beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QADIN ƏRİNƏ VƏ ONUN MƏHƏBBƏTİNƏ NECƏ SAHİB OLMALI?

Ailədə ərlə arvad arasındakı bağlantı müqəddəsdir və bu bağlantı möhkəm, ayrılmaz tellərlə bir-birinə bağlan¬mışdır. Bunun üçün də həm kişi, həm də qadın bunu dərk edə biləcək bir şüura və təfəkkürə malik olmalıdırlar ki, aralarındakı bu əlaqələr də sağlam, möhkəm, qarşılıqlı və sabit olsunŞübhəsiz ki, evlənmək həyatda son dərəcə mühüm bir məsələdir. Buna görə də ərlə arvad evlilik əlaqəsinin qorunub saxlanılmasının əhəmiyyətini dərk etməli, ömür boyu davam edən fədakarlıq və sədaqət nümayiş etdirməklə, qarşılıqlı məsuliyyət hissi ilə buna riayət etməlidirlər.

Bununla yanaşı ərlə arvad qurduqları həyata görə və gözlənilmədən baş verə biləcək problemlər qarşı¬sında böyük bir məsuliyyətin daşıyıcıları olmalarının fərqində olmalıdırılar. Bu baxımdan da əlinizdə olan bu kitabça ərlə arvad arasındakı əlaqələrin möhkəmlən¬dirilməsini, onlar arasındakı xoşbəxtliyin təmin edilməsini, qarşılıqlı ünsiyyət yollarını və bu cütlük arasındakı yüksək dəyərlərin qorunub saxlanılmasını qısaca da olsa, bəyan etmək, bu məsələlərə aydınlıq gətirmək iqtidarındadır. Digər bir tərəfdən bu kitabça ailə bağlantılarının möhkəmləndirilməsi və bunların köçəri olduğumuz həyatda ən qiymətli bir azuqəyə çevrilməsi istiqamətində yenicə ailə qurmuş gənclərin maarifləndirilməsi baxımından da əhəmiyyətlidir.
Ailədə ərlə arvad arasındakı qarşılıqlı anlaşma sağlam və möhkəm təməlli bir ailənin əsasıdır. Şübhəsiz ki, belə bir ailə də evdə sabitliyin təmin edilməsinə, yaranmış boşluq¬ların doldurulmasına, meydana gələn çatların birləşdiril¬məsinə can atacaq, evlilik münasibətlərinin mürəkkəb vəziyyət almasının və uğursuzluğa düçar olmasının qarşısının alınmasında səylər göstərəcəkdir.
Gəlin söhbətimizə başlamazdan qabaq hamımız bir ağızdan Allaha belə dua edək:

Allahım! Bizə faydalı olanları öyrət, öyrətdiklərinlə
bizi faydalandır və elmimizi artır!
Həmd-sənalar ancaq Aləmlərin Rəbbi olan
Allaha məxsusdur!
Burada unutmaq lazım deyildir ki, hər bir ailə cəmiyyətin bir toxumudur. Beləliklə, kişi və qadının sağlam təməllər əsasında evlənməsi ilk öncə sağlam bir ailənin, daha sonra isə sağlam və münbit bir cəmiyyətin formalaşmasında öz müsbət təsirini göstərir.
Şübhəsiz ki, sağlam düşüncəli və əməlisaleh bir qadına nail olmaq xoşbəxtliyi hər bir kişinin arzusudur. Lakin birinci növbədə kişinin özü sağlam fikirli, əxlaqlı və əməlisaleh olmalıdır. İnsan həyatın reallıqlarını nə qədər yaxşı dərk edir etsin, onun bu barədəki biliyi natamam olaraq qalacaqdır. Ərlə arvadın qarşısında dayandığı reallıqlardan biri də evlilik əlaqəsidir. Bu əlaqə hansı meyarlar əsasında bağlanmalıdır? Onun əsasları nədir? Xoşbəxtliyi təmin edən amillər hansılardır? Bu barədə xoşbəxtlik açarının qadının əlində olmasını nəzərə alaraq ilk öncə ona müraciət edirik.

