beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müsəlmanların hicri qəməri təqvimi necə yaranmışdır?

Hicri təqvim Həzrət Mühəmməd Peyğəmbərin (s) Məkkədən Yəsribə (Mədinəyə) hicrətindən (miladi tarixlə 622-ci ilin iyul ayı) hesablanır. Hicri təqvimdə günlər Ayın səhfələrinə (sferalarına) əsasən təyin edilir. Belə ki, hicri ayın əvvəllərində Ay hilal (aypara) şəklində olur, getdikcə bədrlənir, ayın sonuna doğru yenə hilal şəklinə düşür. «Hicri təqvim» adı altında əsasən, hicri-qəməri təqvim nəzərdə tutulur. Bu təqvimin adındakı birinci söz («hicri») onun hicrət hadisəsindən hesablandığını, ikinci söz («qəmər») isə Ay sistemi üzərində qurulduğunu göstərir.
Hicri təqvim 12 aydan ibarətdir: mühərrəm, səfər, rəbiül-əvvəl, rəbiül-axir (və ya rəbiüs-sani), cəmadiyül-əvvəl, cəmadiyül-axir (və ya cəmadiyüs-sani), rəcəb, şəban, ramazan, şəvval, zilqədə və zilhiccə. Aydakı günlərin sayı 29 və ya 30 olur. Ayın ilk gününü qabaqcadan konkret təyin etmək bəzən çətinlik törədir. Çünki hicri-qəməri ayın başlanğıcı səmada Ayın görünməsi ilə təyin edilir; bu isə Ayın səmadakı mövqeyindən, yerləşmə bucağından və hava şəraitindən asılıdır.
Tarixi məlumatlara görə, ərəblər islamdan əvvəl də qəməri (Ay əsaslı) təqvim işlədirdilər. Lakin günlərin hesablanması zamanı bəzi müstəsna üsullara da müraciət edirdilər (bax: nəsi). İslam bu təqvimin quruluşunu, aylarının adını, «haram aylar» qanununu təsdiq etdi, lakin nəsi kimi adətlərə qadağan qoydu.
İslamdan əvvəl ərəblər ən əlamətdar hadisələri tarixin başlanğıcı sayır, sonrakı illəri ona nisbətən hesablayırdılar. Məsələn, Həzrət Mühəmməd Peyğəmbərin (s) beşinci nəsildən ulu babası Qüseyy ibn Kilabın vəfat ili, daha sonra isə «fil» ili ərəblərin başlanğıc tarixi hesab edilirdi. Sonrakı illəri «fil ilindən bir il sonra», «fil ilindən iki il sonra» və s. ardıcıllıqla müəyyən edirdilər. İslamın gəlişindən sonra da müsəlmanlar ficar savaşının, vida həccinin və sairə bu kimi mühüm hadisələrin baş verdiyi illəri təqvimin əvvəli kimi dəyərləndirirdilər.
İkinci xəlifə Ömər ibn Xəttabın hakimiyyəti dövründə (təqr. 637-/638-ci illərdə) əyalətlərdən Mədinəyə ilin sıra sayı göstərilməmiş, yalnız ayın adı ilə tarixlənmiş bir neçə məktub gəldi. Məktubların hansı ilə aid olduğunu təyin etmək çətinlik törədirdi. Müsəlmanlar belə qərara gəldilər ki, təqvimin başlanğıcı üçün konkret bir hadisə seçsinlər və bundan sonra təqvimi dəqiq şəkildə nizamlasınlar. Hərə bir təklif irəli sürdü. Bəziləri dedilər ki, tariximizi Peyğəmbərin doğuluş ilindən hesablayaq. Amma bu təklifi qəbul etmədilər; dedilər ki, Peyğəmbər doğulan il cahiliyyə dövrü idi və o zaman İslam dinindən əsər-əlamət belə görünmürdü. İkinci dəstədən olanlar dedilər ki, Həzrət Mühəmmədin (s) peyğəmbərliyə təyin edildiyi ili tarix üçün başlanğıc seçək. Bu fikirlə də razılaşmadılar, çünki peyğəmbərlik başlayan gün Həzrət Mühəmməddən (s) başqa müsəlman yox idi və İslam dini hələ qüdrət qazanmamışdı. Daha bir qrup səhabə təklif etdi ki, qoy Peyğəmbərimizin vəfat ili tarixin əvvəli olsun. Amma çoxları bu sözü narazılıqla qarşılayıb söylədilər ki, tariximizi kədərli hadisə ilə başlamaq yaxşı əlamət deyil.
