beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MÜQƏDDƏS QURANIN TƏFSİRİ (Ərəb ifadələri və terminlərinin)

Ayə - (a) Quran surələrinin ibarət olduğu nisbətən müstəqil misralar; (b) möcüzə; (c) əlamət; (ç) ibrət.
Bahirə - İslamaqədərki ərəblər tərəfindən sitayiş edilən süd verən dişi dəvə. Əgər dişi dəvə ardıcıl olaraq on dəfə dişi bala doğardısa, bütpərəst ərəblər onu saibə adlandırıb ona sitayiş edərdilər. Bundan sonra o yenə də bir dişi bala doğsaydı, onda onu bahirə adlandırardılar və ona anası ilə bərabər sitayiş edərdilər. Bütpərəstlər onun qulağının yarısını kəsər, ona minməz, üstündə yük daşımaz, yununu qırxmaz və südünü ancaq qonağa verərdilər.
Bədr – Məkkədən 150 km cənubda yerləşən bir yerdir. İslam tarixində müsəlmanlarla kafirlər arasında ilk irimiqyaslı döyüş keçirilmiş yerdir.
əl-Beyt əl-Məmur – yeddinci səmada bilavasitə Kəəbənin üstündə yerləşən məbəddir. Hər gün onu yetmiş min mələk ziyarət edir və onlardan heç biri Qiyamət gününə qədər bir daha oranı ziyarət edə bilməyəcəklər.
Beyət ər-Ridvan – Osman ibn Affanın qureyşlilər tərəfindən öldürülməsi xəbəri Məhəmməd Peyğəmbərin (s.a.s) səhabələrinə çatdıqda, onlar Xudeybiyyədə bir ağac altında razılıq andı, yəni ölənə qədər sədaqətli qalmaq andı içmişdilər. Bu hadisə hicri tarixinin 6-cı ilində baş vermişdi.
Uhud – Mədinədə məşhur dağdır. Onun yaxınlığında hicri təqviminin 3-cü ilində Məkkə bütpərəstləri ilə müsəlmanlar arasında irimiqyaslı döyüş baş vermişdir.
Ehram –. Həcc ziyarəti zamanı geyilən tikişsiz ağ rəngli örtünmə geyim. Namaz qılanın və ya həccə gedənin mərasimə başladığı hal., Ehram geyənlərə adi halda icazə verilən bəzi hərkətlər bu zaman qadağan edilir. Namaz qılan ehram vəziyyətinə təkbirat-əl-ihram adlanan “Allahu Əkbar!” kəlməsini dedikdən sonra girmiş hesab olunur. Zəvvar isə ehramını geydikdən və ziyarətə başlamaq niyyətini səslə söylədikdən sonra ehram vəziyyətini alır. Zəvvarın mərasim geyimi tikilməmiş iki parça materiyadan ibarət olur: bir parçası izar adlanır ki, qurşağa sarınır; ikinci parçası isə örtük kimi beldən yuxarı çiyinə atılır, çiyini və qarın nahiyyəsini örtür.
Ənsar – İslamı qəbul etmiş və Muhəmməd Peyğəmbərin (s.a.s.) sədaqətli silahdaşları olmuş Mədinənin yerli sakinləri. Onlar Məkkədən və başqa şəhərlərdən gələn mühacirləri evlərinə qəbul edərək onları zəruri əşyalarla təmin edirdilər.
Əykə - Misirdən səksən keçid uzaqlıqda yerləşən yerin adı idi. Orada Şüeyb Peyğəmbərin (ə.) xalqı yaşayırdı. O, bu adını ərazisində çoxsaylı qalın meşəliklər və kolluqlar olduğuna görə almışdı.