REAL BAXIŞ VƏ İDDİASIZLIQ

Ərlə arvad nikah müqaviləsini bağlamaqla məhəbbətə nail olduqlarını, bu dövlət sənədinə imza atmaqla həyatın bütün keşməkeşlərini arxada qoyduqlarını düşünürlərsə, səhvə yol vermiş olurlar. Biz romantizmi inkar etmirik və onun əleyhinə də deyilik. Ancaq təkcə romantizmlə kifayətlənmək və ər-arvad münasibətlərini təkcə bununla əlaqələndirmək altında çoxlu eyibləri gizlədən gözəl bir kosmetikaya bənzəyir ki, bunun da bədənə verdiyi gözəllik və təravət süni olduğu üçün tez bir müddətdə öz funksiyasını itirir və müvəqqəti gizlədə bildiyi eybəcərlik və qüsurlar gec-tez aşkara çıxır.
Qadının dərk etməli və qəbul etməli olduğu birinci məsələ iddiasızlıq və qənaətdir. Belə ki, o, xoşbəxtlik və səadəti özünə doğru yaxınlaşdırmalı, evini məhəbbətlə bəzəməli, xəyalpərəstliyə deyil, reallığa üstünlük verməli və sağlam düşüncəyə malik olmalıdır. Bəzən qadın kişiyə xas elə xüsusiyyətlərlə rastlaşır ki, bunları nə dəyişmək, nə də yenisi ilə əvəzləmək mümkün olmur. Belə olan halda qadın vəziyyətlə mümkün olduğu qədər barışmalı və şıltaq hərəkətlərdən uzaq olmalıdır. Çünki qadının yersiz və mənasız addımlar atması özünün iki böyük yalnış duruma yuvarlanmasına gətirib çıxara bilər.
Birincisi qadın etdiyi boş və mənasız hərəkətlərlə heç bir müsbət irəliləyişə nail ola bilməyəcək, əksinə, onun bu uğursuz cəhdləri səmərəsiz yerə vaxt itkisindən başqa bir şey də olmayacaqdır. Ümumiyyətlə qadının ərinin xasiyyətini dəyişdirmək istəyi çox vaxt uğursuzluqla və bəzən də xoşagəlməz hallarla nəticələnir. Onun bu cəhdlərini içində su olmayan bir tuluğu əbəs yerə silkələmək kimi mənasız bir hərəkətə də bənzətmək olar. Çünki bu halda qadının özü ərinin xoşagəlməz, nalayiq keyfiyyətlərlə xarakterizə olunmasına zəmin yaradır.
İkinci doğru olmayan bir hal isə qadının ərini onun üçün xarakterik olmayan, ruhunu oxşamayan, fikrini əks etdirməyən, müstəqil şəxsiyyətindən xəbər verməyən bir tərzdə görünməsinə sövq etməsi və bunda hədsiz israrlı olmasıdır. Bu da qadının ərindəki müsbət cəhətlərə göz yummasına gətirib çıxarır.
Bütün bunların baş verməməsi üçün də qadın özünü fitnə toruna düşməkdən gözləməlidir. O unutmamalıdır ki, onun özü də eyb və nöqsanlardan xali deyildir. Özünün ağ vərəq olmamasını dərk edən və bunu bir reallıq kimi qəbul edən hər kəs anlayacaqdır ki, başqalarının da mənfilikləri və zəif nöqtələri vardır. Bu baxımdan da qadın üçün nəzərdə tutulmuş ən gözəl taktika ərinin müsbət və mənfi keyfiyyətləri özündə cəmləşdirən bir cins olmasını qəbul etməsi və bununla barışmasıdır. Əgər qadın ərinə bağlanmağı bacara bilsə, onun üstün cəhətlərini təqdir etməklə və ərini yüksək pillələrə ucaltmaq istəyi ilə onu özünə doğru yaxınlaşdırsa, şübhəsiz ki, ərinin gözündə daha da böyüyər və onun könlündə heç kəsin tuta bilmədiyi yüksək bir məqama sahib olar.
Qadın dərk etməlidir ki, ərinin hansısa səhv bir addımını gördüyü zaman bunu təbii qarşılamalı, qətiyyən ümidsizliyə qapılmaq fikrinə düşməməli, kişinin qəlbinə sahib olmaq üçün ən düzgün yolun xoş sifətlə davranmaq fürsətini fövtə verməməlidir. Xoşbəxtlik hay-küylə deyil, sükutla, qarşılıqlı anlaşma ilə əldə olunur. Digər bir tərəfdən ərlə arvadın bir-birinə gördüyü yuxuları danışmaları, öz arzularını bölüşmələri xoşbəxt bir evdə sevgi çarxının daha sürətlə hərəkət etməsinə gətirib çıxarır. Xüsusilə də qadının ərinin qulağına pıçıltı ilə “Mənim bu həyatda bildiyim, tanıdığım yeganə ən gözəl şey bizi bir-birimizə bağlayan məhəbbət telləridir” – söyləməsi münasibətlərin daha da isinişməsinə və səmimiyyətinə yol açır.

HƏLİMLİK VƏ EHTİYATLILIQ

Müqəddimədə də vurğulandığı kimi evlilik iki əks cins arasındakı müqəddəs bir bağlantıdır. Lakin bəzən bu müqəddəsliyi qoruyub saxlamaq qadına təcrübəsizliyi ucbatından bir o qədər də asan başa gəlmir. Beləliklə, əksər hallarda gəlin ər evinə qədəm basdığı ilk gündən ərinə hakim olmağa, mənzilin qızıldan hazırlanmış bir qəfəs və bu qəfəsin açarının onun əlində olmasını başa salmağa tələsir. Belə bir şəraitdə evin kişisi onu hər tərəfdən mühasirəyə alan təzyiqlərə, basqılara və az qala ardı-arası kəsilməyən yoxlama xarakterli sorğu-sual atəşinə məruz qaldığını hiss etməyə başlayır və təbii ki, buna asanlıqla ram olmaq istəmir. Çünki o bu günə qədər tam sərbəst, azad bir insan idi və öz aləmində mənliyini və şəxsiyyətini hər şeydən uca tuturdu. Amma indi artıq onun mövqeyi dəyişməkdə, həlimliyi isə zəifləməkdədir.
Kişinin mənfi xüsusiyyətlərinin islah edilməsi mümkündür. Lakin bunun üçün münasib zamanın təyin edilməsi məqsədə uyğundur. Qeyd edilməlidir ki, ümumiyyətlə qadının davranışındakı mütəmadi zəriflik, danışığındakı xoş sözlər mənfiliklərin islah edilməsinə, həyatın çətinliklərinin yüngülləşdirilməsinə və problemlərin həllinə müsbət təsir göstərir. Bunun üçün də qadın ərini həmişə tərifləməli, ona şirin sözlər söyləməlidir ki, kişi özü özlüyündə bu təriflərdən təsirlənsin və buna layiq olmadığını anlasın. Belə olan halda kişi təbii ki, ona göstərilən etimad və inamı doğrultmaq üçün özündə müəyyən dəyişikliklərə çalışacaq və nəticədə yeni müsbət keyfiyyətlər də meydana gələcəkdir. Beləliklə, qadın müdrik addımı və xoş sözlərilə məqsədinə nail olmuş olacaqdır.
Qadının ərinin müsbət keyfiyyətlərini təqdir etməsi onun üçün bir məlhəmdir və səadət qapılarını açmağın ən düzgün yoludur. Əgər kişi özünü tərifləyirsə, ətrafındakıların diqqətini öz müsbət keyfiyyət və qabiliyyətlərinə cəlb etməyə çalışırsa, buna müsbət reaksiya verənlərdən və bunu təqdir edənlərdən birincisi onun xanımı olmalıdır. Çünki qadında gözəl dinləmə qabiliyyətinin olmasının özü onun yüksək mədəniyyət sahibi olmasına bir işarədir. Belə ki, arvad mütəmadi olaraq “Əzizim, sən dahisən” – kimi ifadələrlə ərini təqdir etməli və onu tərifləri ilə göylərə qaldırmalıdır.

