beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərin “BƏRƏKƏTLI PUL” əhvalatı

+
Bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) Əli ibn Əbu Talibi (ə) bazara göndərdi ki, Onun üçün köynək alsın. Əli (ə) 12 dirhəmə bir köynək alıb gəldi. Peyğəmbər köynəyin qiymətini öyrənəndə buyurdu ki, bu cür bahalı köynəyi geyinməyə razı deyil. Sonra Əliyə (ə) tapşırdı ki, köynəyi aparıb qaytarsın. Əli (ə) satıcı ilə danışıb, köynəyi geri almağa onu razı saldı, 12 dirhəmi də gətirib Peyğəmbərə verdi.
Həzrət Mühəmməd Peyğəmbər (s) Əlini (ə) də özü ilə götürüb bazara yollandı ki, münasib bildiyi qiymətə köynək alsın. Yolda ağlayan bir kənizlə rastlaşdılar. Səbəbini soruşanda kəniz dedi ki, ağası ona dörd dirhəm pul verib bazarlığa göndərib. Amma yolda pul itib. Biçarə kəniz qorxusundan evə qayıtmağa qorxurdu.
Peyğəmbər əlindəki 12 dirhəmdən 4 dirhəm ayırıb kənizə verdi; tapşırdı ki, nə almalı idisə alsın və evə qayıtsın. Sonra Əli (ə) ilə birlikdə yoluna davam etdi. Onlar geyim satılan yerə gəldilər. Peyğəmbər soraqlaşıb özü üçün dörd dirhəmə bir köynək tapdı, pulunu verib köynəyi aldı.
Geri qayıdanda cırım-cındır içində gəzən bir səfilə rast gəldilər. Peyğəmbər aldığı köynəyi onun əyninə geyindirdi. Özü Əli (ə) ilə birlikdə yenə dükana qayıtdı, qalan dörd dirhəmə həmin köynəkdən daha birini alıb geyindi.
Evə qayıdanda yolda bayaqkı kənizlə rastlaşdılar. Kəniz bazarlığı edib küçədə durmuşdu. Peyğəmbər ondan soruşdu ki, niyə evə getmirsən? Kəniz cavab verdi: “Mən bayaq Sizinlə rastlaşana kimi itmiş pulu çox axtarmışdım, xeyli vaxt keçmişdi. Indi evə qayıtmağa qorxuram. Ağam məndən soruşacaq ki, bu qədər vaxtı harada idin?”.
Peyğəmbər mehribançılıqla cavab verdi: ”Qorxma, evinizi mənə göstər, mən ağanla danışaram ki, səni cəzalandırmasın“.
Qız qabağa düşüb yolu göstərdi. Qapıya çatanda Peyğəmbər ev sahibini səsləmək üçün uca səslə salam verdi. Üç dəfə salam verəndən sonra kənizin ağası qapını açdı, Peyğəmbərin salamının cavabını verdi, Ona xoşgəldin söylədi. Məlum oldu ki, o, Peyğəmbərin salamını eşidə-eşidə cavabını verməyi yubadırmış ki, o həzrət daha çox salam söyləsin, evə və onun sakinlərinə daha çox salamatlıq diləsin; çünki Peyğəmbərin duası müstəcab olar.
Ev sahibinin sözündən məlum oldu ki, o, Peyğəmbərin xatirini hədsiz dərəcədə əziz tutur. Peyğəmbər bu münasibətdən daha da ruhlanıb kənizin başına gələnləri ağasına danışdı və buyurdu: ”Indi səndən xahiş edirəm ki, bu qıza cəza verməyəsən“.
Ev sahibi Peyğəmbərin xahişinin müqabilində dedi: ”Ey Allahın Rəsulu! Mən nəinki bu kənizi bağışlayıram, hətta Sizin xatirinizə onu azad edirəm“.
Peyğəmbər ev sahibinin sözlərindən sevinib Allaha şükr etdi, buyurdu: ”Ədhəmdü lillah. Bu 12 dirhəm necə bərəkətli puldur ki, iki nəfər onun hesabına geyim əldə etdi, bir kəniz də azadlığa qovuşdu“.


Tarix: 21.11.2012 / 16:24 Müəllif: [Ram] Baxılıb: 767 Bölmə: Maraqlı melumatlar