Tubba – Yəmənin Xumeyri hakimlərinin titulu
Təbuk - Mədinədən 700 km şimalda yerləşən şəhər
Təsnim – Allaha yaxın olan qulların içdiyi Cənnət çeşməsi
Səmud – səmudlular, Təbuk və Məkkə arasında yerləşən bir sahədə yaşamış qədim bir xalqdır. Onlar Allahın Peyğəmbəri (ə.) Saleyi rədd etmişdilər və buna görə amansız bir səslə məhv edilmişdilər
Cibt – (a) Allahdan başqa sitayiş edilən şeylər; (b) cadugərlər və baxıcılar
Cəhim – Cəhənnəm
Cizyə - müsəlman dövlətinin himayəsi altında yaşayan qeyri-müsəlmanlardan alınan vergi və ya can vergisi
Cin – Uca Allahın oddan yaratdığı məxluqlar yer üzündə insandan çox əvvəl yaşamışlar və indi də yaşayırlar. Onların arasında da müsəlmanlar və kafirlər mövcuddur. Sonuncuları şeytan və ya iblis adlandırırlar. İnsanlar bəzən onları görə bilirlər. Allahın qadağan etdiyinə baxmayaraq bir sıra cadugərlər və baxıcılar onlarla əlaqəyə girirlər
Cənnə - Cənnət
Cənnət əl-Xuld - əbədiyyət bağı, Cənnətin adlarından biri
Cənnət əl-Məva – sığınacaq-bağ, Cənnətin adlarından biri
Cənnət ən-Nəim – Səadət bağı, Cənnətin adlarından biri
Cihad – (a) Allah yolunda müqəddəs müharibə; (b) Uca Allahın adını şərəfləndirmək məqsədilə göstərilən istənilən səylər. Cihadın bir neçə forması var. Müsəlman dövlətinin təhlükəsizliyinə qəsd edən və İslamın yayılmasına maneə yaradan kafirlərlə mübarizə hərbi yolla aparılır. Özlərini müsəlman kimi göstərən münafiqlərlə cihad müsahibələr, onlara həqiqi biliklərin çatdırılması vasitəsilə aparılır. Şeytanla və insanın öz nəfsi ilə apardığı cihad da mövcuddur
Cəhənnəm – axirətdə günahkar qulların qalacağı əzab məskəni
Hami (Ham) – on dəfə ardıcıl olaraq dişi bala doğmuş və buna görə də bütpərəst ərəblərin sitayiş etdikləri dəvədir. Ərəblər ona minməz, onda yük daşımaz və yununu qırxmazdılar
Həcc – Məkkəyə edilən böyük ziyarəti
Həcc əl-İfrad – bu ziyarət zamanı zəvvar ancaq həcc məqsədilə ehrama girir
Həcc ət-Təməttu – bu ziyarət zamanı zəvvar əvvəlcə ümrə etmək niyyəti tutur və bundan sonra ehramdan çıxıb, daha sonra həcc ziyarətinə başlayır
Həcc əl-Kiran – bu ziyarət zamanı zəvvar ehrama girib həcc və kiçik ziyarət etməyi niyyət tutur
Əl-Hicr – Hicr, Səmud camaatının yaşadığı Məkkə ilə Təbuk arasında yerləşən yer adıdır
Hudeybiyyə - Hudeybiyyə Məkkənin 16 kilometrliyində Ciddəyə gedən yolda yerləşən yer adıdır. Hicri tarixinin 6-cı ilində orada Muhəmməd Peyğəmbərlə (s.a.s.) müsəlmanları şəhərə buraxmayan və onları kiçik ziyarət etməyə qoymayan məkkəlilər arasında sülh müqaviləsi bağlanmışdı
Hədis - Muhəmməd Peyğəmbərin (s.a.s) dediyi, etdiyi və ya bəyəndikləri haqqında rəvayət. Hədislər onları nəql edən ravilərin (bax) silsiləsindən və mətndən ibarətdir. Hədisin səhih və etibarlı olması onu nəql edən ravilərin silsiləsinin etibarlılıq dərəcəsindən və hədisin mətninin Quran ayələrinə və digər mötəbər hədislərə uyğun gəlməsindən asılıdır.
Hənif – tövhid, təkallahlıq tərəfdarı
Hüneyn – Məkkə ilə Taif arasında yerləşən vahə. Orada hicri tarixinin 8-ci ilində müsəlmanlarla çoxallahlılar arasında irimiqyaslı döyüş olmuşdur
Hur əl-İn (Huri) – hurilər, Adəmin nəslinə aidiyyəti olmayan, qeyri-adi gözəlliyə malik və işıqlı fonda xüsusilə seçilən iri qara gözlü Cənnət sakinləridir.
Xəlil - ən sevimli insan. Qəlbdə, bütün varlıqlardan daha çox tək ona məhəbbət bəslənir. Muhəmməd Peyğəmbərin (s.a.s.) bu məhəbbətlə sevdiyi bir kimsə yox idi. Çünki onun qəlbində ən çox yer tutan və məhəbbət bəslədiyi Uca Allah idi. Allahı sevimli qulları isə Muhəmməd Peyğəmbərlə (s.a.s) onun ulu babası İbrahim əleyhissalam idi.
Xumus – hərbi qənimətlərin beşdə bir hissəsi. Bu bir hissə yenə də beş hissəyə bölünür və sonra onun beşdə bir hissəsi müsəlman hökmdarının əlində qalır, qalan beşdə dörd hissə, isə Quran bölgüsünə uyğun olaraq, Muhəmməd Peyğəmbərin (s.a.s) qohumları (Haşimin və əl-Mutəllibin zürriyyəti), yetimlər, kasıblar və ehtiyac içində olan müsafirlər arasında paylanır.
Zül-Qərneyn – hakimiyyəti bütün yer üzünə yayılmış qədim dünyanın ən böyük hökmdarlarından biri. O mömin və təqvalı (bax) bir insan idi və Uca Allahın mərhəməti sayəsində bir müddət insanları Yəcuc-Məcüc qəbiləsinin əlindən xilas etmişdi. Allahın bu mömin bəndəsi əl-Kəhf surəsində xatırlanır.
Ər-Rəss – Rəss Səmud yaşayış məskənlərindən birinin adı və ya Yamamada bir şəhərin adı, ya da ki, Azərbaycanda bir quyunun adıdır. Hədislərdən birində nəql edildiyinə görə bu quyulardan birinə Allahın peyğəmbərlərindən birini atıbmışlar. Belə bir rəy də var ki, bu ad “Ya sin” surəsində əhvalatı yad edilən bir xalqın yaşadığı məskənin adıdır.
Rəqim – ya yer adıdır və yaxud da mağarada üç yuz il və bir də doqquz (il) yatmış gənclərin adı həkk olunmuş daşdır.
Rükət – namazın qiyamdan, rükudan və iki səcdədən ibarət olan bir hissəsidir.
Ramazan – müsəlman Ay təqviminin doqquzuncu ayıdır. Bu ay ərzində müsəlmanlar fərz (bax) oruc tuturlar. Bu ayda Müqəddəs Quranın nazil edilməsi başlanmışdır və Böyük Bədr döyüşü baş vermişdir. Bu ayın son ongünlüyünün günlərindən biri Qədr gecəsi adlandırılmışdır.
Ruhullah – Muhəmməd Peyğəmbərin (s.a.s) səhabələri və ilk müsəlman ilahiyyatçıları “Allah” sözünün təyin olduğu iki söz birləşməsi arasında fərq qoyardılar.
(a) söz birləşməsində təyin edilən söz canlı şəxs olduqda və ya cansız əşya olduqda. Məsələn, Beytu-llah (Allahın Evi); Rasulu-llah (Allahın Elçisi); Abdu-llah (Allahın qulu); Ruhu-llah (Allahın Ruhu). Bu və başqa belə ifadələrdə təyinolunan söz Uca Allah tərəfindən xəlq edilmişləri bildirir. “Allahın Ruhu” ifadəsi onu Allahın yaratdığını onun Ona məxsus olduğunu bildirir. Bu adla Allahın müqəddəs peyğəmbıri İsa (ə.) çağırılır. Onu yaradan zaman Allah buyurmuşdur: “Ol!” və müqəddəs peyğəmbər qeybdən (heç nədən) yaranmışdır. Eynilə bu qaydada Adəm peyğəmbərin (s.) də ruhu xəlq edilmişdir.
(b) söz birləşməsində təyinolunan söz keyfiyyət bildirəndə, məsələn: elmu-llah (Allahın elmi); Həyatu-llah (Allahın həyatı); Kələmu-llah (Allahın nitqi); Zatu-llah (Allahın mahiyyəti). Bu və digər belə ifadələr Uca Allaha xas olan ilahi keyfiyyətlərini əks etdirir.
Roma – Əsfər ibn Roma ibn Əys ibn İshaq ibn İbrahimin nəsilləri olan vizantiyalılar və başqa xalqlardır.
Zəqqum – Cəhənnəmin ən dərinliyində bitən ağacdır, meyvələri İblisin başına bənzəyir.
Zəkat – varlı müsəlmanlar tərəfindən hər il ödənilən var-dövlətin bir hissəsidir. O, qoyulmuş qayda-qanunlara müvafiq olaraq müəyyən dərəcələrə bölünmüş adamlardan alınır.
Saibə - ardıcıl olaraq on dişi dəvə balalayan və buna görə ərəb bütpərəstləri tərəfindən sitayiş edilən dişi dəvədir. Bütpəsətlər onu sərbəst buraxır, onu minmir, onunla yük daşımır, yununu qırxmır və sdünü də ancaq qonağa verirdilər.
Səb əl-Məsani – Tez-tez təkrarlanan yeddi Quran ayəsi və ya surəsi. “əl-Fatihə” surəsi (“Quanı açan”) və ya yeddi ilk uzun Quran surələri.
Siccin – (a) günahkarların əməllərinin yazıldığı kitab; (b) yer kürəsinin ən aşağıda olanı.
Sidrət əl-Müntəha – Son hüdud şanagülləsi (lotos - göldə bitən çiçəkli bitki). Yeddinci göydə bitən ağac belə adlanır. O, bu adını ona görə alıb ki, yerdən gedən və Allahdan nazil olan hər nə varsa, ona qədər gedib çatır. Belə bir ehtimal var ki, onun belə adlandırılması yerdən və yeddi göydən yuxarıda olması və onunla yaradılmışların bilik səviyyəsinin tükənməsi ilə bağlıdır. Bu məsələ ilə əlaqədar digər rəylər də mövcuddur.
