beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

19 yaşlı azərbaycanlı fahişənin axmaq etirafı

Bu günlərdə redaksiyanın 055-785-84-83 nömrəli mobil telefonuna ...-.05-25-25 nömrədən qəribə məzmunlu mesaj daxil oldu. Adətən mesajlarda iki gəncin sevgisindən və ya kiminsə bu sevgiyə mane olma cəhdlərindən bəhs olunsa da, burada sevgi açıq-aydın lənətlənirdi. Doğrusu, təəccübləndik. Axı 19 yaşlı bir qızın dünyanın ən ülvi hiss olan məhəbbətə, özü də ilk məhəbbətə qarşı bu qədər aqressiv olmasına səbəb nə idi? Bu və digər suallarımıza cavab tapmaq üçün onunla əlaqə saxladıq. Bizə görüş təyin etdi. Lakin görüş vaxtına bir neçə dəqiqə qalmış tərəddüd etməyə başladı. Gah telefonunu qaldırmadı, gah da işi olduğunu bəhanə gətirərək bir azdan zəng vuracağını söylədi. Hövsələ ilə gözlədik. Nəhayət, görüşümüz vədələşdiyimiz kimi saat 12:00-da deyil, 15:25-də baş tutdu. Biz onu "Vorovski" adlanan yerdə xalasıgilin evinin yanında qarşıladıq. O, təcili buralardan uzaqlaşmağı xahiş etdi. Onun təklifi ilə Masazırdakı bir məkana yollandıq.

Qəribə yer idi. Bir növ hoteli xatırladırdı. Müxtəlif maşınlardan düşən cütlüklər cavan bir işçinin yönləndirməsi ilə otaqlarda yerlərini alırdılar. Biz də həmin oğlanın göstərişi ilə 7-ci otağa keçdik. Yanılmamışdıq. Bura insanların xəlvəti görüşdükləri "əyləncə" məkanı idi. Xoşbəxtlikdən mən tək deyildim, görüşə redaksiyanın əməkdaşı ilə birlikdə gəlmişdim. Yoxsa sizə təqdim etdiyim məqalə birmənalı qarşılanmazdı və yersiz tənqidlərə məruz qala bilərdi.



Motel işçisi bizim üç nəfər olduğumuzu görüb üçotaqlı nömrə vermişdi. Daha dəqiq desək, qapı böyük bir otağa açılırdı. Otağın ortasında geniş masa və ətrafında oturacaqlar, divarda isə iri monitorlu televizor asılmışdı. Otağın küncləri iki kiçik yataq otağına açılırdı ki, hərəsinin öz hamam-tualeti vardı. Bir sözlə, bütövlükdə nömrəni bir böyük, iki kiçik otaq və bu otaqların iki hamam-tualeti təşkil edirdi. Görüş yerimizi ona görə ətraflı təsvir edirəm ki, həmsöhbətimizin kim olduğu haqda dolğun fikir yaransın... Bəli, yanılmadınız. Bizə görüş təyin edən, dərdini bizimlə bölüşmək istəyən qız "qədim peşə" sahibi imiş. Amma insafən onu da deməliyəm ki, ilk görüşdən onun haqqında bu cür fikir yürütmək olmazdı. O qədər başıaşağı, ciddi, ağıllı bir qıza oxşayırdı ki, onun bizi gətirdiyi məkana daxil olduqda, təəccübümüzü gizlədə bilmədik. Qız içəri keçər-keçməz sanki başqa bir insana çevrildi. Bayaqdan bəri kədər, qəm hakim kəsilmiş mənalı gözləri dərhal parıldadı. Özünü o qədər sərbəst hiss eləməyə başladı ki, elə bil öz evinə gəlmişdi. Görünür, buranın təzə sakinlərindən deyildi. Nə isə, nömrəyə girən kimi o, bizim icazəmizdən sonra ofisiantı yanına çağırıb masanı hazırlamağı sifariş verdi. Sifarişində spirtli içki də yer alırdı. Biz ondan bunun səbəbini soruşduqda son dərəcə dərdli olduğunu, danışmağa cəsarət etmədiyini, bizdən çəkindiyini və yalnız pivə içərsə, rahat danışa biləcəyini bildirdi. Elə də oldu.



