beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tarixdə maraqlı sui-qəsdlər

Sui-qəsdlərin tarixi də insanlıq tarixinin yaşı ilə ölçülür. İlk sui-qəsdi həyata keçirən isə qardaşını öldürən Qabildir. “Brut sən də?” ifadəsi ilə tanıdığımız Roma imperatoru Yuli Sezar da sui-qəsdin qurban olub. Tarixdə bu cür sui-qəsdlərin sayı onlarladır. Onların bəziləri isə tarixin gedişatını da dəyişdirə biliblər. Türkiyənin “Bu gün” qəzeti bu cür bir neçə sui-qəsd haqqında məlumat verib. Maraqlıdır ki, qəzet 2007-ci ildə Türkiyədə öldürülüən erməni əsilli jurnalist Hrant Dinki də bu sıraya aid edib.

Yuli Sezar – eramızdan əvvəl 49-44-cü illərdə Roma imperatoru
Yuli Sezar çox xəyanətlərin şahidi olmuşdu. Ancaq o, belə bir xəyanəti heç vaxt gözləmirdi. Onun üzərinə düşmənləri deyil, yaxın bildiyi dostları gəlirdi. Qatillər isə yalnız qarşılarındakını parçalamaqdan başqa bir şey düşünmürdülər. Onların amansızcasına məhv etmək istədikləri adam bir vaxtlar dağılmaqda olan Romanın fəxri sayılırdı. Sezar öz taxtında çırpınır, xəncər zərbələrindən xilas olmaq istəyirdi. Çətinliklə dizi üstə qalxa bildi və bu vaxt onu xəncərlə vuran şəxslərdən birini gördü. Bu onun ən yaxın silahdaşı Brut idi. Brutu görən kimi sanki Sezarın dili birdən-birə açıldı və yalnız “Brut sən də?” deyə bildi. Ancaq Brut onu eşitmək istəmirdi və xəncəri aramsız olaraq Sezarın bədəninə endirirdi. Sonradan məlum oldu ki, Sezara 35 xəncər zərbəsi vurulubmuş. Roma tarixində Senatda görünməmiş bir hadisə baş vermişdi. Bütün Romanı qorxu içində saxlayan, zahirən özünü demokrat kimi göstərən, daxilən isə qanlı bir diktator olan Sezar elə taxtında da qətlə yetirilmişdi.

Sezarin öldürülməsi isə sui-qəsdçilərin nəzərdə tuta bilmədiyi şəkildə Romanın sonunu sürətləndirdi. Sezər tək varisi olaraq qardaş oğlunu Oktavianı təyin etmişdi. Sezarın öldüyü vaxt hələ 19 yaşında olan Oktavian isə əslində taxtın tək varisi deyildi. Brut ilə Markus Antonius arasındakı razılaşma Sezarın istəyinin yenidən nəzərdən keçirməsinə səbəb oldu.

Mohandas Karamçand Qandi (1869-1948) - Hindistanın passifist siyasətçisi və düşüncə adamı
Mahatma Qandi hind milli - azadlıq hərəkatının 1919-1948-ci illər arasında ən önəmli lideri idi. 1869-cu ildə Porbandarda Vaşiya kastasından bir ailənin oğlu olaraq doğulan M.Qandi 1888-1891-cu illər arasında Londonda hüquq təhsili gördükdən sonra iki il Bombey və Rackot şəhərlərində, 1893-1914-cü illər arasında isə Cənubi Afrikada vəkil işləyıb. “Böyük ruh” mənasını verən “Mahatma” adına layiq görülən Qandi həyatı boyunca Britaniya imperatorluğunun zülmünü və terrorizmi rədd edib. Vətəndaşların itaətsizlik kampaniyasının ən əhəmiyyətli fiqurudur. “Ət yeməyənlər dərnəyi”nin liderliyinə qədər yüksələn Qandi həyatı boyunca hind xalqının haqqlarını müdafiə etmiş, ancaq yenə bir hindli tərəfindən öldürülmüşdür.

Qandinin Britanya hökumətinə qarşı qazandığı ən böyük qələbələrdən biri torpaq razılaşmasıdır. Hindistanda siyasətə atıldıqdan sonra 1934-cü ilin yazında 3 dəfə müvəffəqiyyətsiz sui-qəsdə uğrayıb. Ölkə rəhbərliyində söz sahibi olan Qandi Hindistanın ikiyə bölünməsinə şiddətlə qarşı çıxırdı. Ancaq 30 Yanvar 1948-ci ildə ölkənin bölünməsinə görə ittiham edilərək öldürüldü.

Avraam Linkoln (1809-1865) - ABŞ-ın 16-cı prezidenti
“Xidmətçi olmağı istəmədiyim kimi, xidmətçi istifadə etməyi də sevmirəm, mənim demokratiya anlayışım budur” ifadəsinin sahibi ABŞ-ın 16-cı prezidenti Avraam Linkoln “bir xəyalim var” şüarı ilə seçkini qazanmışdı. Xəyalı azad insanların yaşadığı, qara-ağ ayrı-seçkiliyinin edilmədiyi bir ABŞ idi. Prezident seçildikdən sonra ilk işi qarşıdurma vəziyyətində olan cənub və şimal əyalətləri arasında sülh yaratmaq olub. 4 il davam edən vətəndaş müharibəsini qazanan Linkoln 1865-ci ildə yenidən prezident seçilib.

Müharibədəki qələbəsindən 6 gün sonra 15 aprel 1865-ci ildə Avraam Linkoln teatrda "Bizim Amerikalı əmioğlumuz" tamaşasına baxarkən həmin teatrın aktyoru Con Uilks But tərəfindən qətlə yetirilib. Bununla o, qətlə yetirilmiş ilk ABŞ prezidenti olmuşdur. Sui-qəsdçinin ilk planı Linkolnu qaçırıb cənublu əsirlərin buraxılması şərti ilə sərbəst buraxmaq idi. Ancaq sonradan planını sui-qəsdlə əvəz edib. Eyni gecə prezidentin köməkçisi və xarici işlər naziri də sui-qəsdə uğrayıb, ancaq möcüzə nəticəsində xilas olublar. Linkolnun sui-qəsdinin sirri ancaq 1961-ci ildə açılıb. Dövrün müdafiə naziri Edvin Stanton Linkolnun yerinə keçmək üçün sui-qəsdi planlaşdırdığı aydın oldu. Stanton o gecə teatra gedərkən “səhnədən ayrıldığım zaman Amerikanın ən məşhur adamı olacağam” deyirdi.

Benazir Bhutto (1953- 2007) - Pakistanin keçmiş baş naziri
İlk dəfə 1988-ci il seçkilərində qələbə qazanaraq baş nazir postuna yiyələnən Bənazir Bhutto 20 ay sonra hərbi qüvvələrin köməyi ilə ölkə başçısı Qulam İshaq Xan tərəfindən vəzifəsindən uzaqlaşdırılıb. 1993-cü ildə ikinci dəfə Pakistanın baş naziri seçilən xanım Bhutto üç il sonra baş verən siyasi qalmaqallar nəticəsində yenidən vəzifəsindən kənarlaşdırılıb. Böyük Britaniyanın keçmiş koloniyası olan müsəlman Pakistanına rəhbərlik edən ilk qadın siyasi xadim kimi tarixə düşüb. 1999-cu ildən etibarən Dubayda sürgün həyatı yaşayan Bənazir Bhutto səkkiz illik bir dövrdən sonra 2007-ci il oktyabr ayının 18-də yenidən Pakistana geri qayıtmağa müvəffəq olub. Seçkiyə qatılmaq üçün Pakistana dönməyə qərar verən Bhuttoya Pərviz Müşərrəf “Əl-Qaidə” terror təşkilatından təhlükə gözlənildiyi xəbərdarlığı edib. Bhutto isə xəbərdarlığa məhəl qoymayıb.

27 Dekabr 2007-ci ildə 54 yaşında ikən Pakistanın Ravalpindi şəhərində seçki mitingindəki çıxışında sui-qəsdlə öldürülüb. Buttonun ölümündən sonra baş nazir Pərviz Müşərrəf ölkədə üç günlük yas elan etdi. Pakistan hökuməti sui-qəsdlə əlaqəsi olduğu deyilən 15 yaşında bir uşağı həbs etdi. Bhuttoya sui-qəsddə məsuliyyəti “Əl-Qaidə” üzərinə götürdü. Amma Bhuttonun ABŞ-lı teleaparıcı Mark Şegelə göndərdiyi bir elektronik məktubda “Pakistanda başıma bir şey gəlirsə, cavahdeh Pərviz Müşərrəfdir” yazdığı ortaya çıxdı.Benəzir Bhuttonun bir qadın kimi necə olması haqqında da oxuyun.

Con Kennedi (1917- 1963) - ABŞ-ın otuz beşinci prezidenti
Con Kennedinin prezidentliyi dövründə Məxfi Xidmət təkcə Texasda Conu öldürməyə 34 cəhdi araşdırmışdır. Həmin ştatda mühafizəkar və ultrasağ qüvvələrin mövqeləri xeyli güclü idi, hətta 1960-cı ildə əslən texaslı olan Lindon Conson və onun arvadı, sonra isə ABŞ-ın BMT-dəki səfiri Adlay Stivenson burada açıq şəkildə təhqirlərə məruz qalmışdılar. Dallas küçələrində Kennedinin şəkli və "xainliyə görə axtarılır" yazısı ilə plakatlar görünürdü. Lakin 1964-cü ildə prezident seçkilərinə hazırlaşarkən Kennedi Texasa yola düşmüşdü, çünki bu ştatın səsləri seçkilərdə mühüm rol oynayır. Kennedi demişdi: "İlahi, Texasa səfərdən çəkinə bilsəydim... Bir səbəb uydurmaq olarmı?" 1963-cü il noyabrın 22-də ("qara cümə") prezident təyyarəsi Dallasdakı Lavfild aeroportuna endi. Prezidentin mühafizəsi motorlaşdırılmış Dallas polis idarəsi dəstəsi, təhlükəsizlik xidməti avtomobili və Məxfi Xidmət agentlərindən ibarət idi. Kortejin önündə təhlükəsizlik xidməti avtomobili, sonra altı polis motosikli, fərqləndirici işarələri olmayan baş maşın və 1961-ci il modelli prezident "Linkolnu" gedirdi. İsti havaya görə təhlükəsizlik agenti Louson "Linkolnun" orqanik şüşədən olan üstünü çıxarmağı qət etdi. Prezident avtomobilini soldan və sağdan cəmi dörd motosikletçi müşayiət edirdi, maşında isə iki Məxfi Xidmət agenti var idi. "Linkolnun" arxasınca səkkiz nəfər agentlə "Kadillak" gəlirdi. Buna baxmayaraq saat 12:30-da Kennediyə snayper tüfəngindən iki dəfə atəş açıldı, birinci mərmi onun boynuna, ikincisi isə başına dəydi. Prezident mühafizəsinin zabiti Klinton Hill Kennedini qorumaq üçün yük yerinə çıxdı. "Linkoln" Parklend Hospitala yönəldi və həkimlər 25 dəqiqə ərzində Kennedini xilas etməyə çalışdılar, lakin saat 1-də rəsmi olaraq onun ölüm xəbəri elan edildi. Bütün hadisəni Abraham Zapruder kameraya çəkmişdir. Həmin gün saat 13:46-da Senat işini dayandırdı, bir dəqiqə sonra Nyu-York birjası bağlandı. Saat 13:49-da SİTA sui-qəsd haqqında xəbər verdi. Saat 15:41-də tabut Vaşinqtona uçan prezident təyyarəsinə yükləndi. Vaşinqtonda tabut gücləndirilmiş mühafizə altında Endrüs hava bazasına çatdırıldı.

Kennedinin vəfatından sonra ABŞ Ali Məhkəməsinin sədri Erl Uorrenin rəhbərliyi altında yaradılmış komissiya (Uorren komissiyası) belə nəticəyə gəldi ki, prezidentin qatili Li Harvi Osvald tək hərəkət etmişdir. Lakin növbəti araşdırmada Nümayəndələr Palatası qərara aldı ki, Kennedinin meyitinin yarılması standartlara uyğun şəkildə aparılmamışdır. Cinayətlə uzaqdan-yaxından əlaqəsi və ya məlumatı olan hamı bir-bir dəlil buraxılmadan ortadan qaldırıldı. Kennediyə edilən bu sui-qəsdin arxasında İsrailin olduğu iddiaları var. Bunun səbəbi isə Kennedinin İsrailin nüvə proqramına qarşı çıxmasıdır.Həmçiinin bax: Kennedi ailəsinin lənəti


Tarix: 25.11.2014 / 18:17 Müəllif: Aziza Baxılıb: 257 Bölmə: Maraqlı Melumatlar