beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

TƏRK EDİLMİŞ MÜKAFAT - (GECƏ NAMAZI)

Əgər bilsən ki, ölkə başçısı filan şəhərə və ya kəndə ziyarətə gələcək, bir-bir hamımın müraciətini dinləyəcək, problemlərini həll edəcək və istəklərini həyata keçirəcək, həmin anda şəxsən sən özün nə edərdin?!Əlbəttə sən də hamı kimi həmin gecəni yata bilməzdin. Hamı həmin gün tam hazırlıqlı, gözəl geyinmiş, ətirlənmiş, bir əlində hədiyyə, digər əlində istəklər yazılmış kağızlar tutacaq. Kimisi iş istəyəcək, kimisi kömək, kimisi dəstək, kimisi rüsum və vergilərdən azad olmaq üçün xahiş edəcək və bu kimi başqa diləklərdə buluncaq. Əlbəttə hamının arzuvə xahişləri olacaq. Görəcəksən ki, ona yaxınlaşmaq üçün hərə bir yol axtaracaq.

Onun təvazökarlıq edib sənin kimi insanları ziyarətə gəldiyinə görə bunu heç bir zaman unutmayacaqsan. Hələ o səndən razı qalsa və sənə nə isə vəd etsə, gördüyün hər şəxsə bunu danışacaqsan. Onun sadəcə səninlə danışdığına görə bunu böyük bir şey sayacaqsan və əvəz olunmaz bir yaxşılıq kimi qəbul edəcəksən. Halbuki, bütün bunlar bir insanla sənin aranda baş verən haldır. Allah qatında sənlə onun arasında heç bir fərq yoxdur, o hakim və sən bir sakin olsan da. Sizin bir-birinizə üstünlüyünüz yalnız təqva (Allah qorxusu), saleh əməl və imanla ola bilər.


Bəs səni, aləmlərin Rəbbi və hər şeyi yaradan Uca Allah çağırsa nə edərsən?! Hər şeyin sahibi və maliki olan Allah Təala yaşadığın yerin sakinlərini və səni ziyarət etsə bəs sən bunu necə qarşılayarsan?! Heç də təəccüb etmə, Allah Təala Kərimli və bol-bol verəndir və O Uca Rəbbimiz hər gün gecənin son üçdəbirində hamımızı ziyarət edir. O əzəmətli Allah səmaya enir, Öz yardım əlini uzadaraq bizi çağıraraq buyurur: Tövbə edən varmı tövbəsini qəbul edim? Bağışlanma diləyən varmı onu bağışlayım?! Bir şey istəyən varmı dilədiyini verim?!


Səni belə yaxından çağıran kainatın sahibi Allah Təaladan utanmırsanmı?! O Allah ki, dünya və onun içində olan hər bir şey, sənin xoşbəxtliyin və bədbəxtliyin, yoxsulluğun və zənginliyin, həyatın və ölümün də Onun əlindədir. Bəs səni məşğul edən nədir?! Fani dünyamı, rahatlığınmı, yoxsa yuxunmu?! Bu dünyada bir azacıq olsa da rahat olacaqsan, bəs sabah bu dünyadan köçəcəyini unutmusanmı?! Səni oraya ötürən və səninlə gedən yalnız əməllərin olacaq. Bəs niyə hələ də qəflət içindəsən? Bilsən ki, ömrünün sonuna lap az qalıb və bir azdan canını alan mələk gələcək, onda necə, gözünə yuxu gedərmi? Axı niyə gecə durub namaz qılmırsan, üzünü Allaha tutmursan, dua etmirsən?!


Həqiqətən etiraf etmək lazımdır ki, indiki əsrdə gecə namazı tərk edilmiş sünnətlərdən olmuşdur. Tanınmış bir şəxsin və ya bir başçının dəvətini və çağırışını qəbul edirik, amma Aləmlərin Rəbbi Allahın çağırışına isə biganə yanaşırıq?!


Hər bir müsəlman Allah Təalaya yaxın olmağa can atmalı, hamı yatarkən Allaha dua etmək üçün qalxmalı, Onunla gizlicə əlaqə bağlamağı ürəkdən istəməli və bu əməli gecikdirmədən yerinə yetirməlidir.







Gecə namazı necə qılınır?




Gecə namazının vaxtı:


Gecə namazı işa (yastı) namazından sonra sübh namazınadək, istənilən vaxt qılına bilər. Ancaq, bu namazı gecənin son üçdəbir hissəsində qılmaq daha üstündür.




Gecə namazının rükətləri:


Möminlərin anası Aişə (r.a – radiyallahu anhə – Allah ondan razı olsun!) deyir ki: “Peyğəmbər (s.a.s – sallallahu aleyhi və səlləm – Allahı salamı və salatı onun üzərinə olsun!) nə Ramazanda, nə də başqa bir vaxtda 11 rükətdən artıq namaz qılmazdı” (Bu hədisi Buxari, Muslim və digər alimlər rəvayət edib).




Gecə namazının ədəbləri:



Niyyət. Oyana bilməsə də, əgər gecə namazına qalxmaq niyyəti ilə yatan insan niyyətinə görə savab qazanacaqdır. Çünki Peyğəmbərimiz (s.a.s) deyib ki; “Həqiqətən əməllər niyyətlərə görədir və şübhəsiz hər kəsə niyyətinə görə verilir...” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir);


Yuxudan duran kimi dəstəmaz almaq;


Gecə namazına başlamamışdan əvvəl 2 rükət qısa namaz qılmaq;


Bacarılan və güc yetən qədər qılmaq. İmkandan artıq qılmaq olmaz. Çünki Allah Təala Bəqərə surəsinin 286-cı ayəsində buyurub ki: “Allah hər kəsi gücü yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər)”. Yuxu gələrsə yatmaq lazımdır, çünki yuxulu vəziyyətdə namaz qılan şəxs öz oxuduğunu anlamaz.




Gecə namazına durmağa kömək edən amillər:


- Günahlardan uzaq olmaq, onları azaltmaq və tərk etmək. Çünki çox günah edən şəxs gecə namazına dura bilməz;


- Axirət gününü xatırlamaq və o günü düşünmək. Cəhənnəmi düşünmək həqiqi möminlərin yuxusunu qaçırdar;


- Çox yeməmək, xüsusilə də axşam yeməyini çoxaltmamaq.


- İmkan dairəsində gündüz vaxtı azacıq da olsa yuxulamaq və ya mürgüləmək.


- Gecə namazına başlayacaqsansa birdən-birə başlama. Bütün gecəni ayaq üstə qalmaq və ya uzun-uzadı namaz qılmaq vacib deyil. Hər şeyə yavaş-yavaş və tədricən başlamaq lazımdır.



Peyğəmbərin (s.a.s) gecə namazı


Bir kişi bir dəfə Aişədən (r.a) soruşur: “Ey möminlərin anası, Peyğəmbərdə (s.a.s) gördüyün ən qəribə (müdhiş, maraqlı) bir şey haqqında mənə xəbər ver”. Aişə (r.a) deyir: “Onun hansı işi müdhiş olmayıb ki?! Bir dəfə yanıma gəlib, mənimlə bir yorğan altına girir, sonra deyir ki, qoy Rəbbimə bircə saat ibadət edim” Dedim ki, sənə yaxın olmağı sevirəm, amma sənin istəyini üstün tuturam. Durdu namaz qıldı və ağlamağa başladı. Hətta gördüm ki, göz yaşı sinəsini islatdı. Ağlamağa davam edərək səcdəyə getdi və səcdə vəziyyətində yenə ağladı. Beləcə sübh namazının vaxtı girdi. Bilal namaza azan verməyə gələndə Onun (s.a.s) ağladığını gördü. Dedi: “Nədir səni ağladan ey Allahın elçisi?” O dedi: “Necə ağlamayım ey Bilal, bu gecə mənə bu ayələr nazil olub: “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!)) (Al-İmran, 190-191).


Rəvayətlərə görə Rəsulullah (s.a.s) gecə namazlarını o qədər uzun qılardı ki, ayaqları şişərdi. Aişə (r.a) Peyğəmbərə (s.a.s) deyərdi: “Ey Allahın elçisi, axı sənin keçmiş və gələcək günahların bağışlanıb. O (s.a.s) belə cavab verərdi: “Bəs mən şükür edən qul olmayımmı?”

Bir dəfə İbn Abbas (r.a) Peyğəmbərin (s.a.s) zövcəsi və həm də öz xalası sayılan Meymunənin (r.a) yanında qaldı və gördü ki, Rəsulullah (s.a.s) gecənin yarısı və ya yarısından bir az əvvəl yuxudan durub əlləri ilə üzünü silir ki, yuxusu qaçsın, sonra Əli-İmran surəsinin son 10 ayəsini oxuyub namaz qılır. İbn Abbas əlavə edir ki, mən də durub Onun (s.a.s) kimi etdim və gedib Onun (s.a.s) yanında dayandım. Əlini başıma çəkdi, sonra sağ qulağımı (yuxum qaçsın deyə) əli ilə ovxaladı. 2 rükət – 2 rükət olmaqla 10 rükət və sonda 1 rükət vitr namazını qıldı. Sonra uzandı, müəzzin gəlib azan verdi. Peyğəmbər (s.a.s) durub 2 rükət qısa namaz qıldı və sonra da gedib sübh namazını qıldı. (Bu hədisi Buxari, Muslim və Əhməd rəvayət edib).

Peyğəmbərimizin (s.a.s) gecə namazlarına önəm verdiyi bu cür bir çox hədislərinə rast gəlmək mümkündür.
Gecə namazının faydaları:
Bizə nümunə olan Peyğəmbər (s.a.s) kimi etmək:

Peyğəmbərimizin (s.a.s) gecə namazlarına daima davam etməsi, bizim üçün şərəfli bir əməl olmasına kifayətdir. O (s.a.s) bizlərə də gecə namazlarına qalxmağı tövsiyə etmişdir. Elə isə niyə biz də Onun (s.a.s) kimi etməyək, Onun (s.a.s) əməllərini bircə-bircə həyatımızda təkrarlamayaq?

“Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab, 21).

Bir hədisdə də Peyğəmbər (s.a.s) buyurub: “Ey insanlar! Bir-birinizə salam verin, (ac olanı) yedizdirin, qohumlarla əlaqəni kəsməyin və insanlar gecə yatarkən siz namaz qılın ki, sağ-salamat cənnətə daxil olasınız” (Bu hədisi Hakim, İbn Maca və Tirmizi rəvayət edib).

Allaha yaxın olmaq üçün bir qapıdır:

Bəlkə də bu ən böyük mükafatdır. Başqa vaxtlardan fərqli olaraq gecə insanın Allaha ən yaxın olan anıdır. Allaha yaxın olmaq necə də gözəl və əvəz olunmazdır. Peyğəmbər (s.a.s) buyurub: “Qulun rəbbinə ən yaxın olan vaxtı gecənin son anıdır (son üçdəbir hissəsi). Əgər həmin saatda (vaxtda) Allahı zikr edənlərdən ola bilərsənsə, ol!” (Bu hədisi Tirmizi və Nəsai rəvayət edib).

Allahın məhəbbətini qazanmaq:

Yerin, göyün və bütün kainatın sahibi olan Allah Təalanın verdiyi nemətlər bitməzdir. Onun nə bizə, nə bizim ibadətlərimizə, nə də kainatda olan varlıqlara ehtiyacı var. Lakin O Uca Allah sənə təbəssüm edir və səni müjdələyir. Bundan da yüksək bir məqam ola bilərmi?! Əbu Dərdadan (r.a) rəvayət olunur ki, Peyğəmbər (s.a.s) belə deyib: “Üç kəsi Allah sevər, onlara gülər və onlarla fərəhlənər. Biri, bir toplum (camaat) Allah yolunda savaşır, o da onlarla birgə həm də öz nəfsi ilə savaşan kəsdir. O ya öldürülər, ya da Allah onu qoruyar və qalib edər. (Allah) deyər: “Baxın mənim bu quluma, necə mənim üçün öz nəfsilə səbr etdi”. Digəri gözəl qadını, yumşaq və rahat yatağı ola-ola gecə (namaza) qalxan kəsdir. (Allah) deyər: “O öz şəhvətini tərk edib məni zikr edir, istəsəydi yata bilərdi”. Digər kəs isə səfərdə ikən onunla birgə olanlar gecəyə kimi (oyaq) qalar, gecəni isə yatarlar. O isə yaxşı və pis anında da gecə (namaza) qalxar (Hədisi ibn-i Əsakir rəvayət etmişdir, əl-Əlbani hədisə həsən deişdir).

Həqiqi ixlası (Allahın razılığını) həyata keçirmək:
Gecə namazına oyanmaq qəlbi təmizləyər, saflaşdırar və itaət etmə həvəsini artırar. Kim həmin anlarda Allah Təalanın əzəmətini hiss edərsə, bütün dünya onun gözündə kiçilər və qiymətsiz olar. Çünki o, bütün dünyanı tərk edərək dünyanın Sahibi ilə təklikdə olar. Ona müraciət edər, Ondan istəyər. Təbii ki, bu da insanda bir sakitlik, ixlas və namazında xuşu (mütilik) yaradar.

İbn əl-Qeyyim deyir ki: “İki kişi eyni səfdə (sırada), eyni imamın arxasında durar, amma namazlarının arasında yerlə göy arasındakı qədər fərq olar. Bu da ondan irəli gələr ki, birinin qəlbində fikirlər şaxələnir, o birinin qəlbi isə Allahdan və Ona itaətdən başqa heç nə görmür”.

Budur əsl səadət, budur xoşbəxtliyin zirvəsi. Nə bezirsən, nə sıxılırsan, nə də dünyada bir şey itirəcəyindən qorxursan. Çünki sən tam qəlbinlə və istəyinlə Allaha üz tutmusan, Ona yaxınlaşmaq istəyirsən və Onun rizasına (razılığına) nail olmağa çalışırsan.

“Rəhmanın qulları” sifətinə layiq olmaq:
Allah Təala öz qullarını “Rəhmanın qulları” kimi vəsf etmiş və Qurani Kərimdə onların xüsusiyyətlərini sadalamışdır. Həmin xüsusiyyətlərdən biri də onların gecə namazlarına qalxmalarıdır. “Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman onlarla gözəl, yumşaq danışarlar. Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər” (əl-Furqan, 63-64).

Sən də onlardan olmaq istəmirsənmi?!

Təqdirə layiq bir məqama çatmaq:
Belə bir məqama kim layiq ola bilər? “Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdə ən böyük şəfaət məqamına) göndərsin!” (əl-İsra, 79).

Bilirsənmi ki, sən gecə namazlarında davamiyyətli olsan, başqaları ilə eyni səviyyədə olmayacaqsan?! “Məgər axirətdən qorxan, Rəbbinə (Allahın mərhəmətinə) ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirdən müti bəndə (kafirlə birdirmi?!) De: "Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!"” (əz-Zumər, 9).

Səfərə hazır olmaq:
Hamımız səfərə çıxmazdan əvvəl lazım olan tədarükü görürük, hazır oluruq və yola lazım olan hər şeyi, bəlkə ondan da artığını götürürük. Bəs bizdən hansımız axirət tədarükünü görmüşdür? Nə qədər ki gec deyil axirət səfərinə lazım olan hazırlığı et və tədarüklərini topla. Məhz gecə namazı da bu səfərə lazım olan ən əhəmiyyətli əməllərdəndir.Bir gün Əbu Zərr (r.a) Kəbənin qarşısında dayanıb əshabələrinə (yoldaşlarına) belə deyir: “Sizdən biriniz səfərə çıxmaq istəsə hazırlaşmırmı?” - “Bəli” - dedilər. Dedi: “Axirətə səfər, sizin bütün səfərlərin ən uzağıdır”. Dedilər: “Onun tədarükünü bizə göstər”. Dedi: “Böyük (ən əhəmiyyətli) işləriniz üçün həcc edin, qəbirdəki dəhşətli halınız üçün gecənin qaranlığında 2 rükət namaz qılın, qiyamət gününün uzunluğu üçün, uzun isti bir gündə oruc tutun”.

Həqiqətən cəza və mükafat əməlin öz cinsindən olur. Kim öz rahatlığını və şəhvətini tərk edib, Allaha yaxınlaşmaq üçün vaxt ayırarsa, Allah Təala bunu uyğun formada Cənnətdəki nemətlərlə əvəz edər.

