beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəban ayının fəziləti və əməlləri

Bu ay çox fəzilətli aydır. Bu ayın fəziləti barədə Peyğəmbərin bu sözləri kifayət edir, buyurur: "Şəban ayı mənim ayımdır və Allah rəhmət etsin o kəsə ki, bu ayda mənə kömək edər".Həzrət bu ayı axıra kimi oruc tutar, arada fasilə olmadan mübarək Ramazan ayının orucunu tutmağa başlayardı. Həmçinin, Həzrət buyurur: "Hər kəs bu ayın bir gününü oruc tutsa, cənnət ona vacib olar". İmam Sadiqdən belə nəql edilmişdir ki, İmam Səccad şəban ayı girdiyi zaman səhabələrini toplayar və onlara belə buyurardı: "Səhabələrim (Dostlarım)! Bu ayın nə olduğunu bilirsinizmi? Bu şəban ayıdır. Cəddim Rəsulullah (s) belə buyurub: "Şəban mənim ayımdır, bu ayı Peyğəmbərinizin sevgisi və rəbbinizə yaxınlaşmaq üçün oruc tutun!"Canım əlində olan Allaha and olsun ki, atam İmam Hüseyndən eşitdim ki, Həzrət Əlinin belə buyurduğunu deyirdi:"Kim şəban ayını Rəsulullaha olan sevgisindən ötəri və Allaha yaxınlaşmaq üçün oruc tutsa, Allah onu sevər, öz ikram və ucalığına yaxınlaşdırar və cənnəti ona vacib edər."

Bu qiymətli ayda icra edilməsi üçün rəvayət edilən əməllər də iki qisimdir. Bir qisimi bu ayın bütün günlərində edilən əməllərdir. Bir qisimi isə bu ayın bəzi günləri və ya gecələrinə xas əməllərdir.

Şəban Ayının Bütün Günlərində Edilən Əməllər

1- Hər gün yetmiş dəfə bu zikri söyləmək:

"Əstəğfirullahə və əs'əluh'ut-təvbə", yəni Allahdan bağışlanma diləyirəm və Ondan tövbəmi qəbul etməsini istəyirəm".

2- Yenə yetmiş dəfə bu şəkildə Allahdan bağışlanma diləmək:

"Əstəğfirullahəlləzi la ilahə illa huvər-rahmanur-rahim, əl-həyyul-qəyyum və ətubu iləyh."

Mənası: Allahdan bağışlanma diləyirəm. Ondan başqa ilah yoxdur. O Rəhman və bağışlayandır. Diri və qəyyumdur və mən ondan tövbə diləyirəm.

Bəli, bu ayda hər gün yetmiş dəfə istiğfar edən kimsə digər aylarda yetmiş min dəfə istiğfar etmiş kimidir.

3- Bu ayda yarım xurmayla da olsa (gücü çatmayanlar üçün) sədəqə vermək çox təkid olunub.

Bu əməli edən şəxsin cəsədini Allah cəhənnəm atəşinə haram edər. İmam Sadiqdən nəql edilən bir hədisdə İmamdan Rəcəb ayının orucu haqqında soruşulduğunda, "Niyə Şəbanın orucundan qafilsiniz? - deyə buyurdu. Ravi ərz elədi:"Ey Rəsulullahın (s) oğlu Şəbanda bir gün oruc tutanın savabı nə qədərdir?" İmam buyurudu: "And olsun Allaha Cənnətdir". Ravi yenə soruşdu: "Şəban ayında edilən ən fəzilətli əməl nədir?" İmam belə buyurdu: "Sədəqə və bağışlanma diləməkdir. Kim şəban ayında bir sədəqə versə Allahı Təala onu siz dəvə balasını böyütdüyünüz kimi böyüdər və qiyamət günündə Uhud dağı qədər böyümüş bir halda (sədəqə) sahibinə verilər."

4- Şəbanın hər cümə axşamı günündə iki rükət namaz qılmaq

Hər rəkətində bir dəfə Fatihə və yüz dəfə İxlas surəsini oxumaq; Namazı bitirdikdən sonrada yüz dəfə Rəsulullaha (s) və əhli Beytinə salavat göndərmək. Bu əməli yerinə yetirən şəxsin Allah dini və dünyəvi hacətlərini yerinə yetirər. Şəban ayının Cümə axşamı günlərinin orucu da müstəhəbdir. Bir hədisdə belə rəvayət edilmişdir: Şəban ayının hər cümə axşamı günü göylər bəzənər və mələklər belə dua edərlər: "Ey Məbudumuz, bu günü oruc tutanı bağışla və duasını qəbul et." Yenə Nəbəvi bir hədisdə belə buyurulur: "Şəbanın Bazar ertəsi və Cümə axşamı günlərini oruc tutan şəxsin Allah iyirmi dünyəvi və iyirmi Uxrəvi (axirət) hacətini verər."

