beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Midiya–Lidiya müharibəsi

Assur dövlətinin süqutundan sonra işğalçılıq müharibələrinə ba‏şlayan Kiaksar Egey dənizi sahillərinə çıxa bilmək üçün ciddi işğalçılıq fəaliyyətinə başladı. Öncə hədəf artıq tənəzzül dövrünü yaşamaqda olan qədim Urartu dövləti oldu. Çünki bu dövlət Kiçik Asiyaya gedən yolun üzərində yerlə‏şirdi. Lakin Midiya ilə Urartu arasında yerləşən Manna dövlətinin aqibəti naməlum olaraq qalır. Ziya Bünyadov qeyd edir ki, ola bilsin, Manna rəsmən Midiyadan siyasi asılı vəziyyətdə olmuş və bununla da daxili idarəetmədə müstəqilliyini saxlaya bilmiş‏di. Manna, həmçinin müharibə meydanlarından da kənarda yerlə‏şirdi.

Herodot qeyd edir ki, Midiya və Lidiya arasında müharibənin baş verməsinin iki səbəbi olmuşdur. Birincisi hər iki tərəf Anadolu torpaqlarına sahib olmaq istəyirdi, ikinci səbəb isə intiqam idi. Midiyaya tabe olan bir neçə skif sərkərdəsi yerli tayfalarla döyüşdən uğursuz nəticə ilə qayıtmış və Kiaksar buna görə onları təhqir etmişdir. Təhqirə cavab olaraq isə skiflər Kiaksarın oğlanlarından birini əsir götürərək özləri ilə birgə Lidiyanın paytaxtı Sard şəhərinə qaçmışdırlar. Kiaksar Lidiya hökmdarından onları tələb etsə də II Aliatt skifləri qaytarmaqdan imtina etmiş, nəticədə Midiya hökmdarı Kiaksar Lidiya ərazisinə yürüş etmişdir.

Beş il davam edən müharibənin sonuncu döyüşü e.ə. 585–ci il 28 may tarixində baş vermişdir. Tərəflər indiki Türkiyə Cümhuriyyəti ərazisində, Halis (Qızılirmaq) çayının sahilində qarşılaşdılar. Tarixə Halis döyüşü adı ilə düşmüş bu döyüş zamanı çox gözlənilməz bir hadisə baş verdi. Döyüş zamanı baş verən günəş tutulmasından qorxan və bu hadisəni tanrıların qəzəbi sayan Kiaksar və II Aliatt döyüşü dayandırmaq və sülh bağlamaq qərarına gəlmişlər. Əldə edilmiş razılaşmaya əsasən sahilində döyüş baş vermiş Halis çayı Midiya və Lidiya arasında sərhəd elan edilmiş, II Aliattın qızı Aryenis isə Kiaksarın oğlu Astiaqa ərə getmişdir.

Bu hadisə ilə bağlı Herodot yazır:

"Müharibənin altıncı ilində çay kənarındakı döyüşlərdən birində birdən-birə gündüz gecə oldu və hər yer qaranlığıa qərq oldu. Bunun tanrıların qəzəbi olduğunu başa düşən hər iki tərəf aralarında sülh bağlayaraq müharibəyə son qoydular. Sülh qərarı qohumluq əlaqələri ilə də möhkəmləndirildi və Aliattın qızı Aryenis, Kiaksarın oğlu Astiaqa ərə verildi. Bundan sonra tərəflər arasında hansısa bir toqquşma və ya anlaşmazlıq baş vermədi."


Tarix: 27.01.2015 / 19:30 Müəllif: Feriska Baxılıb: 107 Bölmə: Midiya