beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslamın Gözəllikləri (Kamillik və Şamillik)

1) Kamillik və şamillik:
İslam şəriətinin dayağı möhkəm, binası isə kamildir. Həqiqətən bu şəriət, dünyada insanı bəşəriyyətin kamillik dərəcələrinə yüksəldən və axirətdə onu nicata yetişdirən şəriət qaydaları gətirmişdir.
Həmçinin İslam şəriəti cin və insanlar üçün nazil edilmiş ümumi bir dindir. O, bir tayfaya və nəslə xas olub digərlərinə aid olmayan şəriətlərdən deyil, əksinə bütün insanlar üçün nəzərdə tutulmuşdur.

Eləcə də İslam şəriəti, həyatın bütün sahələrini və cəmiyyətin hər bir təbəqəsini əhatə edir. Bu din hər təfərrüat haqqında məlumat vermədən, yaxud ona bir hökm aid etmədən və ya onu bir qaydanın daxilində qeyd etmədən onu tərk etməyib. Islam şəriəti insanların işi qarşısında aciz olmaz, bir cəmiyyətin yetişdiyi yüksək mərtəbədən geri qalmaz. Əksinə hər zaman və hər məkanda insanların mənfəətlərini həyata keçirər, hər bir anda və hər bir vəziyyətdə onların ehtiyaclarını ödəyər.
Quran və Sünnədə İslam şəriətinin ümumi və şamil olması haqda bir çox dəlillər mövcuddur. Bunlardan birində Allah taala buyurur:
"(Ya Rəsulum!) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm...." (əl-Əraf: 158).
Allah taala buyurur:
"(Ya Rəsulum!) Biz səni (təkcə öz qövmünə deyil) bütün insanlara (möminlərə Cənnətlə) müjdə verən, (kafirləri isə Cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik. Lakin insanların əksəriyyəti (bunu) bilməz!" (Səba: 28).
Allah taala buyurur:
"Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara (və ya Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara) da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!" (ən-Nəhl: 89).
Bir hədisdə isə Peyğəmbər (sav) buyurmuşdur:
"Mənə, öncəkilərə verilməyən beş şey verildi...." sonra dedi: "Hər bir peyğəmbər ancaq öz tayfasına göndərilirdi, mən isə bütün insanlara göndərilmişəm"( Buxari: 1\ 435-436\ ? 355.)
Başqa bir rəvayətdə deyilir ki:
"Hər bir peyğəmbər ancaq öz tayfasına məxsus göndərilirdi, mən isə hər bir qırmızı və qaraya (bütün insanlara) göndərilmişəm"( Müslim: 1\ 370-371\ ? 521.)

Bəzi qeyri müsəlman tarixçilərin: "İslam dəvəti yerli camaat olan ərəblər üçün gəlmiş və onların arasında yayılmışdır və fəthlərdən, İslam aləminin genişlənməsindən sonra bu dinin ümumdünya din olması qərara alınmışdır" – deməsi batil bir iddiadır. Quran və Sünnədən gətirdiyimiz əsaslar Məhəmməd  şəriətinin ümumbəşəriliyinə və bütün dünyaya aid olmasına dəlalət edir. İslam dini ümumbəşəri dindir və bu din dilindən, irqindən və cinsindən asılı olmayaraq hər zaman və hər məkanda bütün insanlara yönəldilmiş dindir.
Qurani-Kərim keçmiş peyğəmbərlərin şəriətindən bəhs edərkən həmin şəriətlərin öz tayfalarına aid olduğunu qeyd edir. Bu haqda Allah taala buyurmuşdur:
"Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur..." (əl-Əraf: 59).
"Ad tayfasına da qardaşları Hudu (peyğəmbər göndərdik)..." (Hud: 50).
"Səmud tayfasına da qardaşları Salehi (peyğəmbər göndərdik)..." (əl-Əraf: 73).
Allah taala Peyğəmbərimizin şəriəti haqda danışarkən onun ümumi və ümumbəşəri olmasını açıq-aşkar qeyd edərək buyurur:

"Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq üçün (haqqı batildən ayıran) Quranı Öz bəndəsinə (Muhəmmədə) nazil edən Allah nə qədər (uca, nə qədər) uludur! (Ucalardan ucadır; əzəli və əbədidir, xeyir-bərəkəti bol və daimidir!)" (əl-Furqan: 1).
"Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik..." (əl-Ənbiya: 107).
Bəzi alimlər bu məsələni təsdiqləyərək demişlər: "İslam dininin zəruriliyindən bəlli olmuşdur ki, Məhəmmədin  şəriəti hər bir ərəb-əcəm, varlı-kasıb, alim-cahil insanlar və hətta cinlər üçündür. O qiyamətə qədər davam edəcəkdir. Məxluqatdan heç kəsin bu dindən çıxmağa və ona əməl etməməyə haqqı yoxdur. Ümməti üçün qoyduğu dini qaydalara, sünnələrə, əmr və qadağalara, əməl etmək vacibdir. Əgər Məhəmməd peyğəmbərdən öncəki peyğəmbərlər sağ olsaydılar ona itaət edər və onun ardınca gedərdilər".
Həqiqətən, bu sonuncu şəriətdir. O, özündən əvvəlki şəriətlər kimi, heç bir ayrıca götürülmüş tayfaya, cinsə və heç bir ayrıca götürülmüş zamana məxsus deyil. İnsanların əvvəlki şəriətlərə riayət etmələri bu dinə hazırlıq idi. Bu şəriət əvvəlki şəriətlərdən fərqli olaraq bünövrəsində kamil və prinsipial müddəaları ilə hər şeyi əhatə edir. O, bütün bəşəriyyət üçün nazil edilmiş din qanunvericiliyinin əsasıdır.
Bəli, İslam şəriəti öz hökmləri və əsasları ilə həyatın bütün sahələrini və insanın ehtiyaclarını tam əhatə etmişdir. Bu şəriət insanın məqsədlərini nəzərə almış və onun yaradılış qayəsini açıqlamışdır. Rəbbi ilə onun bağlılığını, qohum-qardaşla və yaşadığı cəmiyyətlə əlaqəsini qaydaya salmış, hüquqlarını və vacib əməllərini müəyyən etmiş, münaqişələri həll etmək və hər kəsin haqqını özünə qaytarmaq üçün əsaslar qoymuş, insanlar arasında onların həyatını və işlərini hər cəhətdən qoruyan ədalət qaydalarını sabitləşdirmişdir.
Həqiqətən, bu şəriət dini, dünyanı, zahiri və batini özündə cəm etdiyinə görə həyatın kamil yoludur. Bununla o, insan üçün dünya və axirət xeyrini bir araya toplamışdır.
Belə kamil və əhatəli şəriətin müsəlmanın yolunu işıqlandırması onun üçün müjdədir. Həmçinin bu şəriət hər böyük-kiçik, gizli-aşkar, zahir-batin işdə müsəlmana yol göstərir.
Peyğəmbər (sav) şəriəti vəsf edərək buyurmuşdur:

"Sizi ağ (işıqlı) yolun üzərində tərk etdim, onun gecəsi gündüz kimidir. Məndən sonra ondan yalnız məhv olmağı seçən kimsə azar"( İbn Macə: 1\ 16\ ? 43. Əhməd: 4\ 126. Albani "Zilalul Cənnə" kitabı, ? 48-də hədisin səhih olduğunu demişdir.)

2) Əvvəlki şəriətlər üzərində hakimlik:

Bir neçə gerçəkliklər vardır ki, onlarda heç bir şəkk-şübhə yoxdur. O həqiqətlər bunlardır: Allahın dini birdir, bütün rəsullar - Adəmdən (ona Allahın salamı olsun) peyğəmbərlərin sonuncusu Məhəmmədə  qədər hamı bu dini yaymış və davam etdirmişlər. Bu haqda Allah taala buyurur:
"(Ya Peyğəmbər!) Allah: “Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!” – deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin dəvət etdiyin (tövhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!" (əş-Şura: 13).
Peyğəmbərlərin və rəsulların dinləri bünövrə baxımından eyni olsa da onların şəriətləri və yolları başqa-başqa idi. Bu haqda Allah taala buyurur:
"Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik...." (əl-Maidə: 48).
Səmavi dinlərin əsası eyni, şəriətləri isə insanların hal-əhvalına, vəziyyətlərinə və Allah təbarəkə taalanın bildiyi şeylərə görə müxtəlifdir.
Artıq İslam şəriəti ötən şəriətlərin sonuncusu olaraq gəlmişdir. O, əvvəlki şəriətlərin gözəlliklərini özündə cəm etmiş və onların üzərində hakim olmuşdur. Bu haqda Allah taala buyurur:
"(Ya Rəsulum!) Biz (Quranı) sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitabları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) olaraq endirdik..." (əl-Maidə: 48).
Məhəmməd şəriəti özündən əvvəlki bütün səmavi şəriətləri əhatə etmiş, onlardan kamilliyinə və gözəlliyinə görə üstün olmuşdur.
Bəzi alimlər deyirlər: "Allah yüz dörd kitab nazil edib və onların elmini dörd kitabda cəm etmişdir: Tövrat, İncil, Zəbur və Furqan. Sonra bu dörd kitabın elmlərini Quranda cəm etmişdir".
Digər alimlər isə belə deyirlər: "Quran, özündən əvvəlki kitablarda olan, Allah və axirət günü haqda xəbərləri təsdiq etmiş və açıqlamış, təfsilatını vermiş, onlara olan dəlil və sübutları bəyan etmişdir. Bütün peyğəmbərlərin peyğəmbərliyini və rəsulların şəriətlərini təsdiq etmişdir. Cürbəcür dəlillər və sübutlarla ötən şəriətləri təsdiq etmiş, Allahın onlara nəsib etdiyi aqibəti və kitablara tabe olanlara etdiyi köməkləri açıqlamışdır. Şəriətlərə insanlar tərəfindən edilən artırıb-əskiltməni, kitab əhlinin əvvəlki kitablara etdikləri dəyişiklikləri, bəyan edilməsi əmr olunmuş hökmləri gizli saxladıqlarını bildirib aşkara çıxartmışdır. Həmçinin peyğəmbərlərin gətirdikləri gözəl şəriətləri və yolları da açıqlamışdır. Beləliklə, Qurani-Kərim ondan əvvəlki kitablardan bir-sıra cəhətlərinə görə üstündür. Məsələn, o, doğru olanları təsdiqləyir, insanlar tərəfindən dəyişdirilən hökmlərə şahidlik edir, Allahın buyurduqlarını təsdiqləyir, nəsx (hökmünü ləğv) etdiyi şəriət qanunlarını ləğv edir və Qurani-Kərim xəbər verilənlərə şahid, əmr olunanlara hakimdir. Ta qədim zamanlardan bu günə qədər insanların dini əsaslar, ilahi elmlər, qiyamət, peyğəmbərlik, əxlaq, siyasət, ibadət, nəfsi kamillik, səadət, nicat və s. haqda dedikləri sözlər, Qurani-Kərimdə buyurulanlara nisbətən, onun çox az bir hissəsini təşkil edir".
Sözün qısası, İslam dini insanlara verilmiş ilahi şəriətlərin axırıncısı, Məhəmməd  isə peyğəmbərlərin sonuncusudur. İslam şəriəti və ona dəvət qiyamət qopana qədər davam edəcəkdir. İslam şəriəti müəyyən bir vaxtla məhdudlaşmayıb. Ona görə də bəşəriyyətin həyatını təkmilləşdirməkdən ötrü onun tətbiqi dondurulmazdır. Əksinə, o, bütün bəşəriyyətə göndərilmiş ümumi və sonuncu şəriətdir. Bu şəriət, insanın fitrətinə və ağlına müraciət edərək gözəl işlərə can yandırmağı artırır, onun üçün qayda-qanun qoyur, getdiyi yolu müəyyən edir və həyatında onun üçün işıq saçır. İnsandan, sadəcə olaraq, İslam şəriətinə riayət etmək tələb olunur. İnsan onunla hər bir çətinliyin həllini, yeniliyin hökmünü, hər kiçik və böyük işdə yönəldilmə və ya əmr tapacaqdır.


Tarix: 08.05.2013 / 19:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 161 Bölmə: Maraqlı melumatlar