Bayaqdan bəri susqunluğu ilə diqqəti cəlb edən Gülər birinci şüşəni boşaltdıqdan sonra yavaş-yavaş ağzının qıfılını açmağa başladı. O, ilk əvvəl mesaj göndərdiyi telefonun nömrəsinin məqalədə tam şəkildə göstərilməməsini, lakin adının olduğu kimi qeyd edilməsini bizdən xahiş etdi. Təbii ki, xahişini qəbul etdik. Bunun ardınca başına gələn hadisələri bir-bir danışmağa başladı. Əziz OXUcular, Gülərin dediklərini kiçik redaktə ilə sizlərə çatdırırıq:

- Vüqarla uşaqlıqdan bir-birimizi sevirdik. Eyni həyətdə yaşayırdıq, bir sinifdə oxuyurduq. Hətta bir partada otururduq. Birimiz xəstələnib dərsə gəlməyəndə o birimiz də sinifdə oturmaq istəmirdik. Məktəbdə hamı bizim sevgimizi bilirdi. Müəllimlər də, valideynlərimiz də bizə hörmətlə yanaşırdılar. Uşaqlığımız bir keçdi. Böyüdük. Amma yenə də ayrılmadıq. Adətən "uşaqlıq sevgisi ötüb gedir" deyirlər. Bizim məhəbbətimiz isə il-ildən daha da güclənirdi. O, yaraşıqlı, mərd oğlan idi. Məni də çox qısqanırdı. Hər yerdə qoruyurdu. Hətta bir neçə dəfə mənə görə həyətdə, məktəbdə dava da eləmişdi. Bir-birimizi o qədər sevirdik ki, məktəbi qurtaran kimi evlənməyi qərara almışdıq. Vüqarın atası yox idi, anasından ayrılmışdı. Səbəbini bilməsəm də, heç soruşmamışdım da. Məni onun ailəsi yox, özü, mənə qarşı hissləri maraqlandırırdı. Təkcə onu bilirdim ki, anası şəhərdəki apteklərin birində işləyir. Biz də o qədər imkanlı deyildik. Atam hərbçi idi, anam isə müəllimə. Maaşa dolanan ziyalı bir ailə idik. Məndən on yaş kiçik bir qardaşım var. O da mənim kimi oxumağa üstünlük verirdi. Vüqar onu da çox istəyirdi. Bəzən gəzməyə üçümüz birlikdə çıxırdıq.



Məktəbi bitirdik. Amma nə mən, nə də Vüqar ali məktəbə girə bilmədik. O, əsgər getdi. İlk günlər ayrılığa dözmək olmurdu. Gecə-gündüz ağlayırdım. Sonra mesajlaşmağa, məktublaşmağa başladıq. Hərdən internetlə yazışırdıq da. Bu müddət ərzində dəfələrlə evimizə elçilər gəlmişdi. Məni yaxşı yerlərdən istəyənlər çox olurdu. Ancaq gözüm Vüqardan başqa heç kimi görmürdü. Onunla ailə qurmaq arzusunda idim. Dərdimi dağıtmaq üçün hərdən rəfiqələrimlə şəhərə çıxırdım, məclislərə gedirdim. Hər yerdə mənə diqqət yetirənlərin çox olduğunu hiss edirdim. Bəzən müəllim yanına gedəndə söz atanlar da olurdu. Mən isə heç kimə fikir vermirdim. Rəfiqələrimin görüşdükləri oğlanlar var idi. Məni də dostları ilə tanış etmək istəyirdilər. Deyirdilər ki, sadəcə dost kimi tanış ol, görüş, sevgilin gəldikdən sonra ayrılarsan. Amma mən Vüqarıma xəyanət etmək istəmirdim. Çünki o, əsgərlikdən qayıdan kimi evlənməli idik.

Vüqar gələndə çox sevindim. Bütün günümü onunla birlikdə keçirdim. O, mənimlə yaxınlıq etmək istəsə də, icazə vermədim. Yalnız evləndikdən sonra onun ola biləcəyimi dedim. Məndən incidi. Dedi ki, onsuz da tezliklə evlənəcəyik. Nə qədər dil töksə də, razılaşmadım. Öpüşüb-eləsək də, aramızda başqa bir şey olmadı. O gündən dəyişməyə başladı. Məni əvvəlki qədər sevsə də, elə bil həmənki Vüqar deyildi. Bəzən mənə qarşı həddən artıq qaba olur, bəzən isə mehriban davranırdı. Baş açmaq olmurdu ondan. Hərdən səbəbsiz yerə ağlayırdı, hərdən də günlərlə itib gedirdi. O, yoxa çıxanda özümə yer tapa bilmirdim. Gecə-gündüz onu axtarır, tapmayanda ağlayırdım. Hiss eləyirdim ki, problemi var. Amma nədən əziyyət çəkdiyini mənə danışmırdı. Təkcə onu deyirdi ki, narahat olma, bir-iki iş var, düzələndən sonra mütləq sizə elçilərimi göndərəcəm. Onu da deyirdi ki, səni hamıya qısqanıram, mən olmayanda evdən çölə çıxma. Mən də onun sözünə əməl eləyirdim.



