beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: MÜQƏDDƏS QURANIN TƏFSİRİ (MÜƏLLİFİN TƏRCÜMEYİ-HALI)

MÜƏLLİFİN TƏRCÜMEYİ-HALI

(Bir tələbənin qələmindən)

Müəllifin adı əş-Şeyx Əbu Abdullah Əbdürrəhman b. Nasir b. Abdullah b. Nasir Ali Səədidir, Təmim qəbiləsindəndir. Əl-Qasım bölgəsinin şəhərlərindən biri olan Uneyzə şəhərində 12 Muhərrəm 1307-ci hicri tarixində dünyaya gəlmişdir. Onun cəmisi dörd yaşı olanda anası vəfat etmiş, üç ildən sonra isə atası dünyasını dəyişmişdi. Uşaq yetim böyümüş, lakin mükəmməl tərbiyə almışdı. Onun kəskin ağlı və biliklər əldə etməyə olan böyük arzusu ətrafdakıların diqqətini cəlb etmişdi. Atasının ölümündən sonra, o, Quranı öyrənməyə və onu əzbərləməyə başladı. On bir yaşında olarkən, o artıq Quranı bütövlüklə gözəl tərzdə əzbər bilirdi. O, doğma şəhərinin alimlərindən şəriət elmlərini öyrənir və Uneyzəyə gələn şəxslərin mühazirələrinə gedirdi. Öz səyləri sayəsində hər bir şəriət elmini yaxşıca mənimsəməyi bacardı və onun iyirmi üç yaşı tamam olanda o, şəriət elmlərini başqalarına tədris etməyə başladı. Buna baxmayaraq, o, biliklərini dərinləşdirməkdən əl çəkmir və vaxtını boş keçirmirdi. Hicri 1350-ci ilədək o, artıq öz şəhərinin görkəmli alimlərindən biri olmağa nail olmuşdu, gənc tələbələr isə ancaq onun şagirdləri sırasına düşməyə can atırdılar.

Müəllifin müəllimlərindən bəziləri
İlk dəfə ona Müqəddəs Quranı öyrədən müəllimi şeyx İbrahim b. Həməd b. Casir olmuşdur. Əbu Abdullah müəlliminin Muhəmməd Peyğəmbərin (s.ə.s.) hədislərini gözəl bilməsindən həmişə vəcdə gəlir və onun təqvalılığından və habelə yoxsullara göstərdiyi məhəbbətindən və rəhmdilliyindən tez-tez danışardı. O, xatırlayırdı ki, bir dəfə soyuq qış günlərinin birində şeyxin yanına bir kasıb gəlmişdi. Həmin gün müəllimin əynində iki köynəyi vardı və onlardan birini çıxarıb, həmin şəxsə hədiyyə etdi, baxmayaraq ki, özü varlı adam deyildi, o köynəyə özünün də ehtiyacı var idi. Allah ona rəhmət etsin!
Əbu Abdullahın digər müəllimi, ona İslam fiqhini, ərəb dilini və digər elmləri öyrətmiş şeyx Muhəmməd b. Əbdülkərim əş-Şibal idi. Uneyzə şəhərinin sabiq hakimi şeyx Salih b. Osman ona tövhiddən, Quran təfsirindən, fiqhin əsasları və qanunlarından və həmçinin ərəb dilindən dərs demişdi. Öz biliklərinin ən çoxunu məhz ondan əldə etmişdi və o ölənə qədər, onu getdiyi bütün yerlərdə müşayiət edərdi.
Bunlarla yanaşı o, şeyxlər Abdullah b. Ayidin, Səəbə əl-Kuveycirinin, Əli əs-Sənaninin və Əli ən-Nasir Əbu Vadayın yanında da təhsilini artırmışdır. Sonuncu ona hədis elmini, altı əsas hədis toplusunu və bir çox digər hədislıri öyrətmiş və onu müvafiq şəhadətnamələrlə təltif etmişdi.
Onun müəllimləri arasında məşhur alim Muhəmməd b. Əbdüləziz əl-Muhəmməd əl-Məəni də olmuşdur ki, o, ona Uneyzədə dərs demişdir. Şeyx Muhəmməd əş-Şənqıti onun doğma şəhərinə gəldikdə isə, o, onun Quranın şərhinə, hədis və terminologiyası haqqında elmə və həmçinin ərəb dilinin qrammatikasına və morfologiyasına həsr olunmuş mühazirələrində iştirak etmişdir.

