beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi Avropa xalqlarının mədəniyyəti

Mədəniyyətin inkişafının səbəbləri. Təbiətə, insana, antik mədəniyyətə maraq. İtaliyada intibah dövründə Florensiya, Roma, Venesiya və Milan ölkənin başlıca şəhərləri idi. Florensiya ticarət yolları üzərində yerləşirdi. Burada çoxlu manufakturalar, banklar, ticarət mərkəzləri və varlı adamlar var idi. Onlar yaradıcı adamlardan heç nə əsirgəmirdilər. Florensiya iqtisadi qüdrətinə görə yeni mədəniyyətin — intibah mədəniyyətinin mərkəzinə çevrilmişdi. İlk kapitalist müəssisəsi olan manufaktura XIV əsrdə İtaliya şəhərlərində yaranmışdı. Manufakturanın yaranması ilə burjuaziya meydana gəlmişdi. Avropada intibah mədəniyyətinin İtaliyada meydana gəlməsinin əsas səbəbi burada burjuaziyanın daha tez yaranması olmuşdur.

Bu dövrdə intibah mədəniyyətinə xas olan xüsusiyyətlər şəhərlərdə ziyalı təbəqəsinin (zehni əməklə məşğul olan insan qrupuna ziyalı deyilir) yaranması, təbiətin öyrənilməsi, insana, dünyaya, qədim yunan və qədim roma mədəniyyətinə olan maraq, elm və incəsənət əlaqələrinin möhkəmlənməsi idi. Bu dövrdə mədəniyyət nümayəndələri dinlə yox, insan, onun işləri ilə maraqlanır və humanist adlanırdılar. Humanistlər insanın xoşbəxtliyini faydalı əməkdə görürdülər. Humanistlər qəlbi və vücudu, fikirləri və hissləri gözəl olan insanları hərtərəfli inkişaf etmiş insan hesab edirdilər. İtaliya intibah mədəniyyətinin yüksəlişi yeni burjua sinfinin güclənməsi ilə bağlı idi.

Kilsə antik dövr mədəniyyətini xristian dininə zidd hesab edirdi. Bu səbəbdən antik mədəniyyət qismən unudulmuşdu. Humanistlər Qədim Yunanıstan və Qədim Roma mədəniyyətinə maraq göstərirdilər. Unudulmuş mədəniyyət yenidən dirçəldildi, yeni mədəniyyət yarandı. Bu yeni mədəniyyətin yarandığı dövr İntibah dövrü adlanır. Humanistlər də, antik dövrün yazıçı və şairləri kimi, insanı aciz, taleyi əlində olmayan insan kimi təsvir etmirdilər. Onlar insanları bacarıqlı, iradəli, mübariz təsvir edir, əsərlərini latın dilində yox, ana dilində yazırdılar.



İntibah dövrünün rəssamları və heykəltəraşları. İtaliya intiba­hının ən görkəmli nümayəndələrindən biri Leonardo da Vinçi (1452-1519) Florensiyada anadan olmuşdu, rəssam, alim, ixtiraçı, mühəndis, memar, musiqiçi, şair idi. O, insanları müşahidə edir, onların zahiri və daxili gözəlliklərini öz əsərlərində təsvir edirdi. Onun «Mona Liza» («Cokonda») — gənc qadın portreti buna əyani misaldır. O, paraşütün, vertolyotun, sualtı qayığın və s. quruluşunu işləyib hazırlamışdı.

Intibah dövrünün dahi xadimlərindən olan Mikelancelo (1475-1564) heykəltəraş, rəssam, memar, hərbi mühəndis və şair idi. O, Florensiyanın azadlığı uğrunda mübarizədə iştirak etmiş, müdafiə qurğularının tikilməsinə rəhbərlik etmişdi. O, güclü bədənə, yenilməz iradəyə malik gənc insanların heykəllərini yaradırdı. O, 5,5 m hündürlüyündə olan «David» heykəlini mərmərdən yonmuşdu. Bu əsərdə nəhənglərlə vuruşan çoban təsvir olunmuşdu. «David» heykəli Florensiyanın mərkəzində qoyulmuşdu və şəhərin himayəçisi sayılırdı. Mikelancelo Romada Müqəddəs Pyotr kilsəsinin tikintisində də iştirak etmişdi.

İtaliya intibahının ən görkəmli rəssamlarından biri Rafael (1483-1520) idi. O, gözəl, güclü, zəkalı və xoşxasiyyətli insanları təsvir edirdi. Əvvəl Florensiyada, sonra Romada çalışmış, Müqəddəs Pyotr kilsəsinin bəzədilməsinə rəhbərlik etmişdi. Ən məşhur əsəri «Sikst Madonnası»dır. Əsər Müəqəddəs Sikst monastırı üçün çəkilmişdi. Əsərdə insanların səadəti naminə balasını qurban verməyə hazır olan ana təsvir olunmuşdu. İtaliya intibah mədəniyyəti Niderland, Almaniya və İspaniya mədəniyyətinə təsir etmiş və onlar da dünya mədəniyyətinə nadir töhfələr vermişlər.

XVI əsrin başlanğıcında Almaniyada intibah mədəniyyətinin tərəqqisi reformasiya hərəkatı, feodal zülmünə qarşı mübarizə ilə bağlı idi. Almaniyada qabaqcıl rəssamlara rəssam, mühəndis, memar, şair, qədim dillərin bilicisi olan Albert Dürer başçılıq edirdi. Dürer çap olunan kitablar üçün şəkillər çəkir, mənəvi zənginliyə malik güclü, ağıllı adamları təsvir edirdi. «Cavan oğlan», «Dörd atlı» əsərləri buna misal ola bilər.

