beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zərif casuslar

Qadınlardan, xüsusilə də gözəl qadınlardan casus kimi istifadə olunması ənənəsinin tarixi qə­­dim dövrlərə gedib-çıxır. Bu ənənə indi də davam etdirilir. Əsrlərboyu yüzlərlə, minlərlə, on minlərlə casus qadın olub, müxtəlif əməliyyatlar həyata keçiriblər. Onların çoxu barədə, de­­mək olar ki, heç nə bilmirik. Amma fəaliyyəti ilə dünyaya səs-küy salan, adı tarixə düşən ca­­sus «ledilər» də az deyil.

Cazibədar casus
2010-cu ilin yayında Vaşinqtonla Moskva arasında aparılan casus mübadiləsi, xüsusilə də, An­­na Çapman adı, yəqin ki, hamının yadındadır. Rusiyanın ABŞ-dakı casus şəbəkəsinin əsas sima­­larından olan Anna Çapman azadlığa buraxılandan sonra, haqqında söz-söhbətlər yayıldı.

Anna 1982-ci ildə Rusiya xüsusi xidmət orqanının əməkdaşı olan Vasili Kuşenkonun ailəsin­­də anadan olub. Uşaqlıqdan oxumağa, öyrənməyə xüsusi maraq göstərən Anna ölkəsinin ən yaxşı institutlarında ali təhsil aldıqdan sonra, işləmək üçün Avropaya üz tutur. Elə burada da gələcək həyat yoldaşı, məşhur "Aşan” supermarketlər şəbəkəsinin sahibi ilə tanış olur. Amma nədənsə bu izdivacın ömrü uzun sürmür.

Anna həyat yoldaşından ayrıldıqdan sonra, 2006-cı il­­də Nyu-Yorkda şəxsi biznesini qurur. Əmlak biznesi, əslində, Annanın gizli işinin ört-basdır edil­­məsi üçün yaradılan bir vasitə idi. Bütün cəhdlərə baxmayaraq, nəhayət, Anna Çapman gizli fə­aliyyətini sürdürə bilmir.

2010-cu ilin avqustunda Amerika xüsusi xidmət orqanları tərəfindən yaxalanır. Anna Amerika-İran münasibətləri, nüvə silahı haqqında və konqresmenlərin fəaliy­­yəti ilə bağlı gizli informasiyaları Rusiya məxfi hökumət orqanlarına çatdırmaqda günahlandırı­­lır. Amma ölkəsi Annanı tək qoymur, onu müdafiə edir. O öz vətəninə bir qəhrəman kimi dö­­nür. Anna Çapmanın casusluğu haqqında yetərli dəlil olmadığından, o, mühakimə edilmir və qanunla casus sayılmır.

Anna Çapman haqqında okeanın o tayından-bu tayına dolaşan "əfsanələr” bizi geriyə dö­­nüb tarixə boylanmağa və onun kimi digər əfsanəvi casus qadınları xatırlamağa vadar edir. An­­na Çapman, şübhəsiz ki, "soyuq müharibə” illərindən bəri tarixdə ən cazibədar və gözəl casus qadın kimi qalacaq. "Amma Annanın sələfləri olan casus "ledi”lər də ondan heç də geri qalmır­­dılar”, — desək yanılmarıq.

Səhər şəfəqinin gözləri Mata Xari
Mata Xari cazibədar qadın idi. Hələ uşaqkən gözəlliyi ilə hamını heyran qoyan balaca Marqa­­ret Gertrudanın gələcəkdə də bu yolla uğur qazanacağına heç kimin şübhəsi yox idi. 1876-cı il­­də Niderlandda – sadə ailələrin birində Marqaret Gertruda adlı bir qız dünyaya gəlir. O, kiçik yaşlarından etibarən hamıdan seçilirdi. Həddən artıq xəyalpərəst olan qızcığaz özündən qeyri-adi hadisələr uydurur və ətrafdakıları da buna inanmağa vadar edridi. Belə uydurmaların birin­­də o, atasını yapon imperatoru, anasını isə baronessa kimi təsvir edirdi.