Sağlam olmaq:

1993-cü ildə bir sıra Amerika müəlliflərinin hazırladığı “Ev şəraitində təcrübədən keçirilmiş, təbii sağlamlığın sirləri” kitabında belə bir məlumat var idi: “Gecə yarısı yataqdan qalxmaq, mənzildə yüngül hərəkətlərlə idman etmək, bədən üzvlərini su ilə yuyub ovmaq və dərindən nəfəs almağın səhhətə bir çox faydaları var”.Hər bir kəs bilməlidir ki, müsəlman gecə durub dəstəmaz alıb, namaz qılıb dua etməklə bunların hamısını yerinə yetirmiş olur.
Səadət və xoşbəxtlik:
Əgər nəfsimiz səadətə can atırsa, xoşbəxtliyi hər an və hər zaman hiss etmək istəyirsə, Allah Təalanın hüzurunda durmaqla və Ona yaxın olmağı hiss etməklə həmin böyük xoşbəxtliyə nail olar. Bu ləzzətə çatan ləzzət və xoş təsir ola bilməz. Bu ləzzətdən əlavə hələ Allahdan mükafat da vardır. Bu ləzzəti yalnız gecə namazını yerinə yetirənlər dada bilərlər. Gecənin bir anı, havanın təmizliyi və ətrafın sakitliyi sanki Allah Təalanın gəlişini gözləyir və Onun gəlişinə bəzənib hazırlanır. İnsan özünü başqa aləmdə hiss edir, Allah Təala ilə vasitəsiz təmasda olmağa hazırlaşır və ürəyində olanlarla tam Allaha yaxınlaşır, Ona dua edir, Ona sığınır və yalnız Ondan istəyir. Bu ləzzəti yalnız səmimi olaraq bunu təcrübədən keçirənlər hiss edə bilərlər. Səhabə Fudeyl bin Eyad (r.a) deyirdi: “Günəş qürub etdikdə gecənin zülmətinə sevinərdim ki, qoy insanlar yatsınlar və mən Allahla xəlvətdə qalım”.

Bir dəfə böyük alimlərdən olan Həsən əl-Bəsridən soruşurlar ki, niyə (Allah üçün) çox çalışanlar (zahiri baxımdan) gözəl sifətli olurlar? O belə cavab verir: “Çünki onlar Rəhmanla xəlvətdə qalırlar və Allah Öz nurundan onlara geydirir”.

Allah Təalanın görüşünə olan həqiqi sevgi, ona həqiqi hazırlıq müsəlmanın rahatlığını yox edir, daim Allaha ibadətdə olmaq onlara daha əziz və sevimli olur. “Bizim ayələrimizə ancaq ayələrimizlə öyüd-nəsihət olunduqları zaman səcdəyə qapananlar və təkəbbür göstərməyərək Rəbbini həmd-səna ilə təqdis edənlər iman gətirərlər. Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində (Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə dua edər...” (əs-Səcdə 15,16).

Peyğəmbərimizin (s.a.s) səhabələri gecə durub namaz qılmağı hətta ölümdən də üstün tutardılar. Bir dəfə savaşların birində Peyğəmbərimiz (s.a.s) Abbad bir Bişrdən (r.a) gecə müsəlmanların keşiyində durmağı tələb edir. Abbad (r.a) bu əsnada gecə namazı qılır və bu zaman düşmənlərdən biri onu görüb ona ox atır və ox onun çiyninə batır. O oxu çıxarıb namaza davam edir. Düşmən ona bir daha ox atır və ox yenə onun çiyninə sancılır. O oxu çıxarıb namazına davam edəndə, düşmən üçüncü dəfə də ona ox atır. Abbad oxu yenidən çıxarıb namazına davam edir və bitirdikdən sonra yoldaşını oyadır. Yoldaşı: Niyə məni oyatmadın? – deyir. Deyir: İki rükət namaz qılırdım və Qurandan bir surə oxuyurdum ki, onu oxumaq mənə ruhumun çıxmasından daha sevimlidir.
Saleh qullardan biri də daima gecə namazına qalxardı. Onu buna çəkən səbəb nədir deyə soruşanda, cavabında demişdir ki, Cəhənnəm haqqında danışılanda qorxum artır, Cənnətin adı çəkiləndə ora üçün darıxıram, ona görə də yata bilmirəm.

