beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İbtidai icma dövrü mədəniyyəti

Arxeoloqlar qədim insanların hazırladıqları müxtəlif alətlər əsasən ibtidai dövrü daş və metal (mis, tunc və dəmir) dövrlərinə görə mərhələləşdirirlər.
Daş dövrü qədim (paleolit), orta (mezolit) və yeni (neolit) daş dövrü kimi mərhələlərə bölünür. Daş dövrünün təxmini xronoloji sərhədləri e.ə. 2,5-3 milyon ildən – e.ə. VI min illiyi nəzərdə tutur. Paleolit, öz növbəsində üç dövrə: aşağı, orta və yuxarı (və ya son) paleolitə bölünür. Daş dövrü mis və tunc dövrü ilə əvəz olunur ki, sonuncu b.e.ə. III-II minillikləri əhatə edir. Daha sonra (b.e.ə. I minilliyin əvvəli) dəmir dövrü başlanır.
İbtidai insan torpaq və heyvandarlıqla məşğul olmuşdur. Bundan öncə isə, o, minillər ərzində öz dolanışığını üç yolla: yığıcılıq, ovçuluq və balıqçılıqla təmin etmişdir.
İbtidai cəmiyyətin tarixi amerikalı etnoqraf L.Q.Morqanın «Qədim cəmiyyət» adlı tədqiqatında öz əksini tapmışdır. Aparılan tədqiqatlar bir daha sübut edir ki, insan təkcə təbiətin tərkib hissəsi olmamış, o həm də incəsənət vasitəsilə özünü formalaşdırmış və kamilləşdirmişdir. Bunu sübut edən bir çox dəlillər mövcuddur. Xüsusilə, dünya arxeologiya elminin mütəxəssisləri bu haqda yetərincə misallar göstərmək iqtidarındadırlar. 1836-cı ildə Şaffoda (Vyana departamenti) məşhur arxeoloq Eduard Larte tərəfindən xüsusi rəsmlərlə cizgilənmiş lövhəciklərin tapıntısı bu sahədə ən dəyərli nümunələrdəndir. O, həm də La Madlendə (Fransa) mamont təsvirini də tapmışdır.
Ən erkən mərhələdə incəsənətin səciyyəvi xüsusiyyəti sinkretizmdir (yunanca – synkretimos – birləşmə – müxtəlif baxışların əlaqəsi).
Dünyanın bədii şəkildə dərk edilməsi «homo sapiens»-in (ağıllı insanın) formalaşmasına güclü təkan oldu. Arxeoloqların kəşfləri nəticəsində məlum olur ki, incəsənət əsərləri əmək alətlərinin hazırlanmasından çox sonra, təqribən milyon ildən sonra yaranmağa başlayıb.
Paleolit, mezolit və neolit dövrü abidələri ibtidai insanların əsas diqqətinin, məhz nəyə yönəldiyini göstərir. Qaya üzərindəki cizgi və rəsmlər, daş, gil və ağacdan hazırlanmış heykəllər, qablar üzərindəki ovçuluq səhnələrinin təsvirləri insanların heyvanlar haqqındakı düşüncələrini sübut edir. Paleolit, mezolit və neolit dövrünün əsas təsvir obyekti vəhşi heyvanlardır.
Sonuncu paleolit dövrünə aid olan ilk təsviri sənət əsərləri Orinyak (Fransa) mədəniyyətinə aid edilir. Daş və sümükdən hazırlanan qadın fiqurlarına da məhz bu dövrdə təsadüf olunur. Bu cür «venera»lara Fransa, İtaliya, Avstriya, Çexiya, Rusiya və dünyanın digər regionlarında rast gəlmək olar.
Bunlarla eyni vaxtda mamont, fil, at, maral kimi heyvanların ümumiləşdirilmiş – ifadəli təsvirlərinə də rast gəlirik. Xüsusilə, bu heyvanlara aiddir.
Qaya rəsmləri və fiqurlar ibtidai insanların təfəkkür tərzini öyrənməyə imkan verir. Məsələn, ovçunun mənəvi qüvvələri təbiət qanunlarını dəf etməyə yönəldilir. Bundan ibtidai insanın bütün həyatı asılıdır.
İbtidai incəsənətin əsas bədii xüsusiyyətini simvolik forma və təsvirin şərti xarakteri təşkil edirdi.
Yuxarı paleolit rəngkarlığına mağara təsvirləri aid edilir. Ən qədim abidələr Qərbi Avropada tapılmışdır. 1879-cu ildə ispan arxeoloqu M.Sautuola Altamır mağarasında (İspaniya) paleolit dövrünün rəngkarlıq təsvirlərini kəşf etdi. 1895-ci ildə Fransanın Lya Mut mağarasında ibtidai insanın çəkdiyi rəsmlər tapıldı. 1901ci ildə A.Breyl Fransada Vezera düzənliyində Le-Kombatel mağarasında mamont, bizon, maral, at, ayı təsvirlərini tapır. Burada təsvirlərin sayı 300-ə qədərdir, həmçinin insan təsvirləri də üstünlük təşkil edir. Həmin ildə arxeoloq Pestroni Le Kombateldən çox da aralı olmayan Fon de Qomda 40 vəhşi at, 23 mamont, 17 maral təsvirlərindən ibarət olan «rəsm qalereyasını» kəşf edir. Daş dövrünün palitrası çox kasıbdır, burada dörd əsas rəng – qara, ağ, qırmızı və sarı üstünlük təşkil edir. Ağ və qara rənglərdən isə nadir hallarda istifadə olunub.
Eyni dövrləri ibtidai musiqiyə də aid etmək olar. Hərəkət, jest, mimika və səslər ibtidai musiqini yaradan əsas elementlər idi.
Son paleolitdə əldə edilən musiqi alətləri xüsusi maraq doğurur. Çernovitsk vilayətində Dnestrin sağ sahilində Moldova düşərgələrindəki qazıntılar zamanı arxeoloq A.P.Çernış son paleolitin ortasına aid olan mədəni təbəqədəşimal maralının buynuzundan hazırlanmış 21 sm uzunluğunda fleyta tapmışdır.
İbtidai incəsənətin əsas sahəsini ornament təşkil edir. Paleolit dövründə o çox geniş tətbiq olunmuşdur. Hələ XIX əsrdə Mezin paleolit düşərgəsində (Ukrayna) daş və sümük alətlər üzərində həndəsi ornamentlər aşkar etmişdir. Həndəsi naxışlar qolbaq və digər müxtəlif fiqurlar üzərində öz təcəssümünü tapmışdır. Bu cür ornamentlər əyri xətt və cizgilərdən ibarətdir.
Abstrakt naxışlarla ibtidai rəssamlar təbiəti əks etdirmiş, onun surətini yaratmışlar.
Bir çox tədqiqatçılar belə güman edirlər ki, yuxarı paleolit incəsənəti təkcə sənətdən ibarət deyil, o həm də ibtidai insanların dini-magik görüşlərini əks etdirir.
İbtidai mədəniyyətin bir qədər sonrakı mərhələləri mezolit, neolit və ilk metal alətlərin hazırlanması dövrünə təsadüf edir. İbtidai insan təbiətdən əldə etdyi hazır məhsullarla yanaşı əməyin digər formalarını – ovçuluq, balıqçılıq, əkinçilik və heyvandarlıqla də məşğul olmağa balşayır. Yeni daş dövründə insan tərəfindən ilk dəfə odadavamlı gil kəşf edilir. İnsanlar öz məqsədləri üçün ilk növbədə təbiətdən alınan daş, ağac və sümükdən istifadə edirdilər. Torpaqla məşğul olanlar gildən hazırlanmış qabların üzərini naxışlayırdılar.
Neolit və tunc dövründə ornament daha da çiçəklənməyə başlayır. Buradakı təsvirlər mürəkkəb anlayışları ifadə edir. Dekorativ-tətbiqi sənətin və bir çox növləri – keramika və metalın yenidən işlənməsi formalaşmağa başlayır.
Tunc dövründən başlayaraq yırtıcı heyvan təsvirləri tədricən aradan çıxmağa başlayır. Hər yerdə quru həndəsi sxemlər vüsət tapır. Məsələn, Azərbaycan, Dağıstan, Orta və Mərkəzi Asiya dağlarında keçi profilləri üstünlük təşkil edir. İnsanlar petroqliflərin (petroqlif – yunan sözü olub, petros – daş, glirhe – kəsmə; qaya təsvirləri.) yaradılmasına daha az səy göstərirlər.
B.e.ə. III minilliyə, tunc dövrünün erkən çağına aid olan Şimali Qafqaz mədəniyyəti Maykop adını almışdır. Bu ad məşhur Maykop kurqanı abidəsinə uyğun adlandırılmışdır. Maykop mədəniyyəti Taman yarımadasının şimal-qərbindən Dağıstanın cənub şərqinə qədər yayılmışdır.
İbtidai cəmiyyətin sonlarına doğru bədii peşələr və sənətlər geniş vüsət tapmağa başlayır: bürüncdən, qızıl və gümüşdən müxtəlif məmulatlar hazırlanır.
İbtidai dövrün sonlarına yaxın memarlığın yeni-yeni növləri — qalalar yaranmağa başlayır. Bu cür tikililər kobud surətdə cilalanmış nəhəng daşlardan hazırlanır. Belələrinə Avropanın bir çox yerlərində və Qafqazda rast gəlmək olur.
B.e.ə. I minilliyin II yarısından Avropanın meşəlikləri boyu məskunlaşma başlayır. Məskunlaşma nəticəsində düşərgə, kənd və şəhərlər yaranırdı.
Düşərgələr daha çox daş və tunc dövrünə aiddir. «Düşərgə» anlayışı şərtidir. Bu anlayış «məskunlaşma» termininə daha yaxındır. Pompey, Troya və Herkulanumda daş dövrünə aid ovçu düşərgələrinə rast gəlmək olar ki, bunları ən qədim şəhərlərə də aid etmək olar.
Məskunlaşma olan yerlərdə dəfn mərasimi də həyata keçirilir. İbtidai dövrün dəfn abidələri iki növə – qəbirüstü tikililərə (kurqan, meqalitik, sərdabə) və heç bir tikilisi olmayan qrunt qəbirlərə bölünür.
İbtidai mədəniyyətə aid əsas məqamlardan biri də dini təsəvvür və dünyagörüşdür. Bunlar əsasən animizm magiya, fetişizm, totemizm, erotik ayinlər, dəfn ayinləridir.
İbtidai mifik təsəvvürlər animizmdə (latınca anima — ruh) təcəssüm tapmışdır. Bu terminin elmi mahiyyət kəsb etməsi ingilis etnoloqu E.B.Teylorun (1832-1917) fundamental əsəri olan «İbtidai mədəniyyət» kitabından başlayır. Bu nəzəriyyənin əsas mahiyyətini bədəndən ayrılmış «ruh» ideyası təşkil edir. Əcdadlarımızdan bizə miras qalmış yuxugörmə və yuxuyozma, qarabasma (qallyüsinasiya), letargiya yuxusu və digər anlaşılmaz məqamlar animizmin əsas mövzusudur.
Dini təsəvvürlərin, mərasim və ənənələrin inkişaf prosesi məhz animizmdən başlamışdı.
Ruhun təbiəti haqqında animistik təsəvvürlər ibtidai insanın ölümə, dəfnə ilkin münasibətlərinin müəyyənləşməsinə kömək etmişdir.
Dinin ən qədim forması magiya (yunanca – megeia – sehrbazlıq hesab edilir. Bu forma qarğış və adətlər rituallarını, rəmzi fəaliyəti əks etdirir.
Din tarixi problemləri arasında magiya hələ də tam aydın olmayan problemlərdəndir. Bir çox alimlər, o cümlədən ingilis dinşünas və etnoloqu Ceyms Frezer (1854-1941) magiyanı dinin sələfi hesab edirdi. İbtidai və qədim xalqların ayinlərini tədqiq edərək o, psixoloji təsəvvürlərdən irəli gələrək magik üsul və yolların təsnifatını tərtib etmişdi.
Alman etnoloq və sosioloqu A.Firkandt (1867-1953) magiyaya dini təsəvvürlərin inkişaf mənbələrindən biri kimi yanaşır.
Magiyanın növlərinin təsnifatı da mövcuddur: ziyankar, hərbi, cinsi (məhəbbət), sağlamlıq, qoruyucu, metereoloji və digər ikinci dərəcəli növlər.
Magiyanın bir çox növləri müasir dövrdə də tətbiq edilir. Magiyanın bir növü olan fetişizm (fransızca fetiche – talisman, amulet, idol) fövqəltəbii xüsusiyyətləri ilə dərk edilən qeyri-canlı əşyalara inam və etiqadı təmsil edir. Fetişlər — etiqad obyektləri – daş, ağac və s-dir. Onlar həm təbiət mənşəli, həm də insan tərəfindən yaradılmış ola bilər. Müasir dinlərdə də fetişizm geniş yayılmışdır: məsələn, xristianlarda ikonalara etiqad belələrindəndir.
Etiqadın digər bir növü isə canlı və ağaclara olan sitayişdir ki, buna totemizm deyilir (Totem — şimali hindularda «əcdad, soy» deməkdir). Totemizmin irsi, fratrial (yunanca — qardaşlıq), qrup, cinsi və fərdi növləri vardır. Tədqiqatçıların əksəriyyətinin fikrincə, fratrilər daha qədim hesab edilir. Fratrilər (icmanın bir neçə qruplara bölünməsi) daha kiçik nəslin qruplara bölünməsini nəzərdə tutur. Totemdən bütün nəsil və onun hər bir üzvünün taleyi asılı idi. Müxtəlif sehrli hərəkətlər etməklə ondan bütün nəslin dolanışığı üçün xahişlər olunur. Çox güman ki, məhz bir çox mağara təsvir və rəsmləri totemizmlə bağlı olmuşdur.
Otuz min illik arxaik mədəniyyət itməmişdir. İbtidai əcdadlarımızın bizə miras olaraq adət-ənənələr, simvol və abidələr, stereotiplər qalmışdır. İbtidai inamlar bütün dünya xalqlarının dinlərində qorunub saxlanılmışdır.
İbtidai dövr incəsənəti dünya mədəniyyətinin gələcək inkişafı üçün baza olmaqla Qədim Misir, Şumer, İran, Hindistan, Çin incəsənətinin təşəkkülündə əhəmiyyətli dərəcədə rol oynamışdır.


Tarix: 09.12.2014 / 13:18 Müəllif: Aziza Baxılıb: 259 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)