beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Özünüzdən yuxarıda olanlara yox, aşağıda olanlara baxın (Allahın nemətlərini unutanlara tövsiyə)

Əbu Hüreyrə (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu rəvayət etmişdir: “Özünüzdən yuxarıda olana deyil, aşağıda olana baxın. Bu, Allahın sizə verdiyi neməti dəyərsiz görməməyiniz üçün daha layiqli bir işdir.” Buxari və Muslim.

(Müslim: Zahidlik ? 2963. Tirmizi: Qiyamətin vəsfi ? 2513. İbn Macə: Zahidlik ? 4142. Əhməd: 2/254.)


ŞƏRH


Bu necə də faydalı nəsihətdir. O, çox aydın və dərin mənalı sözlərlə ifadə edilmişdir. Bu hədis, Allahın verdiyi nemətləri etiraf etməklə, barələrində danışmaqla, onların vasitəsilə itaətə yönəlməklə və şükür etməyə yardım edən bütün səbəbləri yerinə yetirməklə Ona şükür edilməsinə həvəsləndirir. Həqiqətən də Allaha şükür etmək ibadətin zirvəsi, xeyrin əsası, qulların üzərinə düşən ən vacib işdir. Çünki insanlara bəxş edilən hər bir zahiri, daxili, ümumi və xüsusi nemət yalnız Allahdandır. Xeyir və savabı verən, pislik və günahları silən Odur. Allah, bəndələrin bütün varlıqları ilə Ona şükür etməsinə layiqdir. İnsan onun şükür etməsinə səbəb olacaq və kömək edəcək hər bir vasitədən yararlanmalıdır.
Peyğəmbər (s.a.v), Allahın verdiyi nemətlərə şükür etmək üçün çox qəribə və güclü səbəb olan bu çarəni hədisdə bildirmişdir. Belə ki, insan başqa adamlara verilən nöqsanlı ağıl, aşağı əsil-nəcabət, mal-mülk və digər bu kimi nemətlər barəsində düşünməlidir. Özündən aşağıda olanlara baxmağın davamiyyətli şəkildə edilməsi insanın Rəbbinə çoxlu şükürlər və təriflər etməsi ilə nəticələnəcək. Bu müşahidəsi ilə o, özünə verilən nemətlərdə insanların ondan aşağıda olduğunu öz gözləri ilə görəcəkdir. Hətta həmin insanların bir çoxunun onda olan sağlamlıq, mal, ruzi və digər nemətləri arzu etdiklərinin şahidi olacaqdır. Nəticədə o, Allaha çoxlu həmd oxuyaraq deyəcəkdir: "Mənə nemət verən və yaradılanların əksəriyyətindən üstün edən Allaha həmd olsun."
Əqli naqislikləri olanlara baxıb, kamil ağlına görə Rəbbinə həmd oxuyacaq, yeməyə bir tikə çörəyi və qalmağa daxması olmayanlara baxıb, özünün rahat evdə yaşadığını və geniş ruziyə malik olduğunu görəcəkdir.
Müxtəlif xəstəliklərə tutulmuş çoxsaylı insanların necə sınağa çəkildiyinə baxdıqda özünün bunlardan qurtulduğunu görəcək. O, əksəriyyət insanların bundan da böyük bir imtahana məruz qaldıqlarını görəcəkdir. Belə ki, onlar dindən uzaqlaşmış və asiliklər çirkabına bulaşmışlar. Allah isə onu bundan və ya daha çoxlarından qorumuşdur.
Bir çox insanların da qəm-qüssə, kədər və vəsvəsələr içində olduqlarını, qəlb sıxıntısı çəkdiklərini gördükdə özünün bu dərdlərdən uzaq olduğunu və Allahın ona qəlb rahatlığı bəxş etdiyini dərk edir. Hətta bəzi hallarda o kasıb olsa da məmnunluq və qəlb rahatlığı sayəsində bir çox varlılardan yüksəkdə olduğuna şahid olur.
Deyilən müsibətlərlə imtahan olunanın özü, çoxsaylı insanların ondan da böyük və çətin problemlərlə qarşılaşdıqlarını görür və o da, salamat qaldığına və sınağının nisbətən yüngül keçməsinə görə Allaha həmd edir. Çünki hər bir xoşagəlməz işin daha acınacaqlı forması vardır.
Kim Peyğəmbərin (s.a.v) göstərdiyi bu yola müvəffəq olarsa, onun şükürü də güclü və inkişaflı şəkildə olar. Allahın nemətləri dayanmadan ona verilər. Kimin də vəziyyəti bunun əksinə olarsa, yəni onun baxışları sağlamlıq, mülk, ruzi və digər məsələlərdə yuxarıda dayanana dikilərsə, Allahın nemətlərini dəyərsiz sayar və şükürünü itirər. Əgər şükür itirilərsə, nemətlər ondan çəkilər. Əvəzində dərhal intiqam alınar, daimi qəm-qüssə və hüzn ilə sınağa çəkilər, xeyir olan bir işə qarşı qəzəbli olar. Allahın rəbb və idarəçi olmasından razı qalmaz. Bu isə, dində və dünyada ziyana uğramaq və açıq-aşkar xəsarət içində olmaqdır.
Allahın çoxsaylı gizli və aşkar nemətləri haqqında düşünən insan bunun yalnız Allahın lütf və mərhəməti sayəsində hasil olduğunu dərk edər. Allahın bir növ nemətini hesaba almağı bacarmayan insan, bütün nemətləri heç vaxt hesaba ala bilməz və onların hamısına şükür etməyi bacarmaz. Acizliyini dərk edən insanın Allahın nemətlərini etiraf etməkdən və Allaha həmd-səna söyləməkdən başqa çarəsi qalmır. Bunu dərk edən bəndə Allahın verdiyi neməti Onun sevmədiyi işlərə sərf etməkdən utanar. Bunu anlayan insan Rəbbi tərəfindən imanın ən dəyərli şöbələrindən sayılan həyanı əldə edər. Həya sifətinə yiyələnən insan Rəbbinin onu sevmədiyi yerlərdə görməsindən, yaxud əmr etdiyi yerlərdə görməməyindən utanar.
Şükr xeyirin əsası və ünvanı olduğu üçün Peyğəmbər (s.a.v) Muaz ibn Cəbələ (r.a) şükür haqqında belə buyurmuşdur:
“Mən səni çox istəyirəm. Vacib namazlardan sonra bunu deməyi tərk etmə: “Allahummə əinni alə zikrikə və şukrikə və husni ibadətikə (Allahım Səni zikr etməyə, Sənə şükür etməyə və Sənə gözəl ibadət etməyə mənə kömək et.)”

