beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BAŞ ÖRTÜYÜ, HİCAB, KƏLAĞAYI...

Olduğunu göstərmək, mən də varam demək istəyənlər, qonşudan geri qalmamaq fikri ilə həyatlarını sürüyənlər, ziyalı, modern, hansısa klassikin əsrimizdəki davamçısı olduğu iddiasında olanlar və sairlər elə hey bu haqda əleyhdə cızma-qara edirlər. Amma evin su təchizatı xarab olanda qəssab çağırmayan, dişi ağrıyanda ginekoloqa getməyən bu insanlar dinlə bağlı məsələdə dərhal ustad, şeyx olub çıxır qarşımıza. Bəli, hər sahənin ixtisas sahəsi olduğu kimi bu sahə də peşəkarlıq tələb edir. Dərman alarkən hansı maddədən nə qədər istifadə edildiyini əczaçıdan soruşmayanlar, satıcının dediyinə qeyd-şərtsiz əməl edənlər dini məsələdə dərhal «alim» olurlar. Bu məsələləri heç olmasa biləndən soruşsaq, daha məntiqli olmazmı? Hər iki cavabı bir kənara qoyub keçək əsas mətləbə...

Baş örtüyü nədir? Dinlərdə, xüsusilə də vəhyə əsaslanan dinlərdə bu məsələyə münasibət necədir? Birinci olaraq, baş örtüyünün Allahın əmri olması ilə bağlı məsələyə müraciət edək.

İlahi dinlərdə baş örtüyü
Əlimizdə mövcud olan yazılı Tövratda [Elohim] bununla bağlı buyruq olmadığı halda Rabbinik rəvayətlərdə belə deyilir: «İsrail qızlarına başı açıq çöldə gəzmək yaraşmaz», «Arvadının saçlarını göstərməsinə icazə verən kişiyə lənət olsun»... «Başı açıq ailəli bir qadının olduğu məclisdə dua və ibadət etmək qadağandır». Tövratda isə bütün hörmətə layiq və nüfuzlu qadınların başı örtülü olduğu qeyd edilir. İshaq peyğəmbərin həyat yoldaşı, Yəqub peyğəmbərin anası Rəhil, Yusuf və Musa peyğəmbərlərin anaları və sair başı örtülü olaraq təsvir edilir. Hazırda hasidim yəhudi camaatının qadınlarının hamısı pariklə gəzirlər. Yəhudilikdə baş örtüyü əsasən iffət kimi qəbul edilib.

Xristianlığın müqəddəs kitabı olan İncildə belə buyurulur: «Mən Məsihdən nümunə götürdüyüm kimi siz də məndən nümunə götürün... Başıaçıq dua, yaxud peyğəmbərlik edən hər qadın da öz başını şərəfsiz edir. Belə qadınla saçları qırxılmış qadın arasında fərq yoxdur. Əgər qadın başını örtmürsə, qoy saçlarını qısa kəssin. Amma əgər qadın üçün saçını qısa kəsməsi, yaxud qırxması ayıbdırsa, qoy başını örtsün. Özünüz qərara gəlin, Allaha başıaçıq dua etmək qadına yaraşarmı?» [«Korinflilərə birinci məktubu», 11/5-6].

İslamda baş örtüyü
İndi isə İslamın baş örtüyü ilə bağlı mövqeyinə nəzər salaq. Bildiyimiz və bildiyinizi güman etdiyimiz kimi, İslam dininin əsası Qurani-Kərim və bu kitabı insanlara çatdıran Peyğəmbərin hədisləridir. Qurani-Kərimdə Uca Allah belə buyurur: «Ey iman gətirənlər! ...Onlardan [Peyğəmbərin zövcələrindən] bir şey soruşduqda, pərdə arxasından soruşun. Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər...» [«Əhzab» surəsi, 33/53].

«Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!» [«Əhzab» surəsi, 33/59].

Hicrətin 4-cü ilində gələn bu ayə konkret olaraq peyğəmbərin həyat yoldaşları ilə əlaqəli olaraq göndərilib. Buradakı «pərdə arxasından» olan kəlmə hicab termini ilə məşhur olub. Həmin il başqa ayələrlə bütün mömin qadınlara baş örtüyü əmr edilib. Allah belə buyurur: «Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini [zinadan] qorusunlar. Bu onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır! Mömin qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar; öz özlüyündə görünən istisna olmaqla, zinətlərini göstrəməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər...» [«Nur» surəsi, 24/30-31].

