beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın Saçlarını Dəyişirsə

Deyirlər ki, əgər qadın saçlarını dəyişirsə, deməli, o, həyatını dəyişmək istəyir. Ola bilər ki, bu fikir bəzilərinə qəribə görünsün, ancaq etiraf edək ki, həqiqətən də, nəyisə dəyişmək istədikdə ağlımıza gələn ilk fikir saç ustasına müraciət etmək olur. Hətta saçın burulması (zavivka), «refle» kimi kimyəvi proseslər belə bizi qorxutmur. Bəs kimyəvi təsirdən sonrakı nəticələr necə? Bu, sizi narahat etmirmi? Əgər köklü dəyişiklik etmək istəyirsinizsə, əvvəlcə bu barədə məlumat toplayın. Məsələn, saçın burulmasını götürək. Turşu əsasında edilmiş «zavivka»nın istənilən saç növünə uyğun və çox dayanıqlı olmasına rəğmən, saça çox ziyandır. Qələvi əsasında edilmiş «zavivka» isə saça və başın dərisinə yumşaq təsir edir, saç buruqlarına isə təbii görünüş verir. Bu tip zavivkanın mənfi tərəfi onun 3 aydan artıq qalmamasıdır. Əgər artıq cəsarətlənib «zavivka» etdirmisinizsə, onda saçlarınıza qulluq edin. Məsələn, təmiz saçları ilıq su ilə şampunsuz yuyun, mətbəx duzunu saçlarınızın dibinə çəkin və 15 dəqiqə saxladıqdan sonra bol su ilə təmiz yuyun. Bu, saçınızın kimyəvi təsirdən sonra tökülməsinin qarşısını alar.
Ümumiyyətlə, əgər saçınız düzgün və normal qulluğun çatışmaması, tər və piy vəzilərinin fəaliyyətinin pozulması və köklərin normal qidalanmaması səbəbindən tökülürsə, yuxarıda sizə təklif etdiyimiz üsullarla onun qarşısını müstəqil şəkildə özünüz də ala bilərsiniz. Yox, əgər bu, hər hansı bir xəstəliklə bağlıdırsa, mütləq həkimə müraciət edin. Saç tökülməsinin qarşısını almaq üçün ən yaxşı vasitələrdən biri kalendula, pıtraq kökü və mayaotu qozalarının qarışığından hazırlanmış dəmləmədir. Bu otları 4/4/3 nisbətində qarışdırın. 50 qram ot qarışığına 1 litr su əlavə edərək, 10 dəqiqə qaynadın, yarım saatdan sonra süzün. Saçınızı bu maye ilə yaxalayın. Saç tökülməsi zamanı qidaya da mütləq diqqət yetirmək lazımdır. Kükürd, dəmir, vitamin kompleksi, xüsusilə də, «V» və «S» vitaminləri qidada üstünlük təşkil etməlidir. Şirniyyat, kofe, alkoqol, yağlı və duzlu qidalar saçın tökülməsini bir az da intensivləşdirir. Yağlı saçları yumazdan əvvəl dibinə qatıq çəkib dəsmalla sarıyın və 15-20 dəqiqə saxlayın. Bundan sonra saçı şampunla yuyun və sirkə qatılmış su ilə yaxalayın. Saçların boyanması və rənginin açılması da onlar üçün çətin sınaqdır. İstənilən boya saçı zədələyir. Zədələnmənin səviyyəsini azaltmaq üçün az dayanıqlı boyalar seçin. Uzun müddət qalan boyalar saça pis təsir göstərir. Ancaq istənilən halda, rənglənmiş saçların diqqətli qulluğa və müalicəyə ehtiyacı var.

Düzgün seçilmiş saç düzümü üzün quruluşundakı nöqsanları gizlədə bilər. Saç formanız bir çox şərtlərə cavab verməlidir: üzün forma və cizgilərinə, dəbə, həyat tərzinizə, ən nəhayət zövqünüzə uyğun seçilməlidir. Əgər xəstəsinizsə və yaxud təzyiqiniz aşağıdırsa, onda kimyəvi «zavivka»nı unudun. Yeri gəlmişkən, bu prosesi yalnız ilıq otaq temperaturunda və tox mədəyə etmək lazımdır. «Zavivka»dan sonra mütləq kimyəvi təsirə məruz qalmış saçlar üçün nəzərdə tutulan şampundan istifadə edin. Saçlarınızı yaxalamaq üçün çörək dəmindən də istifadə edə bilərsiniz. Bunun üçün 200-300 qram qara çörəyin üzərinə 1 litr qaynar su tökün və 3-6 saat termosda saxlayın. Sonra bunu bir neçə dəfə qatlanmış tənzifdən süzün və saçınızın diblərinə çəkərək masaj edin. Bunu otlardan hazırlanmış dəmlə də əvəz etmək olar.
İstənilən tip kəpəyin qarşısını almaq üçün boymadərən otu sizə kömək edər. 4 xörək qaşığı otun üzərinə 0,5 litr su əlavə edib 5 dəqiqə qaynadın və yarım saatdan sonra süzün. 1,5-2 ay müddətində hər gün bu maye ilə saçınızın dibini masaj edin. Masaj saçın dibini kəpəkdən təmizləyir, başda qan dövranını yaxşılaşdırır.
Mənbə: Bizim əsr jurnalı


Tarix: 09.06.2013 / 18:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 244 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri