beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MÜQƏDDƏS QURANIN TƏFSİRİ (TƏRCÜMƏÇİNİN İKİNCİ CİLDƏ SÖZÖNÜ)

əs-Səədi, Əbdürrəhman ibn Nasir
Müqəddəs Quranın Təfsiri, “Səxavətli və Mərhəmətli Allah¬dan gələn asanlaşdırma”. VI cilddə, II c. /Əbdürrəhman ibn Nasir əs-Səədi. Azərbaycan dilinə tərcümə edən. F. S. Qurbanov. – Bakı: 2008. – 637 s.

Annotasiya:

Şeyx Əbdürrəhman ibn Nasir əs-Səədinin (Allah ona rəhmət etsin) “Səxavətli və Mərhəmətli Allahdan gələn asanlaşdırma” adlı əsəri Müqəddəs Quranın geniş yayılmış və İslam milləti tərəfindən çox yaxşı qəbul edilmiş dərin elmi təfsirlərindən biridir. Bu əsər çox sadə dildə yazılmışdır və ona görə geniş oxucu kütləsi üçün asan başa düşüləndir.
Bu (rus dilində iki və türk dilində beş cilddən ibarət olan) təfsir, Müqəddəs Quran ayələrinin bəhs etdiyi bütün mövzular üzrə ensiklo¬pedik şərh kimi qəbul edilə bilər. Müəllif ayələri açıqlayarkən, ilk növbədə, Müqəddəs Qurana, sonra Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) səhih hədislərinə, daha sonra isə onun səhabələrinin (Allah onlardan razı olsun) hədislərdən çıxartdıqları rəyə istinad etmişdir.
Kitab Quran ayələrinin daşıdığı ecazkar hikmətlərdən agah olmaq istəyən oxucular üçün nəzərdə tutularaq Azərbaycan dilinə ilk dəfə tərcümə edilmişdir.
Bu ilin sonuna, inşallah, kitabın III cildi və 2009-cu il ərzində isə IV – VI cildləri Allahın köməyi ilə (tərcümə olunduqca) nəşr ediləcəkdir.


TƏRCÜMƏÇİNİN İKİNCİ CİLDƏ SÖZÖNÜ

Həmd olsun Allaha, aləmlərin Rəbbinə! Hikmətlərinin bənzərsizliyi ağıllara qalib gələn, dəlillərinin ecazkarlığı məfkurələri heyran qoyan, möhtəşəm sənətinin xarüqəladə özəllikləri inkarçı kafirlərə üzrxahlıq etməyə imkan yeri qoymayan, ayələri bəşəriyyətə “Allahdan başqa heç bir tanrı yoxdur” müjdəsi verən Müqəddəs Allaha həmd olsun! O Allah ki, Onun Özünə bərabər ola bilən nə bir tayı, nə Ona bənzəyə biləcək bir oxşarı və nə də Ona köməkçi ola biləcək şəriki var! Onun nə övladı, nə valideyni, nə zövcəsi, nə də misli var! O, hər şeyi qəhr edən ilahi gücü ilə müstəbidləri qəddini əyməyə Məcburedəndir! O, Əzəməti və Qüdrəti qarşısında zalım və qəddar padşahların zəlil günə düşdüyü, heybəti qarşısında bütün fironların vahimə içində səcdəyə qapıldığı, xəlq etdiklərinin hamısının, öz istəklərindən asılı olmayaraq, Ona itaət etdikləri Tək Allahdır! Əziz və Cəlil Allah bu barədə belə buyurur: “Göylərdə və yerdə olan məxluqlar da, onların kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edir” (Rəd, 13/15).
Fövqəluca Allahın bəşəriyyətə bəxş etdiyi ən böyük nemətlərindən biri Quran və onu Allahın Özünün mühafizə etməsidir. Allahın Peyğəmbəri Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) ümməti üçün hazırladığı və onu şərəfləndirdiyi ən əhəmiyyətli fəzilətlərindən biri də Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) nazil etdiyi Vəhyi – Quranı qoruması və himayəsi altına almasıdır. Qüdrətli Allah Quranı müsəlmanların Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun!) həqiqi peyğəmbər olmasına bir dəlil etmiş, ona verdiyi üstünlüyü açıq şəkildə bildirərək, onu təkzibolunmaz dəlilə çevirmişdir. Böyük Allah bu Quran ilə Öz Elçisini (ona Allahın salavatı və salamı olsun!) yalançı və iftiraçılardan fərqləndirmiş və bunun sayəsində möminləri də inkarçı kafirlərdən və müşriklərdən, Ona şərik qoşanlardan qabarıq şəkildə ayırmışdır. Müdrik Allah elə bir Quran nazil etmişdir ki, yer üzündə yaşayan bütün cinlər və insanlar bir yerə toplaşıb bütün səylərini cəm etsələr də, onun bənzərini, əsla yaza bilməzlər. Sonsuz Lütf Sahibi Allah Quranı möminlər üçün qaranlıqları nurlandıran bir günəş, şübhələri yoxa çıxardan bir aydınlıq, azğınlığa aparan yollarda həqiqəti göstərən bir rəhbər, qurtuluşa və hidayət yoluna yönəldən bir bələdçi etmişdir. Həmçinin, Mərhəmətli Allah Özünün bir ayəsində belə buyurur: “Allah, Onun rizasını arayan şəxsləri bu Kitabla əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir” (Maidə, 5/16). Bəsirətli Allah heç vaxt yatmayan gözləri ilə Quranı qoruyub saxlayır, onu dağıdılmaz qalası ilə əhatə edir. Zamanın, qərinələrin keçməsi ilə o əsrarəngiz qalanın sütunları möhkəmliyini itirməz, qüdrət əlamətləri yoxa çıxmaz. Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) ehkamlarına riayət edənlər heç vaxt doğru yoldan sapmazlar.
Müqəddəs Quran möminlərin mübahisəyə düşdükləri anda ona sığındıqları, müsibətə uğradıqları zaman içinə çəkilib qorunduqları istehkam, şeytanın vəsvəsəsinə qarşı müdafiə olunduqları yenilməz qaladır. Şərəfli Quran möminlərin baş əydikləri yeganə hakim və müraciət etdikləri ən qəti hökmdür. Möminlər öz arzuları ilə Müqəddəs Qurana möhkəm sarılır və bununla özlərini təhlükələrdən xilas etmiş olurlar.
Ey Allahım! Sən məni Quranın aydın və mütəşabeh, halal və haram, ümumi və xüsusi, yığcam və təfərrüatlı, nəsx və mənsux, asan və çətin ayələrinin bu – şeyx Səədi təfsirini gözəl tərzdə ana dilimizə çevirməyə müvəffəq et və bu təşəbbüsümü uğurla sona çatdırmağı mənə nəsib et! Allahın Son Elçisi və Peyğəmbəri Muhəmmədə, ailəsinə və səhabələrinə salat və salam olsun!
Ey Allahın qulları! Allah sizə rəhm etsin! Bilin ki, öyrənilməsi üçün səy göstərilməyə layiq olan və mənimsənilməsi ilə məqsədə çatılan, əldə edilməsi ilə insana Allahın razılığını qazandıran şey Qurandır. Onu oxuyan çoxlu xəzinələr əldə edər və böyük mükafatlara sahib olar. O, elə bir Kitabdır ki: “Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik və Tərifəlayiqolan tərəfindən nazil edilmişdir” (Fussilat, 41/42). Görkəmli alimin bu Təfsiri də Müqəddəs Qurana layiq hüsntəvəccöh, vurğunluq və məhəbbətlə yazılmışdır.
Möhtərəm oxucu!
Kitabın birinci cildindən təkrarladığım (1)giriş hissəsindən sonra, növbəti cildə yazdığım ön sözümdə sizə bir sıra yeni qeydlərimi çatdırmaq niyyətindəyəm. İlk öncə görkəmli İslam alimi və mütəfəkkiri, Quranın yüksək istedada malik təfsirçisi Şeyx Əbdürrəhman əs-Səədinin ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə etməyə cəsarət göstərdiyim bu əsərinin, bundan öncə çevrilmiş dildəki bir sıra xüsusiyyətlərini nəzərinizə çatdırmaq yerinə düşərdi. Bunun səbəbi həmin əsəri ərəbcədən rus dilinə tərcümə etmiş mütərcim haqqında oxucu kütləsinə məlumat vermək və onun ərəb dilinə bələd olmayan müsəlmanlar üçün necə böyük və tərifəlayiq savab bir iş gördüyünü nəzərə çatdırmaqdır.
İlahiyyatçı Elmir Rəfail oğlu Quliyev Şeyx Əbdürrəhman əs-Səədinin bu əsərini ərəbcədən rus dilinə tərcümə etməzdən əvvəl, özünün qeyd etdiyi kimi, həmin dilə əvvəlcə Müqəddəs Quranı tərcümə etməli olmuşdur. Bu gün rus dilində mövcud olan Quranın bütün məna tərcümələri arasında həmyerlimizin işini ən uğurlu və ən mükəmməl hesab etmək olar. Məhz belə bir Quran tərcüməsi hörmətli E. Quliyevə bu ecazkar təfsirin də tərcümə edilməsi üçün geniş imkanlar yaratmışdır.
Elm aləmində çox təriflənən bu qiymətli təfsiri bir çox digər təfsirlərdən fərqləndirən cəhət, onun bir sıra özünəməxsus müsbət məziyyətlərinin olmasıdır. Bu xüsusiyyətlərin bəziləri haqqında əsərin müxtəlif nəşrlərinə tanınmış görkəmli şəxsiyyətlər tərəfindən yazılmış müqəddimələrində qeydlər edilmişdir. Bunlardan bəzilərini mən Azərbaycan dilinə tərcümə etdiyim bu əsərə əlavə etmişəm. Xülasə halında demək olar ki, bu təfsirin aşağıdakı özəl xüsusiyyətləri onu digər təfsirlərdən qəti fərqləndirir:
Şeyx əs-Səədi təfsirində Quranın nazil edilməsi məqsədilə əlaqəsi olmayan lazımsız söz təhlillərinə, şəriət hüququ (fiqh) üzrə mübahisəli məsələlərə və fəlsəfəçiliyə yol verilməmişdir;
əlinizdəki Təfsir bir sıra müfəssirlərin xilas ola bilmədiyi İsrail əfsanələrindən (2)nümunələr əxz etməmişdir;

