beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Psixoloq Elnur Rüstəmov: Övladımın xoşbəxt olmağını istəyirəm

Hər bir valideynin ən böyük arzusu övladının xoşbəxt olmasıdı. Bəlkə də sübuta ehtiyac duyulmayan bir aksiomadı. Ancaq etiraf edək ki, bu gün biz dağılan ailələrin bir qismində ananın bu və ya digər dərəcədə dağılma prosesinə təsir göstərdiyinin şahidi oluruq. Şübhəsiz ki, "bu niyə belə olur?” sualı bizi düşündürür. Oxucular üçün maraqlı ola biləcəyi səbəbindən bu sayda biz məqaləni qeyd etdiyimiz mövzuya həsr etməyə qərar verdik. Düşünürəm ortaq nəticəyə gələ bilərik. O zaman davam edək. Öncə ondan başlayaq ki, hər birimiz ailə qurmamışdan öncə təsəvvürümüzdə bir ailə modelini formalaşdırırıq. Bunun formalaşmasına isə reallıqda gördüyümüz ailələr, kitablardan oxuduqlarımız, filmlərdən seyr etdiyimiz, nəticədə örnək aldıqlarımız müəyyən təsirini göstərir. Bir sözlə bütün bunlar zaman-zaman düşüncəmizdə formalaşır. Ancaq qurduğumuz real ailə modelimizə isə şübhəsiz ki, ən böyük təsiri böyüdüyümüz ailə mühiti görtərir. Hansı ki, o ailə üçün indinin özündə belə biz uşağıq. Bu gün belə o ailədə valideynlərimiz bizimlə uşaq kimi davranırlar. Bu fakt ailə qurarkən birmənalı şəkildə nəzərə alınmalı, gərəkərsə bəzi məqamlar üzərində korreksiya işi aparılmalıdır. Korreksiya işini nə zaman aparmaq lazımdır; 1.Natamam ailədə böyüyən uşaqlarda. Hansı ki, ailədə tərəflərdən biri iştirak etmir. Ata, yaxud da ana. 2.Ata-ana arasında münasibətlərdə mütəmadi olaraq konflikt yaşanarsa.

Birinci halda diqqət ediləsi məqam - söhbət natamam ailədən gedir – ayrılan tərəfin hansı səbəbdən ailədən uzaqlaşmasına diqqət edilməlidir. Bu hal tərəfin həyatını dəyişməsi nəticəsində, yaxud da münasibətlərin normal olmaması səbəbindən baş verə bilər. Bütün hallarda uşağa bu haqda doğru informasiya verilməlidi. Çünki, gec-tez uşaq özü bu haqda doğru informasiya əldə etmək istəyəcək. Bu zaman verilən yanlış məlumat uşaqda valideynə qarşı aqressiyanı formalaşdırar. Yaxud da ailə mühitinə qarşı tərəfdə güvənsizliyi yarada bilər. Həyatını dəyişən ailə üzvünün isə yerini kimsə belə desək "tutmalıdı”. Çox zaman bu funksiyanı baba, əmi, dayı və s. yerinə yetirir. Ancaq elə ailələr də var ki, orada bunu ana həyata keçirir. Yəni ana həm ata rolunu, həm də ana rolunu oynayır. Niyə ananı qabartdıq. Çünki, biz daha çox bu cür situasiyalarla rastlaşırıq. Kişilər əksər hallarda həyat yoldaşları vəfat etdikdən bir müddət sonar ailə həyatı qururlar. Xanımlarda isə bu hal bir qədər çətin olur. Səbəblər də müxtəlifdi. Sadəcə bu mövzuya başqa bir məqalədə qayıdarıq. Nəticədə ana ailə başçısının hər iki funksiyasını yerinə yetirmək zərurəti ilə baş-başa qalır. Bu isə uşağa qarşı aşırı bağlılığa gətirib çıxarır. İlkin mərhələdə problem olmayan bu hal övlad ailə qurandan sonra ailədə müəyyən narahatlığa səbəb olur. Şübhəsiz ki, proses şüuraltı gedir. Yəni heç bir ana ailə quran övladının "bədbəxt” olmasını istəməz. Ancaq ananın övladına qarşı aşırı bağlılığı övladı real həyat yoldaşı ilə paylaşmaq istəməməsi gəlin-qayınana probleminin qabarıq formada yaranmasına gətirib çıxarır. Nəticədə qısa müddət sonra tərəflər arasındakı münasibətlərdə problemlər yaranmağa başlayır. Problemi çözmək üçün isə tərəflər heç də hər zaman onun uzunmüddətli həlli üzərində düşünmürlər. Əksinə qısa zamanda məsələyə "nöqtə” qoymağa çalışırlar. Bəzən bu gəlin, bəzən də qayınana tərəfindən irəli sürülür. Onlar bir-birlərini görməməklə problemlərini həll edəcəklərini düşünürlər. Əslində bu qısa müddətə sakitləşdirici rol oynaya bilər. Bir müddət keçəndən sonra isə ayrılmaq növbəti problemlərə yol açmış olur. Ona görə də belə ailələrdə böyüyən uşaqlar ailə qurmamışdan öncə ailə strukturu haqqında qarşı tərəfə məlumat verməlidirlər. Xüsusi diqqətə isə xanım getdiyi evdə qayınananın vacibliyini imkan olduqca dilə gətirməlidi. Əks təqdirdə qayınana bunu aqressiya formasında büruzə verəcək. Qayınananın böyüklüyü imkan olduqca nəzərə çarpdırılmalıdı. Əks təqdirdə səbəbsiz mübahisələr yaratmaqla o, bunu ifadə etməyə çalışacaq. Əgər bu məqamlar ailə qurandan sonrakı ilk dövrlərdə nəzərə alınacaqsa, uzunmüddətli ailənin təməli qoyulacağına əmin olmaq olar.

Bir məqamı unutmaq olmaz. Ailə zaman keçdikcə tənzimlənir, möhkəmlənir! O zamanı ailə quran hər bir cütlük nəzərə almalıdır.


Tarix: 06.01.2015 / 14:29 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Valideynə məsləhət