beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“HÜSEYN MƏNDƏNDİR...”

Burada bir nöqtə də var ki, alimlər üstündə çox vurğu edərlər, İslam Peyğəmbərinin (s) İmam Hüseynə (ə) münasibəti ilə bağlıdır. Əziz Peyğəmbərimizin (s) bir ibarəsi var: “Hüseyn məndəndir və mən Hüseyndənəm”. Bu ibarə və bu anlamda çatdırış demək olar ki, İmam Hüseynə (ə) məxsusən aid edilib. Bəli, Peyğəmbərimiz (ə) İmam Əli (ə) və İmam Həsən (ə) barədə də bu mübarək anlamda ifadələri işlədib. Bəzi elmsiz insanlar bunu baba-nəvə münasibətləri çərçivəsinə salmaq istəyirlər. Görünür, bu, nədənsə daha rahat gəlir bəziləri üçün. Amma, kiçicik tədqiqat göstərir ki, burada qohumluq üzərində olmayan bir İlahi rabitəyə işarə var.

Beləliklə, öncə “Hüseyn məndəndir” ibarəsinin arxasında hansı mənaların durduğunu təhlil edək. Rəsuli-Əkrəmin (s) mübarək şəxsiyətinin kimliyini araşdıraq ki, Əba Əbdillahın (ə) bu mübarək anlama aid olmasının fəlsəfəsini başa düşək. Biz istəsək anlayaq ki, Aşura günündə Kərbəla meydanında nə baş verib, gərək öncə Aşura günü qəhrəmanının mübarək şəxsiyyətini araşdıraq.

Ariflər buyurur ki, Rəsuli-Əkrəm (s) – yaranış aləmənin fəlsəfəsinin özüdür. Bu kontekstdə, Əba Əbdillah (s) İslam Peyğəmbərindəndirsə, onda o Həzrətin də yaranışın fəlsəfəsinə birbaşa aidiyyəti var. Rəsuli-Əkrəm (s) – yaranış aləminin bütün zahir və batininin xülasəsidir. Yaranış aləmində bütün kamalların mümkünat səviyyəsində olan ən ali toplumu Peyğəmbərdədir. Yaranış aləmində bütün gözəlliklər Rəsuli-Əkrəmdə (s) xülasə olunub. İmam Hüseyn (ə) barədə ki, Peyğəmbərimiz buyurur, “o, məndəndir”, bütün bu gözəlliklərə, bütün bu kamallara aidiyyəti var. Yəni, Peyğəmbərimizin (s) aid olduğu məsələlərə, mövzulara, nöqtələrə diqqət etməliyik ki, İmam Hüseynin (ə) nəyə aidliyini müəyyən edə bilək. Hansı məsələlərə aid olduğunu bilək.

Desək ki, bütün mələklərin ən üstünlükləri Rəsulullahda (s) xülasə olunub – səhv etməmişik. Ariflər deyirlər ki, bu, tam dəqiq bir qiymətləndirmədir. Deməli, İmam Hüseyn (ə) bütün bu keyfiyyətlərin daşıyıcısıdır. Desək ki, Rəsulullah (s) bütün insanların içində olan bütün nəcibliklərin, aliliklərin hamısının toplumudur – yanlış deməmişik. Deməli, İmam Hüseyn bütün bu alilik, üstünlük, gözəlliklərin daşıyıcısıdır.

İslam Peyğəmbəri (s) bütün üstün əxlaqların, dəyərlərin daşıyıcısıdır. Dəyər adına aləmdə nə varsa, hamısı Peyğəmbərdədir (s). İmam Hüseynin (ə) Həzrət Peyğəmbərə aidiyyəti var – bütün bu dəyərlərin daşıyıcısıdır. Peyğəmbərimiz (s) bəyan edib ki, onda olan keyfiyyətlərə İmam Hüseynin (ə) bilavasitə aidliyi var.

DİNİN SIRADAN ÇIXARILMA TƏHLÜKƏSİ QARŞISINDA

İndi bir gün gəlir, bütün bu dəyərlər, bütün bu aliliklər, gözəlliklər, yaranışın fəlsəfəsi sual altına düşür. Yezid lənətlik istəyir gözəllik adına, kamillik adına, alilik adına nə varsa, hamısını yox etsin. Kamillik üçün, gözəllik üçün, izzət üçün, şəxsiyyət və ləyaqət üçün, islami mövcudiyyət üçün bir adacıq belə saxlamasın. Amma İmam Hüseyn (ə) bütün o gözəllik və dəyərliklərin, aliliklərin daşıyıcısıdır və bütün bunlar təhlükə altına düşəndə, bütün bunların mövcudluğuna birbaşa və açıq-aydın aradan getmə təhlükəsi yarananda, o, meydana çıxır və öz mübarək canını bu yolda fəda edir...

Çox fərqli bir ailədir, Əhli-beytdir (ə) bunlar. Babası - Peyğəmbərdir ki, son həqiqəti çatdırıb, Allah tərəfindən bəşəriyyətə yönəlik Qiyamətədək qalarlı təlimin çatdırıcısı olub. Atası İmam Əlidir ki, onun vəliliyi elan olunmaqla, onun Peyğəmbərin (s) İlahi canişini kimi təqdim olunması ilə İslam din olaraq Allah tərəfindən kamil olaraq səciyyələndirilib, din olaraq Allah tərəfindən bəyənilib. Nemətlər tamamlanıb, din kamala çatıb. İndi o babanın və o atanın övladının bir missiyası var – bütün bu dinin sıradan çıxarılma təhlükəsində meydana çıxmaq. Və İmam Hüseyn (ə) öz qanını bu yolda fəda edərək, bu dini düz Qiyamət gününədək sığortalıyır.

İmamın (ə) Aşura gününədək etdiyi bir sıra çatdıışlara diqqət edək. Bunlar tam aydınlığı ilə Əba Əbdillahın (ə) Kərbəlada nə etməsinə, Aşuranın niyə baş verməsinə, İmamın (ə) hansı səbəblər üzündən bu yola çıxmasına aydınlıq gətirir. Yezid lənətliyin beyət etmək – onun hakimiyyət qəsbini tanımaq tələbinə cavab olaraq, İmam (ə) buyurur: “Mən heç zaman zilləti, alçaqlığı qəbul etmərəm. Yezidin hakimiyyətini tanımaq – İslamın sonudur”.

İmam Hüseynin (ə) çatdırışı budur ki, mənim bu hərəkətimin bir izahı var. O da budur ki, mən bunu İslama görə, bu İlahi dinin xilasına görə edirəm. Mən yezid lənətliyin təklifini qəbul etsəm, İslamın sonuna imza atmış oluram.

Başqa bir yerdə İmamın (ə) öz mübarək əli ilə yazdığı çatdırışda görürük: “Mən nə hakimiyyət, nə də var-dövlət üçün qiyam etdim. Fəqət insanları yaxşılıqlara dəvət etmək və pisliklərdən çəkindirmək, Allahın elçisi Həzrət Muhəmmədin (s) pak və xalis dinini yaşatmaq üçün hərəkata başladım”.

Yenə də İmam (ə) aydın şəkildə bəyan edir ki, qiyamının, hərəkatının, Aşurasının məqsədi nə hakimiyyətdir, nə də var-dövlət. Aydın şəkildə bəyan edir ki, mən İslam Peyğəmbərinin (s) dinini yaşatmaq üçün hərəkata başlamışam. İslam din olaraq məhv ola bilərdi, sıradan çıxarılma təhlükəsi gerçək idi. Nəinki, İslamın mahiyyətinə zərbə vurulurdu, zahiri məsələlərinin belə artıq sıradan çıxarılma təhlükəsi gün kimi aydın idi. Əba Əbdillah (ə) bununla izah edir bu mübarək hərəkata başlamaq qərarını.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 163 Bölmə: Maraqlı melumatlar