beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qədim ellin mədəniyyəti

Məlumdur ki, Yunanıstan mədəniyyətin bütün sahələrində bəşər mədəniyyəti xəzinəsinə əvəzsiz töhfələr bəxş etmişdir. Yalnız yunan mədəniyyətinin deyil, həm də dünya mədəniyyətinin sonrakı inkişaf tarixində e.ə VIII-VI əsrlər yunan mədəniyyətinin müstəsna rolu olmuşdur. Bu dövr yunan mədəniyyətinin səciyyəvi xüsusiyyətlərindən biri-dindən elmə, mistik baxışlardan materialist təlimə, incəsənət sahəsində isə şərtilikdən realizmə keçid olmuşdur.
Qeyd etdiyimiz xüsusiyyətlər klassik dövr yunan mədəniyyətində öz inkişafının ən uca zirvəsinə çatmışdır. Yunan mədəniyyətinin tərəqqisinin ən yüksək inkişaf mərhələsini klassik dövr təşkil edir. Müxtəlif sahələrdə qədim Şərq mədəniyyəti ilə əlaqədar olan və Egey mədəniyyətindən yaranan yunan mədəniyyəti e.ə. VIII-VI əsrlərdə böyük tərəqqi dövrü keçirmişdir. Bu dövr eyni zamanda yunan əlifbasının yaranması, ilk elmi və ədəbi nümunələrin meydana çıxması ilə səciyyəvidir.
Başında Zevs allahının durduğu Olimp dini də əsasən bu dövrdə formalaşmış, materializm ilə idealizmin, dialektika ilə metafizikanın mübarizəsi də e.ə. VIII-VI əsrlərdə başlanmışdır.

Quldarlıq cəmiyyətinin təkmilləşdiyi və quldarlıq dövlətinin təşəkkül tapdığı dövrdə yunan fəlsəfəsi yaranmışdır. İlk yunan alimlərinin vətəni İoniya idi.
İoniya filosoflarının ilk görkəmli nümayəndəsi isə e.ə. təxminən 624-547-ci illərdə yaşamış Miletli Fales olmuşdur. İoniya fəlsəfəsinin banisi olan Fales bütün mövcudatın maddi əsasının sudan təşkil olduğu fikrini əsaslandırırdı.
İoniyada yaradılmış riyaziyyat məktəbinin başında Falesin dostu və şagirdi Anaksimandr (e.ə. 610-546) dayanırdı. O, “Təbiət haqqında” əsərində əbədi hərəkətdə olan opeyronu (sonsuz)- əbədiyaşar materiyanı dünyanın əsası, başlanğıcı hesab edirdi.
Yunanıstanda idealist təlimin banilərindən biri olan Pifaqor (e.ə. təxminən 580-500) ədədi bütün olanların başlanğıcı hesab edirdi. Ona da Anaksimandr və Anaksimenin güclü təsiri olmuşdur. O, kainatı ahəngdar ədədlər və onların tənasüb sistemi kimi təsəvvür edirdi.
Qədim Yunanıstanın görkəmli filosoflarından olan Pifaqorun müasiri Efesli Heraklit (e.ə. təxminən 530-470) materialist dialektikanın banisi sayılır.

Yunan alimləri təbabətdə də diqqətəlayiq nailiyyətlər qazanmışdılar. Dünya təbabət elmi tarixində xüsusi yeri olan Hippokrat da (e.ə. 460-377) məşhur Kos (Kiçik Asiya sahili yaxınlığında ada) təbabət məktəbinin görkəmli nümayəndəsi olmuşdur.
V əsr yunan fəlsəfəsinin inkişafı daha çox Emkedokl, Anaksaqor, Levkipp və Demokritin adı ilə bağlıdır. Onlar materiyanın quruluşuna dair bir çox nəzəriyyələr təklif etmişlər.
Haqqında danışdığımız dövrün materialist təlimlərini Epikür (e.ə. 341-270) sona çatdırmışdır.
Qədim dünyanın məşhur filosoflarından biri də Aristotel (e.ə. 384-322) olmuşdur. Dünyanın böyük bir hissəsinin Makedoniya tərəfindən işğal edilməsi və İsgəndərin möhtəşəm imperiyasının yarandığı dövrdə yaşamış Aristotel klassik yunan fəlsəfəsini yekunlaşdırmışdır.