o, nə oxucunu bezikdirici dərəcədə uzun, nə də məqsədi tam çatdıra bilməyəcək dərəcədə qısa deyildir;
təfsir bir çox elmi, əxlaqi və tərbiyə səciyyəsi daşıyan faydalara malikdir;
bu Təfsirdə Şeyx əs-Səədi xüsusilə peyğəmbərlərin Quran hekayətlərindən çox əhəmiyyətli, hikmətli və həyatda rəhbər tutulması vacib olan nəticələr çıxarmışdır;
hər şeydən daha əhəmiyyətli olan odur ki, bu Təfsir, bidətə və fəlsəfəçiliyə aludə olmuş kəlamçıların hər cür pozğun təhriflərindən uzaqdır.
Şeyx əs-Səədi (Allah ona rəhmət etsin) uluhiyyət tövhidi, rububiyyət və sifət tövhidi üzrə və bütün digər əqidə məsələlərində Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun!) kəramətli Sünnəsinə sadiq olan yaxın zaman alimlərindən biridir. Bir sözlə desək, bu Təfsir, İslam əqidəsi haqqında istinad edilməsinə layiq və zəruri olan bir əsərdir.
Onu da deyim ki, bu məşhur təfsirin Azərbaycan dilinə tərcüməsi təbii ehtiyacdan doğmuşdur. İyirminci əsrin 90-cı illərinin əvvəlində Azərbaycan xalqı ilk dəfə olaraq müasir ana dilimizdə Fövqəluca Allahın Müqəddəs Quranı ilə böyük alimlərimiz Ziya Bünyadov və Vasim Məmmədəliyevin sanballı tərcüməsi sayəsində tanış olublar. Sonrakı illərdə bu tərcümə bir sıra təshihlərlə dəfələrlə nəşr olunaraq oxuculara təqdim edilmişdir. Müqəddəs Quranın daha bir sıra digər şəxslər tərəfindən edilmiş tərcümələri də nəşr olunmuşdur. Sevindirici haldır ki, son illərdə yüksək dini təhsil almış gənc islamşünaslar da bu çox mühüm bir sahədə Allahın dininə və xalqımıza öz töhfələrini verməyə təşəbbüs göstərirlər.
Məhz bu özəl şərtlər dinimizin əsas Kitabının geniş və asanlaşdırılmış şərhini də müsəlman oxucularımıza və İslam dəyərləri ilə maraqlanan digər insanlarımıza Azərbaycan dilində çatdırmağa imkan yaratmışdır.
Buna görə Şeyx Əbdürrəhman əs-Səədinin “Səxavətli və Mərhəmətli Allahdan gələn asanlaşdırma” adlı Quran təfsiri olan sanballı çoxcildlik əsərinin dilimizə tərcümə edilməsi – mənə görə mənəvi tələbat, Allahın rizasını qazanmaq üçün Onun dini naminə bir töhfə və azərbaycandilli insanlar üçün isə onların İslamı dərindən mənimsəmələrinə yeni bir vəsilə olması niyyətindən irəli gəlmişdir. Təbii ki, çətinlikləri asanlaşdıran yalnız Allahdır. Həmd olsun Allaha, aləmlərin Rəbbinə!
Əziz və möhtərəm oxucu!
Müqəddəs Quranın təfsirini sizə Azərbaycan dilində tam aydın və asan başa düşülən şəkildə çatdırmasını, bizi uğur yoluna yönəltməsini və bu kitabı həm bu dünyamız və həm də Axirətimiz üçün faydalı və savab vasitəsi etməsini Müdrik və Qüdrətli Allahdan rica edirəm.
Fövqəluca Allahın qullarına bəxş etdiyi ən böyük nemətlərindən biri də fikri ifadə və izah etmə qabiliyyətidir. Allahdan arzum budur ki, bu tərcümənin gözəl və aydın oxunaqlı şəkildə insanlarımızla qovuşması üçün mənə Öz yardımını əsirgəməsin.
Mərhəmətli Allah qullarını, öz fikirlərini düzgün ifadə etmək qabiliyyəti baxımından, bir-birindən fərqli yaratmışdır. Mərhəmət Sahibi, bu barədə belə buyurur: “...birinizi digərinizin fövqünə dərəcə - dərəcə qaldıran Odur...” (Ənam, 6/165). Fövqəluca Allahın möhtərəm şeyx Əbdürrəhman əs-Səədiyə gözəl istedad və qabiliyyət bəxş etməsi sayəsində görkəmli təfsir alimi Quranın bu şərhini son dərəcə aydın və tezqavranılan formada yazmışdır. Onu orijinaldan deyil, ikinci dildən tərcümə etmək böyük məsuliyyət və mən deyərdim ki, cəsarət tələb edirdi. Bu keyfiyyətlərin az da olsa bir qismini mənə əta etməsi üçün Alim və Mərhəmətli Allaha dönə-dönə dua etmiş və Onun lütfkarlığına bel bağlayaraq tərcüməyə böyük həvəslə başlamışam və qısa müddət ərzində əsərin ilk cildi hazırlanıb nəşr edilmiş, indi isə artıq ikinci cild Onun sayəsində sevgili oxucularımıza təqdim olunur.
