Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Balaca xəbərçilər

Cəmiyyətdə xəbərçilik, iftira, söz gəzdirmək həmişə pis qarşılanıb. Buna görə də, analar övladı hər gördüyünü danışanda narahatlıq keçirir: "Xəbərçilik etmə!", "Başqasının sözünü danışma!" deyə sözünü yarıda kəsir. Amma, körpəyə "xəbərçi" demək nə qədər doğrudur?

Körpə, sənin neçə yaşın var və ya xəbərçinin yaşı
Üç yaşa qədər
2-2.5 yaşlı uşaq ağ kağız kimidir. O, hələ xeyir və şərin nə olduğunu dərk etmir. Buna görə də 3 yaşı tamam olmamış uşağa xəbərçi deməyə tələsməyin. O, hələ yeni-yeni danışmağa başlayır, təzə sözlər və onların mənalarını öyrənir, etdiyi hərəkətin necə nəticələnəcəyini təxmin edə bilmir. Körpə sadəcə gördüyünü sizinlə paylaşmaq istəyir. Beləcə, uşaq danışdığına valideynlərinin reaksiyası ilə nəyin yaxşı, nəyin pis olduğunu öyrənir.

3-5 yaş və ya nə yaxşıdır, nə pisdir?
3 yaşından uşağın məktəbəqədər dövrü başlayır. Bu, onun yaşadığı aləmlə daha yaxından tanışlıq dövrüdür. Artıq o, bağça, hazırlıq kursları, dərnəklərə gedir. O, gördüyü, eşitdiyi hәr bir şeylә maraqlanır və daim nә? niyә? nә üçün? suallarına cavab axtarır. Balaca yorulmadan, özünü dә unudaraq, gün әrzindә yoldaşlarının nә etdiklәrindәn maraqla söhbәt edir. Bu, normal haldır, axı o, artıq yeni bir aləmə düşüb və orada uyğunlaşmağa çalışır. Hər gün gördüyü hadisələri danışmağa tələsir, amma bu dediklərinin yaxşı və ya pis olmasını anlamır. Elə məhz buna görə uşaq hər gördüyünü xəbər verir. Ata-ananın da borcu doğru və yanlışı başa salıb, onu düzgün yönləndirməkdir. Çünki bu yaşdakı uşaqlar atanın, ananın, müəllimin, dostlarının müəyyən hərəkətlərini görür və təkrar edir. Nəzərə alın ki, uşaq da öz emosiya vә tәәssüratlarını yaxınları ilə bölüşmәk arzusundadır. Valideynlər uşaqların dediklərinə biganə qalmamalı, danışılanları birgə müzakirә edib məsələni aydınlaşdırmalı və müəyyən situasiyalarda özünü necә aparacağı haqda onlara mәslәhәt vermәlidirlər.Uşaq ancaq böyüklərin rəyləri vasitəsilə ünsiyyətin sosial normalarını öyrənir, özünün və başqalarının davranışını dəyərləndirə bilir.

5-7 yaş və ya sayıq ol
5-7 yaş uşaq üçün ən kritik dövrdür. Bu yaş dövründəki uşaq artıq etik normaları dərk edir, hərəkətlərinin, dediklərinin nəticəsini təsəvvür edir, hansı reaksiyaya səbəb olacağını bilir. Başqalarının səhvlərini böyüklərə çatdırmağa çalışır, yəni bilərəkdən xəbər verir. Bəs o, "Xəbərçidirmi?".

"Əsl" və "Yalançı" xəbərçilər
Xəbərçilik - istəyinə nail olmaq üsuludur. Uşaq öz mənliyini qorumağa çalışır, böyüklərin hörmətini qazanmaq və layiq olmadığı cəzadan yaxasını qutarmaq istəyir. Uşağın bu düşüncəsi doğrudur, amma seçdiyi taktika (xəbərçilik) yanlışdır! Buna görә də ona düzü əyridən ayırmağı göstәrmәyiniz çox vacibdir. Verilən hәr bir informasiyanın söhbәt vә ya xәbәrçilik olduğunu anlamalısınız və mütlәq uşağınıza anlatmalısınız.

Yalançı xəbərçilər. Adətən çox qorxaq, olduqca dürüst və "qanun keşikçisi" olan uşaqlardır.

Əsl xəbərçilər. Bu cür uşaqlar məqsədlərinə çatmaq üçün, başqalarının çatışmazlıqlarını xəbər verərək, özlərini dostlarının, bacı-qardaşının yanında güclü göstərir, nə olursa olsun həmişə hamıdan yaxşı olmağa calışır, daim böyüklərin sözünə qulaq asır. İnciklik hissi, paxıllıq, qisas almaq duyğusu da uşağı xəbərçilik etməyə vadar edir. Bəzən də qardaş, bacısı olan uşaqlar ata-anasının diqqətini özünə cəlb etmək üçün bir-birinin sözünü çatdırır. Bilmədən böyüklər özləri də uşağı buna meyilləndirir.
Ümumiyyətlə, xəbərçilik etmək üçün səbəb çoxdur. Sadəcə olaraq, övladınız sizə bu hərəkətilə nəyi çatdırmaq istədiyini anlamağa çalışın. Qayğı və sevginizi onlardan əsirgəməyin. Qoy körpənizin həyat səhifəsi sevinclə yazılsın.


Tarix: 06.01.2015 / 13:51 Müəllif: Aziza Baxılıb: 122 Bölmə: Uşaqlara tərbiyyə
loading...