Dörd gün idi ki, itmişdi. Səs-soraq çıxmırdı ondan. Zəng vururdum, telefonu söndürülmüşdü. Evlərində də götürən yox idi. Gecə saat birdə mənə zəng gəldi. Vüqar başının dərddə olduğunu, təcili 800 manata ehtiyacı olduğunu bildirdi. Nə baş verdiyini soruşdum. Bircə onu dedi ki, polisə düşüb, rahat danışa bilmir və sabah axşama kimi 800 manat çatmasa, bir daha onun üzünü görə bilməyəcəm. Həmin gecə səhərədək ağladım. Sübh tezdən valideynlərimdən pul istədim, olmadı. Xalama zəng vurdum, o da "yoxdur" dedi. Vaxt daraldıqca özümü itirirdim. Vüqarın sözləri hələ də qulağımda idi. Ümidim ən yaxın rəfiqəmə qalmışdı. İmkanlı ailədən idi, həm də bilirdim ki, dostluğa vəfalıdır, məni əliboş qaytarmayacaq. Onlara getmək üçün paltarımı dəyişmişdim ki, hər ehtimala qarşı əlimi şalvarımın cibinə saldım. Barmaqlarım kağız parçasına dəydi. Çıxaranda gördüm salfetdir. Üstündə bir nəfərin telefon nömrəsi və adı yazılmışdı. Yadıma düşdü ki, bu, qonşu qızın restoranda qeyd etdiyi ad günündə bir nəfərin ovcuma basdığı kağız parçasıdır. Mən o vaxt bu kağıza fikir verməmişdim və qatlayıb cibimə qoymuşdum. İndi aradan bir neçə ay keçmişdi. Kağızı əvvəlcə cırmaq istədim. Ancaq nədənsə cırmadım. Rəfiqəmgilə getdim. O, müxtəlif bəhanələrlə mənə pul verməkdən boyun qaçırdı. Bilirdi ki, pul mənə sabaha lazımdır. Ona görə də bir həftədən sonra verə biləcəyini dedi. Ən son ümidim puça çıxdı. Evə qayıtdım. Nə edəcəyimi bilmirdim. Axşama az qalırdı. Ağlamaqdan bir şey çıxmazdı. Mən kağızda nömrəsi yazılan kişidən borc istəmək qərarına gəldim. Xəbərim var idi ki, restoran müdiridir, pulu var. Deməli, xeyriyyəçilik də edə bilərdi. 800 manat onun üçün nə idi ki? Cəsarətimi toplayıb birtəhər zəng vurdum ona. Əvvəlcə xatırlamasa da, kim olduğumu öyrəndikdən sonra xeyli güldü. Mənə pul verəcəyinə boyun oldu, amma qarşıma şərt qoyacağını bildirdi. Evdə bəhanə gətirib onun görüşünə yollandım.

Bahalı bir restoranın ayrıca kabinəsində ağzınacan bəzədilmiş stolun arxasında əyləşdik. Hər şeyi olduğu kimi ona danışdım və təcili 800 manat borca ehtiyacım olduğunu dedim. Mənə təmkinlə qulaq asdıqdan sonra şərtini irəli sürdü. Mənimlə cəmi bir dəfə yaxın münasibətdə olmaq istədiyini, əvəzində 1000 manat pul ödəyəcəyini dedi. Dünyam qaraldı, dil-dodağım qurudu. Mən ondan belə bir təklif gözləmirdim. Çünki qabağımdakı adam atamdan da böyük idi. Ağlasam da, nə xeyri?! Razılaşmaqdan başqa çarəm qalmamışdı. Özümdən də artıq sevdiyim Vüqarımı xilas etməyi özümə borc bilirdim...

Aldığım pulu Vüqarın tapşırdığı kimi onun dostuna verdim. O, pulu götürərkən mənə dedi ki, çalış Vüqardan uzaqlaş, o, sənə layiq deyil. Fikir vermədim. Səhərədək səbirsizliklə Vüqarın yolunu gözlədim. O isə nə gəldi, nə zəng vurub sağ ol dedi, nə də pulu kimdən aldığımla maraqlandı.

Restoran müdiri yenə də zəng vururdu. Mən xəcalətdən özümə yer tapa bilmirdim. Telefonu götürmürdüm. Nəhayət, Vüqar növbəti dəfə zəng edib məni söydükdən, pozğun adlandırdıqdan sonra onun acığına kişi ilə yenidən görüşdüm. O, məni çox istəyirdi. Bir dediyimi iki eləmirdi. Verdiyi puldan əlavə bahalı hədiyyələr alırdı mənə. Hətta dərdli olduğumu görüb Vüqarı cəzalandıra biləcəyini də deyirdi. Mən isə nə istədiyimi bilmirdim. İki-üç görüşdən sonra özümü öldürmək dərəcəsinə gəlib çatdım. Çünki vicdan əzabı çəkirdim, özümdən iyrənirdim, ata-anamın üzünə baxa bilmirdim. Ancaq cürətim çatmadı. Təkcə onu eləyə bildim ki, nömrəmi dəyişdim və kişi ilə əlaqəni birdəfəlik kəsdim.



Hələ də Vüqarın yolunu gözləyirdim. O isə mənimlə maraqlanmırdı. Bir gün pulu qurtardı. Mənə zəng vurub pis vəziyyətə düşdüyünü, 1500 manat lazım olduğunu bildirdi. Ona inanmadığımı dedim, sərt danışdım. Məni ən pis söyüşlərlə söyüb telefonu üzümə söndürdü. İllərdir ürəyimdə bəslədiyim məhəbbəti də bir anda söndürmüş oldu.



Hər şeyin ilki çətin olur. Bir də onda ayıldım ki, bu yoldayam. Altı aydır ata-anamdan xəbərsiz görüşlərə gedirəm, pul qazanıram. Qonum-qonşular, qohumlar mənim başıaşağı, ağıllı bir qız olduğumu zənn edirlər. Ona görə də hələ də elçilərim gəlir. Mən isə kişilərə nifrət edirəm. Vüqar sevgimizi satdı, atam yaşında olan kişi isə mənim pis vəziyyətimdən istifadə etdi. Doğrudur, Vüqar sonralar mənə dəfələrlə zəng vurub peşman olduğunu desə də, evlənmək təklif etsə də, mən razılıq vermədim. Çünki onun narkoman olduğunu bilirdim. Maraq üçün sonuncu dəfə onunla görüşdüm və yaxın münasibətdə oldum. Dəhşətə gəldim, özümə nifrət elədim. Çünki illərdir həsrətində olduğum oğlan çox cılız, şəxsiyyətsiz və cəsarətsiz idi. Mənim kim olduğumu bilə-bilə qarşımda olduqca aciz görünürdü və hələ də sevgidən danışırdı. Belə bir oğlanı sevdiyim üçün peşmanam.



Müəllifdən:

- Gülər, bizimlə görüşməkdə məqsədin nə idi?

Gülər:

- Yeddi-səkkiz aydır "Oxu Məni" qəzetini oxuyuram. Dərdli vaxtlarımda təsəllini qəzetdəki məqalələrdən alıram. Amma indiyə kimi sizə yazmağa cürət eləməmişəm. Təqvimdə şəklinizi gördükdən sonra çox maraqlandım sizlərlə. Tanış olmaq istədim. Taleyimi yazmasaydım, sizinlə başqa cür tanış ola bilməzdim. Həm də qəzet vasitəsilə gənc qızlara deyiləsi sözüm var: "Heç bir oğlan sizin göz yaşlarınıza, fədakarlığınıza layiq deyil, əziz qızlar. Özünüzü sevin. Onda başqaları da sizi sevəcək".



Son söz əvəzi:

Biz getdik, Gülər isə qalmalı oldu. Çünki bizimlə söhbəti zamanı kimsə ona zəng vurub, həmin məkana gələcəyini bildirmişdi. Ona bu cür zənglər hələ çox olacaq. Gülərin yanına gəlib-gedənlər tapılacaq, ancaq onun üzünü güldürən olmayacaq. Arzu edərdik ki, bir gün elə bir qulaqbatırıcı zəng çalınsın ki, onu qəflət yuxusundan oyatsın və xoşbəxt gələcəyə dəvət etsin. Əziz xanımlar, qəflət yuxusuna dalmayın, həyatda ayıq olun ki, belə bir zəngə ehtiyacınız olmasın.


Tarix: 16.05.2013 / 19:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 518 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri