beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təraş qaydaları

Kişilər üçün üz dərisinə qulluq deyəndə ilk ağıla gələn təraşdır. Bizim üçün səliqə ilə qırxılmış üz elə ən baxımlı cild deməkdir. Kişi dərisi qadın cildi ilə müqayisədə daha sərt olsa da, bir o qədər də dözümlüdür. Amma, əziz kişilər, bu dözümlülük heç də o demək deyil ki, biz dərimizin qayğısına qalmamalıyıq. Xüsusuən, təraşdan sonra cildimiz zərər çəkdiyi üçün bu zaman onun qayğısına qalmaq daha vacibdir. Ümumilikdə, qadınların gözündə bu asan proses kimi görünə bilər, amma əmin ola bilərsiniz ki, üz qırxmaq bir çox kişi üçün hətta ən qorxulu kabusdan belə daha dəhşətlidir. Üstəlik, yalnış təraş edildiyi zaman kişi cildində ciddi problemlər yarana bilər. Buna görə də, əziz kişilər, indi sizə düzgün təraş forması, təraşdan əvvəl və sonra dəriyə qulluq haqqında bəzi məlumatlar vermək istəyirik.
Əvvəlcə onu bildirək ki, təraş öncəsi və sonrası cildə xüsusi diqqət göstərilməsi vacibdir. Əks halda dərimizdə tük dönmələri və iltihablar baş verə bilər. Tez-tez təraş olmaq üz dərisindəki ölü təbəqənin təmizlənməsi baxımından əhəmiyyətlidir. Ancaq çox zaman kişilərin dərisinin üst hissəsindəki qat soyulmadığı üçün o zamanla sərtləşir və heç də xoş olmayan bir görüntü yaradır.
Kişilər arasında düzgün təraş olmaq yollarını bilənlər çoxdur, amma bu heç də o demək deyil ki, hər kəs düzgün təraş olur. Təraşdan sonra cildinizdə hansısa problemlərin yaranmaması üçün yaxşı olar ki, uzqırxan aparatlar əvəzinə, ülgüc istifadə edəsiniz. Çünki ülgüclə edilən təraş həm üzü daha dərindən təmizləyir, həm də daha ağrısız olur. Ən rahat yolla, ağrısız təraş olmaq istəyirsinizə, həmçinin aşağıdakı məsləhətlərimizdən də faydalana bilərsiniz.

• İsti duşdan sonra, ya da üzünüzü ilıq su ilə yuduqdan sonra təraş olun. Bu zaman üz dəriniz daha da yumuşalacaq və daha rahat təraş ola biləcəksiniz.
• İsti su ili yuyulmuş cildinizi təraş kremi və köpüyü ilə masaj edin.
• Üzünüzü tüklərin çıxdığı istiqamətdə qırxın. Əks halda dərinin altında əmələ gələn tüklər sonradan müxtəlif xoşagəlməz yaralar yaradacaq.
• Təraş olacağınız ülgücün təmiz olmasına xüsusi diqqət yetirin.
• Çənə və boyun ən sonda təraş edilməlidir. Bu zaman üzünüzü masaj etdiyiniz köpük və krem bu hissələrdə uzun müddət qaldığı üçün oranın dərisini daha da yumşaldacaq.
• Təraşdan sonra əksər kişilərin etdiyi yalnışlardan biri də cild üçün spirtli vasitələr istifadə etməkdir. Əgər siz də belə edirsinizsə, yaxşı olar ki, tez zamanda bu baxım formasını dəyişəsiniz. Əks halda dərinizdə üz dərinizin get-gedə sərtləşdiyini görəcəksiniz.


Tarix: 07.01.2015 / 13:10 Müəllif: Aziza Baxılıb: 101 Bölmə: Metroseksual