beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meyit üçün nə etmək vacibdir-DƏFN ETMƏK

DƏFN ETMƏK:

Şəriətin qadağan etdiyi şeylərlə cənazəni müşayiət etmək olmaz.

Cənazəni apararkən tələsmək vacibdir:

Qəbiristanlıqdan keçərkən və ya oraya daxil olarkən nə demək lazımdır?

Meyiti dəfn etməyin qaydası:

Adı çəkiləcək hallarda, zərurət olmadan, dəfn etmək olmaz.

Qəbirin dərin, geniş və rahat edilməsi vacibdir:

Ər təkbaşına arvadının dəfnini icra edə bilər.

Sünnəyə əsasən meyiti qəbirin ayaq tərəfindən daxil etmək lazımdır.

Şəriətin qadağan etdiyi şeylərlə cənazəni müşayiət etmək olmaz. Bu xüsusda iki şey: uca səslə ağlamaq və od yandırmaq – hədislərlə qadağan edilmişdir.
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir ki, «Cənazə, ağı deməklə və od yandırmaqla müşayiət edilməz»[1].
Uca səslə zikr oxuyaraq cənazəni müşayiət etmək də bura aiddir. Bu bir bidətdir. Demək, Qeys ibn Abbad deyir ki, «Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələri cənazəni müşayiət edərkən səsi ucaltmağı bəyənməzdilər»[2].
Bu bir növ xaçpərəstlərin adətlərinə də bənzəyir. Belə ki, onlar, cənazəni müşayiət edərkən qəm-qüssə içərisində, avazla İncildən və digər zikrlərdən sitatlar oxuyurlar.
Bundan da pis, cənazəni musiqi alətlərinin ifasında həzin mahnılarla müşayiət etməkdir. Bəzi İslam ölkələrində, qeyri müsəlmanlara təqlid edərək bu kimi şeylər edilir. Mədəd yalnız Allahdandır.

Cənazəni apararkən tələsmək vacibdir: Addımlar, qaçış addımları deyil, sadəcə iti addımlar olmalıdır.
Demək Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə deyir: «Cənazəni tez aparın. Əgər o, əməlisalehdirsə siz onu xeyirə qovuşdurursunuz. Yox, əgər əməlisaleh deyilsə onda siz şəri özünüzdən uzaqlaşdırmış olursunuz»[3].
Cənazəni apararkən ona yaxın dayanmaq şərti ilə, onun önündə, arxasında, sağında və solunda getmək olar. Yalnız minik üzərində olan kimsə cənazənin arxasında getməlidir. Demək, Muğirə ibn Şöbə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: «Minikdə olan, cənazənin arxasında, piyada isə istədiyi tərəfdə gəlsin»[4].
Lakin cənazənin arxa tərəfində getmək daha yaxşıdır. Bu məfhum, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) aşağıdakı sözündən də bəllidir: «Cənazələrin ardınca gedin».
Bunu Əlinin (Allah ondan razı olsun) sözü də təsdiq edir. O, demişdir: «Bir kimsənin camaatla qıldığı namaz tək qıldığı namazdan necə üstündürsə, cənazənin arxasınca getmək də önündə getməkdən bir o qədər yaxşıdır»[5].

Qəbiristanlıqdan keçərkən və ya oraya daxil olarkən nə demək lazımdır?
Aişə (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedim ki, «ey Allahın elçisi, mən qəbirdə olanlara necə dua deyim?» O isə dedi: Belə de!
«السَّلاَمُ عَلَى أهلَ الدِّيَارِ مِنَ المؤمِنينَ والمسلِمِينَ، وَيَرْحَمُ اللهُ المُسْتَقَدِمِينَ مِنَّا وَالمُسْتَأْخِرِينَ وإنَّا إنْ شَاءَ اللهُ بِكُم للاَحِقُون»
«Əs-sələmu alə əhlə-d-diyəri minə-l-mumininə va-l-muslimin va yərhamu-l-lahu-l-mustəqdiminə minnə va-l-mustəxirin va innə in şəa-l-lahu bikum lələhiqunə».
«Sizə salam olsun, ey möminlər və müsəlmanlar diyarının əhli! Bizdən qabaq və sonra olanlara Allahın mərhəməti olsun. Allah qoysa, biz də sizə qoşulacağıq»[6].
Süleyman ibn Bureydə atasından rəvayət edir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onlara qəbiristanlığa gedərkən belə demələrini öyrədərdi:
«السَّلاَمُ عَلَيكُم أهلَ الدِّيَارِ مِنَ المؤمِنينَ والمسلِمِينَ، وإنَّا إنْ شَاءَ اللهُ بِكُم للاَحِقُونَ أسأَلُ اللهُ لَنَا وَلَكُم العَافِيَةَ»
«Əs-sələmu aleykum əhlə-d-diyəri minə-l-mumininə va-l-muslimin va innə in şəa-l-lahu bikum ləhiqunə. Əsəlu-l-lahə lənə va ləkumu-l-afiyətə»
«Sizə salam olsun, ey möminlər və müsəlmanlar diyarının əhli! Allah qoysa, biz də sizə qoşulacağıq. Allahdan özümüzə və sizə salamatlıq diləyirəm»[7].

Meyiti dəfn etməyin qaydası:
Meyit kafir olsa belə, onu dəfn etmək vacibdir. Əbu Talib öləndə, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əli ibn Əbu Talibə (Allah ondan razı olsun): «Get onu basdır»[8] - deyə əmr etmişdi.
Sünnəyə əsasən meyit qəbiristanlıqda basdırılmalıdır. Çoxsaylı səhih rəvayətlərə əsasən Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) öz vaxtında ölənləri “Bəqi” qəbiristanlığında basdırardı. Sələflərdən heç kəsin qeyri qəbiristanlıqda basdırıldığı təsdiq edilməmişdir. Çoxsaylı səhih rəvayətlərə əsasən yalnız Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) öz evində basdırılmışdır. Bu, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) özəl xüsusiyyətlərindən biridir. Aişədən (Allah ondan razı olsun) rəvayət olunan hədis buna dəlalət edir. Rəvayətdə deyilir: “Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfat edəndə səhabələr arasında onun dəfn olunması barədə fikir ayrılığı oldu. Əbu Bəkr (Allah ondan razı olsun) dedi ki, mən Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə bir şey eşitmişəm və heç də unutmamışam. O, deyirdi: «Allah, hər bir Peyğəmbərin harada basdırılmasını istəyirsə onun canını da o yerdə alır». Bundan sonra Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) öldüyü yerdə də basdırdılar”[9].
Bu yerdə, döyüş meydanında şəhid olanlar istisnadır. Belə ki, onlar şəhid olduqları yerdə basdırılır, qəbiristanlıqlara daşınmırlar. Demək Cabir (Allah ondan razı olsun) deyir ki, «Uhud döyüşü günü şəhid olanlar Bəqi qəbiristanlığında basdırılmaq üçün daşınırdılar. Bu vaxt Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) carçısı: “Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), ölüləri oldükləri yerdə basdırmanızı əmr edir!” – deyə car çəkdi»[10].

Adı çəkiləcək hallarda, zərurət olmadan, dəfn etmək olmaz.
1. Uqbə ibn Amir (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə günün üç vaxtı namaz qılmağı və ya ölülərimizi basdırmağı qadağan edirdi. Günəş doğub tam yüksələnə qədər, günorta kölgə itən vaxtdan günəş zenit xəttini keçənə qədər, günəş batmağa doğru meyl edib ta batana qədər»[11].
2. Cabir (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfat etmiş səhabələrindən birinin, ondan xəbərsiz yarımçıq kəfənlə kəfənlənib gecə vaxtı basdırılmasını xatırlatdı və meyit üçün cənazə namazı qılmadan onun gecə vaxtı basdırılmasını qadağan etdi. Yalnız bunu etməyə məcbur olan insanın istisna olduğunu bildirdi»[12].
Əgər kimsə meyiti gecə vaxtı dəfn etmək məcburiyyətində qalsa, bunu edə bilər. Bu vaxt dəfn etmək rahat olsun deyə, çıraqdan istifadə etmək və çıraqı qəbirə daxil etmək olar. Buna əsas İbn Abbasın (Allah ondan razı olsun) hədisidir. O deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir nəfər kişini gecə vaxtı dəfn etdi və (dəfn işlərinin rahat aparılması üçün) qəbirdə çıraq da yandırdı»[13].

Qəbirin dərin, geniş və rahat edilməsi vacibdir:
Hişam ibn Amir (Allah ondan razı olsun) deyir ki, «Uhud döyüşü baş verən gün müsəlmanlardan ölən ölmüş, qalanlar isə yaralanmışdı. Ona görə də biz: “hər insan üçün qəbir qazımaq bizə ağırdır, bizə bir yol göstər?” – deyərək, Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) müraciət etdik. O, dedi: «Qəbirləri dərin, geniş, rahat qazıyın və iki yaxud üç nəfəri bir qəbirdə basdırın. Aralarında Quranı daha çox bilənləri qəbirə birinci qoyun». Rəvayətçi deyir ki, atam qəbirə qoyulan üç nəfərdən biri idi. O, Quranı başqalarından daha çox bildiyi üçün qəbirə birinci qoyuldu»[14].
Qəbiri “Ləhd”[15] və “Şəqq”[16] formasında qazımaq olar. Belə ki, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında qəbirlər bu iki formada qazılardı. Lakin birinci növ (Ləhd) daha yaxşıdır. Demək Ənəs ibn Malik (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfat edəndə Mədinə şəhərində iki nəfər qəbirqazan var idi. Onlardan biri “Ləhd”, digəri isə “Şəqq” formalı qəbir qazıyırdı. Səhabələr dedilər ki, Allaha istixarə edək və onların ardınca adam göndərək. Hansı birinci gəlsə o da qəbiri qazısın. Beləliklə onların ardınca adam göndərdilər və “Ləhd” qazıyan birinci gəldi və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qəbirini ləhd formasında qazıdılar»[17].
Meyiti qəbirə qadınlar deyil, kişilər endirməlidirlər. Hətta meyit qadın olsa da bu belədir. Çünki bu, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında belə idi və bu günə qədər də müsəlmanların adəti belədir.
Meyitin yaxınları onu qəbirə endirməkdə daha haqlıdırlar. Uca Allahın bu ayəsinin ümumi ləfzi buna dəlildir. Ayədə deyilir: «Allahın Kitabında, qohumlar bir-birinə daha yaxındırlar...»[18].
Əli (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yuyarkən, meyitin hansı hala düşdüyünə baxmaq istəyirdim. Amma mən heç bir şey görə bilmədim. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) öləndə də sağlığındakı kimi gözəl idi. Onun dəfnini və hazırlanmasını dörd nəfər icra edirdi. Əli, Abbas, Fəzl və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) köləsi Saleh. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qəbiri ləhd formasında qazılıb, qarşısı dik düzülmüş yastı daşlarla bərkidildi[19].

Ər təkbaşına arvadının dəfnini icra edə bilər.
Demək Aişə (Allah ondan razı olsun) deyir ki, mənim növbəm başlayan gün Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) evimə daxil oldu və mən: “Ay başım!” – deyərək sızıldandım. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) isə dedi: «İstərdim ki, o gün mən sağ olum, səni hazırlayım və basdırım...»[20].
Lakin bir şərtlə ki, ər, arvadı vəfat edən gecə başqa qadınla yaxınlıq etməməlidir. Əgər yaxınlıq edərsə onun öz arvadını basdırması icazəli deyil. Bu halda başqası, hətta yad bir insan, bu işi etməyə daha haqlıdır. Demək, Ənəs (Allah ondan razı olsun) deyir ki, «biz Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qızının dəfninin şahidi olduq. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qəbirin başında oturmuşdu. Mən onun gözlərindən yaş axdığını gördüm. O, dedi: «Aranızda bu gecə yoldaşı ilə yaxınlıq etməyən varmı?» Əbu Talha: “Ey Allahın elçisi, mən” – deyərək cavab verdi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona: “qəbirə en!” – dedi və o da qəbirə endi»[21].

Sünnəyə əsasən meyiti qəbirin ayaq tərəfindən daxil etmək lazımdır.
Əbu İshaq deyir ki, «Haris vəsiyyət etdi ki, onun üçün cənazə namazını Abdullah ibn Yezid qılsın. O da cənazə namazını qıldı və meyiti qəbirin ayaq tərəfindən qəbirə idxal etdi və dedi: bu sünnədəndir»[22].
Meyit sağ tərəfi üzərində, üzü qibləyə uzadılır. Onun başı və ayaqları qiblənin sağ və sol tərəflərinə düşür. Bu, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtından ta bu günə qədər müsəlmanların adətlərindəndir.
Meyiti ləhdə qoyan bu sözləri deyir: «Bismilləh və alə sunnəti rəsulilləh» yaxud, «... və alə milləti rəsulilləh». İbn Ömər (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) meyiti qəbirə qoyanda belə deyərdi: Bismilləh və alə sunnəti rəsulilləh»[23].
Əl-Bəyadi (Allah ondan razı olsun), Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Meyit qəbirə qoyularkən, onu qəbirə endirənlər meyiti ləhdə qoyduqda belə desinlər: Bismilləh və billəh və alə milləti rəsulilləh (sallallahu aleyhi və səlləm)»[24].
Qəbirin yanında olanların, ləhd örtüləndən sonra qəbirin üzərinə iki əl ilə üç ovuc torpaq atmaları müstəhəbdir. Demək Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) cənazə üçün namaz qıldı, sonra meyitin üzərinə gəlib onun baş tərəfinə üç ovuc torpaq tökdü»[25].


