beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

→ Yazıçıların sevdiyi içkilər

Hansı məşhur yazıçı 13 yaşından içməyə başlayıb?
Bəzən oxuduğumuz kitablara, dinlədiyimiz musiqilərə, baxdığımız filmlərə o qədər aludə oluruq ki, onların müəllifləri bizə əlçatmaz kimi görünür. Sanki bizdən biri deyillər heç, sanki bizim kimi içmir, yemək yemirlər. Ancaq dahilər, bizlərdən də çox içib, hətta ölüm həddinə çatıblar... Bəs onların hansı içkiləri sevdikləri sizə maraqlıdırmı?

Ernest Heminquey
Nobel və Pulitzer mükafatçısı Ernest Heminquey alkoqola düşgün olsa da, ən sevdiyi içki mohito - ağ rom, limon və nanə yarpaqlarından ibarət az alkoqollu içki - olub. Ancaq yazıçı romanlarını yazan vaxt içki içmirmiş. Ən sevdiyi şüarı isə budur: "İçki - günün ən yaxşı sonluğudur".

Uilyam Folkner
Daha bir alkoqol sevər yazarlardan biri Uilyam Folkner Nyu Orleansda yaşadığı dövrdə yazıçı dostları ilə axşamlar görüşər, bara gedib gecə saat 2-yə qədər içərmişlər. Onun ən çox sevdiyi içki isə "Mint julep" , yəni nanəli kokteyl olub. "Julep" sözü farsca "gülab" sözündən əmələ gəlib və təsadüfi deyil ki, içki də şirin və gül suyu dadını verir. Digər sevimli içkisi viski haqda isə deyib: "Pis viski yoxdur. Sadəcə, bəzən bir viski digərlərindən yaxşı olur. İnsan 50 yaşınacan içkiyə aludə olmamalıdır, 50-dən sonra içməsə, axmaqlıq olar".

Oskar Uayld
Qadınların sevimlisi, ingilis yazıçı Oskar Uayldın ən çox sevdiyi içki absent olub. Onun içki haqda şüarı belədir: "Mən çox vacib bir kəşf etmişəm...qədərində içilən içki sərxoşluğun bütün təsirlərini yaradır". Yazıçı ömrünün son günlərində ancaq içkiyə pul xərcləyərmiş.

Con Steynbek
Amerikan yazıçısı Con Steynbek də içki düşgünü olan yazıçılardandır. Hər gün təxminən, eyni qədər yazı yazan Steynbek işini bitirdikdən sonra içməyə başlayırmış. Yaxşı yazanda isə daha çox içən yazıçı içkinin təsirindən səhəri gün əlini belə qaldıra bilmirmiş. Onun səhəri günü isə iki günün əvəzinə yazarmış - özünü günahkar hiss etdiyi üçün...

Çarlz Bukovski
"İçki özünü öldürüb yenidən doğulmağa bənzəyir" sözlərinin müəllifi Bukovskidir. O, elə əksər əsərlərində cəmiyyətdən kənar insanları, uğursuzları, sərxoşların həyatını qələmə alıb, çünki bu tip insanları özünə çox yaxın hiss edib. Atası tərəfindən tez-tez döyülən yazıçı 13 yaşında içməyə başlayıb. Ən çox sevdiyi içki isə boylermeyker - pivə, vodka, viski və tekilanın qarışığı - olub. Sevimli şüarı: "Əgər pis bir hadisə baş veribsə, unutmaq üçün için; yaxşı bir hadisə baş veribsə, qeyd etmək üçün için; yox, əgər heç nə baş verməyibsə, nəyinsə baş verməsi üçün için".

F. Skot Fitscerald
Ən böyük amerikan yazıçılarından olan Skot Fitscerald məktəb illərindən içkiyə başlayıb. Əsərlərinin ona gətirdiyi pul və şöhrət onun əyləncə həyatını da dəyişib. O qədər içkiyə aludə olub ki, ürəyi zəifləməyə başlayıb və 44 yaşında həyatını itirib. İçki alışqanlığına həmişə belə haqq qazandırarmış: "Əvvəlcə bir içki alırsan, sonra bir içki digərini alır və sonra içki səni alır". Tünd alkoqol içki sayılan "cin riki" sevimli içkisi olub.

Dilan Tomas
Uelsli şair alkoqolikliyi ilə fəxr edənlərdən olub. Tünd viskidən bacardığı qədər çox içib. "Alkoqolik - səndən çox içdiyi üçün sevmədiyin insandır", - şözünün müəllifi Tomas 39 yaşında 18 stəkan viskidən sonra həyatını itirib.

Truman Kapot
"Tiffanidə səhər yeməyi" romanının müəllifi olan amerikalı yazıçı günə bir dubl martini ilə başlayarmış və günü beləcə, davam etdirirmiş. İçki düşgünlüyünü müalicə etmək üçün xəstəxanada yatsa da, xeyri olmayıb. Sərxoş vəziyyətdə qatıldığı bir televiziya proqramında: "İçirəm, çünki başqa cür tab gətirə bilmirəm", - söyləyib.


Tarix: 30.11.2014 / 19:53 Müəllif: Aziza Baxılıb: 146 Bölmə: Müxtəlif