Hollandiya incəsənətinin tərəqqisi burjua inqilabının qələbəsi də bağlı idi. Bu dövrün görkəmli rəssamı Rembrandt Van Reyn (1606-1669) idi. Onun yaratdığı əsərlərin 1500-ü dövrümüzə qə­dər gəlib çıxmışdır, onların 100 ədədi avtoportretdir. Onun əsərlərinin əsasını insan, onun xarakteri, ağlı, duyğuları təşkil edirdi. Rəssam öz zövqlərini ona qəbul etdirən sifarişçilərlə razılaşmadığından ona sifariş vermədilər. O, yoxsulluq içində öldü. Ömrünün sonunda qoca adamların portretini yaradırdı. Onun məşhur əsəri «Yolunu azmış oğulun qayıtması»dır.

İspaniyada XVI əsrin sonunda incəsənətdə başlanan tərəqqi 100 ilə qədər davam etdi. Bu dövr İspaniya mədəniyyətinin «qızıl dövrü» adlanır. İspaniyada incəsənət əsərlərinin sifarişçisi kral, kilsə, adlı-sanlı feodallar idi. Rəssamlıqda xalqın həyatını əks etdirən əsərlər də yaradılırdı. İspaniyanın məşhur rəssamı Diyeqo Velaskes (1599-1660) idi. O, Madriddə 40 ilə qədər sarayda fəaliyyət göstərmişdi. Ömrünün sonunda «Əyirici qadınlar» əsərində Avropa rəssamları içərisində ilk dəfə işçi qadın əməyini təsvir etmişdir. Onun qəbir daşmda yazılmışdır: «Həqiqət rəssamına».



Qərbi Avropanın humanist yazıçıları. Qərbi Avropanın humanist yazıçıları daha ədalətli quruluş arzulayırdılar. Belə humanistlərdən biri ingilis yazıçısı Tomas Mor (1478-1535) idi. O, hüquqşünas idi. 1516-cı ildə «Ən yaxşı dövlət quruluşu və yeni Utopiya adası haqqında qızıl kitab» nəşr etdirdi. Kitabda xüsusi mülkiyyət olmayan «Utopiya» adası təsvir edilir. Tomas Mor bu cəmiyyəti qurmağın yolunu bilmirdi. Ona görə də, sonralar həyata keçilməz arzunu utopiya (olmayan yer») adlandırdılar.
Fransanın humanist, satirik yazıçısı Fransua Rable (14941553) «Qarqantua və Pantaqruel» kitabında kral və mənasız müharibələri ifşa etmişdir.
XVI əsrin sonunda ingilis xalqı teatrı çox sevirdi. Londonda 10-a qədər teatr var idi. Kraliça Yelizaveta tez-tez teatra gəlirdi.
Dahi ingilis yazıçısı Uilyam Şekspir (1464-1616) 37 faciə, komediya, tarixi dram yazmışdır. Onun «Hamlet», «Otello», «Kral Lir» və s. əsərləri indi də dünyanın müxtəlif şəhərlərində oynanılır. Şekspirin qəhrəmanları hər cür əzaba dözür, mübarizədən çəkinmirlər.
Dahi ispan humanist yazıçısı Migel Servantes (1547-1616) çətin həyat yolu keçmişdir. «Don Kixot» romanı onubütün dünyada məşhur etmişdir. Don Kixot ədaləti bərpa etmək uğrunda mübarizə aparır. Lakin o, karvansaranı qəsr, saray, qoyun sürüsünü düşmən hesab edərək, gülüş doğururdu.

Elm və din arasında mübarizə. Böyük coğrafi kəşflərdən sonra dəniz səyyahları Dünya okeanında üzürdülər. Coğrafiya elmi ilə yanaşı, astronomiya da inkişaf etdi. Polyak alimi Nikolay Kopernik (1473-1543) 30 il göy cisimlərini müşahidə edərək, 1543-cü ildə «Göy cisimlərinin fırlanması haqqında» əsər yazdı. O, belə nəticəyə gəldi ki, yer həm günəş, həm də öz oxu ətrafında fırlanır. Yer günəş ətrafında fırlanan planetlərdən biridir. Bu orta əsr baxışlarına böyük zərbə vurdu.

Böyük italyan alimi Cordano Bruno (1548-1600) görkəmli alim, istedadlı yazıçı idi. O deyirdi ki, kainatın hüdudu və ölçüsü yoxdur. O, 16 il İngiltərə, Almaniya, Fransa, Çexiyanı dolaşdı. Belə nəticəyə gəldi ki, günəş özü də kainatın mərkəzi deyil. Kainat saysız-hesabsız ulduzlardan ibarətdir. Onların hər biri yerdən uzaqda olan Günəşdir. Bruno İtaliyaya qayıtdı. 1600-cü ildə kilsə məhkəməsi onu tonqalda yandırmaq haqqında hökm verdi.

İtaliya alimi Qalileo Qaliley (1564-1642) teleskopla göy cisimlərini müşahidə edən ilk alim olmuşdur. Teleskopun köməyi ilə göy cisimləri 30 dəfə böyüdülürdü. O, ayda dağlar, günəşdə ləkələr olduğunu müşahidə etmiş, Brunonun təliminin düzgün olduğunu təsdiqləmişdi. Qalileyi Romaya gətirib 70 yaşında kilsə məhkəməsində mühakimə etdilər. O, məhkəmədə «tövbə» etməli oldu. Deyilənə görə, o, tövbədən sonra ayağını yerə çırparaq demişdir: «Hər halda o fırlanır!».


Tarix: 09.12.2014 / 13:21 Müəllif: Aziza Baxılıb: 199 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)