beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nikah-Talaq (boşanma)

1.Talaq (boşanma)

2.Talaqın növləri

3.Birinci; Deyiliş baxımından növləri:

4.İkinci; Asılılıq və ya birbaşa təsir baxımından növləri:

5.Üçüncü: Sünnəyə və ya bidətə uyğunluq baxımından növləri:

6.Birdəfəyə üç talaq verməyin hökmü

7.əl-Xulu

8.Buna nə zaman icazə verilir?

9.Qadınlara əziyyət verən kişilərə xəbərdarlıq!!!

10.Xulu talaq deyil, müqaviləni ləğv etməkdir

11.İDDƏ (müddət saxlama)

12.Əri ölən qadın nə etməlidir?

Talaq
(boşanma)
Ötən mövzularda İslam şəriətinin müsəlman ailəsinin qorunmasına və ailədə əminamanlığın təmin edilməsinə həris olmasının şahidi olduq. Həmçinin müsəlman ailədə ər və ya arvad tərəfdən gələn problemlərin həlli üçün təklif etdiyi müalicə üsulları ilə də tanış olduq.
Lakin bəzi hallarda problem həddindən artıq çox böyüdükdə bu müalicə fayda vermir. Belə halda daha güclü üsuldan istifadə etmək lazım gəlir. Həmin üsul talaqdır.
Talaqın əhkamlarına diqqət yetirən insan, İslam şəriətinin ailə müəssisəsinə necə həris olmasını, ər-arvad bağlılığının davam etməsinə necə rəğbət göstərdiyini görər. Bu ona görədir ki, İslam şəriəti talaq etməyə icazə verəndə onu birdəfəlik etməmişdir. Yəni, bir dəfə talaq etməklə ərlə arvadın ayrılığına və heş vaxt bir araya gəlməməsinə qərar verməmişdir. Demək İslam şəriəti talaq etməyə icazə vermiş, amma bunun bir neçə mərhələdə edilməsini əmr etmişdir:
«(Rici) talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir...»[1].
Əgər kişi arvadını birinci və ya ikinci dəfə boşayarsa gözləmə müddəti bitənə qədər boşanmış arvadını evindən çıxarmağa haqqı yoxdur. Nəinki belə, hətta qadın onun evindən çıxmamalıdır. Bunun səbəbi ərlə arvad arasında boşanmaya səbəb olan qəzəbin soyuması ehtimalı və sonra ailə həyatının əvvəlki halına qayıtmasıdır. Rəbbimiz deyilənləri bu ayədə qeyd edir:
«(Ya Peyğəmbər!) Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın. Gözləmə müddətini (iddəti) sayın. Rəbbiniz olan Allahdan qorxun. Onları – açıq-aşkar bir pis iş (zina) etməyənə qədər – (gözləmə müddəti qurtarmamış) yaşadıqları evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hədləridir (hökmləridir). Allah müəyyən etdiyi hədləri aşan kimsə özünə zülm etmiş olar. Nə bilirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad etsin (ərin ürəyinə yenidən zövcəsinin məhəbbətini salsın və onlar barışsınlar)»[2]. Yəni, ola bilər ki, kişi talaq etdiyinə görə peşiman olsun və Allah təalə onun ürəyinə onu qaytarmaq istəyini salsın və bu onun üçün daha da asan olsun.

Talaqın növləri
Birinci; Deyiliş baxımından növləri:
Talaq, deyiliş baxımından iki növdür: Birbaşa və ya dolayısı ilə deyilən.
Birbaşa odur ki, nəzərdə tutulan məna deyilən sözdən dərhal anlaşılsın və başqa heç bir məna ehtimal edilməsin. Məsələn, səni boşayıram və talaqını verirəm və bu sözlərdən düzəldilmiş hər bir ifadə birbaşa deyilən talaq sayılır.
Belə halda qətiyyətlə, zarafatla və ya niyətsiz deməsindən asılı olmayaraq talaq qüvvəyə minir. Demək Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Üç şey vardır ki, onların ciddi şəkildə deyilməsi ciddi, zarafatla deyilməsi də ciddi qəbul edilir: Nikah, talaq və talaqı geri qaytarmaq (rici talaq)»[3].
Dolayısı yolla deyilən talaq, həm bu həm də başqa mənanı özündə daşıyan ifadədir. Məsələn, ailənin yanına get və sairə bu kimi ifadələri misal çəkmək olar.
Belə halda talaq yalnız niyət əsasında sayıla bilər. Əgər həmin sözü deməkdə niyəti boşamaqdırsa talaq sayılır, niyəti bu deyildisə talaq sayılmır.
Aişə (Allah ondan razı olsun) deyir ki, «Bint əl-Cun Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına (onun arvadı olaraq) daxil edildi. Ona yaxınlaşdıqda qadın dedi: Səndən Allaha sığınıram. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona dedi: Sən artıq çox əzəmətli bir şeyə sığındın, ailənin yanına get»[4].
Kəəb ibn Malik (Allah ondan razı olsun) özünün və iki nəfər yoldaşının təbuk döyüşünə getmədikləri üçün camaat tərəfindən baykot (həcr) edildiyi hadisənində deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onun yanına adam göndərib dedi: «Arvadını tərk et. Kəəb soruşdu: onu boşayım, ya nə edim? O dedi: Arvadını tərk et və ona yaxınlaşma. Kəəb də öz arvadına: ailənin yanına get – deyərək əmr etdi»[5].

İkinci; Asılılıq və ya birbaşa təsir baxımından növləri:
Talaqın deyiliş qaydası ya birbaşa təsir etməli, yaxud da nədənsə asılı olmalıdır.
Birbaşa təsir edən talaq ifadəsi, süzü deyən şəxsin dərhal talaqın sayılmasını nəzərdə tutmasıdır. Məsələn, ərin öz arvadına, "mən səni boşadım" – sözü ilə xitab etməsidir.
Bu talaq deyilən andan dərhal qüvvəyə minir.
Asılı olan talaq ifadəsi, talaqın kişi tərəfindən hansısa şərtlə bağlanmasıdır. Məsələn, kişinin öz arvadına, "sən filan yerə getsən səni boşayacam" – deməsi buna misaldır.
Əgər talaq deyən kişi şərtin həyata keçməsi ilə boşanmağı nəzərdə tutarsa talaq sayılır. Yox əgər onun məqsədi qadını hansısa işə sövq etmək və ya çəkindirməkdirsə bu, anddır. Əgər onun and içdiyi baş verməzsə ona kəffarə düşmür. Yox əgər baş verərsə o zaman kişi and kəffarəsi verməlidir.

Üçüncü: Sünnəyə və ya bidətə uyğunluq baxımından növləri:
Talaq bu baxımdan, "sünni talaq" və "bidi talaq" növlərinə ayrılır.
Sünni talaq odur ki, kişi əvvəllər evli olduğu arvadını aybaşıdan sonra yaxınlıq etmədiyi təmizlik vaxtında bir talaq ifadəsi ilə boşasın.
Uca Allah buyurur: «(Rici) talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir...»[6].
Digər ayədə isə buyurur: «(Ya Peyğəmbər!) Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın...»[7].
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu ayəni açıqlamışdır. Demək, İbn Ömər (Allah ondan razı olsun) arvadını aybaşı halında boşayarkən Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) bu haqda Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşdu və o, dedi: «Ona de, arvadı geri qaytarsın. Sonra yeni aybaşıdan təmizlənənə qədər saxlasın. Sonra yenə heyz olsun və təmizlənsin. Bundan sonra istəsə saxlasın və ya yaxınlıq etmədən boşasın. Bu, Allahın qadınları boşamaq haqqında əmr etdiyi "iddə"dir (müddətdir)»[8].
Bidi talaq, şəriətin icazə verdiyi talaqa zidd olan boşanmadır. Məsələn, qadın heyz olarkən və ya yaxınlıq etdiyi təmizlikdə, yaxud üç talaqı birdən "səni üç dəfə boşadım" və ya bir məqamda üç dəfə "səni boşadım, səni boşadım, səni boşadım" – deməklə, talaq vermək buna misaldır.
Bu növ talaq vermək haramdır və bunu edən insan günah daşıyır.
Əgər heyzli vaxtda talaq veribsə boşanma sayılır. Əgər talaq ricidirsə qadını qaytarması, sonra onu heyzdən pak olana qədər saxlaması, sonra yenidən heyz olması və yenidən təmizlənməsinə qədər saxlaması əmr olunur. Bundan sonra Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) İbn Ömərə (Allah ondan razı olsun) əmr etdiyi kimi, istəsə qadını arvadı kimi saxlayar, yaxud yaxınlıq etmədən öncə boşayar.
Belə talaqın sayılmasına dəlil, Buxarinin rəvayətidir. Demək Səid ibn Cubeyr, İbn Ömərin belə dediyini rəvayət edir: «Həmin talaq mənim üçün bir sayıldı»[9].
Hafiz İbn Həcər (Allah ona rəhmət etsin) "Fəthul Bari" əsərində (9/ 353) deyir:
«Belə halda qadını qaytarmağı əmr edən, bundan sonra İbn Ömərə boşanma haqda göstəriş verən də Peyğəmbərdir (Ona və ailəsinə Allahın salavatı və salamı olsun). İbn Ömərin, "həmin talaq mənim üçün bir sayıldı" – deməsi, bunun qeyri Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) tərəfindən təyin edilməsi uzaq ehtimaldır. Çünki hadisənin gedişi də buna dəlalət edir. Necə ola bilər ki, İbn Ömər bu hadisə zamanı öz rəyi ilə hərəkət etsin və sonra Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onun hərəkətinə hirsləndiyini desin? Necə ola bilər ki, o, baş verən hadisə haqqında Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məşvərət etməsin?
Daha sonra İbn Həcər deyir: İbn Vahb "Müsnəd" əsərində İbn Əbu Zibdən rəvayət edir ki, Nafi ona demişdir: «İbn Ömər, arvadını heyzli halda boşamışdı. Ömər də bu haqda Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşduqda o, belə cavab vermişdi: Ona de, arvadını geri qaytarsın sonra pak olana qədər saxlasın». Sonra İbn Əbu Zib hədisdə Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu sözləri birbaşa rəvayət etmişdir: «Bu bir sayılır». Daha sonra İbn Əbu Zib deyir: Hənzələ ibn Əbu Sufyan mənə danışmışdır ki, o, Səlimdən rəvayət edib o da atasının Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə rəvayət etdiyini demişdir.
Daha sonra İbn Həcər deyir: Bu rəvayəti, Darəqutni, Yezid ibn Harundan o da İbn Əbu Zibdən və İbn İshaqdan onların hər ikisi isə Nafidən, o da İbn Ömərdən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişlər: «Bu, bir sayılır»[10]. Deyilən rəvayət, ixtilaflı məsələ haqqında bir dəlildir və ona əsaslanmaq vacibdir».

Birdəfəyə üç talaq verməyin hökmü
Əgər kişi bir ifadə ilə üç talaq, yaxud bir məqamda üç dəfə talaq verərsə, bu, bir sayılır. Demək İmam Müslim İbn Abbasın belə dediyini rəvayət edir: «Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zamanında, həmçinin Əbu Bəkrin və bir neçə il Ömərin xilafəti vaxtında (dalbadal deyilən) üç talaq bir sayılırdı. Bir dəfə Ömər ibn əl-Xəttab dedi: İnsanlar, onlara genişlik verilmiş bir işdə çox tələsirlər... Bəlkə bunu onlar üçün üç sayaq? Sonra bunu onlar üçün üç talaq saydı»[11].
«Ömərin (Allah ondan razı olsun) bu rəyi ictihad idi. Ən yaxşı halda o, bunu məqsədəuyğun saydığına görə belə etmişdir. Amma buna əsaslanıb, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) fitvasını, onun vaxtında olan səhabələrin əməl etdikləri və Əbu Bəkrin xilafətində olan bir hökmü tərk etmək olmaz»[12].
Dördüncü: Qaytarıb qaytarmamaq baxımından talaqın növləri:
Talaq ya rici, ya da birdəfəlik olur. Birdəfəlik talaq böyük və ya kiçik halda ola bilər.
Rici talaq, yaxınlıq edilmiş qadının, mal-dövlətin əvəzində deyil, birinci və ya ikinci dəfə boşanılmasıdır.
Uca Allah buyurur: «(Rici) talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir...»[13].
Rici talaq ilə boşanılmış qadın iddə gözlədiyi vaxtda kişinin arvadı sayılır. İddə zamanı kişi istədiyi vaxt qadını qaytara bilər. Bu işdə onun və ya qəyyumunun razılığı gərək deyil. Uca Allah buyurur: «Boşanan qadınlar üç dəfə (heyz görüb təmizlənincəyə qədər başqa ərə getməyib) gözləməlidirlər. Əgər (o qadınlar) Allaha və qiyamət gününə inanıblarsa, Allahın onların bətnlərində yaratdığını (uşağı) gizlətmək onlara halal olmaz. (Bu gözləmə müddəti içərisində) ərləri barışmaq istərlərsə, onları geri almağa (hər kəsdən) daha çox haqlıdırlar...»[14].


əl-Xulu
Xulu sözü, terminoloji məna baxımından çıxarmaq, məsələn libası çıxarmaq, sözündən götürülmüşdür. Belə ki, qadın kişinin, kişi də qadının libasıdır. Uca Allah buyurur: «Onlar sizin, siz də onların libasısınız...»[15].
Fiqh alimləri xuluya belə tərif vermişlər: Xulu, kişinin arvadından götürdüyü nəyinsə müqabilində ondan ayrılmasıdır.
Bu, fidyə və iftida da adlanır[16].

Buna nə zaman icazə verilir?
Ərlə arvad arasında münaqişə böyüdükdə və onlar heç vəchlə razılığa gəlməsələr və qadın ərindən ayrılmaq istəsə belə halda o özünü, müəyyən məbləğdə mal-dövlətlə ərindən ayıra bilər. Onun verdiyi mal-dövlət ərinə dəyəcək ziyanı qarşılamaq üçün nəzərdə tutulur. Uca Allah buyurur: «(Ey kişilər!) Onlara (qadınlarınıza) verdiyinizdən (mehrdən) bir şey tələb etməniz sizə halal olmaz. Bu yalnız kişi ilə qadının Allahın (ər-arvadlıq) haqqındakı hökmlərini yerinə yetirə bilməyəcəklərindən qorxduqları zaman mümkündür. (Ey şəriət hakimləri!) Əgər onların (ər-arvadın) Allahın hökmlərini yerinə yetirməyəcəklərindən siz də qorxsanız, arvadın (kəbin haqqından) ərinə bir şey verməsində heç biri üçün günah yoxdur...»[17].
İbn Abbas (Allah ondan razı olsun) deyir: «Sabit ibn Qeys ibn Şəmmasın arvadı Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəldi və dedi: Ey Allahın elçisi, mən Sabitin nə dinindən nə də əxlaqından gileylənmirəm. Mən, küfr etməkdən qorxuram. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Sənə verdiyi bostanı ona qaytararsanmı? Qadın dedi: Bəli. Sonra bostanı ərinə qaytardı və Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onu boşamasını əmr etdi»[18].
Bu əməli etməmək haqqında xəbərdarlıq!!!
Sovban (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Hər hansı qadın, heç bir səbəb olmadan ərindən boşanma tələb edərsə cənnətin iyi ona haram olar»[19].
Digər hədisdə Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə rəvayət etmişdir: «Səbəbsiz olaraq xulu (boşanma tələb) edən qadınlar münafiqlərdir (üzdə itaətkar, daxildə isə asi olanlardır)»[20].

Qadınlara əziyyət verən kişilərə xəbərdarlıq!!!
Əgər kişi arvadından xoşlanmazsa və ya hansısa səbəbə görə ondan soyuyarsa Allahın əmr etdiyi kimi onu xoşluqla boşasın. Qadın özü boşanma tələb etsin deyə, onu məcbur saxlayıb əziyyət vermək olmaz. Uca Allah buyurur: «Qadınlarınızı (rici talaqla) boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla buraxın. (Əziyyət və) zərər vermək məqsədilə haqlarına təcavüz edib onları saxlamayın! Hər kəs bunu etsə, şübhəsiz ki, özünə zülm etmiş olar. Allahın ayələri (hökmləri) ilə oynamayın (onlara istehza etməyin). Allahın sizə verdiyi nemətləri, öyüd-nəsihət üçün göndərdiyi Kitabı (Quranı) və hikməti xatırlayın! Allahdan qorxun və Allahın, həqiqətən, hər şeyi bildiyini anlayın!»[21]
«Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun»[22].

Xulu talaq deyil, müqaviləni ləğv etməkdir
Əgər qadın özünü ərindən azad edib ayrılarsa, ixtiyar qadının əlinə keçir. Onun razılığı olmadan əri istəsə də onu qaytara bilməz. Bu ayrılıq talaq ifadəsi ilə baş tutsa da, talaq sayılmır. Bu, qadının vəziyyətini nəzərə alaraq onun verdiyi mal-dövlət müqabilində müqaviləni ləğv etməkdir.
İbn əl-Qəyyim (Allah ona rəhmət etsin) deyir:
«Xulunun talaq olmamasına dəlalət edən odur ki, arvadına yaxınlıq edən kişinin verdiyi sayı tamamlanmamış talaqla əlaqədar olaraq üç qayda qoymuşdur. Bu qaydaların heç biri xuluda yoxdur.
Birinci qayda: Talaqda, kişi arvadı qaytarmaq üçün daha haqlıdır.
İkinci qayda: Bir dəfə verilən talaq, üç talaqdan biri sayılır. Say tamamlandıqdan sonra qadın ərə gedib yaxınlıq etməmiş birinci ərinə halal olmur.
Üçüncü qayda: Talaq sonra gözləmə müddəti (iddə) üç heyzdir.
Amma, şəriət dəlilləri və alimlərin yekdil rəyi xuluda qaytarmaq (rici) olmadığına dəlalət edir.
Səhih sünnədə və səhabələrin sözlərində deyilir ki, xuludan sonra gözləmə müddəti (iddə) bir heyzdir.
Həmçinin şəriət dəlillərinə əsasən ikinci talaqdan sonra xulu etmək olar. Və ondan sonra hələ üçüncü talaq üçün də yer qalır.
Bu açıq-aşkar göstərir ki, xulu talaq deyil. Çünki uca Allah buyurur: «(Rici) talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir. (Ey kişilər!) Onlara (qadınlarınıza) verdiyinizdən (mehrdən) bir şey tələb etməniz sizə halal olmaz. Bu yalnız kişi ilə qadının Allahın (ər-arvadlıq) haqqındakı hökmlərini yerinə yetirə bilməyəcəklərindən qorxduqları zaman mümkündür. (Ey şəriət hakimləri!) Əgər onların (ər-arvadın) Allahın hökmlərini yerinə yetirməyəcəklərindən siz də qorxsanız, arvadın (kəbin haqqından) ərinə bir şey verməsində heç biri üçün günah yoxdur...»[23].
Bu, iki dəfə talaq verilmiş qadına xas olmasa da, həm ona həm də başqalarına aiddir. Ola bilməz ki, əvəzliklər, adı çəkilənlərə deyil, adı çəkilməyənlərə aid olsun, yaxud adı keçən və keçməyənlərə aid edilsin. Uca Allah daha sonra buyurur: «Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz...». Bu, iki dəfə boşanandan sonra, boşanma pulunu verib xulu edənə aiddir. Çünki ayədə bundan danışılır və bu, deyilən ifadənin məzmununa daxil olmalıdır. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Quranın təfsirini anlaması üçün Allaha dua etdiyi, “Quranın tərcümanı” ləqəbi ilə tanınan İbn Abbas (Allah ondan razı olsun) bu ayəni belə başa düşmüşdür. Heç şübhəsiz ki, bu, qəbul olunan duadır. Xulunun əhkamları talaqın əhkamlarından fərqlənirsə, bu o deməkdir ki, onlar ayrı-ayrı şeylərdir. Bu, ayə, qiyas[24] və səhabələrin sözlərinin ehtiva etdiyi mənadır»[25].


İDDƏ
(müddət saxlama)
İddə, saymaq və hesablamaq sözündən götürülmüşdür. Qadının saydığı günlər və heyz gözləmə müddəti iddədir.
İstilahi mənada iddə, qadının əri öləndən və ya ərindən boşanandan sonra, övlad doğmaq, heyz vaxtını gözləmək və ya ay hesabı ilə müəyyən müddətə evlənməkdən imtina etdiyi vaxtın adıdır.

Növləri:
Əri ölən qadının iddəsi (gözləmə müddəti) dörd ay on gündür. Onların yaxınlıq edib-etməmələri fərq etmir. Uca Allah buyurur: «Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün (başqa ərə getməyib) özlərini gözləməlidirlər...»[26]. Yaxınlıq edilən qadın hamilə olarsa onun iddəsi hamiləliyinin başa çatmasıdır. Uca Allah buyurur: «Hamilə qadınların gözləmə müddəti isə onlar bari-həmlini yerə qoyduqda başa çatır...»[27]
Misvar ibn Məxrəmə deyir ki, «Subeyə əl-Əsləmiyyə ərinin vəfatından az müddət sonra hamiləliyini bitirdi və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib nikah bağlamaq üçün izn istədi. O da ona nikah bağlamaq üçün izn verdi və qadın nikah bağladı»[28].
Yaxınlıq baş vermədən öncə boşanan qadın iddə gözləmir. Uca Allah buyurur:
«Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənib onlara toxunmadan əvvəl talaqlarını versəniz, artıq onlar üçün sizə gözləmə müddəti saymağa ehtiyac yoxdur...»[29]
Yaxınlıq edildikdən sonra boşanan qadın hamilədirsə onun iddəsi hamiləliyini bitirməsidir. Uca Allah buyurur:
«Hamilə qadınların gözləmə müddəti isə onlar bari-həmlini yerə qoyduqda başa çatır...»[30]
Zubeyr ibn əl-Əvvam deyir ki, Ummu Kulsum bint Uqbə onun arvadı idi. Qadını hamilə ola-ola ona deyir ki, talaq ver könlümü xoş et. O da ona talaq verdi və namaz qılmağa getdi. Evə qayıdanda arvadının hamiləlikdən azad olduğunu gördü və dedi: Ona nə olub, məni aldadıb, Allah ondan bunun cəzasını alsın. Sonra Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəldi və ona belə cavab verdi: «Allahın kitabına əsasən onun gözləmə müddəti bitmişdir. Onu yenidən nişanlaya bilərsən»[31].
Əgər yaxınlıq edildikdən sonra boşanan qadın heyz olursa gözləmə müddəti üç heyzdir. Uca Allah buyurur:
«Boşanan qadınlar üç vaxt (heyz görüb təmizlənincəyə qədər başqa ərə getməyib) gözləməlidirlər...»[32]
Ayədə deyilən vaxt heyz mənasındadır. Aişə (Allah ondan razı olsun) deyir ki, «Ummu Həbibə istihazə olurdu. Bu haqda Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşdu və o da ona heyz günlərində namazı tərk etməyi əmr etdi»[33].
Əgər boşanmış qadın heyz yaşına yetişməyən azyaşlı, yaxud yaşa dolub heyzdən kəsilən qadındırsa onun iddəsi üç aydır.
Uca Allah buyurur: «(Yaşa dolmaqla) heyzdən kəsilmiş qadınlarınız (onların gözləmə müddəti) barədə şübhə etsəniz, (bilin ki) onların və həmçinin (yaşları müsaid olmadığı üçün) hələ heyz görməmiş olanların (heyz görməmiş gənc övrətlərinizin) gözləmə müddəti üç aydır (bu müddət başa çatdıqdan sonra başqası ilə evlənə bilərlər)».

Əri ölən qadın nə etməlidir?
O, iddəti bitənə qədər yas saxlamalıdır.
Qadının yası, özünə bəzək-düzək vurmamaq, ətirlənməmək, qızıl zinətlərini taxmamaq, rəngli paltar geyinməmək, xına qoymamaq və gözünə sürmə çəkməməkdir.
Ummu Atiyyə deyir: «Bizə ölü üçün üç gündən artıq yas saxlamaq qadağan olunurdu. Yalnız ər üçün dörd ay on gün yas saxlamağa icazə var idi. Bu müddətdə sürmə çəkməz, ətirlənməz, boyanmış paltar geyinməzdik. Geyindiyimiz paltar adi və birrəng olardı. Heyz adətindən sonra təmizləndikdə (ətirlənmək məqsədi ilə deyil, pis qoxuların aparılması üçün) bəzi ətirlərdən istifadə etməyə icazə verilmişdi. Həmçinin cənazəni müşayiət etmək də bizə qadağan idi»[34].
Ummu Sələmə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Əri ölmüş qadın sarı və ya qırmızı rəngli paltar geyinməz, qızıl əşyası taxmaz, xına qoymaz və sürmə çəkməz»[35].


Tarix: 02.05.2013 / 21:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 559 Bölmə: Maraqlı melumatlar