil qrupuna mənsub əhali arasında mövcud idilər. Lakin Manna dövlətinə hürri təsirini hürri etimologiyasının seçildiyi bəzi şəxs adlarına və toponimik adlara görə izləmək mümkündür.

Mannada çoxluq təşkil edən tayfa olan mannalılar ilə bərabər, digər tayfalar, məsələn, sunbilər, taurlalılar, dalilər də vardı. Lakin etnik konsolidasiya nişanələri artıq nəzərə çarpmaqda idi. Məsələn, Manna çarı nəinki Urartu çarının istila etdiyi torpaqları geri almaq qayğısına qalır, həm də "...pərən-pərən salınmış mannalıların öz yerinə qaytarılmasına" çalışırdı.

1957-1958-ci illərdə Həsənluda aşkar edilmiş sümük materiallarının, eləcə də O. Steynin 1936-cı ildə burada qazdığı materialların tədqiqi yerli sakinlərin əsasən uzunbaşlı, Aralıq dənizi tipli olduğunu göstərir. T. A. Ratbun belə nəticəyə gəlir ki, uzun bir dövr ərzində burada əhalinin fiziki tipi yekcins və sabit olmuş, həm də müxtəlif mədəniyyətlər dövrünün nümayəndələri arasında elə bir fərqlənmə əlaməti müşahidə edilməmişdir. R. Dayson da bu tipin e. ə. I minilliyin əvvəllərində Həsənluda, Göytəpədə və s. yayılanlarla uyğun gəldiyini göstərir. O, qeyd edir ki, yalnız e. ə. IX-VIII əsrlərdə Təpə Sialkda, həmçinin Xəzər dənizi sahilində I Şahtəpədə qısabaşlı, hətta lap qısabaşlı fərdlər görünməyə başlayır.

Həsənlu qazıntıları zamanı tapılmış müxtəlif bədii sənət əşyaları üzərində insan təsvirləri aşkar edilmişdir. İnsan fiqurlarına naxış vasitəsi kimi qablarda, möhürlərdə və bir tunc dəstəkdə təsadüf olunur. Onların enli burnunun üstü alınla düz birləşmiş, gözləri aralı olmuş; qısa saqqal və çiyinlərədək tökülən uzun saç saxlamışlar. Skelet qalıqlarına əsasən V. Krouford belə nəticəyə gəlir ki, onlar orta boylu (təqribən 165 sm) olmuşlar. T. A. Ratbun daha dəqiq ölçü göstərir: kişilərin orta boyu -168,32 sm, qadınlarınkı – 159,55 sm110.


Tarix: 27.01.2015 / 17:43 Müəllif: Feriska Baxılıb: 196 Bölmə: Ümumi