beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dişlərimiz niyə çürüyür?

Dişlərin çürüməsinə uşaqlar arasında daha çox rast gəlinir. Bunun əsas səbəblərindən biri də rejimsiz qidalanmadır.

Karbohidratların bakteriyalar tərəfindən parçalanması nəticəsində turşu ifraz olunur və diş səthində pH faktoru (mühitin turşluluğunun göstəricisi) aşağı enir ki, bu da kalsium ve fosfor ionlarının diş minasından ayrılması ilə nəticələnir.

Uşaqların inkşafı dövründə fosfor, kalsium və florun miqdarı az olduqda, eyni zamanda şəkərli və karbohidratlarla zəngin olan qidalardan daha çox istifadə edildikdə çürümə baş verir. Dişlərin vaxtında və kifayət qədər təmizlənməməsi də kariesin yaranma səbəblərindəndir.

Hamiləlik, yanlış olaraq dərmanlardan istifadə, orqanizmin müdafiə funksiyasının zəifləməsinə və dişlərin daha tez çürüməsinə səbəb olur.

İçməli suda flüorun miqdarının normadan aşağı olması karies xəstəliyi ehtimalını artırır. Ağız suyunun tərkibində müdafiə faktorlarının olmasına baxmayaraq kariesin qarşısını almaq mümkün deyil. Ağız suyunun ifrazını azaldan xəstəliklər və bəzi dərmanlar da çürüməni gücləndirir. Bu çatışmazlığı aradan qaldırmaq üçün stomatoloqlar yeməkdən sonra şəkərsiz saqqız çeynəməyi məsləhət görürlər.

Dişlərinizin sağlam olması üçün süd və süd məhsulları, meyvə-tərəvəzlə balanslı şəkildə qidalanmalı, orqanizm fosfor, minerallar, A, D, C vitaminləri ilə təmin olunmalıdır. Şəkərli qidalardan sonra ağız yaxalanmalı, qazlı ve şəkərli içkilərdən az istifadə olunmalıdır.

Gün ərzində dişlər səhər-axşam 2 dəfə fırçalanmalıdır. Flüor çatışmazlığı problemi varsa, flüorlu pastalardan, dişarası səthləri təmizləmək üçün xüsusi diş iplərindən istifadə olunmalıdır. Bir fırçadan 3-4 ay istifadə etmək məsləhət deyil. Axşamlar dişlər fırçalandıqdan sonra ağız boşluğunu xüsusi mayelərlə (eliksir) qarqara eləmək lazımdır. Sərt tükcüklü fırçalar dişlərinizə zərər verə bilər.

Hər 6 aydan bir həkimə müraciət etməklə dişlərinizdə əmələ gələn problemlərin qarşısını ala bilərsiniz.


Tarix: 19.01.2015 / 12:31 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Stomatologiya