beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uinston Çörçill...

Londonda parlamentin qarşısında abidə dayanıb. Tosqun, bir qədər yöndəmsiz adam enli paltoda, əl ağacına söykənərək gəlib gedənlərə qaşqabaqla baxır. Abidədə nə titul, nə də yazı var. Cəmi bir söz - «Çörçill» yazılıb. 25 yaşından siyasi yola çıxmış Çörçill düz yarım əsr İngilis krallığının dövlət həyatında iştirak edərək, XX əsrin gedişində görkəmli, həlledici fiqur olub.

«Xoşbəxtlikdən həyat o qədər də qayğısız deyil»

1874-cü ilin payızında Londonun «Tayms» qəzeti birinci səhifəsində Malboro hersoqlarının ailəsində oğlan uşağının dünyaya gəlməsi barədə xəbər yaydı. Qarderob otağında, şlyapalar, paltolar arasında dünyaya gözünü açıb cır səslə çığıran uşaq kürən və hay-küylü idi. Onu Uinston Leonard Spenser Çörçill adlandırdılar. Evdəkilərsə sadəcə Vinni çağırırdı.
Çörçillin nəslindən olanların damarlarında istilaçı Vilhelmdən tutmuş quldur Frensis Dreykə qədər qəribə bir kokteyl qanı axırdı. Amerika mənşəli olan ana tərəfdən isə o, prezident Ruzveldə qohum çıxırdı. Onların kilsə siçanı kimi kasıb olmasını Uinstondan başqa hamı bilirdi. Ailənin qazancı böyük malikanənin saxlanmasına, 100 at, 150 qulluqçunun dolanışığına sərf edilirdi. Çörçill ata siyasi fəaliyyətlə məşğul olduğu vaxt ananın kübar həyatdan başı ayılmadığından, uşağın tərbiyəsiylə quvernantka məştul olurdu. Ona görə də Uinston «ikinci anam» adlandırdığı dayəsinə çon dərəcə bağlanmışdı, hətta ölümünə qədər onun portreti kabinetindən divardan asılı idi.
Uinstonun başqa tərbiyəçisi, məktəb direktoru barədə xatirələri son dərəcə pis idi. İngiltərənin o dövrkü tərbiyə üsulunda uşağın kötəklənməsi normal sayılırdı. İpə-sapa yatmayan Uinston bu tərbiyə üsulunun dadını başqalarından daha artıq dadırdı. Zorakılıq, xüsusilə də döyülməyə qarşı etirazı o qədər artıq idi ki, yetkinlik yaşına çatan kimi o, keçmiş direktorunun cavabını verməkçün Askota gedir. Uşağın incikliyi ürəyində qalır, çünki direktor artıq çoxdandı ki, ölmüşdü.
Qapalı «elit» məktəblərin (İton, Kembric, Xarrou) verdiyi attestat yüksək ingilis cəmiyyətinə məxsusluğu təsdiqləyirdi. Uinstonu Xarrou məktəbinə göndərirlər, çünki burda qəbul şərtləri nisbətən yumşaq idi. Qəbul imtahanında Çörçill iki saat ərzində vərəqdə bir rəqəmini çəkib onu dırnaq arasına aldı. Sonda vərəqi mürəkkəblə batırıb böyük bir ləkə saldı. Malboro nəslinin davamçısı olmasaydı, bu hoqqaya görə həmən qovlayardılar. Məktəb balaca avaranı qəbul eləməklə təmbəllərin sırasını artırmışdı. O, latın və yunan dilinin öyrənilməsində əlifbadan o yana keçə bilməmişdi. Dəqiq elmlərdən zəhləsi gedir, imkan düşən kimi elmə olan nifrətini nümayiş etdirirdi. Düzdü, Vinninin parlaq hafizəsi vardı. O, bundan arabir Şekspiri sitat gətirən müəllimlərin səhvini tutmaqda istifadə eləyirdi.
Uşağını hüquqşünas kimi görməyi arzulayan atanın ümidləri göz qabağında əriyirdi. Aristokrat üçün yeganə çıxış yolu kimi hərbi karyera qalırdı. Vinni hərbçi olmaq arzusuyla az qala sayıqlayırdı. Körpəliyindən onun yeganə oyuncağı 1500 nəfərlik qalay əsgərlər ordusu idi.

«Əgər sən tam əbləh deyilsənsə, orduya düşməyə bilməzsən»

Təhsildə buraxdığı boşluqlar öz işini görməyə bilməzdi. «Əgər sən tam əbləh deyilsənsə, orduya düşməyə bilməzsən» deyən cavan buna baxmayaraq, yalnız üçüncü cəhddə qəbul olundu. Uinston süvari polku seçdi. Tərs kimi bu polkda təhsil haqqı da dəfələrlə artıq idi. Çünki bir neçə atın saxlanması, yedirilməsi də tələbənin üstünə düşürdü. Belə sərfiyyat Çörçill ailəsinin maliyyə büdcəsinə uyğun deyildi.
130 nəfərlik buraxılış sinfində 20-ci olmaq bir o qədər də pis nailiyyət sayılmır. Hərbi məktəbin ilyarım olması da Uinstonu qane eləyirdi, axı o, müharibəyə tələsirdi. Hərbi məktəbi ölüm-zülümlə qurtaran Uinni bu barədə çox sevinə bilmədi, çünki bu ərəfədə atası 45 yaşında vəfat etdi. Atasının siyasi karyerasında buraxdığı səhvləri düzəlməkçün tale ona atasının ömrünün iki mislini bəxş elədi - düz 90 il…

«Generallar həmişə keçmiş müharibələrə hazırlaşır»

Uinston Çörçill,Winston Leonard Spencer-ChurchillKaryerasının yüksəlişi üçün cavan zabitə müharibəyə getmək lazım idi. Yalnız Kubada ispanlar yerli inqilabçılarla vuruşurdu. Ailəsinin maddi durumuna uyğun olaraq Uinston əlavə qazancın qeydinə qalmalydı. Ona görə də o, London qəzetləriylə danışıb müharibəyə hərbi müxbir simasında yollandı. Hər reportaja görə ona 10 funt vəd vermişdilər. 120 funt sterlinq illik gəliri olan zabit üçün bu, çox böyuk məbləğ sayılırdı. Çörçillin döyüş meydanından yazdığı reportajlarda hadisələrin təsvirindən daha çox özünü gözə soxma, lovğalıq vardı. Vətənə qayıdandan sonra o, artıq kubar cəmiyyətinin qaymaqlarından idi, onu naharlara, çağırırdılar və Uels şahzadəsi kimi nüfuzlu dostları əmələ gəlmişdi.
Növbəti dəfə vuruşmağa Hindistana gedəndə artıq Londonun ən nüfuzlu qəzetləri Çörçillə əməkdaşlıq barədə saziş bağlamışdı. Anası da əmin oğlunun məktublarından anlayır ki, onun artıq öz yazı üslübü var. Aldığı təssüratlar artıq reportajlardan böyük, yəni ədəbi yazılara kifayət eləyərdi. Hərbi hadisələrin real təsvirlərindən ibarət kitabı çıxanda onun 23 yaşı vardı və onu maraqlı yazıçı kimi tanıdılar.
İngiltərə Cənubi Afrikada hərbi fəaliyyətini başlayanda Çörçill artıq ekstra-klass jurnalistlərin sırasındaydı. Məzuniyyət pulu və nəqliyyat xərclərindən əlavə 250 funt qonorarı vardı. Afrika macəralarını qələmə alıb «Morninq Post»da çap edəndən sonra onu bütün İngiltərə tanıyırdı. Birinci Dünya müharibəsi Çörçillin artıq 4-cü müharibəsi idi. Burda o, artıq siyasətçi simasında çıxış eləyirdi.

«Vəzifəsiz, deputat kürsüsüz, partiyasız və kor bağırsaqsız…»

Atası ser Rotfold Uinstonu «cəmiyyət üçün yararsız bir adam» sayırdı. Ziyafətlərə həmişə əlində dəftərçəylə gələn gənc qusar göz qabağında ədəbiyyatçıya və az sonra natiqə çevrilirdi. Nəhayət, Çörçill qəti qərara gəlir ki, siyasi karyera hərbi karyeradan maraqlıdır. Hindistan və Afrika kampaniyalarınnın arasında o, atasının yolunu davam edərək öz siyasi partiyasını yaratmaq cəhdi edir. Baş nazir olmaq istəyini də heç vaxt gizləmirdi. Çörçill siyasətçi adlandırılmağı sevmirdi, «ictimai xadim» ifadəsi daha çox ürəyinə yatırdı. Onun fikrincə, siyasətçi və xadim onunla seçilir ki, birincisi seçkilər barədə, ikincisi isə gələcək nəsillər barədə düşünür. Hər dəfə parlamentdə yerini itirəndə yumor hissini itirməyib özünü «Vəzifəsiz, deputat kürsüsüz, partiyasız və kor bağırsaqsız» adlandırırdı.