Yunanıstanda yaranan ədəbiyyat mövzu baxımından tragikliyi ilə diqqəti cəlb edir. Yunan tragediyasının banisi isə Fespid (e.ə. VI əsr) hesab olunur.
Tragediya öz yaranışı etibarilə Dionis allahı (üzüm və şərab allahı) şərəfinə keçirilən bahar bayramı ilə bağlıdır. Dionis ayinindən yaranmış yunan dramı, sonralar bu ayindən ayrılaraq yunan qəhrəmanlarını öz süjet dairəsinə salır.
Dünyanın digər mədəniyyət mərkəzlərində olduğu kimi, teatr Yunanıstanın ictimai həyatında da mühüm rol oynamış və olduqca populyarlaşmışdı. Qədim yunan teatrı üç hissədən-orxestra1, teatron2 və skenedən3 ibarət olmuşdur.
Böyük Attika tragikləri-Esxil, Sofokl və Evripidin yaradıcılığında Afina demokratiyası tarixindəki üç ardıcıl dövr öz əksini tapmışdır. F.Engelsin haqlı olaraq “Tragediyanın atası” adlandırdığı Esxil demokratik dövrün bərqərar olması, Sofokl quldarlıq demokratiyasının yüksəlişi, Evripid isə bu demokratiyanın böhranı dövrünün şairləri hesab olunurlar.

Klassik dövr Yunan mədəniyyətində incəsənətin digər növləri ilə yanaşı musiqi də inkişaf etmişdi. Yunanıstanın ictimai həyatında özünəməxsus yer tutan musiqi xüsusi mənəvi-tərbiyəvi əhəmiyyətə malik idi.
Yunanlar yalnız ədəbiyyat, teatr və musiqidə deyil, mədəniyyətin digər sahələrində də uğurlar qazanmışdılar Onların ən mükəmməl memarlıq əsəri Afina akropolunun başında tikilmiş İlahə Afinanın məbədi Parfenondur. Afina Propileyası adlı akropola gedən böyük yol və əfsanəvi Afina padşahı Erextey və Gefestə həsr olunmuş məbədlər yunan memarlıq sənətinin nadir incilərindəndir.

Yunan memarlığında üç üslub-ən qədim və formaca lap sadə dori üslubu, qeyri-adi incəliyi ilə məşhur olan ionı üslubu və mürəkkəb ornamentli Korinf üslubu xüsusilə nəzərə çarpır. Bəzən bu üç üslub bir abidədə cəmlənirdi. Fikrimizə, dori və ioni üslublarının birləşməsindən ibarət olan ilahə Afinanın məbədi Parfenonu misal göstərmək olar. Bizim e.ə. VI-V əsrlərdə Yunan heykəltəraşlığı da öz inkişafının ən yüksək zirvəsinə çatmışdı.
Yunan incəsənətinin ən zəngin dövrü Fidinin (e.ə. V əsrin 432-431-ci illəri) adı ilə bağlıdır.
Yalnız yunan mədəniyyəti deyil, o cümlədən bəşər mədəniyyəti tarixində silinməz iz qoymuş Fidi Afina Akropolunun tikilməsinə rəhbərlik etmiş və burada ucaldılan əsrarəngiz gözəlliyə malik heykəllərin müəllifi olmuşdur. Hellin xalqının qırılmaz birliyinin təsdiq edilməsi və yunan quldar demokratiyası mədəniyyətinin mərkəzi olan Afinanın mədhi Akropolun əsas ideyasını təşkil edir.

Bu dövrün görkəmli heykəltəraşları arasında Polikletin, Praksitelin və Lisippin də xüsusi yeri vardır. Onların əsərlərində sağlam insan bədəninin gözəlliyi sənətkarlıqla əks olunurdu.
Yunanıstanda rəssamlıq heykəltəraşlıqla əlaqədə inkişaf edirdi. Yunan rəssamları içərisində b.e.ə. V əsrin I yarısında yaşamış Poliqnot və bu əsrin II yarısında yaşamış Apollodor məhşur olmuşdur. Rəssamlıqda diqqəti cəlb edən cəhətlərdən biri də qablar üzərində yunan əfsanələrindən götürülmüş mövzuların çəkilməsi idi. Rəssamlar bu sahədə böyük uğurlar qazanmışdılar.

Ümumiyyətlə, K.Marksın qeyd etdiyi kimi, V-IV əsrlər yunan mədəniyyətindən danışarkən göstərmək lazımdır ki, bu dövrdə insan ətraf aləmin dərk olunmasmda, o cümlədən özünün bədiı düşüncə tərzinin inkişafı baxımmdan xeyli irəliyə getmışdir. Sinfi xarakter daşımasına baxmayaraq, kökləri xalqla bağlı oian yunan mədəniyyətinin tamlığı, harmoniyası, nikbinliyi onun bir çoxu indiyədək əvəzsiz bir sənət nümunəsi kimi qalmaqda olan ən yaxşı abidələrini əbədiləşdirmişdir. Yunan mədəniyyəti Roma mədəniyyətinin, daha sonralar isə bütün Avropa mədəniyyətinin gələcək inkişafı üçün bir əsas təşkil etmişdir.


Tarix: 08.12.2014 / 17:25 Müəllif: Aziza Baxılıb: 184 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)