beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azyaşlı qızların intihar səbəbləri

8-9 yaşlı qız həyatdan niyə bezir, özünü asmaq üçün ipin ilgəyini necə düzəldir, özünü asmaq texnologiyasını kimdən öyrənir...

Uşaqlar öz oyuncaqları ilə oynayanda, həyətdə, bağçada, məktəbdə yaşıdları ilə əylənəndə daha gözəl olur. Bu, kənardan baxan bütün normal insanlara xoş təsir bağışlayır. Uşaqlar dünyaya bəxtəvər olmaq, valideynlərinin həyatanı daha da mənalı etmək üçün gəlir, günlərin birində boynuna əcəl kəndiri salıb intihar eləməkdən ötrü gəlmir. İntihar sözü uşaqlara heç yaraşmır da.
Axı oyuncaqları arasında "intihar" adı olanı yoxdur. Özünə qəsd edən uşaqların heç birinin dostları sırasında "intihar" adlısı da ola bilməz. Çünki valideyn heç vədə uşağına bu adı verməz.
5-6 ildir ki, uşaqların intihar etməsi kütləvi xarakter alıb. Səhər eşidirsən ki, hansısa bir rayonda, şəhərdə 7, 8, 9, 10 yaşlı bir uşaq özünü yaşadığı evdə asıb. Azyaşlı boynuna kəndir salaraq özünə qəsd edib. Statistikaya nəzər salsaq görərik ki, intihara əl atan azyaşlılar arasında qızlar üstünlük təşkil edir. Bu günlərdə cənub bölgəsində 9 yaşlı bir qızın intihar etməsi barədə yayılan informasiya insanı hansı səbəbdən azyaşlı qızların intihara meyl göstərməsi haqda düşünməyə vadar edir.
Qeyd edək ki, sonradan həyatını itirən qızın qəsdən intihar etməməsi barədə məlumat yayıldı. Məlumatda bildirilirdi ki, o, bacısı ilə oynayan zaman kəndirdən ilgək düzəldib, ilgəyi boynuna keçirdikdən sonra ondan xilas olmaq istəyən qızcığaz canını əcəldən qurtara bilməyib. Yəni adi bir oyun, macəraçılıq, təsadüf uşağın ölümünə səbəb olub...
Sosioloqlar hesab edir ki, problemi çox olan cəmiyyətlərdə müxtəlif yaş qrupları arasında intihar hallarının yayılması təəccüblü deyil. Razıyıq. Böyüklər sosial problemlər, işsizlik, həyat yoldaşı ilə anlaşa, yeniyetmə və gənclər özlərini lazımi şəkildə ifadə edə, sevgisinə qarşılıq ala bilməməsi və s. səbəbindən boynuna kəndir keçirə bilər. Belələri dərman içmək və venasını kəsmək yolu ilə də həyatına son qoyur. Qızlara gəlincə, onlar da istəmədikləri şəxsə ərə getməmək, evdə valideynlərindən gördüyü mənfi münasibətə etiraz əlaməti olaraq çıxış yolunu intiharda görür. Bu da olan işdir. Amma 7, 8, 9, 10 yaşlı uşaqların intihar etməsi doğrudan da şok bir hadisədir. Azyaşlı qızlar (oğlanlar az faiz təşkil edir) nə üçün intihar edir? Onlar evdə gəlinciyilə oynamalı, məktəbə getməli olduğu halda niyə həyatından bezib? Onların körpə qəlbinə bu pislik toxumunu kim səpib?
Sosioloqların fikrincə, bu gün uşaqların ailələrdə zorakılığa məruz qalması faktı var və ola bilsin, azyaşlı qızlar da qarşılaşdığı müqavimətə görə intihar edir. Sosioloqların bildirdiyinə görə, bəzən azyaşlılar zorlanmaya məruz qalır. Bu halda onlar, sirlərini valideynlərinə açmaqdansa, ölümü seçir. Bəzi sosioloqların dediyinə görə ölkədə əhalinin sosial vəziyyətini, zorakılıq statistikasını araşdırmalı olan çoxlu qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Onlar vaxtaşırı bu mövzuda tədbirlər keçirsə də, indiyə qədər bu kimi halların əsl mahiyyətini aça bilməyib. Yəni hələ azyaşlıların (xüsusən də qızların) özünü öldürməsi səbəbləri QHT-lər və sosioloqlar tərəfindən dərindən araşdırılmayıb.
Psixoloq Suad Axundova isə bildirdi ki, azyaşlılar həmişə intihara meylli olur. Onlar valideynlərindən, ətrafdan hər hansı bir soyuqluq, təpki görən kimi özünü öldürmək haqda düşünür. Qız uşaqlarının kütləvi intiharına gəlincə, S.Axundovanın sözlərinə görə, bu o uşaqlarda baş verir ki, onlar ailədə valideynləri tərəfindən əməyə cəlb olunur, məktəbə göndərilmir, yaşıdları ilə oynamasına icazə verilmir: "Azyaşlıların intihar etməsinin birinci səbəbi ailə ilə bağlıdır. Cənub bölgəsində bu halın geniş yayılmasını biz də müşahidə edirik. Bilirsiniz ki, orada kişilər Rusiyaya işləməyə gedir, qadınlar isə səhərdən-axşama qədər işləyir. Bir çox hallarda, onlar öz azyaşlı qızlarını məktəbdən ayırıb işləməyə məcbur edir. Uşaq nə uşaqlarla oynaya bilir, nə də məktəbə gedir. Bu da onlara, istər-istəməz, psixoloji təsir göstərir. Ailələrdəki mühit uşaqları bu işə sürükləyir".
Azyaşlıların az qala yaşlı adam kimi kəndirdən ilgək düzəldib onu boynuna keçirməsinə gəlincə, Suad Axundova dedi ki, kənd yerlərində bu ola bilər. Ailədə erkən işə, əməyə cəlb edilən qız uşaqlarının bütün ev, təsərrüfat işlərini bildiyini deyən S.Axundova onlar üçün bu ilgəyi hazırlamağın heç də çətinlik törətmədiyini bildirdi":Onlar uşaqlıqdan məhrum edilir. Bu da o cür uşaqlara əziyyət verir. Bir tərəfdən də analarının keçirdiyi ağır şərait. Tez-tez bu uşaqlar analarından "bu həyatdan bezmişəm, özümü asıb öldürəcəyəm" sözlərini eşidir.
Onlar elə bilir ki, bu, əziyyətdən qurtarmaq üçün yoldur. İlkin informasiyanı evdən alır və özünü öldürür. Hesab edirəm ki, bu məsələlər öyrənilməlidir. Uşaqların hansı səbəbdən intihar etməsi dərindən araşdırılsa daha yaxşı olar".
Erkən nikahların qız uşaqlarını bu işə vadar etməsinin nə dərəcədə ehtimal edildiyinə gəlincə, Suad xanım bu barədə məlumatsız olduğunu dedi.


Tarix: 22.05.2013 / 21:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 206 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri