beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Midiya - Əhalisi

Midiya dövlətini yaradan və hakimiyyətdə olan tayfa madaylar olmuşdur. Əksər Avropa və Rusiya iranşünasları madayların farsdilli xalq olmasını güman edirlər. Bəzi müəlliflər midiyalı və maday anlayışlarını ümumiləşdirərək bütün midiyalıların irandillilər olmasını yazmışlar. Hətta qədim fars dilində İrandilli tayfaların dialektlərinə mənsub olan, lakin o zamankı rəsmi fars dilindən fərqlənən dialekt sözlərini midizmlər adlandıraraq madayların irandilli olmasını göstərən faktlar kimi göstərmişlər.

Qiyasəddin Qeybullayev qeyd edir ki: "Midiyalılar deyilərkən Midiya imperiyasında yaşayan əhali nəzərdə tutulursa, əlbəttə, orada irandillilər – müasir farsların, kürdlərin, talışların, giləklərin, tatların və b. ulu əcdadları da vardı. Lakin bütün dövrlərdə türkmənşəli Midiya dövlətinin, farsmənşəli Əhəmənilər və Sasanilər dövlətlərinin ərazilərində heç vaxt irandilli əhali əksəriyyət təşkil etməmişdir. Əgər irandillilər mənasında ― midiyalı dedikdə, maday etnik adını daşıyanları nəzərdə tuturlarsa, bu doğru deyil və real tarixi faktlar qarşısında qondarma fikir kimi görsənir."

Üç cildlik Azərbaycan tarixinin birinci cildində isə yazılır ki: "Midiya taryfaları irandilli tayfalar deyildilər, yalnız sonradan Midiya farslar tərəfindən işğal edildikdən sonra müəyyən qədər farslaşmaya məruz qalmışdılar....Fraortanın hakimiyyəti dövründə midiyalılar Mannanı özlərinə tabe etdilər. Manna dövləti süqut etdi. Bundan sonra ümumi "midyalılar" məfhumu Azərbaycanın cənub hissəsində yaşayan mannaları və başqa tayfaları da əhatə etdi."

İqrar Əliyev isə Atropatenanın tarixinə dair əsərində E.A. Qrantovskiyə istinad edərək Mannada kifayət qədər irandilli ünsürlərin olduğunu yazmışdır. Onun fikrincə Atropatenanın əhalisi əsasən irandilli idi. Odur ki, S.Qasımova III–VII əsrlərdə Cənubi Azərbaycanda "qədim İran Midiya dialektləri" ifadəsini işlətmişdir. Cənubi Azərbaycan ərazisində əhalinin irantipli azəri dilində danışması fikri də bununla bağlıdır.

Bu fikri söyləyən tədqiqatçılar X əsr ərəb müəllifi Yəqubinin Azərbaycanda yaşaması haqqında məlumata əsaslanırlar: "Azərbaycanın şəhər və mahallarının əhalisi əcəm azəriləri ilə Babəkin olduğu əl – Bəzz şəhərinin sahibləri qədim Cavidanilərin qarışığıdır". Q. Qeybullayev qeyd edir ki, bu məlumatda atropatenlilərin hamısının azəri dilində danışması göstərilmir. Sübut olunmuşdur ki, azəri dilinə aid materiallar Cənubi Azərbaycanın şimal–şərq kuncünə – Ərdəbil mahalına aiddir.

Tarix elmləri namizədi X. Xəlili isə yazır: "Bütün mənbə və tədqiqatlar madayların maddi və mənəvi mədəniyyətlərinin bütün çalarları ilə farslardan fərqlənməsi və mədəni cəhətdən onlardan üstün olması, gəlmə farsların madaylardan mədəniyyət əxz etməsi haqqında məlumat verir. Madayların mədəni üstünlüyünün nəticəsi idi ki, Əhəməni sülaləsinin süqutu ilə farslar müstəmləkə altına düşdüyü halda, madaylar müstəqilliyə nail olub öz dövlətini qurur və azad inkişaf yolu keçirirlər. Etno–mədəni inkişaf prosesində ölkənin və etnosun adında dəyişiklik yaranır. Midiya adından Atropatena adına keçilir".


Tarix: 27.01.2015 / 19:27 Müəllif: Feriska Baxılıb: 162 Bölmə: Midiya