beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Falçı, falıma bir də bax...

Falçı Mehri nənə: «Qız yapışıb, oğlan da onu almayıb, ona görə, nəfsi qalıb üstündə»

İnsanın başına bədbəxt, pis hadisələr gələn zaman o, pessimistliyə qapılır. İşlərinin düzgün getməməsi, evdə olan problemlər, münasibətlərdə gərginlik bir çox insanları yanlış fikrə sövq edir. Çıxılmaz, çarəsiz vəziyyətdə olduğunu düşünən insanlar son ümid yeri olaraq falçı, baxıcı, molla qapılarına üz tuturlar.

İslam dininə görə, falçıya gedən, cadu etdirən insan Allaha şərik qoşmuş olur. Belə ki, falçıya, cadugərə, kahinə gedərək onların söylədiklərinə inanan Qurani Kərimə inanmamış olur. Falçıya fal baxdıranın, onun sözünə inanmasa belə, 40 gün namazı qəbul olmaz.

Falçı Mehri uzun illərdir ki, bu sənətin sahibidir. Uzun illər falçılıqla məşğul olsa da, özünə bir şərait yarada bilməyən qadın «Gənclik» metrostansiyası yaxınlığında yerləşən yataqxanada yaşayır. Əvvəlcə onu deyək ki, bu falçı fala kofe ilə baxır. Xidmətin qiyməti isə 5 manatdır. Falçının qəbulunda olan əməkdaşlarımız orada gördüklərini, eşitdiklərini qələmə alıblar.

Əməkdaşımız yaxınlaşıb, bir fincan qəhvəsini içdikdən sonra falçı söhbətə başladı:

— Sənin ürəyində məhəbbətin, məhəbbətdə mehrin var. Məktəb illərində «R» hərfi ilə başlayan danışdığın oğlan olmuyub ki? Qara oğlan olub, səndən arıq olub.

— Yox.

— 3 həftə, 3 gün, 3 saata oğlanla sən telefonda, ya da həyatda dalaşmayıbsan ki?

— Yox.

Bir müddət susur. Yalandan subay əməkdaşımızın ailəli olduğunu deyirik. Elə bil bununla da dünyanı falçıya bağışlayırıq.

— Yoldaşında nəfs var. Cadu eləyiblər, nəfs töküblər. Qadan alım, özünü gözlə. Bu bir yana, əsas məsələni deyim, 5 ilə 6 görünür. 500 manatmı, ya 600 manatmı, bilmirəm. Bu miqdarda pul danışığı gedib. Bu pul danışığı nə məsələdir?

— Ev alacağıq, onun puludur yəqin.

— Deyirəm də sənə. 500 manat, ya 600 manat pul yığmısız. Amma bundan da ehtiyatlı olun. Sənin yoldaşının başı havadadır. Arxasıyca «T» hərfiylə başlayan qız düşüb. Təranədimi, Tərlandımı bilmirəm, amma «T» hərfini dəqiq görürəm. Amanın günüdür, birdən ərin gəldi (hansı ərdən söhbət gedir?!), evə girdi, sənə əsəbiləşdi, şirin dilə sal. Neçə yaşın var sənin?

— 25 olacaq.

— Bu işi həll elə. Qoyma 26-ya qalsın. Yoldaşına mehriban ol, evə gəldi, əlini-üzünü yu, soyuq suyu üzünə çək. O qız sizin evinizi dağıdacaq. Xətrinə dəyməsin, sənə ana-bala kimi deyirəm. O qız çalışır evinizi viran eləsin. 3 ildimi, 3 aydımı, 3 həftədirmi bilmirəm, o qızla sənin yoldaşın bir yerdədirlər. Sən tərəfdən yox, «gədə» tərəfdən cadu elənib, onun qohumumu eləyib, dostumu bilmirəm, yoldaşına içirdiblər. Səninlə yoldaşın arasında əsəbi telefon danışığı olub olmayıb ki?

— Olub.

— Ay sağ ol, deyirəm də sənə. Qızım, özünü gözlə ərindən, amanın günüdür. Gədə yaxşı oğlandır. Bəs «N» hərfiylə sizin nəsildə, ya oğlanın nəslində kim var?

— Qaynım.

— Natiqdimi, Naildimi, Nicatdımı, Nadirdimi bilmirəm, bax, bu «N» hərfli qaynın səni çox istiyir. Sənin yoldaşın o qızla telefonda danışır. Amanın günüdür, imkan vermə. Söz- söhbət ailənizdə ya yaranır, ya da yarana bilər. Ərin nə dedisə, «hə» de. Ərinin də yaxşı xasiyyəti var. Çox yaxşı. Səni incitsə, keç o biri otaqda ağla, sakitləş, amma ərinə əsəbiləşmə. Bəs sən de görüm, bu 5 rəqəmi nədir? 5 uşaq olublar, ya 5 nəfərdilər ailədə?

— 5 uşaqdırlar.

— Bax, mən sənə dedim də 5 uşaqdılar. Ərin səni incidir, amma yaxşı oğlandı. Heç kimin dediyi ilə getmir, öz yolu ilə gedən oğlandı. Bax, deyirəm bir dənə qız gədəni oynadacaq. Evinə gələnlərdən ehtiyatlı ol. Özü gələ bilməz, başqasına verər ki, ala bu suyu tök oğlanın evinə. Ərini əlindən buraxma. Dilini bir az gödək elə, ərini qaçırdarsan ailəndən. Ev danışığınız olub, amma bir az pulunuz çatmır. Çox az qalıb.

Falçını yoxlamaq üçün 3 aydı subay əməkdaşımızın "əri" ilə arasında soyuqluq olduğunu deyirik. Falçı bayaq dediklərini yaddan çıxarıb yenidən başlayır:

— Bəs dedim də, «N» hərfində qız var (Amma bayaq «T» hərfi idi). Dua-cadu qoymur. Bax, sənə deyirəm, oğlanı dua ilə yıxacaqlar. Bu «N» hərfli qız cadulayıb.

— Cadunu sındırmaq mümkün deyil?

— Mundarlasan cadu sınar. Yoldaşının maykasını mundarla, ütülə, geyinsin əyninə. Yoxsa o qız ailənizi dağıdacaq. Başa düşdün? Qız yapışıb, oğlan da onu almayıb, ona görə, nəfsi qalıb üstündə. Sənə bacının yanında deyirəm, mundarlanmayana kimi keçməyəcək.

Ailəli olmayan əməkdaşımızın uşağı olmadığını deyirik. Guya, ailədə söz-söhbət də, probemlər də elə bundan yaranır. Falçı əməkdaşımıza barmağını kofeyə batırmasını istəyir. Daha sonra fincanda nəyəsə baxıb yenidən danışır:

— Mən qızda görmürəm heç nə. Nə varsa gədədədir. 7 ayamı, 7 həftəyəmi, 7 günəmi, 7 saatamı uşağa qalacaqsan. Oğlan yaxşı oğlandı, əlindən buraxma.

— Bəs o «N» hərfli qız qohumdu, ya qonşudur?

— Uddun udassan, udmadın bədbəxt olassan. Uzaq adamdır o qız, sən onu axtarma. O qız oğlanın evini yıxacaq. Dilini dinc qoy, xətrinə dəyməsin, dilin uzundu, kəs dilini. Uşaq olana kimi dilini şirin elə. Uşaq olandan sonra hər şey düzələcək. Nə dedi, ud getsin, yazıqsan. Səndə yoxdu dua-zad.

Falçıdan cadu sındırıb, dua yazıb-yazmadığını soruşuruq. Deyir ki, yaşa dolub, daha bacarmır. Bir az da şirin dilə salıb onun özü haqqında öyrənirik. Mehri xala Kəlbəcər qaçqınıdır. Elə Kəlbəcərdə yaşayanda da falçılıqla məşğul olurmuş. Deyir ki, əvvəllər müştərisi daha çox olurdu. İndi yaşa dolub, daha hər adam üçün baxmır. «Gündə sizin kimi 4-5 qıza, ancaq yaxınlara baxıram. Bu da mənə bəs edir».

Qeyd edək ki, falçının falına baxdığı əməkdaşımız hələ ailə qurmayıb. Və onun danışdıqlarının bir kəlməsinin də ona aidiyyəti yoxdur.

İlahiyyatçı Rəşad Ağayevin sözlərinə görə, fala baxmaq, yazı və xətt ilə gələcəkdən xəbər vermək bütə tapınmaq kimidir. Falçılıq edərək alınan pul da haramdır. «Peyğəmbərimizin dövründən əvvəl cin tayfaları insanlara görünərdi. Şeytan da görünərdi. O dövrlərdə cadugərlik çox irəlidə idi. Bunun səbəbi də cinlər idi. Cadugərlər ulduzlara baxaraq, bəzi şeyləri kəşf edərdilər. Cinlər uzunömürlü olduqları üçün aralarında olan hadisələri inancsız insanalara anladar, onlara cadu etməyin yollarını öyrədərdilər. İndi də belə insanlar var. Bir çox aciz və çarəsiz insanlar onlara müraciət edir, onlardan mədət umurlar. Halbuki bu kəslərdən mədət ummaq insanların etiqadını pozar».

İlahiyyatçının sözlərinə görə, İslam dinində fal və falçılıq, fala baxmaq və baxdırmaq qəti surətdə qadağan edilib. Çünki gələcəyi Allahdan başqa kimsə bilə bilməz.

Astroloq Səbuhi Rəhimlinin sözlərinə görə, falçılıq, falla məşğul olmaq yalan işlərdir. Bu işlərlə məğşul olan insanlar özlərinə «ocaq» yaradaraq, insanları aldatmaqla məşğul olurlar. «Bu gün karta, qəhvəyə, divara və bu kimi şeylərə baxıb insanların gələcəyi haqqında məlumat verən „baxıcı“lar insanları aldadır. Astrologiyadan fərqli olaraq, astromantiya deyilən öngörü növü vasitəsilə insanlarımız falçılar tərəfindən aldadılır. İnsanlar diqqətli olmalı, Allaha inanmalıdırlar. Unutmamalıyıq ki, hər şeydən uca Allahdır».


Tarix: 26.11.2014 / 12:37 Müəllif: Aziza Baxılıb: 197 Bölmə: Maraqlı Melumatlar