Səəy - əs-Səfa və əl-Mərv təpəlikləri arasında qaçış həcc mərasimi və kiçik ziyarətlə ilə bağlı bir ənənədir.
Səir – Alov, Cəhənnəmin adlarından biri.
Səqər – Cəhənnəmin adlarından biri.
Səlsəbil – Cənnət bulağının adı.
Sünnə - (a) Muhəmməd Peyğəmbərin (s.a.s.) yolu. “Peyğəmbərin (s.a.s.) yolu” adı altında onun əməlləri, davranışı, kəlamları, əmrləri və b.; (b) məcburi olmayan və yerinə yetirilməməsinə görə müsəlman üçün cəza nəzərdə tutulmayan göstəriş və tövsiyələri.
Surə - (a) Müqəddəs Quranın müstəqil hissələri; (b) yüksək məqam. Quran hissələri – Məkkə və Mədinə surələrinə bölünür. Qurani Kərimin 114 müstəqil hissəsinin hər birinə verilmiş ad, yüksək rütbə, dərəcə, mövqe, şan, şöhrət, gözəl bina, binanın bir hissəsi və ya mərtəbəsi, divar hörülməsində işlədilən daş, kərpic, nişanə və ya əlamət mənasında da işlədilən bir kəlmə.
Sabiun – sabilər – İraq ərazisində yaşayan xalq, Bir Allaha ibadət edərdilər, Zəburun hökmlərini yerinə yetirərdilər və nə yəhudilərə, nə də xristianlara aid deyildilər.
Sirat – (a) yol; (b) Cəhənnəmin üstündən salınmış körpünün adıdır. Qiyamət günü adamlar onun üstündən keçib getməlidirlər. Bu körpü tükdən nazik və qılıncın tiyəsindən itidir. Onların üstündə qarmaqlar sallanmışdır ki, günahkar insanları qamarlayıb Cəhənnəmə atacaqdır.
Əs-Səfa – Məscidülhəramın şərq hissəsində yerləşmiş iki təpəlikdən biri. Zəvvarlar onların arasında ənənəvi qaçış keçirirlər.
Ət-Taif – Məkkənin yaxınlığında yerləşən şəhərdir.
Tağut – (a) Uca Allahla yanaşı ilahiləşdirilən və ibadət olunan hər hansı bir məxluq; (b) Allahın haram buyurduqlarına riayət etməyən günahkar; (c) şeytan və iblis; (ç) cadugərlər və baxıcılar; (d) insanları aldadan və Allahın şəriətinə zidd olan qanunlar qəbul edən kafirlər və (e) büt yerləşdirilən bina.
Təvaf – Kəbənin ətrafına dolanmaq adəti. O, Qara daşın səviyyəsində başlanır və və qurtarır və yeddi dairədən ibarət olur.
Ad – ad camaatı qədim xalqdır. Müasir Yəmənin Hadramaut adlı yaşayış məntəqəsində yaşayardılar, Nuh peyğəmbərin (a) nəslindəndirlər. Onlar Hud peyğəmbəri (a) qədd etdilər. Özlərinin inadkarlıqlarına və zalımlıqlarına görə, başlarının üstündə yeddi gecə və səkkiz gün fasiləsiz tüğyan edən qasırğalı küləklə məhv edildilər.
Ədn – Ədəm, Cənnətin adlarından biri.
Ərafat – Məkkədən 25 km aralıda yerləşən vahə. Zül-hiccə ayının doqquzuncu günü zəvvarlar orada qalırlar.
Ərafa – zül-hiccə ayının doqquzuncu günü - zəvvarların bir hissəsi həcc mərasimi ayinlərini yerinə yetirdikləri zaman, digər müsəlmanlar oruc tuturlar.
Əl-Uzza – bütpərəst ərəblərin ilahiləşdirdikləri və Məkkə ilə Taif arasında Nəhl adlanan yerdə yerləşdirilən ən məşhur bütlərindən biridir.
Ümrə – Məkkənin kiçik ziyarəti.
İlliyyun – (a) möminlərin əməllərinin yazıldığı kitab; (b) yeddinci göy.
Firdous – (a) Cənnətin adlarından biri; (b) Cənnətin mərkəzi və ən yeksək hissəsi.
Fey – döyüşsüz əldə edilən qənimət; döyüşçülər arasında bölünür. Onun beşdə bir hissəsi müsəlman hökmdarın sərəncamında qalır, qalan beşdə dörd hissə Muhəmməd Peyğəmbərin (s.a.s.) qohumları (Haşimin və əl-Mütəllibin nəslindən olanlar), yetimlər, kasıblar və ehtiyac içində olan müsafirlər arasında paylanır.