Onun xoşxasiyyətliliyi haqqında
Əbu Abdullah çoxsaylı gözəl keyfiyyətlərə malikdi və olduqca təvazökar adamdı. O, uşaqlar və qocalarla, varlılar və kasıblarla rəftarında özünü çox sadə aparardı. O, vaxtının bir hissəsini onunla söhbət etmək istəyənlərə sərf edərdi və bu söhbətlər isə həmişə dini səciyyə daşıyardı. O, dini və ictimai məsələləri müzakirə etməyi sevərdi və qonaqları onun söhbətlərindən və xütbələrindən özləri üçün faydalı nəticələr çıxarardılar. Hətta onun adicə söhbətləri belə çox vaxt dini məclislərə çevrilərdi. O, müxtəlif insanlarla ümumi dil tapmağı bacarardı və həmişə söhbətləri üçün elə mövzular seçərdi ki, onlar müsahiblərinə həm bu həyatda və həm də Axirət həyatı üçün fayda gətirə bilərdi. Adamlar ona bir mübahisəni həll etmək üçün müraciət etdikdə, o, elə bir ədalətli qərar çıxarardı ki, hər iki tərəfi razı salardı.
Şeyxin kasıblara, ehtiyacı olanlara və imkansız müsafirlərə rəhmi gələrdi və öz imkanları daxilində onlara kömək əlini uzadardı. Münasib şərait yarandıqda, o, xeyirxahlıq etmək istəyən insanları ehtiyacı olanlara yardım göstərməyə çağırardı. O, həqiqətən namuslu, saf qəlbli, təmiz və başladığı hər hansı bir işi vicdanla yerinə yetirən bir insandı. Onu haqlı olaraq ən savadlı və ən ağıllı insanlardan biri sayırdılar. O, öz əlaçı tələbələrinin təfəkkürünü itiləşdirməkdən ötrü onların arasında tez-tez müzakirələr aparardı və hətta dini mətnləri yaxşı əzbərləyənlər üçün mükafat təyin edərdi.
O, tələbələrinin sonrakı dövr üçün təlimini davam etdirməkdən ötrü zəruri olan faydalı kitabları seçərkən onların özləri ilə tez-tez məsləhətləşərdi. Həm də bu zaman, o, şagirdlərinin əksəriyyətinin rəyinə üstünlük verər, rəylər bərabər olduqda isə, özü qərar qəbul edərdi. Heç vaxt onun məşğələləri, hətta onlar uzun müddət davam etsə də belə, tələbələrini usandırmazdı, çünki dərsində iştirak edənlərin hər biri keçilən mövzulardan məmnun qalardılar. Allah, bizə və bütün iman sahiblərinə öz vaxtımızı ən yaxşı istifadə etməkdə və puç olmayan xeyirxah əməllər ehtiyatı qazanmaqda yar olsun!

Onun dərin bilikləri haqqında
Şeyx İslam hüququnun əsasları və hökmlərinə hərtərəfli bələd idi. Öz müəllimlərinin getdiyi yolu davam etdirərək, o, gəncliyində Hənbəli fiqhi təliminin tərəfdarı idi və bu dini məktəbin bir-neçə aliminin əsərlərini əzbərləmişdi. Elə o vaxt İslam fiqhinə həsr etdiyi bir əsər və rəcəz ölçüsündə, təxminən 400 beytdən ibarət şer yazmışdı. O, həmin əsərinə qısa şərh tərtib etmiş, amma sonralar onu nəşr etdirməmişdi, çünki o əsər onun əvvəlki baxışlarını əks etdirirdi.
O, üzün müddət İbn Teymiyyənin və onun şagirdi İbn əl-Qeyyimin və həmçinin çoxsaylı digər müəlliflərin əsərlərini öyrənmişdi. Tövhid sahəsində, Quran təfsirində, şəriət hüququnda və digər faydalı elm sahələrində dərin biliklər əldə edərək, o, ancaq Hənbəli təlimi baxışlarına istinad etməyi tərk etdi və ancaq müqəddəs mətnlərə əsaslanan rəyləri üstün tutdu. Buna baxmayaraq, o, bir sıra ifrata mübtəla olan şəxslərdən fərqli olaraq, ənənəvi fiqh məktəblərinin tərəfdarlarına heç vaxt həqarətlə yanaşmazdı. Allah bizə də həmişə doğru yol tutmaqda kömək olsun!
O, Quranın təfsir edilməsi sahəsində böyük yüksəkliklərə nail oldu və bir sıra müxtəlif təfsirləri öyrəndi, bu ecazkar elmi mənimsəyərək, Quranın bir-neçə cilddən ibarət gözəl şərhini yazdı. Bu əsər xüsusi hazırlıq görülmədən yazılmışdır, çünki müəllifin nəinki daha geniş və təfərrüatlı şərh yazmaq üçün və hətta başqa əsərlər yaratmaq üçün də kifayət qədər vaxtı yox idi. O, çox vaxt ayələri birbaşa dərsdə hazırlıqsız təfsir edir və şagirdlərinə Quran ayələrinin mənasını və faydasını açıqlayırdı. O, ayələrin əsil mənalarını dərk etməyə, onların əsasında çoxlu faydalı nəticələr çıxarmağa nail olmuşdu və məhz buna görə onun dinləyiciləri heç vaxt müəllimlərinin susmasını istəmirdilər, çünki onun nitqi valehedici, dəlilləri və nəql etmə üsulu isə inandırıcıydı. Onun mühazirələrində iştirak edən və ya onunla birlikdə şəriət məsələlərini müzakirə edənlər onun hərtərəfli dərin biliklərinin şahidi olurdular. Eyni fikri onun əsərləri və fitvaları ilə tanış olan hər bir şəxs haqqında demək olar.