İnsanı ucaldan Allah Müqəddəs Quranda güclü ifadə bəxş etdiyi şəxslərin dilsiz və acizlərdən üstün olduğunu bildirərək: “Onlar zinət içində böyüdülən və çəkişmə zamanı aydın danışa bilməyənlərdir...” (Zuxruf, 43/18) deyə, sonuncuları səciyyələndirir. Əbdürrəhman əs-Səədi məhz Allahın üstün tutduğu və yüksək qabiliyyət bəxş etdiyi insanlardandır. Onun təfsirini ərəbcədən məharətlə çevirmiş Elmir Quliyevin tərcüməsini Azərbaycan dilində ifadə edərkən kifayət qədər çətinliklərlə və hələ dilçiliyimizdə sabitləşməmiş, dini ədəbiyyat istilahlarının tam alışılmamış tərəfləri ilə rastlaşmalı oldum. Bunlar, əsasən, ilk növbədə Hərşeyiəhatəedən Allahın ad və sifətlərinin dilimizdə hamının başa düşə biləcəyi formada verilməsi ilə bağlı idi. Oxucuların diqqətindən, ehtimal ki, belə yeni söz və ifadələr yayınmayacaq, ola da bilsin ki, hamıya eyni təsiri bağışlamayacaq və bəzən isə, lap qeyri-adi görünəcək. Lakin tərcüməçinin ana dilinə ilk dəfə çevrilən bu cür monumental əsərlərdə yeni sözlər işlətməyə məcbur olması, məncə, təbii bir haldır, elmi-təcrübi baxımdan özünü müəyyən dərəcədə doğruldur. Yeni termin və istilahlar süni sözyaratma üsulu ilə deyil, Allahın ərəb dilində Onun Özü tərəfindən bəyan edilən kəlamlarından irəli gələn və Azərbaycan dilinə gətirilməsi vacib olan tələbatdan doğmuşdur. Bu ön sözümdə də həmin nadir ifadələrdən işlədilmişdir. Bundan başqa, öncədən qeyd etdiyim kimi, şeyx Əbdürrəhman əs-Səədinin bu təfsirinin tərcüməsinin gerçəkləşdirilməsi bir sıra obyektiv səbəblərlə əlaqədar idi. Belə ki, bu əsərin Azərbaycan dilinə tərcüməsi, onun əsasını təşkil edən Quranın özünün ana dilimizə edilən tərcüməsi ilə bilavasitə bağlıydı və Təfsiri tərcümə etmək üçün, ilk növbədə, qarşımızda Quranın dilimizdə mövcud olan tərcümələrinin onun fundamental prinsipləri ilə üst-üstə düşməsi problemi dayanırdı. Fərqlərin dərinliyinə varmadan, demək yerinə düşür ki, ərəbcədən Azərbaycan dilinə həyata keçirilən həm əvvəlki Quran tərcümələrində bir sıra təshihlərin edilməsi və həm də yeni nəşrlərin və tərcümələrin işıq üzü görməsi və bəzi cüzi hallarda isə mənim, Allahın rizası ilə, E. Quliyevin rus dilinə tərcümə etdiyi “Müqəddəs Qurandan” («????????? ?????», Mədinə nəşri, Səudiyyə Ərəbistanı Krallığı, 1423-cü hicri ili) bəzi fraqmentləri sərbəst tərcümə etməyim bir sıra çətinliklərin aradan qalxmasını şərtləndirdi və Təfsirin tərcüməsinə yol açdı. Allah Hərşeyibiləndir, Onun icazəsi olmadan heç nə baş vermir. Gerçəkləşən hər şey Onun hökmünə əsaslanır.
Təfsirin rus dilindəki mətnindən (?.?????, «?????????? ?????????? ??????», ?. «????», 2 cilddə (3) , 2006) etdiyim tərcümə, onun quruluşunun və məzmununun tamlığı baxımından, heç bir dəyişikliyə uğradılmamış, ixtisara yol verilməmiş və əsas mətn olduğu kimi tərcümə edilmişdir. İşin gedişində paralel olaraq Türkiyədə türk dilində nəşr olunmuş “Səədi Təfsiri” əsərindən (Abdurrahman b. Nasir es-Sadi, “Tefsirus-Sadi”, Quraba, 2006, 5 cilddə) də istifadə edilmişdir. Bu xüsusiyyətlər orijinalın tərcümə edilmiş dildə asan anlaşılmasını təmin edən özəlliklərdəndir. Digər bir səciyyəvi hal kimi, (bunu çox əhəmiyyətli hesab edirəm) Təfsirin rus dilinə tərcüməsi zamanı İslam dininə xas olan və bütün İslam və qərb ölkələrində, demək olar ki, eynilə (tərcümə edilmədən) istifadə edilən bir sıra ərəb İslam istilahlarının, rus dilindəki tərcümədə sərbəst qarşılığı verildiyi halda, mən onları, Allahın rizası ilə, dilimizdəki ənənəvi formalarında işlətməyi məqsədəuyğun saymışam.
