beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qasım bəy Zakir - Yaradıcılığı

Zakirin satiraları əsas etibarı ilə çar hakimləri və çarizmin müstəmləkəçi qanun və qaydaları əleyhinə çevrilmişdir. Zakirin satirasında ən amansız tənqid olunanlar gücsüzlərin və acizlərin hüquqlarını tapdalayanlardır. İfşaçılıq, kəskin tənqid və kinayəli gülüş Zakir satiralarının əsas xüsusiyyətlərindəndir. O, ictimai nöqsanları sadəcə təsvir etməklə kifayətlənmir, eyni zamanda onlara qarşı özünün kəskin tənqidi münasibətini, nifrət və qəzəbini də bildirir.

Zakirin yaradıcılığında onun mənzum hekayə və təmsilləri də mühüm yer tutur. Nizami, Xaqani, Füzuli və başqa Azərbaycan klassikləri öz mənzum hekayələrinin çoxunu müasir həyatın tələblərinə uyğun olaraq yazmışlar. Klassiklərin mənzum hekayələrində müəyyən hadisələrin, real insan surətlərinin, qabaqcıl ideyaların təsvir və tərənnümü verilir. Eyni xüsusiyyətlər Zakirin mənzum hekayələrində də var. Onun müxtəlif mövzularda yazılan "Məlikzadə və Şahsənəm", "Əmirzadə, məşuq və cavan aşiq", "Aşiqin təam bişirməyi", "Aşiq və məşuq haqqında", "Zövci-axər", "Tərlan və elçi", "Dəvəsi itən kəs", "Dərviş ilə qız", "Həyasız dərviş", "Əxlaqsız qazı", "Xalqa vəz deyən, özü fisqü fücurdan çıxan biəməl alim" kimi mənzum hekayələri vardır.

Zakirin mənzum hekayələrində məhəbbət insanın ülvi və nəcib hissi kimi təsvir olunur. Məhəbbətdə sədaqət, mətanət və dözümlülük, vəfada möhkəmlik bu hekayələrin bir qismində əsas məzmunu təşkil edir.

Zakirin realist yaradıcılığında təmsillərinin əhəmiyyəti müstəsnadır. Onun nəşr olunmuş "Əsərləri"ndə: "Aslan, Qurd və Çaqqal", "Dəvə və Eşşək", "Tülkü və Qurd", "Xain yoldaşlar haqqında" ("İlan, Dəvə, Tısbağa"), "Tülkü və Şir", "Sədaqətli dostlar haqqında" ("Tısbağa, Qarğa, Kəsəyən, Ahu") adları ilə altı təmsili çap olunmuşdur.

Zakir təmsillərini yazarkən birinci növbədə şifahi xalq yaradıcılığında geniş yayılan təmsillərdən və məşhur hind abidəsi "Kəlilə və Dimnə" əsərindən, həmçinin klassik poeziyadakı təmsillərdən, Nizami, Cəlaləddin Rumi, Füzuli təmsillərindən də istifadə etmişdir.

Zakir təmsillərini yeni tarixi şəraitə, müasir həyatın tələblərinə uyğun olaraq yazmışdır. Bu əsərlərdə təbliğ olunan ideya şairin dövrü ilə həmahəng idi. O, bir tərəfdən dövrünün ictimai və siyasi hadisələrinə özünün eyhamları ilə işarələr edir, zülmün əleyhinə çıxır, o biri tərəfdən zəmanə gənclərinə vəfa, sədaqət, mərdlik və s. kimi nəcib tərbiyəvi məsləhətlər verirdi.


Tarix: 18.02.2015 / 17:54 Müəllif: Feriska Baxılıb: 153 Bölmə: Ölkələrinə görə tarix