Bu zaman Həzrət Əli ibn Əbu Talib təklif etdi ki, müsəlman tarixinin başlanğıcı hicrətdən hesablansın. O öz fikrini bel əsaslandırdı: Hicrət İslam tarixinin ən əlamətdar və həlledici nöqtəsidir. Çünki o dövrdə Məkkədə çox təhlükəli vəziyyət yaranmışdı. Əgər müsəlmanlar peyğəmbərlə birgə Mədinəyə köçməyib Məkkədə qalsaydılar, yəqin ki, məhv olardılar, İslam dini də indiyədək yaşamazdı. Hicrət hadisəsi İslama həyat bəxş etdi. İslam Peyğəmbəri və müsəlmanlar Mədinəyə köçməklə həm ölüm təhlükəsindən xilas oldular, həm də dini yaşatdılar. Hicrətdən sonra Mədinədə ilk əsil müsəlman icması yaradıldı, İslam dini insanların həyatına hakim oldu. Beləliklə, hicrət gününü İslamın ikinci ad günü də adlandırmaq olar.
Hamı İmam Əlinin təklifi ilə razılaşdı. O gündən etibarən müsəlman təqvimi hicrətdən hesablanmağa başladı.
Bəzi tarixi sənədlər bunu sübut edir ki, Həzrət Mühəmməd Peyğəmbər (s) hələ öz sağlığında hicri təqvimi tətbiq edibmiş. Peyğəmbərimizin dövründə yazılmış bəzi sənəd və məktubların sonunda «hicri filanıncı ayda və ya ildə yazılıb» ifadəsinə rast gəlmək mümkündür. Lakin sonralar bir neçə il boyu bu qaydaya əməl edilmədi. Nəhayət, Ömər ibn Xəttabın xilafəti zamanı bu məsələyə yenidən baxıldı və hicri təqvim qüvvəyə mindi.
Hal-hazırda hicri-qəməri təqvim bir çox müsəlman ölkələrində rəsmi dövlət təqvimi kimi istifadə edilir. Orucluq, həcc kimi ibadətlər hicri təqvim əsasında yerinə yetirilir. İran İslam Respublikasında isə hicri-şəmsi təqvim qüvvədədir. Hicri-şəmsi təqvimin də başlanğıcı miladi 622-ci ildən hesablanır; lakin bu, Günəş təqvimidir. İlin başlanğıcı Novruz bayramı günü sayılır.
Miladi ili hicri-şəmsi ilə çevirmək üçün sadəcə olaraq, ondan 622 ədədini çıxmaq lazımdır. Hicri-qəməri təqvimi isə miladi təqvimə dəqiq çevirmək asan deyil. Bu təqvimlərin arasında hər il 10-12 günlük fərq yarandığı üçün, ayların və günlərin dəqiq qarşılığını tapmaqdan ötrü sinxron cədvəllərlə hesabat aparmaq lazımdır. Kobud hesabatla hicri-qəməri və miladi təqvimlərin birindən o birinə bu şəkildə keçmək olar: Hicri ili əvvəlcə 32-yə vurur, sonra 33-ə bölür, daha sonra üzərinə 622 əlavə edirlər. Miladi təqvimdən hicri təqvimə keçmək üçün isə, miladi təqvimdən 622 çıxılır, qalıq 33-ə vurulur, sonra isə 32-ə bölünür.
Eyni zamanda saytımızda “Konvertor” rubrikası var ki, orada istənilən miladi tarixi rahatca hicriyə və hicridən miladiyə çevirə bilərsiz.


Tarix: 21.11.2012 / 16:23 Müəllif: [Ram] Baxılıb: 827 Bölmə: Maraqlı melumatlar