beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyatın Gözəlliyi Haramlardan Qaçmaqdadır

Haramla halal, haramla ibadət, haramla İslam bir arada olmaz. Necə ki, şəfəq söküləndə qaranlıq yox olur, necə ki, qaranlıq çökəndə gündüz yox olur, eləcə də haramların olduğu yerdə mahiyyətində aydınlıq olan hər şey qeybə çəkilir. Haramlar İslam günəşinin qarşısını kəsir, onun nurundan faydalanmağa imkan vermir.
Həyatını haramla yaşayan insanlar məscidlərdən uzaq yaşayırlar. Necə ki, bir qab bala sirkə əlavə etsən, qab bütövlükdə sirkəyə çevrilir, eləcə də həyatımıza haramlar girdikdə İslamı yaşamağımız çətinləşir. Haramın böyüyü-kiçiyi yoxdur, böyük haramlara gedən yol kiçik haramlardan başlayır.
Bir su anbarında kiçik bir axıntı olsa, o axıntı zaman keçdikcə böyüyür, hətta o, su anbarının dağılmasına səbəb olur. Haramlar da halal dünyamıza sızan axıntılardır.
Haram ruhumuza hopan elə bir kirdir ki, bütövlükdə həyatımızı qaraldır. Ondan təmizlənməyin iki yolu var:
1. Harama girməməyə cəhd etmək,
2. Tövbə etmək.
Müsəlman bir oğlan qeyri-müsəlman bir qızla evlənmək istəyir. Qızın anası oğlandan müqəddəs kitabını istəyir və oğlan da Quranı qızın anasına verir. Ana Quranı bir həftə ərzində oxuyur və şərtini qoyur: “Əgər bu kitabda yazılanlara riayət etsən, qızımı sənə verərəm“. Oğlan razılaşır və and içir. Evləndikdən bir müddət sonra ana oğlandan qızını boşamağı tələb edir. Oğlan təəccüblənir və səbəbini soruşur. Ana onu verdiyi sözə əməl etməməkdə, Qurana riayət etməməkdə, haramı halala qatmaqda ittiham edir. Oğlan: “Mən müsəlmanam, ancaq dinimdən xəbərim yoxdur“, - deyir və dinini öyrənmək üçün qayınanasından möhlət istəyir. Bir müddət sonra oğlan yenə qayınanasının yanına gəlir və dinini öyrəndiyini, bundan sonra haramı halala qatmayacağını bildirir. Və beləliklə, ailəsini dağılmaqdan xilas edir.
Bir çoxumuz bu oğlan kimiyik: müsəlmanam deyirik, ancaq dinimizdən bixəbərik. Fürsətlərimizi yaxşı dəyərləndirmirik. İslamın əmrlərini yerinə yetirsək, haramlardan qaçmaqla malımızı qoruyarıq, ailəmizi qoruyarıq, sağlamlığımızı qoruyarıq. Qısacası,anlayarıq ki, həyatın gözəlliyi haramlardan qaçmaqdadır.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 53 Bölmə: Maraqlı melumatlar