beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəcəb ayı

“Rəcəb, Behiştdə süddən ağ, baldan şirin bir çayın adıdır.” (İmam Kazim (Ona salam olsun!)). “Ərhəmər-Rahimin” olan Allah, bəndələrinin günahdan təmizlənib, qəlblərinin imanla dolması, beləliklə də, Allaha yaxınlaşmaları üçün, müəyyən vasitələr qərar vermişdir. Eə bir vasitələr ki, həqiqətən də, onlardan lazımınca istifadə edə bilsək, xeyir əldə edənlərdən və nicat tapanlardan olarıq. Şərafət və fəziləti böyük olan, dua və ibadət ayı kimi tanıdığımız üç ay – Rəcəb, Şaban və Ramazan ayları da həmin vasitələrdəndir.

İbadət etmək, oruc tutmaq, Allahdan bağışlanma diləyib tövbə etmək və duaya məşğul olmaq, adları çəkilən aylarda daha çox tövsiyyə edilmişdir. Müsəlman şəxs bu zaman çərçivəsində mənəviyyatını kamilləşdirmək və nuraniyyətini artırmaq üçün gözəl şans qazanır. Axirət azuqəsi toplamaq üçün bu aylar münasibdir. Bu üç ayın, hər birinin özünəməxsus fəzilət və bərəkəti, eləcə də, bir çox dua və əməlləri vardır. Allah bu mübarək ayları ibadətlə keçirən bəndələrinə dünya və Axirət səadəti vəd etmişdir. Bəli, bu ayların birincisi Rəcəb ayıdır. Rəcəb ayı hicri təqviminin 7-ci ayıdır, eyni zamanda, Rəcəb ayı haram sayılan aylardan biridir. Haram aylar 4-dür: Zil-qədə, Zil-hiccə, Muhərrəm və Rəcəb. Bu aylar “Əşhurul-Hurum” adlanır və bu aylarda müharibə etmək haramdır. Quranda “haram aylar” haqqında belə buyurulur: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü haram aylardır.” (Tövbə 36) Deməli, Rəcəb ayı, həm də əmniyyət, rahatlıq, arxayınlıq ayıdır.

Bu ayın fəziləti haqqında, bir hədisində Həzrət Peyğəmbər belə buyurur: “Rəcəb ayı böyük aydır, hörmət və fəzilətdə heç bir ay ona çatmaz və kafirlərlə qital bu ayda haramdır. Rəcəb Allahın ayı, Şəban mənim ayım, Ramazan isə mənim ümmətimin ayıdır. Rəcəb ayında 1 gün oruc tutan şəxs Allah-Təalanın rizayətinə səbəb olar, İlahi qəzəb ondan uzaq olar və Cəhənnəm qapılarından biri onun üzünə bağlanar.”

İmam Kazim buyurur: “Rəcəb bir əzəmətli aydır ki, Allah Təala o ayda yaxşı əməlləri neçə dəfə artırar və günahları o ayda məhv edər...”

Rəcəb ayı tövbə və “istiğfar” ayıdır

Rəcəb ayı, həmçinin tövbə etmək, Allahdan günahların bağışlanmasını istəmək üçün də münasib və əlverişli aydır. Allahın tövbə qapısı hər zaman bəndələrinin üzünə açıqdır, amma Allah hörmətli qərar verdiyi bu ayın xatirinə bu ayda tövbə edənlərin tövbəsini daha tez qəbul edir. Odur ki, daha çox “istiğfar” etməli, Allahın rəhmətinə sığınınb, bu mübarək ayda günahlarımızın bağışlanmasını diləməliyik! İmam Sadiq (ə) həzrət Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql edir: “Rəcəb ayı mənim ümmətimin istiğfar ayıdır. Bu ayda günahların bağışlanmasını diləyin ki, Allah-Təala bağışlayan və mehribandır. Belə isə “əstəğfirullahə və əsəluhut-təubə” zikrini çoxlu deyin.” Həzrət Peyğəmbərdən (s) aşağıdakı məzmunda hədis nəql edilmişdir: “Hər kim rəcəb ayında 100 dəfə “əstəğfirullahəl-ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh” desə və oxuduğu bu duanı sədəqə ilə xətm etsə, Allah da onun vəziyyətni rəhmət və məğfirətlə ilə xətm edər və hər kim bu zikri 400 dəfə desə, onun üçün 100 şəhidin savabını yazarlar».

Rəcəb ayında oruc tutmaq

Rəcəb ayında oruclu olmaq müsəlmanlara tövsiyə edilmişdir. Bu ayın orucu bir neçə tərəfdən faydalıdır. Hər şeydən əvvəl oruc tutmaq, bu ayda bəyənilmiş və müstəhəb əməllərdən biridir və səbəb olur ki, günahlar bağışlansın. Bu ayın orucunu tutmaq, insanı pəhrizkar olmağa çağırır və növbəti ayların-Şaban və Ramazan aylarının orucunun müqəddiməsi sayılır. Rəcəb ayında oruc tutan şəxs, artıq həm cismən, həm ruhən Ramazanın vacibi orucundan ötrü bir növ hazırlıqlı olur. Rəcəb ayında mümkün qədər bu və digər ibadətləri yerinə yetirmək imanı gücləndirən amildir. Rəcəb ayının orucunu tuta bilməyənlər savaba nail olmaq üçün sədəqə versinlər, imkansız şəxslərə yardım etsinlər.

Rəcəb ayının bəzi əməlləri

Bu ayın 1-ci gecəsində, bir kəsin ayı gördükdə bu duanı oxuması müstəhəbdir: “Allahummə əhilləhu ələynə biləmni vəlimani vəssələmətə vəl-İsləmi rəbbi və rəbbukəllahu əzzə və cəllə.” Həmçinin bu ayın əvvəlində, ortasında və axırında qüsul etmək müstəhəbdir. Bir kəs bu günlərdə qüsul edərsə günahları bağışlanar.

Bu gecənin müstəhəb əməllərindən biri də, İmam Huseynin (Ona salam olsun!) və digər Məsumların pak hərəmini ziyarət etməkdir. Bu gecədə müstəhəbdir ki, möminlər namaz qılsın və bir-birini dua etsinlər. Rəcəbin 1-ci günü oruc tutmaq müstəhəbdir. Rəvayətdə vardır ki, Həzrət Nuh gəmiyə bu gün minmiş və gəmiyə minənlərə oruc tutmağı əmr etmişdir.

İmam Baqir (Ona salam olsun!) də bu gün, yəni Rəcəb ayının 1-i dünyaya gəlmişdir. Rəcəbin 13-cü günü oruc tutmaq müstəhəbdir. Bu günün bir əlamətdarlığı da budur ki, möminlərin əmiri həzrət Əli (ə) bu gün müqəddəs Kəbə evində dünyaya gəlmişdir.

Bu ayın 15-ci gecəsində də qüsul etmək, İmamları ziyarət etmək, namaz qılmaq, hətta oyaq qalıb ibadət etmək müstəhəbdir. Rəcəb ayının 15-ci günü, namaz qılıb oruc tutmaq tövsiyə edilmişdir.

Rəcəb ayının 27-ci günü, şərafətli günlərdən biridir. Bu gün İslamın bayramı və zühur etdiyi gündür. Bu gün məbəs, yəni həzrət Muhəmmədin peyğəmbərliyə seçildiyi gündür.

Bu gün, il ərzində həmin 4 gündən biridir ki, o günlərdə oruc tutmaq 70 ilin (müstəhəb) orucuna bərabərdir. Odur ki, bu gün oruc tutmaq faydalıdır. Rəcəbin sonuncu günü, müstəhəbdir ki, möminlər qüsul etsin, oruc tutsunlar və namaz qılıb çoxlu dualar etsinlər. Bu gündə tutulan oruc günahların bağışlanmasına səbəb olur.


Tarix: 08.01.2013 / 11:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1019 Bölmə: Quran Haqqında