Ulduz saatı

İkinci Dünya müharibəsi Çörçillin uğur məqamı idi. O, «Mən sizə ağır zəhmət, qan-tər və göz yaşlarından başqa heç nə vəd verə bilmərəm» desə də, ölkəni faşizmə qarşı mübarizə lozunqu altında birləşdirə bildi. Kart oyununda qazandığı bacarıqlar Çörçillin İkinci Dünya savaşı zamanı çox karına gəldi. O, manevr edir, blef qurur, risk eləyir, gah Mussolini ilə yazışır, gah Rusiyaya arxalanır… Müharibə illərində Çörçill gündə 18 və daha artıq işləyirdi. Onun iş rejimi əməkdaşları lap əldən salırdı. Səhərədək gedən iclaslardan adamlar yorulub əldən düşən vaxt Çörçill başını atıb divanda yarımca saat yuxulamaqla özünü bərpa eləməyi bacarırdı. Ona cəmi 3-4 saat lazım idi ki, yenidən əvvəlki enerjisiylə işə başlasın.
1945-ci il mayın 8-də Çörçillin ulduz saatı parlayırdı. O, Böyük Britaniyanın baş naziri rezidensiyasının pəncərəsindən çıxıb qələbə xəbərini elan edəndə əsgərlər «O xeyirxah və yaxşı adamdır» mahnısını oxuyurdu. Sonra Çörçill Moskvaya gəldi və Qızıl Bayraq ordeninin təltifində şəxsən iştirak elədi. Mayın 9-da isə ledi Klementina radioda çıxışında bütün sovet xalqını qələbə münasibətilə təbrik elədi. Amma Sovetlər ölkəsi qələbənin sevincini yaşayanda Çörçill bu ölkə ilə mübarizə planları cızırdı. SSRİ üzərinə təzyiq qurmaq məqsədilə ABŞ-ın prezidenti Trumenlə görüşmüşdü. Amma geri qayıdanda onu sürpriz gözləyirdi. Seçicilər Konservatorlar Partiyasını və eləcə də sevimlisinin rədd eləmişdi. Ölkənin taleyindən yenə də qıraqda qalmış Çörçill ömrünün sonuna kimi bu xəyanəti ingilislərə bağışlaya bilmədi. Amma o, öz siyasi həyatıyla yaşamaqda davam eləyirdi. 1946-cı il mayın 5-də Amerikanın Fulton şəhərində Vestminster kollecində söylədiyi məşhur nitqi yenə də bütün dünyanı alt-üst eləməyə qadir bir çıxış oldu. Bu nitqində eks-baş nazir bütün dünyanı kommunizmə qarşı birləşməyə çağırırdı. Maraqlıdır ki, çıxışından sonra Çörçill banketdə qara kürünün üstünə cumub «Bundan sonra Stalin mənə bunu havayı göndərməz» dedi. Dəmir pərdə anlayışı da Çörçillin dilindən götürülüb. Amerika və SSRİ arasında soyuq müharibənin başlanğıcını məhz həmin gündən hesablayırlar.

«Hitler! Sənin ananı…»

İngilis cəmiyyətində pul haqqında danışmaq yaxşı sayılmır. Çörçill isə hamının yanında siqara verdiyi böyük məbləğlərdən, kazinoda udduğu pullardan (azartlı oyunçu olsa da, həmişə qızlarının ad günü 18 və 22 rəqəmlərinə pul qoyardı) danışardı. O, kinoda Çörçillin rolunu oynamış aktyordan nə qədər qonorar aldığını soruşub qıpqırmızı olanadək utandıra bilərdi, sonra məbləği öyrənib «Bu qiymətə mən elə özüm özümü daha yaxşı oynaya da bilərdim» deyərdi.
Həddən artıq qarınqulu olması barədə onun portretləri və fotoları daha yaxşı danışa bilər. Şotland viskisi, fransız konyakına bağlılığı haqda əfsanələr gəzirdi. Depressiya vaxtlarında Çörçill başını kolleksiya toplamaqla, bəzən qazon kəsmək, peyzajlar çəkməklə başını qatar və «Ledi Hamilton» filminə bəlkə də yüzüncü dəfə baxardı. Müharibədən qabaq Çörçill Çarli adlı tutuquşuya meylini salmışdı. Nasist fürerini ikimərtəbəli söyüşlərlə söyməyi şəxsən özü öyrədərdi. İndi həmin 105 yaşlı tutuquşu hələ də sağdır və Surrey qraflığında otağa girən hər kəsi Çörçillin səsiylə «Hitler! Sənin ananı…» deyib söyməklə hələ də şoka salır.
İstirahət haqqında anlayışları da qəribəydi. Çörçill televizoru «Əbləhlər üçün fonar» adlandırırdı. İçki məsələsiylə maraqlanan jurnalistlərə belə deyərdi: «Mən cavan olanda özümə naharadək spirti içki içməməyi söz vermişdim. İndi artıq cavan deyiləm, ona görə də səhər yeməyinə qədər içməyi özümə icazə vermirəm». Boş vaxtlarında çəkdiyi rəsmləri Şarl Moren adı altında sərgiləyirdi. Tikinti işləri zamanı gəlmiş qonaqları da məcbur edərdi ki, ona kömək eləsinlər. Yorulan kimi kitab yazmağa gedərdi: «Günə 200 kərpic və 2000 söz».

«Mən Kubanı həmişə dodaqlarımda gəzdirirəm»

Hətta müharibə zamanı qıtlıq olanda Kuba siqarlarını ona göndərirdilər. Çəkdiyi siqarlarına görə bir ətək pul xərcləsə də, sevimli konyakını Moskvadan Stalin pulsuz göndərirdi. Karikatura və şarjlarda Çörçilli daim baş əvəzinə tüstüləyən siqar şəklində çəkirdilər. Hər dəfə təsadüfən yandırdığı kostyumları təmir etməyə bəzən çatdırmırdılar. Bu minvalla 50-yə qədər kostyumun axırına çıxıb. Kuba haqqında xatirələriylə maraqlananlara o, «Mən Kubanı həmişə dodaqlarımda gəzdirirəm» deyərdi.
Çörçill adam arasına siqarsız çıxmazdı. Ona elə gəlirdi ki, hamı onu məhz belə görmək istəyir. İngiltərənin dulusçuluq zavodları Çörçillin prototipi kimi tosqun və ağzında siqar olan obrazlı pivə qabları buraxmağa başladı. Səudiyyə Ərbistanının kralı ilə ağır danışıqlar zamanı protokola görə onun hüzurunda nə içmək, nə də çəkmək olardı. Viski stəkanı və siqarsız düşünə bilməyəcəyini elan edəndən sonra təəccübündən ağzı açıla qalmış kral ona nahar zamanı içməyə və çəkməyə icazə verdi.
Çörçill yandırılmamış siqarların üstündə əssə də, yandıran kimi onlara marağını itirərdi. Evdə arxasıyca küldən cığır buraxmağı da vecinə almazdı. Yuxuya gedən kimi tosqun qarnında ağ kül təpəsi qalaqlanardı. Qarderobun tam məhvinin qarşısı alınmasıyçün bu dəfə arvadının icad elədiyi asbes önlüklər kara gəldi. Çörçill adətən ən uzun və enli siqarları seçərdi ki, bir neçə saat fasiləsiz tüstüləyə bilsin. Qitələrarası uzun müddətli təyyarə uçuşu zamanı da siqar səkmək üçün siqara uyğun dəliyi olan hava maskaları sifariş vermişdi.

«Yanğın gözəl idi, yaxşıca əyləndik»

Əgər ledi Çörçill bilsəydi ki, onun həyat yoldaşını geyinməyi bacaran seçmə adamlar sırasına daxil edəcəklər, bu uğuru mütləq öz ayağına yazardı. Ortabab hərbi polkovnikin qızı olan Klementina Uinstonun evlənmək təklifinə o dəqiqə razılıq verməmişdi. Ətrafda baş verən yanğın onların hər ikisinin həyatını həll elədi. Hadisə yerinə tələsən Çörçill başına dəbilqə qoyub kral əlahəzrətlərinin maliyyə naziri olmasına baxmayaraq, sonuncu dəqiqəyədək ev əşyalarını çıxarmaqla məşğul oldu. Cızıq-cızıq, hisə verilmiş, yorğun Uilli pəncərədən özünü bayıra atan kimi divar da çökdü. Klementinanın heyranlıq dolu teleqramına o, «Yanğın gözəl idi, yaxşıca əyləndik» cavabını vermişdi. Bu evliliyi hər iki tərəf çox uğurlu sayıb. Bu nikahdan 4 uşaq (onlardan biri 3 yaşında vəfat edib) doğulub. Amma xanım Çörçillə həsəd aparmaq da olmur, çünki onun qismətinə çox çətin xasiyyətli, axmaq vərdişləri olan, maniakal depressiv tipli və patoloji huşsuz bir ər düşüb. Uinstonun xasiyyətini qabardan bir ifadə də var: «Günə 5-6 siqar (əslində 8-10), 3-4 stəkan viski və tamamilə idmandan uzaq!»