Çox dəcəl və şıltaq qız olan Marqaretin öhdəsindən valideynləri belə gələ bilmirdi. Yeniyet­­mə çağlarında qədəm qoyduqda o, müstəqilliyini təmin etmək üçün evlənmək qərarına gəlir. Marqaret Gertruda qəzetlərin birində evlənmə elanları vasitəsilə gələcək həyat yoldaşını tapır. Hindistanda yaşayan, özündən düz 20 yaş böyük olan holland zabiti Rudolf Kempbell Makleod ilə tanış olur və qısa müddət ərzində evlənərək Hindistanda yaşayırlar. Amma nikahdan sonra da çətin xarakter öz sözünü deyir və dəyişikliklərə meyilli olan Marqareti ekzotik Hindistanda zabit xanımı rolu qane etmir. O, Parisə üz tutmaq və rəqqasə olmaq qərarına gəlir. Məhz "Sev­­gililər şəhəri”ndə adi hollandiyalı qız – Marqaret Gertruda əfsanəvi Mata Xariyə çevrilir.

Tarix bu ada görə Parisdə yerləşən Şərq muzeyinin sahibi Gimeyə borcludur. Marqaretin bö­­yük pərəstişkarı olan Gime rəqqasəni öz muzeyinə dəvət edir və o, Şərq eksponatları arasında malay rəqsləri ilə dövlət adamları və səfirləri heyran etməyə başlayır. Şərqşünas Gime Marqa­­retə "Mata Xari” təxəllüsünü də fikirləşir ki, bu söz birləşməsi malay dilindən tərcümədə "sə­­hər şəfəqlərinin gözü” deməkdir.

Əfsanəvi gözəl dövrünün "La Skala” və "Metropol” kimi məşhur opera səhnələrində çıxış edir, lakin şahidlərin dediyinə görə, Şərq rəqslərini elə də yaxşı ifa etməyən Mata Xari kişiləri öz cazibəsi ilə hər çıxışında heyran qoyur. Bu cazibə isə ona gələcəkdə, tamamilə fərqli işdə uğurlar qazanmağa kömək edir.

Birinci Dünya müharibəsi Mata Xarinin həyatını tamamilə dəyişir. Müharibə üzündən Paris­­dən vətəninə dönən rəqqasə üzləşdiyi maddi çətinlikləri qəbul edə bilmir. Və pula olan ehtiyacı onu ilk dəfə Almaniya tərəfinə casusluğa vadar edir.

1915-ci ildə alman gizli kəşfiyyat orqanı olan "111” Mata Xarini gizli casus kimi qeydə alır. Bu işin öhdəsindən yaxşı gələn rəqqasə-casus 1916-cı ildən ikili casusa çevrilərək, Fransa tə­­rəfinə də işləməyə başlayır. Məhz bu, Mata Xarinin sonunun başlanğıcı olur. 1917-ci ildə fran­­sız hökuməti Mata Xarini ikili casusluqda günahlandıraraq həbs edir. Elə həmin il məhkəmənin qərarı ilə o, ölüm hökmünə məhkum olunur.

Hanna Seneş
Hanna Seneş, əslində, dünyaca məşhur ədib ola bilərdi. Onun atası Bela Seneş və əmisi An­­dor Seneş məşhur macar yazıçı və dramaturqlarıdır. Hanna da 13 yaşında ikən öz gündəliyin­­də macar dilində ilk şeirlərini yazmağa başlamışdı. Amma tale onu başqa səmtə apardı.

18 yaşında Hanna təkbaşına Fələstinə gəlir və burada kənd təsərrüfatı məktəbində oxuma­­ğa başlayır. Tezliklə məktəbin nəzdində fəaliyyət göstərən gənclər kommunası –"Kibutsa”nın üzvü olur və fəallığı ilə seçilir. Hanna öz xatirələrini bölüşdüyü gündəliyində Fələstin, burada tanış olduğu insanlardan və ingilis administrasiyasının Avropadan qaçıb Fələstinə sığınmaq is­­təyən yəhudilərə hansı əngəllər yaratdığından və bundan necə məyus olduğundan danışır. Bu məyusluq onu 1942-ci ildə könüllü yəhudi özünümüdafiə dəstəsinə gətirib-çıxarır.

Həmin il Hanna və bir qrup könüllü yəhudi paraşütçülər Almaniya ərazisinə kəşfiyyata göndərilir. Para­­şütçü dəstədə qadının olması həm ingilis, həm də Amerika əsgərlərini heyrətə gətirir. Lakin hə­­min zərif xanım komandanın ayaqda qalmasında və ruhdan düşməməsində əsas rol oynayır. 1944-cü ildə Hanna İtaliyaya, ordan isə Yuqoslaviyaya keçmək və əsir yəhudilərə kömək gös­­tərmək üçün növbəti kəşfiyyata göndərilir. Məhz bu əməliyyat zamanı Hanna Seneş fransız si­­lahlı qüvvələri tərəfindən saxlanılır. Axtarış zamanı onun gizli siqnallar ötürən radioqəbuledici­­si də tapılır. Uzunsürən istintaqa, psixoloji təsirlərə və təhdidlərə baxmayaraq, Hanna heç bir informasiyanı düşmənə vermir və 1944-cü ildə ölüm cəzasına məhkum edilir.

Cənubun Kleopatrası
Bell BoydBell Boyd gənc yaşlarından mübarizə meydanına atılan cəsur xanımlardan idi. 1844-cü ildə Virciniyada doğulan və əsl adı İzabella Mariya Boyd olan qızcığaz çox dəcəl idi. Yaşıdlarından fərqli olaraq, Bellin qızlarla münasibət qurmurdu, onun ən sevdiyi məşğuliyyəti öz yaşıdı olan oğlanlarla "müharibə oyunu” oynamaq idi. Elə bu xarakter sonralar onun həyatının bir hissəsi­­ni müharibə meydanlarında keçirməsi ilə nəticələndi.

"Cənubun Kleopatrası” adı verilən bu qız Amerikada vətəndaş müharibəsi zamanı "La Bell Rabel” kod adı ilə cənub ştatlarının tərəfində mübarizə aparırdı. Gənc casus şimal ştatlarından topladığı məlumatları cənuba – öz silahdaşlarına yollayırdı. Öz xatirələrində Bell həyat şüarı­­nın – "Son nəfəsimə qədər vətənim üçün vuruşmaq!” olduğunu söyləyirdi. 1862-ci ildə, ilk də­­fə həbs olunanda, Bellin cəmi 18 yaşı var idi və o zaman casus mübadiləsi nəticəsində Belli azad buraxmışdılar. Amma təəssüflər olsun, ona ikinci şansı vermədilər. 1863-cü ildə bir daha həbs olunan Bell Boyd sürgünə göndərildi. Azad olunduqdan sonra, Bell İngiltərəyə gedir və orada gələcək həyat yoldaşı ilə tanış olur. Bell burada bir müddət aktrisalıq edir, məşhur teatr səhnələrində rol alır. Ailə qurduqdan bir müddət sonra həyat yoldaşının vəfat etməsi Bell Boy­­du vətəninə qaytarır. Vətənə qayıdan Bell Amerika şəhərlərini gəzərək, "Cənub Kleopatra­­sı”nın, yəni özünün casusluq həyatı barədə geniş mühazirələr oxuyur. Belə səfərlərin birində də həyatla vidalaşır.

Polkovnik Sonya
Rut Verner bütün ruhu ilə kommunist idi. Kommunizmə olan marağı və sevgisi onu casusluq­­la məşğul olmağa vadar etmişdi.

1930-cu ildə Rut Verner sovet qoşunlarında gizli informator kimi işə götürülür. Üç il ərzində rus ordusu üçün gizli məlumatlar toplayan "Sonya” ləqəbli qız, 1933-cü ildə Moskvaya qayıda­­raq burada peşəkar casusluq dərsləri almağa qərar verir.

Rut Verner
1949-cu ildə Verner Böyük Britaniyada casus şəbəkəsi qurur. Müəyyən müddət sonra höku­­mət tərəfindən ifşa edilən casus şəbəkəsi fəaliyyətini dayandırır və Rut Şimali Almaniyaya qa­­çır. Yalnız 50-ci illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin gizli bürosunda fəaliyyətini dayan­­dıran Sonya "təqaüd”ə – sovet ordusunun polkovniki rütbəsində çıxır.


Tarix: 25.11.2014 / 10:53 Müəllif: Aziza Baxılıb: 324 Bölmə: Maraqlı Melumatlar