[1] Hədis həsəndir. əl-Cənaiz: səh. 70. Əbu Davud: 8/ 453/ ? 3155.
[2] Sənədin rəvayətçiləri etibarlıdırlar. əl-Cənaiz: səh. 71. Beyhəqi: 4/ 74.
[3] Buxari: 3/ 182/ ? 1315. Müslim: 2/ 651/ ? 944. Əbu Davud: 8/ 469/ ? 3165. Tirmizi: 2/ 1020. Nəsai: 4/ 42.
[4] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 3533. Tirmizi: 2/ 248/ ? 1036. Nəsai: 4/ 55. Əbu Davud: 8/ 467/ ? 3164.
[5] Rəvayətin sənədi həsəndir. əl-Cənaiz: səh. 74. Beyhəqi: 4/ 25.
[6] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 4421. Əl-Cənaiz: səh. 183. Müslim: 2/ 669/ ? 974. Nəsai: 4/ 91.
[7] Hədis səhihdir. Səhih Sünən Nəsai: ? 1928. Müslim: 2/ 671/ ? 975. Nəsai: 4/ 94.
[8] Hədis səhihdir. Səhih Sünən Nəsai: ? 1895. Nəsai: 4/ 79.
[9] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 5649. Tirmizi: 2/ 242/ ? 1023.
[10] Hədis səhihdir. Səhih Sünən Nəsai: ? 1893. Əbu Davud: 8/ 446/ ? 3149. Nəsai: 4/ 79. Tirmizi: 3/ 130/ ? 1771.
[11] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 1233. Müslim: 1/ 568/ ? 831. Əbu Davud: 8/ 481/ ? 3176. Tirmizi: 2/ 247/ ? 1035. Nəsai: 1/ 275. İbn Macə: 1/ 486/ ? 1519.
[12] Hədis səhihdir. Səhih Sünən Nəsai: ? 1787. Müslim: 2/ 651/ ? 943. Əbu Davud: 8/ 423/ ? 3132. Nəsai: 4/ 33.
[13] Hədis həsəndir. əl-Cənaiz: səh. 141. Tirmizi: 2/ 260/ ? 1063.
[14] Hədis səhihdir. əl-Cənaiz: səh. 146. Nəsai: 4/ 80. Əbu Davud: 9/ 34/ ? 3199. Tirmizi: 3/ 128/ ? 1766.
[15] Ləhd: meyiti qoymaq üçün yerin, qəbirin qiblə tərəfindəki divarında açılmasıdır. (tərc.)
[16] Şəqq: meyiti qoymaq üçün yerin, qəbirin orta hissəsində açılmasıdır. Hal-hazırda ölkəmizdə qazılan qəbirlər bu formada olur. (tərc.)
[17] Rəvayətin sənədi həsəndir. İbn Macə: 1/ 496/ ? 1557.
[18] əl-Əhzab: 6.
[19] Rəvayətin sənədi səhihdir. Hakim: 1/ 362. Beyhəqi: 4/ 53.
[20] Hədis səhihdir. Əhməd: 6/ 144. Hədis buna oxşar şəkildə Buxarinin səhihində (10/ 101-102) və Müslimdə (7/ 110) müxtəsər rəvayət olunur. Albaninin “Əhkamul Cənaiz” kitabında belə deyilir.
[21] Hədis səhihdir. əl-Cənaiz: səh. 150. Əbu Davud: 9/ 29/ ? 3195.
[22] Rəvayət səhihdir. əl-Cənaiz: səh. 149. Buxari: 3/ 208/ ? 1342.
[23] Hədis səhihdir. əl-Cənaiz: səh. 152. Əbu Davud: 9/ 32/ ? 3197. Tirmizi: 2/ 255/ ? 1051. İbn Macə: 1/ 494/ ? 1550.
[24] Hədisin sənədi həsəndir. əl-Cənaiz: səh. 152. Hakim: 1/ 366.
[25] Hədis səhihdir. əl-İrva: ? 751. İbn Macə: 1/ 499/ ? 1565.


Tarix: 01.05.2013 / 16:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 303 Bölmə: Maraqlı melumatlar