QEYRİ-SABİT TEMPERAMENT
(ƏHVAL-RUHİYYƏ) QARŞISINDA SƏBİR NÜMAYİŞ ETDİRMƏK

Temperament, əhval-ruhiyyə insan şəxsiyyətinin təbii bir hissəsidir. Temperamentlər şəxsiyyətlərin müxtəlifliyinə görə fərqlənir. Hətta konkret bir fərdin məkan, zaman və şəraitə görə temperamentinin dəyişməsi labüd və təbiidir. Buna görə də heç də ərin temperamentinin arvadın temperamenti ilə yüzdə yüz uyuşması vacib deyildir və buna heç gərək də yoxdur. Çünki əgər əhval-ruhiyyənin qeyri-sabitliyi təbii qarşılanırsa, onda bunun münasibətlərə də mənfi təsiri olmamalı, hadisələr ancaq səmimiyyət və mehribançılıq müstəvisində inkişaf etməlidir. Tez kədərlənmək və tez özündən çıxmaq kimi xasiyyətlərə malik insan tez bir müddətdə özünü toplayıb əvvəlki normal vəziyyətinə qayıdır. Bu tipli keyfiyyətlərlə xarakterizə olunan insanlar sağlam və gözəl əhval-ruhiyyəyə, temperamentə malik olurlar. Digər bir tərəfdən qadın gərək həyatın çətinliklərinin və ağır anların qaçılmaz olduğunu dərk etsin və nəzərə alsın ki, onun əri hər gün iş həyatında dəfələrlə psixoloci gərginlik və sarsıntılara məruz qala bilər, işdə müdiri tərəfindən tənbeh oluna, yaxud da müxtəlif söz və fiziki zərbələrlə üzləşə bilər. Belə olan halda təbii ki, bütün bunlar kişinin əhval-ruhiyyəsinə öz mənfi təsirini göstərəcək, onun dilxor olmasına, bir növ ümidsizliyə qapanmasına və əsəblərinin korlanmasına səbəb olacaqdır. Bu amilləri başa düşən və ərini sevən qadın belə məqamlarda əsla ümidsizlik bataqlığına düşməməli, ərinin tez dəyişən birisi olduğunu və qaşqabaqlı görünməyə vərdiş etdiyini gözünün qabağına gətirməlidir. O həmçinin belə anların müvəqqəti olduğunu və qadının könülləri oxşayan xoş sözlərindən, sevgi dolu baxışlarından asılı olduğunu unutmamalıdır. Bu baxımdan da qadın kişinin hər bir vəziyyətinə münasib reaksiya verməli, sevincinə sevinməli, hüznünə kədərlənməli, bunu biruza vermək üçün isə qaşqabağını sallamalı və əsla qeyri-ciddi hərəkətlərə yol verməməlidir.
O öz hərəkətlərilə həyatın gözəl, belə durumların isə müvəqqəti olmasını, qarşıda onları əsil səadətin gözlədiyini və bunun üçün də qəm-qüssənin arxasınca qaçmağın mənasız olduğunu ərinə hiss etdirməlidir.
Heç kəsə sirr deyildir ki, kişi arvadından sevgi dolu sözlər eşitdikdə tez bir sürətdə psixoloci cəhətdən sağalmağa, yaranmış ümidsizliyə qalib gəlməyə və korlanmış əhval-ruhiyyədən uzaqlaşmağa başlayır. Bu nöqteyi-nəzərdən də heç bir tərəddüdsüz söyləmək olar ki, qadın ürəyi kişinin problemlərdən qaçaraq sığındığı yeganə basılmaz bir qaladır.
Hər hansı bir qadın ərini dilxor vəziyyətdə görürsə, yaxşı olar ki, onu təmiz havada qısa bir gəzintiyə dəvət etsin və ya ondan həyətdə manqal qalayıb kabab bişirməyi xahiş etsin. Ağıllı qadın belə üsullarla dilxorçuluğu və pessimistliyi aradan qaldırır. Onun ərinin işini tərifləməsi, ona qayğı, nəvaziş göstərməsi möcüzələr yaradır, qəm-qüssəni isə bir kənara atır.
Ey ərlərini sevən xanımlar! Unutmayın ki, əksər kişilər sahib olduqları var-dövləti sevgi dolu bir ev üçün son qəpiklərinə kimi səxavətlə xərcləməyi bacarırlar.
Ey ərlərini sevən xanımlar! Bir şeyi unutmayın ki, kişi üçün heç bir yer bir-birinə bağlı iki ürəyi özündə birləşdirən bir mənzildən daha əziz ola bilməz!


Tarix: 07.05.2013 / 20:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 391 Bölmə: Maraqlı melumatlar