Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Midiya - Ümumi

Midiya, Mada və ya Maday (yun. Μηδία) — E.ə. 728-ci ildən – E.ə. 549-cu ilədək mövcud olmuş qədim dövlət, şərqdə ilk imperiya. Dövlət ilkin dövrdə tarixi Azərbaycan ərazisində yaransa da, tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı.

Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri —madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir.

Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Paytaxtı Ekbatan (indiki Həmədan) şəhəri idi. Midiya (Maday, Matay, Amaday) adına ilk dəfə e.ə. IX əsr qaynaqlarında rast gəlinmişdir. Midiya ərazisi e.ə. IX-VIII əsrlərdə xırda vilayət hakimləri tərəfindən idarə edilirdi. Mannanın Gizilbunda vilayəti hər iki ərazinin sərhəddini təşkil edirdi.
Adı
Madalılar (midiyalılar) tarix səhnəsinə e.ə. I minilliyin əvvəlində çıxmışlar. Onların adları Aşşur salnaməsində ilk dəfə IX əsrin 30-cu illərində çəkilmişdir. III Salmanasar (e.ə. 860-825) onların ölkəsini Amadai adlandırır. Sonralar Maday,Matay və Amaday. Herodot qeyd edir ki, Midiyanın adı qədim yunan əfsanəsi olan "Yason və Arqonavtlar haqqında əfsanə"də Kolxida hökmdarı Eetin cadugər qızı Medeyanın adından götürülmüşdür. O, həmçinin midiyalıların qədimdə arilər adlandığını yazır. Hind-Avropa dillərinin heç biri vasitəsiylə Midiya sözünün mənasını müəyyənləşdirmək, etimologiyasını açmaq mümkün olmamışdır. Bununla belə, Herodotun adını çəkdiyi altı Midiya tayfasının adının İran dilləri vasitəsiylə şərh olunmasına cəhdlər edilmiş, lakin yenə də heç bir uğurlu nəticə əldə edilməmişdir.

Herodot qeyd edir:

"Deyok pərən-pərən halda olan Midiya tayfalarını bir yerə toplayaraq onlar üzərində hökmranlıq qurdu. İndi həmin ittifaqa buslar, paratagenlər, struxatlar, ariazantlar, budilər və maqlar daxildir".
— Herodot, VII, 62
Laqaş hökmdarı Qudea (e.ə. 2143 – 2124) "Mada"dan "yaşıllıqlar ölkəsi" kimi bəhs edir. III Ur sülaləsindən hökmdar Šulginin (e.ə. 2095–2048) Midiya qalası (şumercə "bád mada ki" ) adlı qala tikdirməsi qeyd edilir. Mənbədə "bad mada ki" kimi qeyd edilən ifadədə "ki" hissəciyi coğrafi adları göstərmək üçün istifadə olunan hissəcikdir. Bu ifadədə "mada" hissəciyini əksər tədqiqatçılar "daxili ərazi" kimi tərcümə edirlər. Lakin Mada əksər hallarda Martu, Subaru, Anşan, Kimaş, Quti və s. adlar kimi kiçik əraziyə aid edilən coğrafi ad olmuşdur. III Ur sülaləsindən hökmdar Šu-Sin (e.ə. 2038-2030) Zaqroş ətrafındakı şəhərlərə və vilayətlərə ordu göndərmiş və bu zaman Madadan çoxlu miqdarda qızıl talamışdılar. Q. Qeybullayev yazır:

"Maday (Matay) əvvəlcə türk mənşəli müstəqil bir böyük tayfanın, sonra tayfa ittifaqının və eramızdan əvvəl 673-cü ildən dövlətin və ölkənin adıdır. Deməli, Maday həm etnonim, həm də etnotoponimdir. Midiya dövləti yaranandan sonra Maday etnonimi bu dövlətin əhatə etdiyi ərazidə həm madayların, həm də başqa dillərdə danışan tayfaların ümumiləşdirilmiş midiyalı adına çevrilmişdir. Son araşdırmalar Maday, Matay etnosunun iranmənşəli yox, Altay, yaxud türkmənşəli olduğunu göstərmişdir".
— Гейбуллаев Г. А. К этногенезу азербайджанцев. Том 1. Баку: 1991, стр. 274
.

Maday etnik adını daşıyanların türkmənşəli olması fikrini təsdiqləyən faktlardan biri indiyədək Qazaxıstanda Matay, Atalıq-Matay, Kapcaqay Matay, Gəncə-Matay, Tuvada hələ XIII əsrdə Madı (türk dillərində a-ı əvəzlənməsi səciyyəvi haldır), Madı-qoşun və Mat, Sibirdə və Altayda Maadı, Madar və Maxtar (Mada, Mata və türkmənşəli tayfaların, məsələn, avşar, avar, bolqar, qacar, kəngər, xəzər və b. adları üçün səciyyəvi ar, ər – kişi, igid, döyüşçü sözlərindən) tayfalarının mövcud olmasıdır.


Tarix: 27.01.2015 / 19:24 Müəllif: Feriska Baxılıb: 161 Bölmə: Midiya
loading...