Qiblə - Namaz qılınarkən və bir sıra digər ibadət ayinlərinin icra edildiyi vaxtlarda müsəlmanların üzlərini çevirdikləri Məkkə şəhərindəki Məscidülharamda yerləşən Kəbə tərəfə olan istiqamət. Qureyş – Muhəmməd Peyğəmbərin (s.a.s) mənsub olduğu ərəblər arasında ən məşhur və hörmətli qəbilələrdən biri.
Kəbə - İbrahim və onun oğlu İsmail peyğəmbərlər (Onlara Allahın salamı olsun) ucaltdığı kub formasında daş tikili. O, Allaha ibadət etmək üçün Yer üzündə tikilən ilk məbəd olmuşdur. Bütün müsəlmanlar namaz qılarkən üzlərini ona doğru çevirirlər və hər il milyonlarla insanlar müsəlmanların yaşadıqları ölkələrdən Məkkəyə gələrək onu ziyarət qədim ibadətgahın ətrafına dolanırlar.
Kənz – sahibi yığdığı pullardan, qızıl-gümüşdən zəkat verməkdən boyun qaçırdan xəzinə.
Əl-Kövsər – bolluq çayı, suyu süddən ləzzətli və baldan şirin olan Cənnət çayı. Onun ətirli rayihəsi müşkün xoş iyindən də gözəldir. Onun ətrafında dəvə boynuna oxşayan uzun boyunlu gözəl quşlar uçuşur.

Lə İlahə iləllah - təkallahlığın sübutu və şəhadətidir. O, “Allahdan başqa Allah yoxdur” deməkdir. Allah – ibadət və ilahiləşdirmə obyektidir. Müsəlmanlar Uca Allahdan başqa heç kimə ibadət etmirlər. Çünki təkcə O, ilahi xilqətlər yaratmağa qadirdir və həqiqi Allaha məxsus kamil sifətlərə malik olan da Odur. Müsəlmanlar bütlərə, ulduzlara, müqəddəslərə, peyğəmbərlərə və yaxud mələklərə ibadəti rədd edirlər. Çünki bütün bu saydıqlarımız yaradılmışlar və Xaliqə, Yaradana möhtacdırlar. O isə yenilməz Qüdrət Sahibidir və heç kimə və heç nəyə möhtac deyildir.
Lakin bu şəhadətə iman gətirmək və müsəlman olmaq üçün səkkiz (ya da yeddi) şərt yerinə yetirilməlidir. Bunlarsız tövhid şəhadəti ona fayda verməz. Bunlar - (1a) bu şəhadətin mahiyyəti haqqında bilikdir ki, o, nadanlıqla bir araya sığmaz; (2b) bu şəhadətin doğruluğuna iman gətirməkdir ki, şəkk gətirməklə bir araya sığmaz; (3c) qəlblə və ağızla bu şəhadətin qəbul edilməsidir ki, onun sözlərini deməkdən boyun qaçırmaqla bir araya sığmaz; (4ç) bu şəhadətin bütün tələblərinə mütiliklə tabe olmaq Allaha və Muhəmməd Peyğəmbərə (s.a.s.) asi olmaqla bir araya sığmaz; (5d) bu şəhadəti dilə gətirərkən təbii olan səmimiyyət yalanla bir araya sığmaz; (6ə) bu şəhadətə bəslənilən məhəbbət təkallahlığa qarşı kinlə və ikrahla bir araya sığışmaz; (7e) Allahdan başqa hər şeyə qarşı ibadət etməkdən əl çəkmək.
“Allahdan başqa ilah yoxdur” kəlməsi İslamın təməl əsaslarındandır. Yəni, uluhiyyəti, yaradıcılığı, Rəbliyi, hökmranlığı və hakimiyyəti təkcə Allaha məxsus bilmə formuludur.
əl-Lat – Taifdə yerləşdirilmiş və sakif qəbiləsinin ilahiləşdirdiyi ərəb bütpərəstlərinin ən məşhur bütlərindən biri. O – ağ qaya üzərində tikilmiş və örtüklə örtülmüş və ətrafına çəpər çəkilmiş məbəddir. Bütün xidmətçiləri var idi. Əl-Muğira ibn Şoba və Əbu Sufyan ibn Hərb Muhəmməd Peyğəmbərin (s.a.s.) əmri ilə bu bütü dağıdıb yandırdılar. Sonralar bu yerdə məscid tikdilər.
Laza – Cəhənnəm alovu, Cəhənnəmin adlarından biri.
Leylət əl-Qədr – əzəmət və ya qismət gecəsi, Ramazan ayının sonuncu on günündən, həftənin tək gününə düşən bir gecə. Müqəddəs Quranda deyilir ki, bu gecə, belə gecənin olmadığı min aydan üstündür, yəni, əgər mömin bu gecə ərzində Allaha ibadətlə məşğul olarsa, o, min ay ərzində Allaha edəcəyi ibadətə görə qazanacağı mükafatdan daha böyük mükafat qaznar.
Muəlləfat əl-Kulub – Muhəmməd Peyğəmbərin (s.a.s.) İslamı yenicə qəbul edib müsəlman olmuş şəxslərə onların imanını möhkəmlətmək üçün verdiyi sədəqə.
Mütəşabihat – (Hərfi mənada – bir-birinə bənzəyənlər) Quranın mənası qapalı olan, bir sıra fərqli mənalar verən, təfsirində çətinlik çəkilən ayə və kəlmələr. Bunların cəminə mütəşabihat deyilir. Ayələrin əsil mənasını onları şərh etməklə başa düşmək olur. Allahın sifətləri, Qiyamətin durumu, Cənnət nemətləri, Cəhənnəm əzabı və s. haqqındakı ifadələr bu qəbildən olan mütəşabihlərdir. Məsələn, bir ayədə (Zumər, 39/23): “Allah Sözün ən gözəlini - ayələri bir-birinə bənzəyən və təkrarlanan Kitab kimi nazil etdi” deyilərək, Quranın bütövlükdə mütəşabih olduğu bildirilir. Burada mütəşabih sözü oxşar, bənzər mənasında işlədilmişdir. Quranın Ali-İmran surəsində isə ayələrin aydın və mütəşabih olmaqla iki qismə ayrıldığı göstərilir: “Quranın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər” (Ali-İmran, 3/7).
Müttəqi – Allahdan qorxan və mömin müsəlmandır. Uca Allah qarşısında qorxudan günah işlətməkdən boyun qaçırır və Rəbbinə bəslədiyi məhəbbət xatirinə xeyirxah əməllər edir.
Möhkəmət – aydın məzmunlu və qüvvədən düşməmiş dini hökmlərdən ibarət olan Quran ayələridir.
Mədyən – (a) Mədyən Şueyb peyğəmbərin (ə.) xalqının yaşadığı şəhərin adıdır; (b) mədyənlilər Mədyən ibn İbrahimin nəslidir, Şueyb peyğəmbəri (ə.) inkar və rədd etdiklərinə görə Allah tərəfindən məhv edilmişlər.
əl-Mədinə - Səudiyyə Ərəbistanında bir şəhərdir. Müsəlmanların müqəddəs ziyarətgahı olan Muhəmməd Peyğəmbərin (s.a.s.) məscidi orada yerləşir. Məhz bu şəhərə Muhəmməd Peyğəmbər (s.a.s.) və onun səhabələri hicrət (köç) etmişlər. İslamdan əvvəlki zamanlarda şəhər Yəsrib adlanardı.
əl-Mərvə - Məscidulhəramın şərq hissəsində yerləşən iki təpədən birinin adıdır. Zəvvarlar onların arasında mərasim qaçışı yerinə yetirirlər.
Müzdəlifə - Ərəfat və Mina arasında yerləşən vahədir. Zəvvarlar Zül-Hiccə ayının onuncu gecəsi orada gecələyirlər.
əl-Məscid əl-Əqsa – Yerusəlimdə yerləşən və zəvvarların ziyarət etməsinə icazə verilən üçüncü müqəddəs ziyarətgahdır. Bu məsciddə namaz qılarkən qazanılan savab, Məkkədəki Müqəddəs Məscid və Mədinədəki Muhəmməd Peyğəmbərin (s.a.s) Məscidi istisna olmaqla, başqa məscidlərdə beş yüz dəfə namaz qılanın savabına bərabərdir.
əl-Məscid əl-Həram – Məkkədə Kəbənin yerləşdiyi Məscidulhəram məscidi. Bir sıra xəbərlərə görə onda qılınan namazın savabı digər məscidlərdə qılınan yüz min namazın savabına bərabərdir.
əl-Məscid əl-Nəbəvi – Mədinədə Muhəmməd Peyğəmbərin (s.a.s.) məscididir. Peyğəmbər (s.a.s.) Məkkədən Mədinəyə hicrət edən kimi onun tikintisinə başlanmışdır. Onda qılınan namazın savabı, Məkkədəki Məscidulhəram və Yerusəlimdəki əl-Əksa məscidləri istisna olmaqla, başqa məscidlərdə qılınan min namazın sayına bərabərdir.
əl-Məşərülhəram – Müzdəlifə vahəsində yerləşən və mühafisə olunan yerdir. Orada sübh namazını qıldıqdan sonra zəvvarlar Allahı zikr edirlər.
İbrahim məqamı – oğlu İsmail ilə Kəbəni tikdikləri zaman İbrahim peyğəmbərin üstünə çıxdığı daşdır.
əl-Məqam əl-Mahmud – Məhşər günü yarış meydanı tərifəlayiq bir yerdir. Orada Muhəmməd Peyğəmbər (s.a.s.) bütün bəşəriyyət üçün şəfaətçi olacaq və Allahdan xahiş edəcək ki, insanlara öz yerlərindən tərpənməyə icazə versin.
Makka – Məkkə - Səudiyyə Ərəbistanında şəhərdir. Müsəlmanların ən mühüm müqəddəs yeri olan Kəbə bu şəhərdə yerləşir. Onun əsası İsmail peyğəmbər (ə.) dövründə qoyulmuşdur. Muhəmməd Peyğəmbər (s.a.s.) də orada anadan olmuş və İslamı yaymağa başlamışdır.
Mənat – bütpərəst ərblərin əl-Aus və əl-Xəzrəc qəbilələri tərəfindən ilahiləşdirilmiş və Məkkə ilə Mədinə arasındakı Kudeyda adlı yerdə qoyulmuş ən məşhur bütlərindən biri. Məkkə fəth edilən ildə Əli ibn Əbu Talib Muhəmməd Peyğəmbərin (s.a.s.) əmri ilə bu bütü dağıtmışdı.
Mənsux – ləğv edilmiş Quran ayələri və ya dini hökmlər. Quranın üç növ ləğv edilmiş ayələri mövcuddur. Birincisi, ayədə verilən göstəriş ləğv edilir və ayə özü müqəddəs Kitabın mətnindən çıxır. Bu qayda ilə Uca Allah yad qadının əmizdirdiyi uşağa öz döşündən on dəfə doyurana qədər süd verməsi ilə süd qohumluğunun yaranması haqqında hökmünu ləğv etmişdir. İkincisi, ayədə olan hökm saxlanılır, amma ayə Quran mətnindən düşür. Beləliklə, Uca Allah beş dəfə tam əmizdirmədən sonra süd qohumluğu yaranması barədə xatırlatma olan ayəni və havelə zinakarlıq etmiş evli kişi ilə ərli qadını ölənədək daşlamaqla edam etmək haqqında ayəni də ləğv etmişdir. Üçüncüsü, ayənin tərkibində olan hökm ləğv edilir, amma ayə Müqəddəs Quranın mətnində saxlanılır. Bu qayda ilə, vəsiyyətnamə haqqında ayə və Quranın bir çox digər hökmləri ləğv edilmişdir. Quran ayələri və Muhəmməd Peyğəmbərin (s.a.s.) əmrləri Allahın Elçisinin yaşadığı dövrdə Uca Rəbbin iradəsi ilə ləğv edilmişdir və Muhəmməd Peyğəmbərin (s.a.s.) vəfatından sonra dəyişdirilə bilməz.
Muhacirun – (a) müxariclər, 8-ci əsrdə Məkkə fəth edilənə qədər, digər şəhərlərdən və vilayətlərdən Mədinəyə köxmüş (hicrət etmiş) Muhəmməd Peyğəmbərin (s.a.s.) səhabələridir; (b) İslama düşmən münasibət bəsləyən ölkələrdən öz əqidəsini qorumaq məqsədilə hicrət edən müsəlmanlardır.
Mehr – nikahla əlaqədar olaraq nişanlının adağlısına verdiyi cehiz, maddi mükafat.
Nar – (a) od; (b) Cəhənnəmin adlarından biri.
Nəsux –, daha əvvəlki dini hökmləri ləğv edən, qüvvədən salan Quran ayəsi və ya dini hökm.
Hicrət – (a) müsəlmanların dini səbəblərə görə, İslama düşmənçilik edən ölkələrdən, təhlükəsiz yerlərə köçüb getməsi; (b) Muhəmməd Peyğəmbərin (s.a.s.) səhabələrinin Efiopiyaya, sonra da Mədinəyə köçməsi; (c) Muhəmməd Peyğəmbərin (s.a.s.) Məkkədən Mədinəyə köçməsi; (ç) xristian erasının 622-ci ilinə uyğun gələn müsəlman təqvimi.
Vəsilə - ardıcıl olaraq beş doğumda on dişi bala verən qoyun. Ərəb bütpərəstləri belə qoyuna sitayiş etməyə başlayırdılar. Bütpərəstlər onun ətini yeməyi ancaq kişilərə icazə verirdilər.
Yasrib – Nurlu Mədinənin İslama qədərki adı.
İsrail – Yaqub.
Bəkkə – Məkkə.
Etikaf - ibadət məqsədilə bir müddət məsciddə qalmaq.
Manna – şehdən əmələ gələn bal kimi kitrə.
Sabii – Qurani Kərimdə yəhudi və xristianlarla bir yerdə adı çəkilən bir xalqdır. “Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani və sabiilərdən Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır...” (Bəqərə, 2/62)
Təqva – Allah qorxusu.
Heyz – aybaşı.