Birinci şərəf mərtəbəsinə yüksəlmək:
Çoxlarımız tanınmış universitetlərdən diplom almağa, magistratura, aspirantura, doktorantura və s. kimi yüksək ali diplomlar əldə etməyə can atırıq. Hətta diplomu əla qiymətlə almağa və ya adımızın şərəf lövhəsində olmasına var gücümüzlə çalışırıq. Bunların hamısı bu fani dünyada olsun deyə edirik. Bəs axirətdə yüksək şərəf mərtəbələrinə qalxmağa çalışmışıqmı, heç olmasa düşünmüşükmü, arzu etmişikmi və ya ürəyimizdən bircə dəfə də olsa keçirmişikmi?!
Cəbrayıl (ə.s) bir dəfə Peyğəmbərimizə (s.a.s) nazil olub deyir ki: “Ey Məhəmməd! Bil ki, möminin şərəfi, onun gecə namazına durması ilədir” (Bu hədisi Təbərani rəvayət edib, əl-Əlbani hədisə həsən deyib).
Bu şərəfə nail olan səhabələrdən biri də Ənəs bin Malikdir (r.a). O öz gecəsini 3 hissəyə bölərdi. Birinci hissəsində özü qalxıb namaz qılar, ikinci hissəsində həyat yoldaşını oyadardı, həyat yoldaşı da namaz qılıb bitirdikdən sonra, üçüncü hissəsində qızını oyadardı. Ondan sonrakı gün isə gecənin birinci hissəsini Ənəsin (r.a) zövcəsi qalxardı, namaz qıldıqdan sonra gecənin ikinci hissəsində Ənəsi (r.a) oyadardı. Beləcə bu ailə Allah qatında şərəf mərtəbəsinə nail olmuşdular. Bundan yüksək mənzil, bundan ali məkan və bundan daha əzəmətli bir mükafat olarmı?! Hansı şərəf lövhəsi və ya ordeni buna tay ola bilər?!
Həsən əl-Bəsri bir dəfə öz cariyəsini satır, lakin cariyəsi onun yanına qayıdıb xahiş edir ki, onu geri qaytarsın. Cariyə deyir “Ey mövlam, məni geri qaytar. Sən məni elə bir qövmə satmısan ki, onlar gecə namazına qalxmırlar. Onlar yalnız 5 vaxt namazlarını qılırlar”.
Ömər bin Xattab (r.a.) o qədər gecə namazına qalxar, gecə namazlarında o qədər ağlayardı ki, onun sifətində göz yaşlarından iki qara iz qalardı.
İndi düşün ki, gecə sən namaz qılarkən şeytan sənin yanına gəlib deyəcək: “Sənin bədəninin də haqqı var, Allahın sənə buyurduğu bu haqqı itirməməlisən. Axı Allah bağışlayan və rəhm edəndir. Fərzlər (vacib namazlar) sənə kifayətdir, gecə namazı isə yalnız nafilədir (əlavə namazdır). Sən işdən gəlmisən, günün ağır olub və özün də çox yorğunsan. İşin özü də ibadətdir. Onu da bil ki, Allah Təala insana gücü çatmadığı bir şeyi buyurmur, bacardığın qədər et”. Bəs sən necə?! Şeytanı yaxına buraxacaqsanmı?! Öz hiyləsi ilə səni aldatmağa icazə verəcəksənmi?! Bu yüksəklikdə və qiymətdə şərəf mərtəbəsini əldən verməyə razı olacaqsanmı?!

Ey müsəlman bacı və qardaşım!
Yəqin ki, bu ayə və hədislərdən sonra artıq ürəyində gecə namazına qarşı daha bir istək yarandı və niyyətin ixlasla Allah tərəf yönəldi. Allah Təalaya daha yaxın olmaq üçün bu cür vasitənin nə qədər qiymətli olduğunu anladın. Belə bir fürsəti əldən verməyin nə qədər faydasız olduğunu dərk etdin. Allah Təala üçün qəlbini təmizlə, saf et, dəstəmaz al, gecənin üçdəbirində Ona yönəl! Səmimi qəlblə Ona üz tut! Hamı istirahət edərkən, yatarkən, sən rahatlığından imtina edərək Allahla xəlvətdə qal, Ona dua et! Allaha yaxın olmağa səylə can at!


Tarix: 13.04.2013 / 16:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 821 Bölmə: Maraqlı melumatlar