beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəngülüm, Şüngülüm, Məngülüm

Biri varmış, biri yoxmuş, bir keçi varmış. Keçinin üç balası varmış. Birinin adı Şəngülüm, birinin adı Şüngülüm, o birinin də adı Məngülüm. Bu keçi hər gün gedib meşədə və çöldə otlayar, geri qayıdanda buynuzunda ot, ağzında su, döşlərində süd gətirərmiş. Astanada dayanıb qapını döyərmiş, Şəngülüm, Şüngülüm, Məngülüm atıla-atıla, dingildəyə-dingildəyə qapının dalına gəlib soruşarmış: -Kimdir?

-

Şəngülüm, Şüngülüm, Məngülüm!
Açın qapını, mən gəlim!
Ağzımda su gətirmişəm,
Döşümdə süd gətirmişəm,
Buynumuzda ot gətirmişəm.

Şəngülüm, Şüngülüm, Məngülüm sevinib tez qapını açarmış. Keçi içəri girib onların otunu, suyunu verərmiş. Yedilər, içirər, yatırdarmış. Sabah örüşə gedəndə yenə də hər gün üçünün üzündən öpüb tapşırarmış, Şəngülüm, Şüngülüm, Məngülüm, qurd sizi aldadar, aparar yeyər, ha. Hər kim qapını döydü, mən deyən sözləri eşidməmiş açmayın. Günlərin bir günü Qurd özünə söz verdi ki, Şəngülüm, Şüngülüm, Məngülümü yeyəcəm. Keçinin qapısının ağzına gəldi. Yavaş-yavaş qapını döyməyə başladı. Şəngülüm, Şüngülüm, Məngülüm dingildəyə-dingildəyə qapının dalına gəlib səsləndilər: -Kimdir? Qurd dedi: -Mənəm, Keçiyəm, balalarım, açın qapını. Şəngülüm, Şüngülüm, Məngülüm o saat bilirlər ki, qapını döyən anaları deyil, Qurddur, onlara kələk gəlir. Qurd nə qədər yalvardı, qapını açmadılar. Qurd qapını sındırmaq istəyirdi, bir də gördü ki, Keçi gəlir. Qaçıb bir kolun dalına girdi. Orda gizləndi ki, görsün Keçi qapını necə açır. O, biri tərəfdən Keçi gəlib qapını döyə-döyə dedi:

-

Şəngülüm, Şüngülüm, Məngülüm!
Açın qapını, mən gəlim!
Ağzımda su gətirmişəm,
Döşümdə süd gətirmişəm,
Buynumuzda ot gətirmişəm.

Şəngülüm, Şüngülüm, Məngülüm oynaya-oynaya gəlib qapını açdılar. Keçi içəri girdi. Həmişəki kimi onlara su, ot, süd verdi. Bir az ordan-burdan söhbət elədilər. Balaları qapını döyüldüyünü söylədilər. Keçi dedi: -O xain Qurddur. Sonra balaların üzündən öpüb getdi. İndi sizə xəbər verim Qurddan. Keçinin sözlərini Qurd öyrənmişdi. Koldan çıxıb bir az gözlədi. Sonra yavaş-yavaş gedib qapını döyməyə başladı. Çəpişlər oynaya-oynaya qapının dalına gəlib soruşdular: -Kimdir? Qurd səsini Keçinin səsinə oxşadıb dedi:

-

Şəngülüm, Şüngülüm, Məngülüm !
Açın qapını, mən gəlim!
Ağzımda su gətirmişəm,
Döşümdə süd gətirmişəm,
Buynumuzda ot gətirmişəm.

Balaları elə bilir ki, bunları çağıran analarıdır. Cəld qapını açdılar. Qurd o saat Məngülümü yedi, Şəngülüm, Şüngülüm qaçıb gizləndilər. Qurd çox axtardı, onları tapmadı. Keçinin qorxusundan qaçıb getdi. Elə ki, Qurd getdi, Şəngülüm, Şüngülüm gizləndikləri yerdən çıxıb qapını bağladılar. Bir küncə oturub ağlamağa başladılar. Axşam düşdü. Keçi örüşdən qayıdıb qapını nə qədər döydü, ona cavab verən olmadı. Çəpişlər elə bildilər ki, yenə də Qurddur. Ona görə cavab vermədilər. Keçi geri çəkilib qapıya bir buynuz ilişdirdi. Dalbadal bir buynuz, iki buynuz Şəngülümlə Şüngülüm gördü ki, qapını sındıracaq, gəlib qulaq verdilər, balaca deşikdən baxdılar ki, analarıdır. Qapını açdılar. Keçi onlardan soruşdu: -Bəs, Məngülüm hanı? Onlar başladılar ağlamağa. Əhvalatı analarına danışdılar. Keçi hirslənib dedi: -Yaxşı, Qurdla mənimki qalsın, siz qapını bağlayın, evdə oturun. Bəli, Keçi düşdü yolun ağzına. Az getdi, çox getdi, gəlib bir damın üstünə çıxdı. Ayaqlarını yerə döyməyə başladı. İçəridən səs gəldi:

-O kimdi, damın üstə.
Tappır-tuppur döyür
Ayağın damın üstə.

Keçi dedi: -Balamı sən yemisən? Tülkü dedi: -Yox, mən yeməmişəm, get Qurddan soruş. Keçi ordan dəmirçinin yanına gəlib dedi: -Dəmirçi qardaş, mənim buynuzlarımı qılınc kimi iti elə, nizə kimi şiş. Sənə bir kasa qaymaq, bir kasa da süd verəcəyəm. Dəmirçi razı oldu. Bir azdan Keçinin buynuzları qılıncdan da iti oldu. Keçi onun qaymağını, südünü verdi. Keçi getdi çıxdı Qurdun damının üstünə. Bu vaxt qurd da bir qazan aş asmışdı, ocağın üstə bişirirdi. Keçi damı döyəndə bunun aşının içinə torpaq töküldü. Onda qurd çağırdı:

-O kimdir damım üstə,
Toz tökər şamım üstə?
Aşımı şor eylədi,
Gözümü kor eylədi?

Keçi cavab verdi:

-Mənəm, mənəm, canavar
Buynuzum qoşa-qoşa.
Balamı sən yemisən
Gəl girək bir savaşa.

Qurd cavab verdi: -Çox gözəl, gəl savaşa, elə mən səni axtarırdım. Qurd sözünü tamam elədi. Dişlərini qıçırtdi, istədi Keçini yesin. Keçi ona aman vermədi. Geri çəkilib irəli gəldi, ona elə bir buynuz vurdu ki, buynuzlar iki qarış onun döşünə işlədi. Qurd bərkdən ulayıb yerə yıxıldı. Keçi o saat onun qarnını yırtıb Məngülümü çıxartdı, bağrına basdı, gözlərindən öpdü. Qurd qışqırıb dedi: -Vay qarnım, vay. Keçi dedi: -Məngülümü yeməyəydin! Vay qursağım deməyəydin! Xain Qurd öldü. Keçi balası Məngülümü götürüb evə yollandı. Şəngülüm, Şüngülüm Məngülümü görəndə çox sevindilər. Onun üzündən-gözündən öpdülər, şadlıq elədilər.


Tarix: 21.04.2013 / 18:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 531 Bölmə: Nağıllar