Bundan əlavə, yuxarıda qeyd etdiyim kimi, Təfsirin rus dilindəki mətni tərcümə edilərkən türk mətnindən də lazımınca yararlanmışam ki, bu da əsərin orijinalına yaxınlığı daha da artırmışdır. Tərcümə etdiyim rus dilindəki mətndə terminologiya ilə bağlı bir sıra digər özəlliklər mövcud idi ki, mən, Allahın yardımı ilə, onları, qeyd etdiyim kimi, öz fərdi üslubuma müvafiq olaraq, artıq gerçəkləşdirmişəm və sevgili oxucularımıza təqdim edirəm.
Sonuncu qeydim Təfsirdə Müqəddəs Allahın adlarının yazılışı ilə əlaqədardır. Əzəmətli və Müdrik Allahın adı bu tərcümədə şəxs əvəzlikləri ilə ifadə olunduqda böyük hərflərlə yazılır. İslam Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun!) “Allahın Elçisi” adı və yazılışda ancaq Allahın son elçisinin nəzərdə tutulduğu şərəfli “Peyğəmbər”, “Elçi”, “Allahın Elçisi” adları da böyük hərflə yazılır. Lakin Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) adının şəxs əvəzlikləri ilə ifadə olunması böyük hərflərlə işarə edilməmişdir və bunun səbəbi – böyük hərflərlə yazılan şəxs əvəzliklərinin bu çeviridə yalnız Allaha məxsus edilməsindədir.
Tanınmış alimlərimiz (mərhum) Ziya Bünyadovun və V. Məmmədəliyevin Quranın tərcüməsindəki ad və sifətlərin yazılışı ilə onların Təfsirin Azərbaycan dilində verdiyim mətnindəki yazılışları arasında müəyyən forma fərqləri mövcuddur ki, bunlar, mənim Müdrik Allahın ad və sifətlərinin Ana dilimizdə xüsusi olaraq sabitləşdirilməsi təşəbbüsümlə bağlıdır. Bu mülahizənin oxucuların nəzərinə çatdırılmasının səbəbi, bu sahədə müxtəlif yanaşmaların və adlandırılmaların geniş istifadə edilməsidir ki, onlara bu ön sözümdə aydınlıq gətirməyi vacib sayıram.
İkinci cilddə verilməsi zəruri olan bir sıra digər vacib izahlar sətiraltı qeydlərdə öz əksini tapmışdır və onların bəzilərinin bu ön sözdə göstərilməsini məqsədəuyğun sayıram.
Beləliklə, həmin qeydlərin bir qismi ümumiləşdirilmiş, digərlərinin isə hər birini ayrıca göstərməyi üstün tuturam, çünki onların hər biri konkret mahiyyət kəsb edir.
-Təfsirin quruluşu haqqında. Əvvəlcə Quran ayəsinin ərəbcəsi, onun altında isə ayənin Azərbaycan dilinə tərcüməsi verilir. Bundan sonra isə Təfsirin tərcüməsi gəlir.
-Ayələrin tərcüməsi üçün Z. Bünyadov və V. Məmmədəliyevin tərcüməsi əsas götürülmüşdür. Lakin Təfsirin ərəbcə yazıldığını və bu zaman ayələrin orijinal əslə əsaslandığını nəzərə alaraq, əsas müəllif mətninə dəyişikliklər və əlavələr etməmək və bilərəkdən təhrifə yol verməmək xatirinə Quran ayələrinin Azərbaycan dilinə çevirisi qismən və nadir hallarda isə rus mətninə əsasən (türk mətnləri ilə tutuşdurulmaq şərtilə), tam redaktə edilmiş və zəruriyyət yarandığı hallarda isə ayənin tərcüməsinin mətni bütövlüklə tərəfimizdən yenidən tərcümə edilmişdir.
-Ayələrin tərcüməsində verilmiş tərcüməçilərə məxsus əlavə izahlar mətnlərdən, ehtiyac olmadığına görə, əksər hallarda çıxarılmışdır və bəzi hallarda isə səhifəaltı (dib) yazıları kimi verilmişdir.
-Bəzən tərcümə mətninə edilmiş tərcüməçi əlavələri orijinal ayə və ona müvafiq yazılmış şərhlə heç vəchlə uyuşmur, əhəmiyyətli dərəcədə fərqlənir. Belə hallarda ayəni tərcümə etdiyim dildə verilmiş mətndən yenidən çevirməyə məcbur olmuşam. Təbii ki, ayələrin çevirisi böyük səbr və səylə mövcud mənbələr üzrə yoxlanmış, müqayisə və təhlil edildikdən sonra, Azərbaycan dilindəki variant üzərində dayanılmışdır. Bu faktlar nadir deyil. Bütün bunları səhifəaltı qeydlərdə “Tərc. F.S.” ya da, sadəcə, “F.S.” (Fərahim Sələfi) kimi vermişəm.
-ümunə üçün qeyd edim ki, bir ayənin tərcüməsi belə verilmişdi: (5.55) Ayənin Azərbaycan dilində olan tərcüməsində rast gəldiyim variant: “Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər”. ”. Ayənin ərəb mətni isə belədir:

إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ


- Təbii ki, bu mətndə “rükuda olduqları zaman zəkat verirlər” ifadəsini axtarmağın mənası yoxdur!
Mən isə ayənin tərcüməsini rus dilində verilmiş mətnə və, təbii ki, ərəb mətninə daha uyğun şəkildə çevirdim və aşağıdakı izahı sətiraltında belə vermişəm: “(5.55) “Sizin Himayədarınız Allah, Onun Elçisi, namaz qılıb zəkat verən və rükuya gedən möminlərdir”. Ayənin fərqli tərcüməsi mənimdir. Z.B. və V. M. tərcüməsi belədir: “Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər”(?). Ayənin son, kursivlə verilən fraqmenti namazın huşu ilə qılınması tələbinə uyğun olmadığı üçün, anlaşılmazdır, yəni, şəriət tələblərinə müvafiq olaraq, namaz qılan zaman gözün səcdə yerindən çəkilməməsi tələb olunduğu halda, rükuda zəkat vermək” (həm də nəzərə alaq ki, bu, tərcüməçilərin ayəyə əlavəsidir) qeyri-təbiidir. Ayənin orijinalında, gördüyünüz kimi, belə bir söz və ya söz birləşməsi də yoxdur. Təfsirin mətnindən də aydın olur ki, ayədə “rüku halında zəkat vermək” ifadəsi ilə bağlı şərhə yer verilməmişdir. F.S.”.
Başqa müəlliflərdən, əsərlərdən gətirdiyim sitatlar, mənbələri göstərilməklə, səhifəaltı qeydlərdə verilmişdir.
Bu və buna bənzər uyğunsuzluqlarla bağlı müvafiq izahlar səhifənin sonunda, xəttin altında F.S. hərfləri ilə işarə olunmuşdur.

Möhtərəm oxucu!
Hər bir əsərdə nəzərdən qaçan müəyyən nöqsanların olması mümkündür. Təkcə Müdrik Allahın Kitabı nöqsansızdır. Odur ki, bu tərcümədə hər hansı bir gözəçarpan və əhəmiyyət kəsb edən xəta ilə rastlaşsanız, acizanə xahiş edirəm ki, nöqsanlar barədə, zəhmət də olsa, növbəti nəşrlərdə nəzərə alınması üçün qeyd və təkliflərinizi yazıb aşağıda göstərilən elektron poçtuma yollayasınız.
Lütfkar Allahdan bu tərcüməmi Öz xatiri üçün və qullarına, onların xeyri üçün, sevdirməsini arzu edirəm!




(1)Birinci cilddəki önsözün qismən təkrarlanmasının zəruriliyi hər cildin ayrı-ayrı vaxtlarda nəşr edilməsi və önsözdə bütövlükdə əsərin bütün cildlərinə məxsus açıqlamaların verilməsi ilə əlaqədardır. F.S.)

(2)İsrail əfsanələri – qədim İsrail qaynaqlarından götürülmüş yazılı və ya şifahi rəvayət edilən hadisə və hekayətlərdir. İsrail Quranda öz əksini tapmış on iki yəhudi nəslinin atası olan Yəqub peyğəmbərin (əleyhissalamın) adı və ya ləqəbidir. Yəhudilər bəni-İsrail (İsrail oğulları) kimi tanınırlar. İbranicə olan “İsrail” sözü “isra” (“qul”) və “İl” (Allah) sözlərinin birləşməsindən törəmişdir və “Allahın qulu” mənasını ifadə edir. Bəzi təfsirlərə salınmış “İsrail əfsanələri” adlandırılan hekayətlər, bu sözün lüğəvi mənasının nəyə dəlalət etməsindən və, ümumiyyətlə, yəhudi, xristian və digər dinlərə məxsus mədəniyyət izləri kimi, yaxşı və ya pis məqsədlə uydurulmasından asılı olmayaraq, Allahın Elçisi Muhəmmədə (ona Allahın salavatı və salamı olsun!) və onun səhabələrinə və onlardan sonrakı nəsillərə aid edilən hər cür xəbərlərdən ibarətdir. Bu əfsanələri təkcə yəhudi mədəniyyətinin qalıqları kimi ifadə etmək yanlış olardı Qeydlər “Şamil İslam Ensiklopediyasından (Türkiyə Respublikası internet nəşri) əxz edilmişdir. Tərc. F.S.

(3)Rus dilində iki irihəcmli cilddə olan əsər türk dilində hər biri yeddi yüzdən artıq səhifəlik beş cildə yerləşmişdir. Ehtimal edirəm ki, Azərbaycan dilində 6 və ya 7 cild həcmində olacaq inşallah! Tərc. F.S.


Tarix: 20.04.2013 / 15:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1131 Bölmə: Quran Haqqında