(Nəsai: Səhv ? 1303. Əbu Davud: Namaz ? 1522. Əlbani hədisin səhih olduğunu bildirmişdir.)

Başqa hədisdə buyurur: "Allahummə-c-əlni ləkə şəkiran, ləkə zəkkaran. Allahummə-c-əlni uazzimu şukrəkə və uksiru zikrakə və ətbəu nushakə və əhfazu vasiyyətəkə." (Allahım məni, Sənə çoxlu şükür edən və Səni çoxlu zikr edən et. Allahım məni, Sənin şükürünü dəyərləndirən, zikrini çoxaldan, nəsihətinə əməl edən və tövsiyəni qoruyan et!” ( Tirmizi: Dualar ? 3967. Əhməd: 2/311. Əlbani səhih olduğunu demişdir.)
Ən çox şükür edən bəndə, Peyğəmbər (s.a.v) Allahın nemətlərinə layiqincə şükür etməkdə aciz olduğunu etiraf edərək buyurmuşdur: “Mən Səni, Öz-özünü tərif etdiyin kimi tərifləyə bilmərəm.”
( Müslim: Namaz ? 486. Tirmizi: Dualar ? 3493. Nəsai: ? Tətbiq 1130. Əbu Davud: Namaz ? 879. İbn Macə: Dua ? 3841. Əhməd: 6/58. Malik: Namaza çağırış ? 497. )


Tarix: 08.04.2013 / 19:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 221 Bölmə: Maraqlı melumatlar