beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanda lezbiyan qızlar "zorla ərə verilir"

Azərbaycanda cinsi azlıqlar əsasən başqaları ilə “ünsiyyyət qurmaq və özünü olduğu kimi biruzə vermək”də narahatlıq yaşayır, 18 yaşlı gey oriyentasiyalı Murad və 25 yaşlı lezbiyan Aynur BBC Azərbaycancaya deyir.

Hər ikisi adlarının çəkilməsini istəmədəyi üçün onlara şərti adlar vermişik.

Aynur adi həyat yaşadığını bildirir.

Onun fikrincə, daha çox lezbiyanlar cəmiyyətin qınağından əziyyət çəkir:
“Çünki burada geylərdən fərqli olaraq lezbilər bir-birlərindən çox uzaqdadır, çoxları məcburi ərə gedir və ya tənha yaşayırlar”.
Aynur deyir ki, qadınlar maliyyə cəhətdən ailədən asılı olduqları üçün onların tam azadlığı yoxdur. Həm də “qadın olduqlarından evdən təzyiq görərək ərə getməyə məcbur olurlar”.
Aynurun sevgilisini də “ailəsi ailə qurmağa məcbur edib”.

“Gey olanda, oğlanların geyimi bir az fərqlənir, cəlb olunur, amma qadınlarda elə olmur, burada kimisə tapmaq və daimi yaşamaq mümkün deyil”, Aynur qeyd edir.
O deyir ki, özünü ətrafdan gizlətsə də, yalnız “gey”lərlə dostluq edə bilir:
“Mən gey dostlarımgilə gedirəm, bir evdə mehribancasına yaşayırlar, amma onların da qonşuları ilə problemləri olur, köçməli olurlar tez-tez”.

Murad isə geylərin çoxunun oriyentasiyasını gizlətməyə məcbur olduğunu qeyd edir.

“Cinsi azlıqlara aid olan insanlarla ünsiyyət qurmağa çalışıram, çünki dostlarımdan bəziləri cinsi azlıqlara aid olduğumu biləndə dostluğunu dayandırmışdı”, Murad uzun müddət dostluq etdiyi şəxsin onunla cinsi mənsubiyyətinə görə dostluğunu dayandırmasından məyus olduğunu bildirir.

Müsahiblər Azərbaycanda münasibət qurmaq üçün aktiv axtarış keçirmədiklərini bildirir.
Səbəb isə, İnternetdə, tanışlıq saytlarında münasibət qurmaq istədikləri insanların “onları anlamaması, qeyri-ciddilik və əminsizlikdir”.

“Azad LGBT”, cinsi azlıqların hüquqlarını qoruyan qeyri-hökümət təşkilatı (QHT) cinsi azlıqlara əsas tənqidin “cəmiyyət tərəfdən gəldiyini” təsdiqləyir.

Təşkilatın Bakı, Sumqayıt, Gəncədə keçirdiyi sorğunun nəticələrinə görə, Azərbaycanda cinsi azlıqlardan hər iki nəfərindən biri ən azı bir dəfə ailəsi və ya ətrafdakı insanlar tərəfindən təhqir olunub və ya döyülüb.

Təşkilatın həmsədri Gülarə Əzimzadə BBC Azərbaycancaya deyir ki, cinsi azlıqları dəstəkləyənlər hazırda “tolerantlıq və yumşaq münasibət sərgiləyən ziyalı, proqressiv və müasir gənclikdir”:
“Cinsi azlıqlara aqressiya dindar fanatik insanlar, konservativ və milli mentalitet şüarlı insanlar tərəfindən hiss olunur”, deyən Əzimzadə bildirir ki, dövlət tərəfindən hələlik heç bir təzyiq müşahidə etməyiblər.

Ölkədə 2001-ci ilə qədər cinayət sayılan həmcinslilik, Azərbaycanın Avropa Şurasına qəbul edilməsi məqsədilə Cinayət Məcəlləsindən çıxarılıb.

Anonim məktublar

2011-ci ilin noyabrın fəaliyyət göstərən Azad LGBT təşkilatı ilk dəfə bloqu ilə cinsi azlıq nümayəndələrinə müraciət edib, təşkilatın digər həmsədri V.Usi deyir.

Onun sözlərinə görə, üç ayda 76 mindən çox oxunan bloqu açmaqda məqsəd, cəmiyyətin reaksiyasını yoxlamaq olub. Bloqda psixoloqların məsləhətləri, avtobioqrafik hekayələr və cinsi azlıqların hüquqları ilə bağlı yazılar verilir.

Əzimzadə deyir ki, Facebook səhifəsi olsa da, cinsi azlıqlar onlarla anonim emaillər vasitəsilə əlaqə saxlayır:
“Ən çox özlərinə dost tapmaq üçün məsləhət istəyirlər”, Əzimzadə bildirir.

Əzimzadə bunun səbəbinin “rəsmi tematik klubun” olmamasında görür. Onun fikrincə, yeganə ümid, tanışlıq saytlarınadır.
Azad LGBT təşkilatı cəmiyyətdən təhqir və qınaq hiss etdiklərini bildirir. Bu qınağın, təşkilat, Eurovision 2012 Mahnı Müsabiqəsi qalibi, isveçli Loreen-in xüsusi video məktubundan sonra “artdığını” bildirir.

Lorinin məktubu

İsveçdən olan müğənni Loreen, bu ilin mayında Bakıda keçirilən Eurovision müsabiqəsinin qalibi seçildikdən sonra Azad LGBT təşkilatı üçün 30 saniyəlik dəstək xarakterli video-məktub göndərib.

Youtube sosial video yayım saytında video beş mindən artıq dəfə izlənilib, yerli saytlara əlavə edildikdə isə videoya yüz minlərlə şərh yazılıb.

Əzimzadə deyir ki, təşkilat, əvvəlcə şərhlərə cavab verməyi qərara alıb, daha sonra təhqirlərin davam etməsi səbəbilə şərhçilərə həyatda görüşməyi təklif edib.

“Biz çox tolerantıq. Onların yaşam tərzlərini, sosial durumlarını nəzərə alırıq. Bir günün içində onlardan Avropadakı tolerantlığı gözləyə bilmərik”, təşkilat BBC Azərbaycancaya bildirir.
Təşkilat cinsi azlıqlara radikallıq probleminin həllini “məlumatlandırmaq, sülhə dəvət etmək və izah etməkdə” görür.
Azad LGBT güman edir ki, yaxın bir il ərzində cəmiyyətin cinsi azlıqlara münasibəti dəyişə bilər.

Təşkilat kimi, Aynur da cinsi azlıqlara münasibətin dəyişəcəyinə ümid edir:
“İstərdim mən də sevgilimlə bir evdə yaşayım, səhər işə gələndə stolumun üstündə çiçək görəndə məni bəyənən oğlan göndərib, deməyim, sərbəst olum bir az”.


Tarix: 14.05.2013 / 19:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 239 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri