beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mömin Içindən Gələn Hər Hissə Təslim Olmaz

Möminlər nə üçün içlərindən gələn hər hissə təslim olmazlar?

İnsan nəfsinin mənfi təlqinlərini və vicdanının səsini necə ayırd edə bilər?

Möminlər bu mənfi təlqinlərə və içlərindən gələn hər hissə təslim olmamaq üçün nə edərlər?


Bəzi insanlar içlərindən hansı hiss gəlsə, heç düşünmədən ona təslim olurlar. Fikirlərindən nə keçsə, dərhal onu düşünmədən söyləyirlər. Davranışlarının və ya dedikləri sözlərin nəticəsini ölçüb-biçmirlər. Qəzəbləndikdə əsəblərini cilovlamırlar. Daxilən küskün olanda bunu üzə vururlar. Narahat olduqda qarşı tərəfə bunu dərhal hiss etdirirlər. İçlərindən ağlamaq hissi gələndə ağlayırlar. Kədərlənmək, ümidsizliyə qapılmaq və ya inciklik təlqinləri gəldikdə dərhal bu əhvala düşürlər.Ancaq möminlər belə vəziyyətlərdə tamamilə fərqli davranırlar.

Möminlər nəfslərinin istəklərinə görə içlərindən gələn hər hissə təslim olmazlar. İman gətirən insan öz hisslərinə təslim olaraq hərəkət edən bəzi insanlardan çox fərqli davranır. Buna görə, heç vaxt içindən gələni etməz. Çünki içindən gələn şeylər, əsasən, nəfsinin istəkləridir. Mömin bunları əvvəlcə Quranla dəyərləndirər, əgər Quran əxlaqına uyğundursa, tətbiq edər. Çünki mömin özünü nəfsinin idarəsinə təslim etmiş insan deyil. Nəfsi onu deyil, o nəfsini idarə edir.

Ona görə də iman gətirən insan içindən qəzəb hissi gəldikdə qəzəblənməz. Qısqanclıq hissi gəldikdə qısqanmaz. İnciklik hissi gəldikdə küsməz. Təkəbbür hissi gəldikdə lovğalanmaz.

Əgər içindən bunlara bənzər nəfsə aid pis hisslər gəlsə, mömin mütləq Allaha sığınar, içindən gələn mənfi hisslərə qalib gələr və Quran əxlaqına uyğun davranar.

Bu, mömin əxlaqına xas mühüm üstünlükdür. Müsəlman Allaha qarşı hiss etdiyi dərin sevgi və qorxuya görə nəfsini bu cür idarə edir. Çünki ağıl və vicdana uyğun davranmadıqda nəfs insan üzərində, həqiqətən, təsir gücünə malik olur. Sonsuz qüdrət sahibi olan Allah dünya həyatındakı imtahanın tələbinə uyğun olaraq nəfsi bu cür yaratmışdır. Allahdan qorxmayan, axirətə inanmayan bir çox insanın nəfsi ilə mübarizə aparmağa, nəfsinin təlqinlərinə qalib gəlməyə gücü yoxdur. Bu cür insanlar nəfslərinin tam idarəsinə keçmiş və həyatlarını nəfslərinin müəyyən etməsinə izn vermişlər.

Möminlər isə hz. Yusifin (ə.s) Quranda bildirilən: “Mən nəfsimi təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs pis işlər görməyi əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir! (Yusuf surəsi, 53)”- sözləri ilə dilə gətirdiyi həqiqəti tam dərk edirlər. Bir şeyin içlərindən gəlməsinin o hissə təslim olmaq üçün əsas olmadığını və Allahın onları ağılla davranmaqdan, vicdanlarına tabe olmaqdan, Quran əxlaqına uyğun yaşamaqdan məsul tutacağını bilirlər. Buna görə də nə qədər çətin olsa da, içlərindən gələn nəfsi istəklərə boyun əyməzlər.

Bəzi insanların içlərindən gələn mənfi hisslərə qarşı mübarizə aparmağa gücünün çatmadığını iddia etməsi yanlışdır.

Bəzi insanlar içlərindən gələn mənfi hisslərin ancaq bəzisinə gücləri çatdığına, bəzisinin qarşısında aciz olduqlarına inanırlar. Məsələn, belə bir insan nəfsi nəzakətsizliyi təlqin edirsə, buna qarşı çıxa biləcəyinə inanır. Laqeydlik, tənbəllik, eqoistlik kimi hisslərə tabe olmayacağına əmindir. Ancaq qəzəbini cilovlaya bilmədiyinə inanır. Kədərləndikdə, içindən ağlamaq hissi gəldikdə bunun qarşısını almaq üçün heç nə edə bilməyəcəyini düşünür. Bunun mənəvi deyil, fiziki olduğunu, bu istəklərinin orqanizminin reaksiyası olduğunu, ona görə də öhdəsindən gələ bilmədiyini düşünür. Bu təqdirdə, nəfsində müdaxilə edə bilmədiyi bir çox cəhət olduğunu zənn edir. “Nə edim, mən beləyəm, qəzəbimi cilovlaya bilmirəm”, “hər insanın bir qüsuru var, mənim də qüsurum budur, məni də belə qəbul edin” kimi sözlərlə bu düşüncələrini ətrafına da qəbul etdirməyə çalışır.

Əlbəttə, bu cür insanlar tamamilə səhv düşünürlər. Allah Quranda insanın nəfsinə pisliyi öyrətdiyini, ancaq bu pisliklərə qalib gələcək gücü də verdiyini bildirmişdir:

And olsun nəfsə və onu yaradana (ona biçim verənə); Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini ilham edənə ki, nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapmışdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğramışdır. (Şəms surəsi, 7-10)

Ona görə də Quranda verilən bu məlumatın əksini iddia edən insan ancaq özünü aldadır. Həqiqətən, hər insan istədikdə Allahın iznilə nəfsindəki hər cür pisliyin, nöqsanın, qüsurun öhdəsindən gələ bilər. İnsan Allahdan qorxub-çəkinərsə, nəfsindən gələn ən güclü təlqinlərə qarşı mübarizə aparmaq üçün bir çıxış yolu tapar. Nəfsə qalib gəlmək üçün səy göstərmək əvəzinə dərhal nəfsə təslim olmaq, gücünün çatmadığını düşünərək bu qüsuru ilə yaşamağı qəbul etmək çox böyük acizlikdir. Allah dünya həyatında insana hər şeyin doğru yolunu göstərmişdir. Həll yolunu Quran əxlaqında axtaran hər insan Allahın iznilə bu doğru yolları asanlıqla tapar və heç çətinlik çəkmədən tətbiq edər.

Nəfsini tərbiyə etməmiş insanların etdiyi xidmət çox vaxt Allah üçün deyil, nəfsləri üçündür. (İmam Qəzali (r.ə))

Gənc qardaşım! İmanın zəifləməyə başladıqda nəfsinlə və onun bataqlıq və kələ-kötür yolları ilə ciddi şəkildə məşğul ol! Bu yolda yeriyərkən artıq uşağın, ailən, qonşun, qohumun, həmyerlin və ölkən səni məşğul etməsin... Çünki daxili aləmin sarsıntı keçirir, nəfslə şəhvət iman ilə irfana qalib gəlmiş vəziyyətdədir. Əvvəlcə bunu düzəltməlisən...” (Abdülkadir Geylani, Gönül İncileri İkazlar, Çeviren: Celal Yıldırım, Bahar Yayınları, səh. 9, Birinci Vaaz)

Kamil insan nəfsini əzən insandır ki, Rəbbi onu qullarının dili ilə tərifləyir, ucaldır. (Ebu’l Hasan Ali b. Vefa (r.h))

İman gətirən insan Allah-Təalanın onu gördüyünü unutmur. Bu qul nəfsini sorğu-sual edir və axirət üçün azuqə hazırlayır. Hicrət qiyamətə qədər davam edən fərzdir. Hicrət cahillikdən elmə, Allahı unutmaqdan Onu xatırlamağa, günahdan itaətə və isrardan tövbəyə gedən yoldur. (Sehl b. Abdullah et-Tüsteri (k.s.))

İnsan həyatını nəfsinin təlqinlərinə görə yönləndirməməlidir

Bütün bu məlumatlara əsasən, bu həqiqəti çox yaxşı qavramaq lazımdır: hər insan həyatı boyu nəfsinin minlərlə təlqini ilə qarşılaşar. İnsan hər gün, hər saat həyatını nəfsinin istəklərinə görə yaşasa, çox təhlükəli olar. İnsanın içindən gələn hər təlqində dərhal nəfsinin istəklərinə əməl etməsi onu dünya və axirətdə ziyana uğradan böyük yanlışdır.

Allah nəfsi insanın içindəki pisliklərlə mübarizə aparması üçün yaratmışdır. Buna görə, insan əsla “mənim xasiyyətim belədir”, “mən beləyəm”, “çox çalışdım, ancaq bacarmadım”, “gücüm çatmır”, “əlimdən gələni edirəm, ancaq nəfsimin bu xüsusiyyətinə qalib gələ bilmirəm” kimi çarəsiz (Allahı təhzih edirik) və Quranda bildirilən həqiqətlərə tamamilə zidd, din əxlaqına uyğun olmayan üslubları nə ağlından keçirməli, nə də dilə gətirməlidir. Əgər nəfsində hələ də qalib gələ bilmədiyi pislik varsa, mömin bunun həllinin Allahdan qorxub-çəkinməkdə və Qurana daha möhkəm sarılmaqda olduğunu bilməlidir. Səmimi şəkildə bu əxlaqa uyğun yaşadıqda Allah ona nəfsindəki pisliyə qalib gələcək gücü lütf edər. Allah Quranda bu barədə möminə belə bildirir:

Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər... (Bəqərə surəsi, 286)

Biz hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyirik. (Ənam surəsi, 152)

... Kim Allahdan qorxarsa, (Allah) onun işini asanlaşdırar. (Talaq surəsi, 4)

Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! Elə ki (işlərindən) azad oldun, qalx (dua et)! Və ancaq Rəbbinə üz tut! (İnşirah surəsi, 5-8)

Hər insanın din əxlaqını tanımazdan əvvəl alışdığı həyat tərzi və şəxsiyyəti ola bilər. Ancaq din əxlaqına uyğun yaşamağa başladıqda Quran əxlaqına uyğun davranışlar Allahın razılığına uyğun olaraq davam etdirilməli, Quran əxlaqına uyğun olmayan xüsusiyyətlər isə müəyyən edilib tərk edilməlidir. Nəfs Allahın izni olmadıqca insanı daima pisliyə təşviq edir. Buna görə, insan ona tabe olmayaraq xoşbəxtliyə və rahatlığa qovuşa bilər. İnsan nəfsinə sahib çıxıb sanki qul kimi onun istəklərinə boyun əymək əvəzinə nəfsini quluna çevirməli və onu istədiyi kimi idarə etməlidir.

Quran əxlaqını yaşamaqda qətiyyətli olan insan Allahın əmrlərinə dəqiqliklə əməl edər. Allahın Quranda bildirdiyi ibadətləri yerinə yetirməklə bərabər hər zaman vicdanına tabe olar, səmimi şəkildə gözəl əxlaqı yaşayar. Əlbəttə, bu əxlaq möminin nəfsini tərbiyə etməsi ilə inkişaf edər və dərinləşər. Nəfsi tərbiyə etmək iman gətirənlərin həyatı boyu davam edən çox dəyərli ibadətdir. Rəbbimizin Quranda “İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq üçün öz canını fəda edər... (Bəqərə surəsi, 207)” ayəsi ilə bildirdiyi möminlərdən olmaq üçün hər müsəlman səy göstərməlidir.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 214 Bölmə: Maraqlı melumatlar