Quranda baş örtüyü, yoxsa sinə örtüyü?
Bilirəm çox absurd sualdır? Amma cavab verilməli məqamlar olduğu üçün belə sərlövhə yazdım. Bəzi adamlar Qurana tabe olmağın əvəzinə, Quranı özlərinə tabe etdirməyə çalışırlar. Bu çalışmaların nəticəsində də ziddiyyətlər ortaya çıxır. Belələri bu ziddiyyətlər burulğanında qərq olub tarixin vərəqlənməyəcək səhifələrinə ucrah olurlar. İndi məsələyə bu prizmadan yanaşaq. Dilçi olduğu halda, özünü dinçi kimi qələmə verərək Quranı tərcümə edən şəxs mövzu ilə əlaqəli yazdığı yazıda belə deyir: «Ənənəvi izahlarda həmin sözü baş örtüyü kimi qələmə verib yazırlar ki, qadınlar baş örtüklərini bağlayıb salmalıdırlar sinələrinin üstünə. Halbuki həmin sözün nə “baş”, nə də “saç” sözü ilə əlaqəsi yoxdur. Qadınlara xitabən başınızı, yaxud saçlarınızı örtün deyə müqəddəs Oxuda bir əmrə rast gəlinmir də ki, bunu fərz əməllər sırasına aid edəsən...»

Bəli, maraqlı və çaşdırıcı izahdır. Çünki məntiqli kimi göründüyü halda, tamamilə ziddiyyətlər ehtiva edən cümlə quruluşudur. Lüğətə müraciət edilərsə, ərəb dilində qadınların istifadə etdiyi örtüklərlə bağlı bunları görmək olar:
1. Burqa [burku]: Bütün üzü örtər, 2. Niqab: gözün birini açaraq bağlanan örtükdür. 3. Lifam: Burunun üstünü və gözləri görünən örtükdür. 4. Lisam: Ağzın üstündən etibarən örtülən örtükdür. 5. Xımar: Üs istisna olmaqla, boyunu tamamilə örtən örtükdür və Quranda əmr edilən örtük budur. 6. Nasif: Böyük şərfə oxşayan örtükdür. 7. Miknəə: nasifdən daha böyükdür və belin aşağısına qədər uzanan baş örtüyüdür. 8. Cilbab: Üz istisna olmaqla başdan ayağa hər tərəfi örtən örtükdür. Bunlar lüğətlərdə baş örtüyü ilə əlaqəli olan sözlərdir.

Məntiqdən danışdığı halda məntiqsiz cümlələr işlədənə mən də başqa sual vermək istəyirəm: "Bu qədər sözün hansında baş sözü keçir?" "Nur" surəsindəki ayədə qeyd edilən «xımar» sözü lüğətdə birmənalı olaraq başla əlaqəlidir. Spirtli içki ilə bağlı qadağa da Quranda eyni kökdən, yəni «xamr» sözünən törəyib. İkisi arasındakı müştərək nöqtə «baş»la əlaqəli olmasıdır. Məsələn, «küfr» də «örtmək» deməkdir. Amma başa, yaxud ağıla deyil, ürəyə nisbət edildiyi üçün fərqli kökdən istifadə edilib. Eyni sualı bir də təkrarlayıram. Bunun içində «baş» sözü varmı? Yuxarıda sadaladığım başörtüyü ilə bağlı sözlərin hansında «baş» sözü var?

Buna heç ehtiyac da yoxdur. Ana dilimizdə də belədir. Yaylıq, kəlağayı, yaşmaq, örpək və sair sözlərində «baş» sözü əlavə olunubmu? Çünki hamı bilir ki, kəlağayı, yaylıq baş örtmək üçündür, ayağa geyinmək üçün deyil. Ərəb dilində "nələyn", "xuffətəyn", "cəvrabəyn" da ayağa geyinmək üçündür və heç birində «ayaq» sözü qeyd edilmir. Burada «ayaq» sözü keçmir demək nə qədər məntiqlidirsə, yuxarıdakı sözlərdə «baş» sözünün keçməməsi də o dərəcə məntiqlidir və deyənin məntiqini göstərir.

Baş örtüyü Allahın əmridir!
Məntiqdən bəhs edərək məntiqsiz iddia ortaya atan şəxs yazır: «Burada söhbət yalnız qadın köksünün, sinəsinin örtülməsi zərurətindən gedə bilər ki, müsəlman olsun, ya qeyri-müsəlman, bütün mədəni millətlər içində buna əməl etməyən yoxdur...» Buna əməl etməyən yoxdursa, Quran onda niyə desin ki, sinələrinizi örtün. Yaxşı eyni məntiqlə biz də soruşaq, «xımar» sözünün içində hanı «sinə» sözü? Bir cümlədə bir neçə ziddiyyət ancaq bu qədər ola bilər. Heç demə, ərəb dilindəki «xımar» sözü qadının sinəsini örtmək üçün imiş. Heç demə, baş örtüyü ilə bağlı Quran ayəsi gələnə kimi qadınlar namazlarını sinələri açıq qılırlarmış... Halbuki bu məntiq təxəyyülü olduğu halda, real məntiqi olmayanlar unudurlar ki, namaz əmri baş örtüyü əmrindən əvvəl, hicrətdən əvvəl əmr edilib. Bu iddialara cəhalət deyilir. Cəhalət elmlər namizədi, elmlər doktoru olmaq deyil, cəhalət həddini bilməməkdir. Həddini bilməyərək bu iddiaları ortaya atanlar da cahildir...

İndi gələk ayədə qeyd edilən «cəyb» sözünə... Bu söz lüğətdə «qopuq, cırıq, kəsilmiş» mənalarına gəlir. Dilimizdə də istifadə etdiyimiz «cib» sözü də «açıq yerlər, yaxanın və qolun açıq yeri», xülasə bir barmağın paltarın içinə girəcəyi bütün açıq yerlərinə deyilir. Elə isə Allahın «Nur» surəsinin 31-ci ayəsindəki əmri necədir və nəyi nəzərdə tutur? Cavabı sadədir: İslamdan əvvəlki dövrdə aksesuar kimi başın üstündən belə atılan örtüyü, bütün boyunu və gərdanlığı da əhatə edəcək tərzdə örtməyi nəzərdə tutur. Bəli, bu əmr Allahı kitabına tabe olanlar, Allaha təslim olanlar üçündür.

Quranı dəyişdirmək istəyənlər...
İslamdan əvvəl göndərilən ilahi vəhyə əsaslanan kitabların dəyişdirilməsinin, təhrif edilməsinin əsas səbəbi bu idi. Həqiqətə tabe olmağın əvəzinə, həqiqəti özlərinə tabe etdirib insanları çaşdırırdılar. Həmin kitablarla bağlı nəticə göz qabağındadır. Amma Quranla bağlı bunu bacarmayacaqlar. Çünki öz iddialarını Qurana əsaslandırmağa çalışanlar, ayələrə yanlış olaraq istinad edənlər heç vaxt istədiklərinə nail ola bilməyiblər.
Allah Quranda geyimin bir nemət olaraq göndərildiyini buyurur: «Ey Adəm oğulları! Sizə həm çılpaqlığınızı örtmək, həm də geyim və bəzəkli libas bəxş etdik. Lakin təqva libası daha xeyirlidir. Bu, Allahın ayələrindəndir ki, bəlkə, öyüdnəsihətə qulaq asasınız» [«Əraf» surəsi, 7/26]. Burada təqvasız örtüyün ruhsuz cəsəd kimi olduğu bildirilir. Geyinmək insanın şəxsiyyətinə fikir verilməsi üçündür. Örtünməyin əsasında cinsiyyətin ictimailəşdirilməməsi dayanır. Örtünmək qadın-kişi münasibətinin cinsliklə deyil, şəxsiyyət üzərindən həyata keçirilməsi üçündür. Münasibətlərin zəhərlənməməsi üçündür.
Örtünməyin çərçivəsini və sərhədini əmr edən qadını da kişini də yaradandır. O isə yaratdığını bütün yaradılanlardan yaxşı tanıyır. Bu sərhədi qoyan Allahdır. Müsəlman buna iman gətirib Allahın hökmünə tabe olandır. Kənardan deyənlər və müxtəlif iddia edənlər isə Quranın ifadəsi ilə «Allaha dinini öyrətməyə çalışanlardır» [«Hucurat» surəsi, 49/16]. İndi isə gələk «Allaha dinini öyrətməyə çalışanlara...»

Baş örtüyü simvoldur!
Hər kəs simvolu bir cür başa düşür. Simvol görünməyən, bilinməyən, yaxud dərk edilməyən bir şeyi oxşatmaq, uyğunlaşdırmaq kimi müxtəlif yollarla təmsil etmək üçün istifadə olunan nəsnə və ya vasitədir. Eynicür başa düşənlərə xatırladım ki, bəli, baş örtüyü simvoldur. Nəyin simvoludur? Baş örtüyü siyasətin simvolu deyil, Allaha itaətin simvoludur. İslam dininin əsaslarından biri olan həcc simvollardan ibarət ibadət olduğu kimi baş örtüyü də simvoldur.

Baş örtüyü simvol olduğu kimi baş örtüyü qadağası da başqa bir simvoldur. Nəyin simvoludur? Təzyiqin simvoludur. Dindar olmayanların dindar olanlara qarşı zülmünün simvoludur. İnsan haqlarının tapdanmasının simvoludur. Bu simvolla əlaqəli Peyğəmbərin dövründə baş verən bir hadisəni burada qeyd etməyim yerinə düşərdi...
Mədinədə müsəlmanların hər ötən gün gücləndiyini həzm edə bilməyənlər bunu qusmaq üçün yollar axtarırdılar. Bir gün başı örtülü müsəlman bir qadın yəhudilərin Mədinə şəhərindəki Qaynuqa bazarına getmişdi. Zərgər dükanında qadının örtüyünün açılmasına səbəb olan yəhudilər bu mənzərə qarşısında gülüşməyə başladılar. Və bu onların Mədinədəki sonuncu gülüşləri oldu. Nəticədə hamısı Mədinədən köçməli oldular.
Bu hadisəni yazmağımın bir səbəbi var. Bəni Qaynuqa yəhudilərinin qadınlarının da başları örtülü idi. Amma buna baxmayaraq onların baş örtüyünə verdikləri məna ilə, müsəlmanların inandıqları məna arasında fərqlər var idi. Onlar baş örtüyünü kişinin qadın üzərindəki hökmranlığı olaraq qəbul etdikləri halda, müsəlmanlar bunu Allaha itaətin və ləyaqətin simvolu olaraq qəbul edirdilər. Onlar müsəlman qadının baş örtüyünə hücum edərkən bu simvola hücum etmişdilər.

Milli-mənəvi dəyərlərimizə yadlaşanlar...
Baş örtüyünə qarşı gələnləri, yazanları, etiraz edənləri, susaraq nəticəsinin necə olacağını gözləyənləri bir qədər başa düşmək olur. Çünki uzun illərdən sonra ilk dəfə kontrasta məruz qalırlar. Bu, bədənin isti sudan soyuq girməsi nəticəsində yaranan şok effektinə oxşayır. Çünki sovet rejimi elə bir nəsillər yetişdirdi ki, həm ənənələr onlara yadlaşdı, onlar da adətlərə əcnəbiləşdi. İndinin bəzi statusundan asılı olmayan yaşlı şəxsləri adət-ənənələrini, milli-mənəvi dəyərlərini, dinlərini yaşadan analarını, nənələrini, gənc də olsa, başlarını örtənləri geridə qalmış kimi görərək özlərini müasir hesab edirlər. Lakin unudurlar ki, zaman məfhumunun özü nisbi anlayışdır. Müasirlik məfhumu isə hər dövrə görə dəyişən anlayışdır. Bu idraka görə, babalarımız geridə qalıb biz inkişaf edərək müasirləşmişik, ya da övladlarımıza görə biz geridə qalmışıq. Başı açıq təhsilli, zəkalı insanlar olduğu kimi, baş örtüyündən istifadə edən çox ağıllı qadınlar var. Məsələyə geridaqalmışlıq kimi yanaşmaq yumşaq ifadə ilə desək, cəhalətdir. Bu cür insanlar, keçmiş sovet rejiminin sırıdığı ideoloji kinolarda həmişə başı örtülü insanlar yaşlı, açıq-saçıqlar isə gənc, müasir kimi qələmə verilirdi... Kəlağayının, yaylığın, örpəyin, baş örtüyünün onların timsalında, sovet rejimi müəlliflərinin əsərlərindəki tənqid olunan məqamlar kimi qalıb.

Müdrikləşə bilməyən qoca ruhlu "gənclər"...
Özlərini gənc hesab edərək bunlardan fərqlənmək istəyənlər də əvvəl özlərini ateist hesab etdilər, sonra olmayan dinlərindən imtina etdilər, indi də başlarını örtənləri geri qafalı hesab edərək təzadlı baxışlarını davam etdirirlər. Hətta bunlar bu torpaqları belə özlərini yad hesab edirlər. Bunlar baş örtüyü olan yerdə özlərini əcnəbi kimi görürlər. Sanki demək istəyirlər ki, «biz sizə görə kafirləşə bilmirik». Belələrinin arasında bəzi qadınlar da var ki, əxlaqın, namusun müasirliyə zidd olduğu fikrinə qapılıb, özlərini bu fikirlərin ağuşuna atırlar. Belə zavallıları isə xalqımız çox gözəl tanıyır...

Baş örtüyü dəb deyil!
Hərşeyşünaslardan biri çıxıb baş örtüyünün dəb olduğunu iddia edir. Həmişə dəblə geyindiyini iddia edənlər nədənsə bu «dəbə» yaxınlarını layiq görmürlər. İnanan bir insana inandığı dəyərlərdən birini tərk etməsini tələb edərək bunu adi davranış olaraq hesab edən adam dəyər, yaxud inanc anlayışından bixəbər zavallıdır. Bu fikirdə olan insanların inandığı bir dəyəri olsaydı, inanan bir insana belə dəyərsiz təklif etməzdi. Heç olmasa bilərdi ki, iman dəb deyil. Dəblər bu iddianın sahibləri kimi dəyişə bilər, zövqlərə görə fərqlilik göstərə bilər, amma iman və imanla əlaqəli məsələ belə deyil, yəni dəyişməzdir.

İslamdan əvvəl qadınlar lüt gəzmirdi...
Din əleyhdarı kimi görünmək istəyənlərdən biri İslamdan əvvəl qadınların lüt gəzdiyini iddia edərək baş örtüyü ilə bağlı ayənin bunun qarşısını almaq üçün olduğunu iddia edir. Hətta bu iddiasına sübut kimi qadınların Kəbəni lüt fırlandıqları ənənəsi olduğunu da bildirir.

Bu iddia, bizə sırınan tarixdəki daş dövrü, homo habilis, homo erektus, homo sapiens, neandertallar kimi nağıllar əsasən dinsiz ideologiyanın ortaya atdığı, lakin heç bir sübutu olmayan əsassız iddialardır. Yuxarıdakı iddia da insanın əcdadının lüt gəzməsi ilə bağlı iddia qədər tutarsız və arsız fikirdir. Buna burada üç nöqtə qoyaraq keçək iddianın əsas tərəfinə...

İslamdan əvvəl Kəbənin lüt təvaf edilməsi ilə bağlı məqamlar olub. Amma bu deyildiyi kimi adət və ənənə deyil, ötəri bir hadisə olub. Məkkəlilərlə bağlı bir məsələ də deyildi. Çünki heç bir məkkəli Kəbəni heç vaxt paltarsız təvaf etməmişdi. Məşhur «Fil hadisəsi»ndən sonra məkkəlilər özlərini «Allahın xalqı» elan etdilər və «hums» adlandırdılar. Kənardan gələn insanlara isə «hılli» dedilər. Bir hılli Kəbəni öz paltarı ilə deyil, ancaq yerlilərdən, yəni «humus»dan birinin paltarı ilə təvaf etməliydi. Beləliklə, paltar icarəyə vermək sektoru formalaşdı. Paltarsız təvaf ancaq paltar icarəyə götürməyə gücü çatmayanlarla məhdud olan bir məsələ olub. Bu insanlar da bir müddət əsasən gecə qaranlığında təvaf ediblər...

Buradakı digər arsız iddia Quranın «Nur» surəsində əmr edilən sözün baş örtüyü deyil, sinələrinin örtülməsi ilə əlaqəli olduğunu həya sərhəddini aşaraq dilə gətirirlər ki, bunu artıq cavabını yuxarıda qeyd etmişəm. Yenə də bir nüansı qeyd edim ki, İslamdan əvvəlki cəmiyyətdə örtü azadlığın və hörmətin əlaməti idi, daha doğrusu simvolu hesab edilirdi. Hətta baş örtüyü ilə əlaqəli olan bir hadisəni də burada qeyd etməyim yerinə düşərdi.
Ummu Qırfə binti Rabiə b. Bədr Malikoğulları tayfasının hörmətə layiq bir qadını idi. Ğatafan tayfasından olan iki ordu döyüşmək üçün qarşı-qarşıya dayanmışdılar. Döyüş başlamamış bu qadın baş örtüyünü yerə ataraq müharibənin qarşısını almışdı.

Nəticə
Ölkəmiz əsrlərlə daxildən və xaricdən olan müdaxilələr nəticəsində enerjisini bunlara sərf edib. Hazırda da bunu etdirmək istəyənlər ssenaristlərinin istəyinə uyğun olan rollarını oynayırlar. Bu kuklaların quyuya atdığı daşı çıxarmaq, xalqın haqlarına qarşı edilən təcavüzün fəsadlarını aradan qaldırmaq üçün xalqımız və xalqımızın haqlarını qorumalı olan dövlətimiz vaxtını itirir. Xatırlayırsınızsa, bir millət iki dövlət olan Türkiyədəki qadağalar itirilmiş illərdən savayı həmin ölkəyə heç nə qazandırmadı. Nəticə necə oldu? Bu gün həmin ölkənin birinci xanımı və qızı, hökumətin başçısının həyat yoldaşı və qızları başı örtülüdür.
Bizim ölkənin rəhbərinin həyat yoldaşı və qızları bir neçə dəfə Məkkəyə umrə ziyarətinə gedərkən başlarını örtmədilərmi? Kimin cəsarəti çatıb bunu dünyəviliyə zidd bir amil kimi ifadə edə bilər?

Qadağaları müdafiə etmək heç kimə nə başucalığı, nə şərəf gətirər... Bu qadağanı müdafiə edən bəzi kiçi cinsinə mənsub olanlara fikir verin, bu haqda yazanların, yaxud danışanların əksəriyyəti azadlıqlarını ehtiraslarına qul olaraq itirənlərdir. Bunlar qadınları daha «aydın» və daha açıq görmək istəyirlər. Çünki belələri belə qadınları daha çox öz ehtiraslarının qurbanına çevirə bilərlər, nəinki digərlərini...

Nə mən, nə də başqa biri heç vaxt əxlaq kriteriyalarını bu prizmadan yanaşaraq dəyərləndirmir. Heç kim demir ki, başı açıqlar namussuzdur, həyasızdır, başıörtülülər həyalıdır, yaxud da əksini də heç kim iddia edə bilməz. Bunlar fərdi məsələlərdir. Bu gün məsələyə insan haqların, vicdan azadlığı, dini etiqad azadlığı bucağından baxmaq lazımdır. Nəzərə almaq lazımdır ki, başını örtən insan azadlığını bu cür yaşamaq istəyir. Müsəlman qadın Allahın ona bəxş etdiyi azadlığı örtünərək yaşamaq istəyirsə, bundan kimə nə? Bu onun azadlığıdır. Buna qarşı olan etirazı onun azadlığına qarşı edilmiş haqsızlıq olaraq qəbul etməsi təbii haqqıdır. Bunu başa düşən insan müsəlman qadının baş örtüyünün nə mənaya gəldiyini anlaya bilər.

Təhsilimizin dünyəvi olması
Baş örtüyünə qarşı olanlar dövlətimizin dünyəvi olmasını əllərində bayraq tuturlar. Lakin bayrağımızdakı yaşıla hansı mənanın verildiyini ya nəzərə almırlar, ya da istədikləri kimi şərh edirlər. Amma bu şərhçilər hələ də prezident seçilənlərin nəyə görə Qurana əl basdıqlarını ya qavramırlar, ya da cavab tapa bilmədiklərinə görə bunların üstündən ötəri keçirlər. Təhsildə başörtüyünün olmasına etiraz edənlər də eyni şüarları, yəni təhsilimizi dünyəvi olması ilə əlaqələndirirlər. Amma müstəqilliyimizdən bu yana cavab tapa bilmirlər ki, təhsilimiz dünyəvi idi, yoxsa dünyəvi deyildi? Orta məktəblərdə baş örtüyünü qadağan etmək istəyən dünyəvilər görəsən universitetlərimiz haqqında nə düşünürlər? Universitetlərimiz də bu dünyəvi təhsilin bir hissəsidir, yoxsa onu da zamanla öyrənəcəyik? Məktəblərdən sonra eyni adla, eyni bəhanə ilə, eyni süni gündəmlərlə ba qadağa zehniyyəti universitetlərə də şamil ediləcəkmi (bəzi yerlərdə bu davam edir)? Bütün bu suallara cavabları qoyaq bir kənara... Bir məsələni soruşmaq istəyirəm? Daha doğrusu beyinlərinə gimnastika etdirmək üçün bəzi sualları sadalayaraq tapmaca demək istəyirəm:

Bir məsələni fikirləşirikmi ki, təhsil sistemimizdə dinlə bağlı heç bir fənn heç bir formada tədris edilmədiyi halda, bu insanlar necə dindar olurlar? Necə olur başlarını örtürlər? Demək olar ki, bütün TV-lərimizdə şou-biznesə daha çox efir vaxtı ayrıldığı, mətbuatımızda və saytlarımızda fərqli, bəzən din əleyhinə yazılar dərc edildiyi, faiz, spirtli içkilər, qumarın adi hal aldığı, «Azad qadın» heykəli gözlərimizi mazor etdiyi halda, bu adamlar hardan əmr alırlar ki, özlərinə belə «zülm» edirlər? İnsanlara zorla bir iş etdirmək çətin olduğu halda, bu insanlar könüllü bunları necə edirlər?

Baş örtüyünə qarşı olmadığını iddia edərək kənardan gömrüksüz idxal edildiyi iddiasını ortaya ataraq analarının kəlağayılı, yaşmaqlı, yaylıqlı olduğunu iddia edənlər buna razıdırlarmı həqiqətən? Yoxsa bunda da səmimi və ciddi deyillər? Pul alaraq başlarını örtürlər, siyasi simvoldur, ailələrin təzyiqi ilə başlarını örtürlər, qadınların azadlıqlarının əlindən alınmasıdır kimi iddiaların yiyələri nə danışdıqlarını bilirlərmi? Lap deyək ki, sizin dediyiniz kimidir. Deyək ki, bu insanlar müxtəlif bəhanələrlə başlarını örtürlər. Bundan sənə nə, mənə nə? Peyğəmbərin ifadəsi ilə desək, ürəyini yarıb baxmısan? Bunu Allah əmr etməyibmi? Hər bir insan əməllərinə görə Allaha cavab verməyəcəkmi? Sən məsələnin bu tərəfinə deyil, insan haqlarını müdafiə etmək, yaxud hörmətlə, tolerantlıqla yanaşmaq məcburiyyətində olduğun kimi buna da bu cür yanaş və bu insanların da haqlarını qoru və müdafiə et.

Burada bir günah da Qafqazın müsəlmanlarının rəhbəri olduğu iddiasında olan qurumda və rəhbərliyindədir. Azanın səsinin azaldılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə və oradan da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yağan məktub yağışından sonra azanların xəstələrə və yaşlılara görə səsinin alınmasını adı çəkilən İdarənin molla və axundları bir yerdən əmr almış kimi bəh-bəhlə əsaslandırmağa çalışırdılar. Nəticədə ölkə rəhbərliyi məsələyə qarışandan sonra hamı səssizliyə qərq oldu. Nə məktubları yazanlardan, nə məktublara dərkənar qoyanlardan, nə cavab verməli olanlardan səs çıxdı. Nəticədə çıxan azanın səsi oldu.

İndi də eyni situasiyadır. Hamı danışır, əleyhinə yazır, hətta bəziləri kampaniya belə aparırlar. Mən yenə də dünyəvi dövlətimizin rəhbəri cənab İlham Əliyevin son sözünü gözləyirəm. Müxtəlif məscidlərin, bəzi rəsmilərin iddia etdiyi kimi tikililərin sök(dür)ülməsindən sonra Fatiməi-Zəhra məscidi ilə bağlı yekun sözü söyləyərək inananların da prezidenti olduğunu göstərən və himayə edən birinci şəxsin bir cümləsini gözləyir bütün inananlar.

Təklifim
Dinin əsas atributu olan Quran və sünnədəki məsələlərə qismən toxunduq. Bunu deyək ki, qəbul etmirsiniz. Deyək ki, bu sizin stolüstü kitabınızdır və həmişə də belə təptəzə qalır masanızın üstündə. Və baş örtüyü ilə bağlı ayələrə də vaxt tapıb baxa bilmirsiniz. Heç olmasa dünyəvi təhsilimizdə fizika fənnində tədris edilən Eynşteynin sözünə fikir verin. Eynşteyn: «Elmsiz din kor, dinsiz elm isə topaldır», - deyir.

Həmişə adlarından ağızdolusu danışdığımız klassiklərimizin yetişdikləri yerlərə fikir verək. Heç olmasa çıxdığımız qınımızdakı baş örtüyü ilə bağlı məqamları nəzərə alaq. Bunları nəzərə almırıqsa, bir neçə təkliflər yazım:

1. Bakıda, Qubada açılan və ən yüksək səviyyədə qəbul edilən yəhudi məktəbləri kimi tədris ocaqları açaraq müsəlman qızların burada təhsil almasına şərait formalaşdıraq. «Olmaz» deməyin. Yəhudi məktəblərini misal göstərdim.
Əsrin əvvəlində Zeynalabidin Tağıyev və digərləri "Darülmüəllimat" (Qız pedaqoji məktəbinin köhnə adı), "Darülmüəllimin" (Oğlan pedaqoji məktəbinin köhnə adı) adlı məktəblər açmışdılar. 1910-cu ildə Bakıda Balaxanı qız məktəbi fəaliyyət göstərirdi. Təhsil Nazirliyinin orqanı olan «Azərbaycan müəllimi» qəzetinin 28 may 2010-ci il tarixli sayında belə yazılıb: «Artıq 1919-cu ildə Azərbaycanda 23 dövlət orta təhsil müəssisəsi vardı: 6 kişi, 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 "Müqəddəs Nina" qız məktəbi, politexnik məktəb və kommersiya məktəbi. Bakı Qadın Seminariyası kişi seminariyasına çevrildi, orada təhsil alanlar üçün (40 nəfər idi) pansion açıldı. 1918-1919-cu illərdə Gəncə Müəllimlər Seminariyası milliləşdirilmiş, Bakıda Darülmüəllimin və Darülmüəllimat, Nuxada Darülmüəllimin açılmış, Zaqatala, Ağdam və Şuşada belə tipli müəssisələrin yaradılması nəzərdə tutulmuşdu» (http://www.muallim.edu.az/arxi ... 4.htm). Burada qeyd edilən «darülmüəllimat» ancaq qızların təhsil aldığı məktəb, yaxud seminariya, «darülmüəllimin» isə sadəcə oğlanların təhsil aldığı məktəblərdir. Hətta Stalinin vaxtında, Azərbaycanda "Puşkin" adına qızlar məktəbi var idi. Amerikada və Avropada əsrlərdir fəaliyyət göstərən qızların və oğlanların ayrı oxuduqları məktəblər fəaliyyət göstərir. Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində Pakistanda tikdirdiyi qızlar məktəbini bura misal kimi qeyd edə bilərik. Həmçinin Təhsil Nazirinin həmişə təriflədiyi özəl sektor, daha doğrusu Çağ Öyrətim işlətmələri şirkətinin özəl liseylərinin hamısında oğlanlar təhsil alırlar.

2. Qiyabi təhsil. İnsan təhsili sadəcə dörd divardan ibarət olan məktəbdə almır. Təhsil, elm çox mənalı bir sözdür. Hazırda universitetlərə qəbul olanların əksəriyyəti repitetor yanına gedənlərdir. Orta məktəblərin 9-cu sinifindən repitetor yanına getməyə başlayanlar var. Bu da imkana görə dəyişən bir məsələdir. Təhsildəki problemləri bununla əlaqələndirmirəm. Bu problemləri ölkə başçısı, prezident administrasiyasının rəhbəri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri dəfələrlə bildiriblər. Ona görə mənə bu yerdə söz demək düşməz. Əgər başı örtülü qızları məktəbə getmələri yasaqlanırsa, ya özəl məktəblər açılsın, ya da ibtidai sinifdən sonra qiyabi təhsilə icazə verilsin. Müəllim tutan valideynlər övladlarını hazırlaşdıracaqlar. Çünki bizim valideyn kağız üzərində də olsa, övladının diplom alması üçün inəyini satacaq qədər «cəsarətli»dir. Qiyabi təhsil alan və hazırlaşan şagird imtahan verərək sinifdən-sinifə keçə bildiyi kimi, şəhadətnamə və ya attestat almaq üçün də imtahan verərək sənədini alacaqdır.

3. Sonuncu təklifim... Yuxarıda sadaladığım təkliflər yeni siniflərin, yeni təbəqələşmələrin formalaşmasına gətirib çıxara bilər... Başı örtülü qızların təhsil almasına icazə verin. Ən gözəl həll yolu budur. Süni gündəmlərlə inkişaf edən ölkəmizi inkişafdan saxlamayaq. Cəhalət ən böyük düşməndir. Bu insanları oxumaqdan yayındıraraq savadsızlar ordusu formalaşdırmayaq və cahilləşdirməyək. Vətəndaşlarımızı cəhalətə atmaq xalqa və dövlətə qarşı ən böyük düşmənçilikdir. Çünki sonra da yeni layihələrə «Qızlar məktəbə» layihəsinə də ehtiyac qalmasın.


Elşad Miri
www.elshadmiri.com


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 442 Bölmə: Maraqlı melumatlar