Çörçill və Stalin

Çörçill ömrü boyu kommunizmə və şəxsən Stalinə qarşı ədavət hissiylə yaşayırdı. Stalin də Çörçillin səmimiyyətinə inanmırdı: «Bu ikiüzlü məni inandırmaq istəyir ki, belə gövdəylə o, Londonda təkcə sendviçlərlə dolanır». Amma Molotov təsdiqləyir ki, 1942-ci ildə Çörçill onu səhər yeməyinə dəvət edəndə masa üzərində kofe və sıyıqdan başqa heç nə yoxuydu. Müharibənin ən ağır illərində belə Moskva ziyafətlərində masa ən ekzotik və bahalı təamlardan zığ vurardu. Hərdənbir Stalinlə Çörçill içmək yarışına çıxırdı. İçməkdə ad çıxarmasına baxmayaraq, az keçməmiş valaylayan Çörçill bir o qədər içmiş və tam ayıq olan Stalinə qəribə nəzərlərlə baxanda: «Narahat olma, Rusiyanı içib qurtara bilmərəm» demişdi.
Deyirlər ki, Sovet rəsmiləriylə görüşlərin birində ofisiant Çörçillin şalvarının açıq olmasını görüb ona kiçik namə yazmışdı. Cavabında Çörçill «Ölüvay quşcuğaz bir daha yuvasından pərvaz edə bilməyəcək» yazıb göndərmişdi. Bu məktubun qırıqlarını ələ keçirən sovet kəşfiyyatı neçə illər bu məktubun şifrəsini açmaq üzərində baş sındırırmış. Bir neçə il sonra Xruşşov İngiltərədə olanda bu məsələylə maraqlanıb soruşmuşdu ki, «Böyük üçlükdən təkcə siz qalmısız. Bəlkə sirri bölüşərdiz». Çörçill də «qoca qartal»ın sirrini açıb kəşfiyyatı cümlənin açmasını axtarmaq zülmündən xilas eləmişdi.

Patriarxın payızı

1951-ci ildə konservatorlar seçki kampaniyasını udan kimi Çörçill yenə də İngiltərənin baş naziri vəzifəsində oturmuşdu. Sovetlərdən gələn atom bombası təhlükəsi altında Amerika ilə əməkdaşlıq daha vacib görünürdü. Münasibətləri sığallamaq məqsədilə ABŞ ser Çörçilli fəxri vətəndaş seçdi. 1953-cü ildə isə Uinston Çörçilli daha bir imtahan gözləyirdi. Nobel Komitəsi ədəbi fəaliyyətinə görə Çörçilli mükafata layiq gördü. Ondan bir il əvvəl Fransua Mariak, sonrakı il isə Ernest Heminquey lauret adına layiq görülmüşdü.

«Elə yaşdayam ki, özümü pis hiss eləməyi özümə icazə verə bilmərəm»

Ömrünün son illərində Çörçillin yazıçılıq etməyə nə fiziki, nə də intellektual gücü qalmamışqdı. «Dauninq strit» rezidensiyasını tərk edərkən Çörçill onu yola salan kütləyə həmişəki kimi iki barmağından «V» işarəsini (Viktoriya, yəni qələbə) göstərib son 10 ilini keçirməkçün Çartvell şəhərkənarı malikanəsinə yollandı. 80 yaşı keçmiş qoca depressiyalara tez-tez düşür və ruhi tarazlığını itirirdi. Cavan siyasətçilərin təzyiqi altında vəzifə kürsüsünü tərk edəndən sonra nə aldığı ordenlər, nə də eşitdiyi tərif nitqləri artıq onun ürəyini ovutmurdu. Lap darıxanda fransız Rivyerinə, ya da dostu yunan milyonçusu Onassisin dəvətilə Aralıq dənizi sularında səyahətə çıxırdı. Qocalığı ağlının itiliyinə zərər yetirməmişdi.
1965-ci ildə Londonun 90 il əvvəl Malboro klanının uşağının dünyaya gəlməsini yazan həmən «Tayms» qəzeti elan verdi ki, ser Çörçill dünyasını dəyişib. «Silindrli adam»ı İngiltərə krallara layiq təntənəylə yola saldı. Vestminster abbatlığından yerdən götürülmüş tabut Temza çayına qədər ötürülərək ingilis bayrağı altında hərbi gəmiyə qaldırıldı. Onu son mənzilə yola salan minlərlə insan artıq anlayırdı ki, İngiltərə böyük imperiyadan adi dövlətə çevrilir...


Tarix: 30.11.2014 / 19:30 Müəllif: Aziza Baxılıb: 303 Bölmə: Müxtəlif