beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaq ailənin güzgüsüdür

Çox eşitdiyimiz bir deyim var: Hər bir uşaq ailəsinin güzgüsüdür.
Həqiqətən də demək olar ki, bütün hallarda insan xarakterinin formalaşmasında, bir şəxsiyyət kimi yetişməsində ailə başlıca rola sahibdir.
Ailələr isə öz növbələrində tərbiyə stilinə görə 4 əsas qrupa bölünürlər : avtoritar, liberal, xaotik və hiperqoruyucu ailələr. Hər bir insanın xarakterində də böyüyüb başa çatdığı ailənin hansı tərbiyə stilinə üstünlük verdiyi mühüm şərtdir. Odur ki, gəlin bu 4 tərbiyə stilinin əsas xüsusiyyətlərini ayrı-ayrılıqda nəzərdən keçirək.
Avtotitar tərbiyə stilində adətən valideynlər iş adamları olurlar və uşaqlarla çox az zaman keçirirlər. Bütün qərarları özləri qəbul edir və hesab edirlər ki, uşaqlar yalnız onlara tabe olmalıdırlar. Səhvlər bağışlanmır, onlara görə cəza verilir və cəzanın səbəbi izah olunmur. Uğurlar isə "belə də olmalı idi " prinsipi ilə qarşılanır.Böyüklər tərəfindən daha çox "otur”,”sus”,”mən dedimsə olacaq” tipli cümlələr istifadə olunur. Belə uşaqlar düzgün olduğu üçün yox, lazım olduğu və cəzadan qorxduqları üçün hər hansı bir işi görür və ya dərs oxuyurlar.Nəticədə məsuliyytdən qorxan, özünə güvənsiz, işdə və cəmiyyətdə belə yalnız cəza almamaq üçün iş görən və davamlı olaraq başqalarını məmnun etməyə çalışan fərdlər yetişir.
Avtoritet tipli ailədə isə qarşılıqlı hörmət və ədalət hökm sürür. Uşaqlara qayğı və diqqət göstərilir,ailə üzvləri arasında mütəmadi ünsiyyət olur.Valideynlər uıaqlarına qaldıra biləcəyi tələblər qoyur , qəti və davamlı olmaqla bərabər, həm də ədalətli olurlar. Onlar tələblərinin səbəblərini övladlarına izah edir və bunları birgə müzakirə edirlər.
Uşağın öz seçim imkanı olur və o öz seçimləri üçün cavabdehlik daşıyır. Beləliklə uşaq özünə və imkanlarına inanır, yalnız çətin anda da valideynlərinə arxalanır.
Bir sözlə bu tərbiyə üsulunda nəzarət və azadlıq balans təşkil edirvə uşaqlar özünəinamlı və məsuliyyətli olurlar.
Liberal ailə tipini uğurlu adlandıra bilmərik, çunki bu cür tərbiyə sistemi insani keyfiyyətlərə mənfi təsir göstərir. Uşaq ya valideynin qoyduğu sərhədlərini bilmir, ya da cadəcə olaraq bu sərhədləri müəyyən etməyi bacarmayan böyüyünün göstərişlərini yerinə yetirmir. Böyüklər isə yalnız ciddi bir problem baş verərsə "tərbiyəyə müdaxilə edirlər”
Kənardan bütün bunlar normal, qarşılıqlı anlaşma kimi görünə bilər, amma getdikcə problemli bir ailə mühiti ortaya çıxır. Belə ailələrdə heç bir qayda və intizam anlayışı olmadığı üçün uşaqlarda özünə nəzarət və daxili intizam hissi formalaşmır. Hansı ki, bu hisslər insana pozitiv özünüqiymətləndirmə və özünə hörmət hissi aşılayır.
Valideynlərin biganəliyi uşaqlarda gərəksizlik və təcrid olunmuşluq hissi oyadır.Araşdırmalara görə məktəb davamiyyəti pis olan, içki və maddə asılılığından əziyyət çəkən gənclər əsasən bu tip ailələrin övladları olurlar.
Xaotik tərbiyə tipində hansı anda nə olacağı bəlli deyil. Hansı ki, dəqiq sərhədlər yoxdur və böyüklər arasında fikir ayrılığı var. Valideynlərin öz qərarlarında qeyri stabil olmaları uşaqlarda qorxu, təşviş narahatlıq və həyəcanlılıq hissləri yaradır. Bu tərbiyə sistemində özünənəzarət və məsuliyyət hissi formalaşmır , bilavasitə özünüqiymətləndirmə aşağı olur və olğun qərarlar verilməsi çətinləşir.
Qoruyucu tərbiyə tipi- ndə valideynlər uşaqlarını hədsiz qayğı ilə əhatə edir, hər zaman və hər yerdə onları qorumağa çalışır, bir sözlə hər şeyi onların əvəzinə edirlər. Hədsiz qayğı nəticəsində uıaqlarda əməksevərlik, əzmkarlıq, özünü qoruma, müstəqil qərar qəbul etmə bacarıqları inkişaf etmir.Məhz el arasında işlədilən "mama uşağı” kəlməsi bu tip ailələrdə böyüyən uıaqlara aid edilir.Bu insanlar çətin situasiyala düşəndə özlərini itirir, cünki belə zamanlarda nə etmək lazım olduğu kimi bir vərdişləri olmur. Belə uşaqlar kollektivdə həm lider olmaq istəyir, həm dəliderliyi necə bacaracaqlarını bilmirlər.
Onu da qeyd edim ki, bir ailə tipi yalnız təklikdə deyil, bir və ya bir neçə tipin xüsusiyyətləri qarışıq şəkildə mövcud ola bilər. Və hansı tipin əlamətləri üstünlük təşkil etməsindən asılı olaraq uşaqlarda ona uyğun da xarakter xüsusiyyələri formalaşır.
Ümumi nəticə olaraq deyə bilərik ki, tərbiyədə yol verilən əsas səhvlər, ya uşaqlara, onların daxili aləmlərinə lazımi diqqətin ayrılmaması, ya da əksinə hədsiz qoruma, demək olar ki, uşağa müstəqil olaraq nəfəs almağa belə imkan verilməməsi, evdəki böyüklərin fikir ayrılığı, eyni situasiyaya fərqli yanaşmalarının olmasıdır.
Çox gözəl bir kəlam var: Ən böyük fayda yaxşı övladdır. Cəmiyyətimizdə yaxşı övladların daha da çox olması ümidi ilə...


Tarix: 06.01.2015 / 13:51 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Uşaqlara tərbiyyə