beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Knulp | Herman Hesse

Bütün həyatı yollarda keçən bir yolçunun hekayəsidir Knulp. İstədiyi yerə «qonaq», amma heç yerdə qərar tutmayan azad ruhun qısa dastanı...

Knulp, hər birimizin içində yatan «tərk etməyə meyilli» yönümüzdü əslində. Roman boyu doğmalıq hiss edir oxucu bu obrazla öz arasında.

Knulp tərk edir, Knulp yalnızdır, vecsizdir. Amma Knulpın digər yalnızlardan böyük fərqi var, o, cəmiyyətdən təcrid olunmuş yalnızlardan deyil. Knulp getdiyi hər yerin sakinidir, amma heç yerə aid deyil. Knulp hər kəsdə bir iz buraxır, amma heç kəsə, heç yerə bağlanmır.

Bu vecsizliyin səbəbini Knulp özü belə izah edir: “Hər şey o zaman baş verdi… O zaman, hələ on dörd yaşındaykən, Franziska mənə oyun oynadığı zamanlar. O vaxt hər şey ola bilərdim. Sonra içimdə bir şey qırıldı, ya da xarab oldu. Bax, o zamandan bəri heç bir işə yaramaz oldum...”

İnsanın gələcək həyatı, problemləri, səhvləri uşaqlığından qalan miras kimidi. Knulpın bütün həyatı bu «mirasın» ağırlığı altında əzildi.

Bütün bu vecsizliyə rəğmən mən bu «avara» obrazı sevdim.
Kiçikhəcmli, axıcı, oxumağa dəyər romanlardan oldu «Knulp»...

Seçilmiş misralar:
Adamların gicliyinə tamaşa etmək, onlara gülmək, hallarına acımaq olar, ancaq işlərinə qarışmaq- heç vaxt!

Tez-tez öz-özmə deyirəm: dünyada ən gözəl, ən qəşəng bir şey varsa,o da şiv, sarışın, ucaboy qızdır. Ancaq bu da düz deyil, həyatda görürsən ki,qaraşın qız daha gözəldir. Hərdən də tam ayrı fikirdə oluram. Bir də baxırsan, dünyanın ən gözəl-göyçək şeyi mənim üçün dönüb oldu göylərdə azadca süzən bir qəşəng quş. bir az keçmiş qanadları üstündə qırmızı xallar olan ağ kəpənək, ya da axşamüstü buludları al qana boyayan, par-par parıldayan, lakin adamın gözlərini qamaşdırmayan, yerə-göyə sevinc, məsumluq bəxş edən adicə günəş şüası qədər heç nəməni məftun etmir.

İnsanın xoş saatlarında gördüyü hər şey ona çox gözəl görünür.

Gözəl o şeydir ki, onda məftunluqla yanaşı nisgil də, qorxu da var.
Gözəl olan şey əbədiliyə qovuşa bilsəydi, ürəkdən sevinərdim. Amma o zaman mən ona gözucu baxıb düşünərdim ki, bunu sən istədiyin vaxt görə bilərsən, bu gün olmasa da olar. Əksinə, ötəri, dəyişkən, gəldi-gedər şeylərə daha çox baxıram, baxdıqca da təkcə zövq almır, həm də yanıram.

KnulpDünyadakı ən gözəl şey hər zaman içində xoşbəxtliklə bərabər kədəri ya da qorxunu da daşıyan şeydir. Əgər onun bir gün yaşlanacağını və öləcəyini bilməsək, çox gözəl bir qızın bəlkə də o qədər incə olduğunu düşünmərik. Gözəl bir şey sonsuza qədər eyni qalsaydı, bu mənə yaxşı təsir edərdi amma onu daha soyuq şəkildə seyr edərdim… Belə ki, müvəqqəti olan gözəl şeylər haqda hər zaman yalnızca sevinc deyil, acı da hiss edirəm...

Hərənin öz ürəyi var, heç cür onu başqasınınkı ilə qarışdıra bilməz. İki adam bir-birinə yaxınlaşar, bir-biri ilə danışar, dostluq edər. Ancaq ürəklər hərəsi öz torpağına kök atmış bir cüt gülə bənzər, heç biri də o birinin yanına gələ bilməz, gəlsə gərək kökündən qopsun.

Fikrində, əməlində əyriliyə yol verməyən hər kəs müqəddəsdir. Nəyi doğru bilirsənsə, onun da dalınca get!

Həyatımda iki dəfə aşiq oldum, özü də elə belə yox, əsl sevgi idi. Hər ikisində də bunun sonsuza kimi davam edəcəyinə və sadəcə ölümlə sonlana biləcəyinə inanmışdım. Hər iki sevgim də bitdi amma mən ölmədim...
Ömrümü necə gəldi başa vurmuşam, nə azadlıq, nə də gözəllər sarıdan korluq çəkmişəm. lakin bununla belə ömrüm boyu tək qalmışam.

Sərsəri bir həyat seçdin, amma ünsiyyət qurduğun bütün insanları düşündürdün, Knulp.


Tarix: 08.12.2014 / 14:09 Müəllif: Aziza Baxılıb: 244 Bölmə: Kitablar və mütaliə