Müəllifin əsərləri
1. “Mərhəmətli və Rəhmli olandan asanlaşdırma” Müqəddəs Quranın təfsiri. Bu kitab üzərində iş 1344 h. ilində bitirilmişdir.
2. “Hənbəli məktəbinin istifadə etdiyi bütün kitablarını tamamlayan şəriət hüququnun təfsiri”. Bu əsər nəşr olunmamışdır.
3. “Ən qısa və yüngül yolla şəriət hüququnu öyrənən ağıllı və sağlam düşüncəli insanlar üçün təlimat”. Suallar və cavablar formasında tərtib edilmiş bu kitab “Mətbəət ət-tərəqqi” nəşriyyatı tərəfindən 1365-ci hicri ilində Dəməşqdə müəllifin vəsaiti hesabına nəşr edilmişdir və pulsuz paylanmışdır.
4. “İslamın üstünlüklərinin qısa izahlı incisi”. Bu kitab “Mətbəət Ənsar əs-Sünnə” nəşriyyatında 1366-ci h. ilində çap edilmişdir.
5. “Dövrə uyğun gələn faydalı xütbələr”. Şeyx öz şəhərində xütbə demək haqqına malik olduqdan sonra, o, hər cümə və bayram günlərində öz zamanına uyğun olan və insanların başa düşməsinə ehtiyac duyduqları mühüm məsələlərə aid xütbələrlə çıxış etməyə çalışırdı. Sonralar o, bu xütbələri toplayaraq öz vəsaiti hesabına əvvəlki kitabla birlikdə “Mətbəət Ənsar əs-Sünnə” nəşriyyatında çap etdirmiş və pulsuz paylamışdır.
6. “Quranın təfsirinin gözəl prinsipləri”. Bu kitab da “Mətbəət Ənsar əs-Sünnə” nəşriyyatında 1366-cı h. ilində nəşr olunmuş və pulsuz paylanmışdır.
7. “Dinin, onun daşıyıcılarının və ardıcıllarının əl-Kuseyminin iftiralarından qorunması”. Bu kitab “Dar əl-Kutub əl-Ərəbiyyə” nəşriyyatında Hicazda məşhur olan şeyx Muhəmməd Əfəndi Huseyfanın ianəsi hesabına 1366-cı h. ilində nəşr edilmişdir.
8. “Açıq və aydın həqiqət və ya peyğəmbərlərin və elçilərin tövhidinin təfsiri”.
9. “İnandırıcı və qənaətbəxş izah”. Bu kitab şeyx İbn əl-Qeyyimin “ən-Nuniyyə” adlı qəsidəsinə yazılmış şərhdir.
10. “Müsəlmanlar arasında qarşılıqlı köməyin zəruriyyəti və dini mübarizə məsələsi”. Son üç kitab Qahirədə “əl-Mətbəə əs-Sələfiyyə” nəşriyyatında müəllifin vəsaiti hesabına nəşr olunmuş və pulsuz paylanmışdır.
11. “Tövhidin məqsədləri haqqında sağlam söz”. Bu kitab Misirdə “Mətbəət əl-İmam” nəşriyyatında şeyx Əbdülmöhsün Əbu Battının ianəsi hesabına 1367-ci h. ilində nəşr olunmuş.
12. “İslam hüququ prinsiplərinin qısa izahı”. Nəşr olunmamışdır.
13. “Quranın təfsirinin mahiyyəti haqqında Bəsirətlidən yüngülləşdirmə”. Bu kitab “Mətbəət əl-İmam” nəşriyyatında müəllifin və bir qrup xeyriyyəçinin ianələri hesabına nəşr olunmuş və pulsuz paylanmışdır.
14. “Çiçəklənən bağlar”. Bu kitab ilk dəfə olaraq “Mətbəət əl-İmam” nəşriyyatında çap olunmuşdur.
Şeyxin çoxsaylı yazılı qeydləri və onun Uneyzə və digər vilayətlərin sakinlərinin suallarına verdiyi cavabları qorunub saxlanılmışdır. Bundan başqa, onun əlinə düşmüş müxtəlif kitabların kənarlarında qeydlər vardır. Onun üçün yazmaq heç bir çətinlik törətmirdi və buna görə də onun çoxlu fitvaları və əsərləri böyük topludan ibarətdir. O, məşhur İbn Əbdülqavinin poetik əsərinin üzünü köçürmüş və ona şərh yazmaq niyyətində idi, sonra bunun çətin olacağı qərarına gəldi və onu “əl-İnsaf” kitabı ilə birləşdirdi və onları öz əli ilə köçürmüşdü ki, insanlar asanlıqla oxuya bilsinlər. Bu əsəri xatırlatdığımız şerlərə şərh kimi adlandırmaq olardı, lakin biz bunu onun əsərlərinə aid saymadıq.
Əsərlərini yazarkən şeyxin ən ali məqsədi bilikləri yaymaq və haqqa dəvət etmək idi və buna görə də o, hər cür imkandan istifadə edərək, əsərlərini nəşr etdirməyə çalışırdı. O, bunların vasitəsilə keçici dünyəvi nemətlər əldə etməyə və varlanmağa can atmırdı. O, kitablarını pulsuz paylayır ki, bütün bilik arzu edənlərə faydalı olsun. Qoy Allah İslam və bütün müsəlmanların adından ona savab versin, bizi isə ancaq xeyirxah əməllər işlətməyə yönəltsin!

Şeyxin vəfatı
Öz həyatını bütünlüklə elmə həsr edərək, Əbu Abdullah Əbdürrəhman b. Nasir əs-Səədi 69 yaşında vəfat etdi. Bu, onun doğma şəhərində 1376-cı hicri ilində baş verdi. Allah ona rəhmət etsin!


Tarix: 20.04.2013 / 15:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 881 Bölmə: Quran Haqqında