Beytulharam – Məkkədə Kəbənin olduğu sahədəki məscidin adı. Ona haram deyilməsi ona hörmət, sayqı göstərmək və qayğı ilə yanaşmaqdan ötrüdür.
Kəffarə – səhvən və ya məcburiyyət qarşısında işlədilən günahın bağışlanması üçün şəriətə uyğun olaraq verilən sədəqə və ya tutulan oruc.
Sur – Qiyamət saatı gələn anda böyük mələklərdən biri olan İsrafil əleyhissalamın üfürüb səsləndirəcəyi bir vasitə. Qurani Kərimdə surun necəliyi açıqlanmamışdır. Peyğəmbərimizin (s.a.s.) hədisində isə onun “buynuzabənzər bir alət” olduğu bildirilir.
Hidayət – maarifləndirmək, doğru yol göstərmək, rəhbərlik etmək, azğınlıqdan xilas edilib İslamın nurlu yoluna yönəlməkdir.
Şəfaətçi – bir adamın bağışlanmasını istəyən şəxs, başqası üçün yalvaran, dua edən.
Beytulməmur – Baxılan, qulluq edilən ev. Kəbənin üst tərəfində olan bir yerdir. Başqa adı “Durahdır”. Uca Allah Quranda Beytulməmura and içir və bununla onun yüksək dəyərə malik olduğu aşkar olur.
Tövhid – ibadətdə, hökmranlıqda, gözəl adlara və atributlara malik olmaqda Uca Allahın təkliyini təsdiq etmə.
Sünnə – yol, gedilən yol, təbiət, şəriət, üz, Muhəmməd Peyğəmbərin (s.a.s.) sözü, əməlləri, rəftarı, davranışı, bəyəndiyi şeylər, əməllər, hərkətlər, qoyduğu qaydalar. Ərəb dilində cəm halında “sünən” adlanır.
Lövhi-Məhfuz – ərəbcə qorunan lövhə deməkdir. İslamda olan və olacaq hər şeyin yazıldığı ilahi bir Kitabdır. Lövhi-məhfuz Allahın elmi və sifətləri ilə bağlıdır. Onun qorunan, hifz edilən kimi adlandırılmasının səbəbi onda yazılmış ilahi məlumatlara hər hansı bir müdaxilənin mümkün olmaması, onların dəyişdirilməsinin imkansızlığı və mütləq mühafizə edilməsidir.
Qaib – haliyyədə, üzdə, aşkarda olmayan, gizlidə qalan, hissiyyat orqanları ilə dərk edilə bilməyən, müşahidədən kənarda qalan hər şey
Fərz – dini baxımdan yerinə yetirilməsi vacib və məcburi olan. Qurani Kərimdə bir çox ayələrdə keçən bu sözün bundan başqa mənaları da vardır.
Bərzəx – əngəl, iki şey arasındakı pərdə, maddi aləmlə ruhi aləm, yəni ölümdən sonra Qiyamətə qədər qalınacaq aləm və ya qəbir aləminin adı. Bərzəx kəlməsi Quranda üç yerə keçir. Məsələn, “O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu. Onların arasında maneə vardır, onu keçə bilməzlər” (Rəhman, 55/19-20).
İxlas – bir şeyi saflaşdırmaq, arıdılmış vəziyyətə gətirmək. Qəlbi saflaşdırmaq, gəlir və şöhrət məqsədi daşımayan, daxilən, riyakarlıq etmədən səmimi sevgi və məhəbbətlə yerinə yetirilən ibadət, işi nümayiş etdirmək üçün görməmək. Sırs Allah rizasını düşünmək və bu niyyətlə hərəkət etmək, təkcə Allah xatirinə ibadət etmək.
Vəhy – gizli danışıq, işarə etmə, əmr etmə, ilham vermə, pıçıldama, məktub yazma, elçi göndərmə, tələsdirmə, səs çıxarma. Uca Allahın bilavasitə və ya başqa Özünəməxsus üsullarla Öz əmrlərini peyğəmbərlərinə bildirməsi mənasında bir Quran istilahıdır.
Rüku – qabağa əyilmə, namazda qiraətdən sonra yerə paralel şəkildə önə əyilmə, fiqh istilahıdır. Rüku namazın rüknlərindən (vacib ünsürlərindən) biridir və fərzdir (məcburi vacib olandır). Rükuda əllər dizlərə qoyulur. Namazda tam rükuya getməyən şəxs (ayaq üstə dayanmaya yaxın olarsa) rükuya getmiş sayılmır, əyilməsi rüku vəziyyətinə yaxın olduqda isə bu sayılır. Camaatla namaz qılarkən imama rükuda çatan şəxs ayaq üstə “Allahu Əkbər” deyərək rükuya gedir.


Tarix: 20.04.2013 / 15:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1236 Bölmə: Quran Haqqında