5- Bu ayda Muhəmməd (s) və Əhli beytinə çoxlu salavat göndərmək.

6- Bu ayın mühüm əməllərindən biri də hər gün Zəval vaxtı (günorta) oxunan duadır ki, bu cür başlayır: "Allahummə Salli Əla Muhəmmədin və Ali Muhəmməd Şəcərətin-nubuvvət"...

7- İbni Xaləveyhin rəvayətinə görə, Həzrət Əli və digər Əhli Beyt İmamlarının şəban ayında oxuduqları və "Münacatı Şəbaniyyə" deyə məşhur olan münacatı oxumaq.

Şəban ayının əlamətdar günləri

1- Bu ayda çox mühüm hadisələr və əlamətdar günlər var.

Şəban ayının 3-ü İmam Hüseynin mübarək doğum günü bu günə təsadüf edir. Bu gündə oruc tutmaq, bu gün üçün zikr olunan dualar, ziyarətlər və namazları yerinə yetirməyin çox savabı var. Bu günün əlamətdar hadisələrinədən biri də "Fotros" adlı mələyin İmam Hüseyn vasitəsilə nicat tapmasıdır. Biz də edə bilərik bu gündə iki qanadımızı, ruh və əqlimizi İmam Hüseynə sürtək və ruhumuz göylərdə İmam Hüseynin (Ona salam olsun!) nuru vasitəsilə pərvaz etsin.

2- Şəbanın on beşi, yəni "Nimeyi Şəban"

Bu günün gecə və gündüzü çox şərafətli və əzəmətlidir. Həzrət İmam Cəfər Sadiqdən rəvayətdir ki, İmam Baqirdən Nimeyi Şəbanın fəzilətləri barədə soruşdular, İmam buyurdu: "Bu gecə Qədr gecələrindən sonra ən fəzilətli gecədir. Bu gecədə Allah bəndələrinə öz fəzlini əta edər və onları öz kərəmi ilə bağışlayar. Bu gecədə Allaha yaxılaşmaq üçün səy və təlaş edin. Bəs bu o gecədir ki, Allah öz müqəddəs zatına and içib ki, heç bir sayili öz dərgaından əliboş qaytarmayacaq.

O cümlədən bu gecənin bərəkətlərindən biri də odur ki, əsrin sultanı İmam Zaman bu gecənin səhəri dünyaya gəlib və bu aya öz şərafətini bəxş edib.

Bu gecə üçün bir çox əməllər zikr olunmuşdur:

1.Qüsl

2.Əhya saxlamaq. Namaz qılmaq, dua oxumaq. Rəvayətdə var ki, hər kəs bu gecəni əhya saxlasa, qəlbi qəlblər ölən gün ölməz.

3. İmam Hüseynin ziyarəti. Bu əməli yerinə yetirmək günahların bağışlanmasına səbəb olar. Hər kəc yüz iyirimi dörd min Peyğəmbərin ruhunu ziyarət etmək istəsə, bu gecə evin damına çıxsın, sağa və sola nəzər edərək bu ziyarəti oxusun: "Əssəlamu ələykə Ya Əba Əbdillah, Əssəlamu ələykə və rəhmətullahi və bərəkətuh".

Hər kəs harada olmasından asılı olmayaraq, İmam Hüseyni bu gecədə ziyarət etsə ona Həcc və Ümrə savabı yazılar.

3- Şəbanın axırıncı üç günü

Şəban ayının axırıncı üç günü üçün çox fəzilətlər zikr olunmuşdur. Yaxşı olar bu axırıncı üç günü möminlər oruc tutsunlar. Şeyx Səduq İmam Sadiqdən nəql edir: "Hər kəs Şəban ayının axırıncı üç gününü oruc tutsa və Mübarək Ramazan ayına birləşdirsə, Allah-təala ona iki ay ardıcıl tutulmuş orucun savabın yazar."

Sonda Allah-təaladan bu aydan bizləri günahları bağışlanmış şəkildə çıxmağı lütf etməyini istəyirik. Bizlərə bu ayda bağışlayaraq mübarək Ramazan ayında "Qədr" gecələrini dərk etmək tovfiqatını versin. Amin

Qeyd: Bu yazıda "Məfatihul-Cinan" və Mərhum Ayətullah Məliki Təbrizi Ağanın "Əl-Muraqibət" kitabından istifadə olunmuşdur.


Tarix: 08.01.2013 / 11:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 890 Bölmə: Quran Haqqında