Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

XXI əsrin 20 ən yaxşı romanları

“The Million” saytı jurnalist, yazıçı və tənqidçilərdən ibarət 57 nəfər ekspert qrupu vasitəsilə XXI əsrin 20 ən yaxşı romanını müəyyənləşdirib.

1. “Orta cins” Ceffri Evqenidis
Bir hermafroditin həyatından bəhs edən açıq və səmimi etiraflar. Onun gözü ilə bir ailənin bir neçə nəslinin tarixçəsi danışılır. Əsər birinci şəxsin dilindən yunan əsilli Amerikan tərəfindən Berlində yazılıb. “Orta cins” 2003-cü ildə Plutser mükafatına layiq görülüb.

2. “Oskar Uonun qısa və təəccüblü həyatı” Juno Dias
Yarı avtobioqrafik roman 2007-ci ildə Dominikan əsilli Amerikalı tərəfindən yazılıb. Əsər gombul və bədbəxt bir yeniyetmənin həyatından bəhs edir. Əsər qəhrəmanın ölümü ilə bitir. Hadisələr Nyu-Cersidə baş verir.

Roman 2008-ci ildə Plutser mükafatına layiq görülüb. Əsərin əsas xüsusiyyətlərindən biri də odur ki, ingilis və ispan dillərinin qarışığından ibarət dialektdə yazılıb.

3. “2666” Roberto Bolano
Roman Çilili yazıçı Roberto Bolanonun (1953-2003) ölümündən sonra nəşr olunub. “2666” beş hissədən ibarətdir. Müəllif öləndən sonra uşaqlarının gələcəyini təmin etmək məqsədilə əsəri beş ayrı kitab kimi çap etdirmək istəsə də bu ona nəsib olmur. Bolanonun ölümündən sonra varisləri bu əsərlərin vahid təşkil etdiyini nəzərə alaraq bir kitabda çap ediblər.

4. “Buludlu atlas” Devid Mitçell
“Buludlu atlas” güzgülü labirint üslubunda yazılıb. Altı hissədən ibarətdir. Əsərdə hadisələr XIX əsrdə, günümüzdə və gələcəkdə baş verir. Hissələr müstəqil olsalar da bir-birləri ilə qarşılıqlı əlaqədədirlər.

Müəllif deyir ki, əsərin quruluşunu İtalio Kalvinonun “Bir qış gecəsi səyyah” romanından götürüb. Əsərin adını isə yapon bəstəkarının eyni adlı əsərindən götürmüşdür.

5. “Yol” Kormak Makkarti
Makkartinin “Yol” romanı sərt realizmi ilə seçilir. Yazıçı əsərdə insanlığın mahiyyətini bütün gerçəkliliyi ilə amansızca vermişdir. Ata və oğul dəhşətli katastrofdan sonra ölkəni gəzməyə çıxırlar və baş verən hadisələr zamanı insanlıqlarını qorumağa can atırlar.

6. “Kəffarət” (“Günahları yumaq”) İen Makyuen
Roman stil və məzmunu ilə yazıçınını əvvəlki əsərlərindən fərqlənir. Əsərdə hadisələr Dörd zaman kəsiyində baş verir. Əsər üç hissədən ibarətdir.

7. “Kavaler və Kleyin macərası” Maykl Çabon
Əsər İkinici Dünya Müharibəsi zamanı Amerikada yaşayan iki gənc yəhudi komiks yazarlarından bəhs edir. Bir anda ulduza çevrilən gənclər məşhurluqlarını faşizmə qarşı mübarizə sərf edirlər. Bununla da lagerlərdə qalan qohumlarının qisasını almağa çalışırlar.

8. “Düzəliş” Conatan Frenzen
Roman ənənəvi atalar və oğullar probleminə yeni baxışdır. Əsərdə orta sinif bir amerikalının həyatından bəhs olunur. Bəzi ədəbiyyat adamları müəllifi Tosltoyla müqayisə edirlər.

“Düzəliş” XXI əsrin ilk ən böyük romanı hesab olunur.

9. “Gilead” Merilin Robinson
Əsərdə hadisələr 1956-cı ildə Ayova ştatınını Gilead şəhərciyində baş verir. Əsər 76 yaşlı keşişin 7 yaşlı oğluna məktubları şəklində yazılıb.

10. “Ağ dişlər” Zedi Smit
Son illər Britaniya ədəbiyyatında uğur qazanmış ən parlaq debüt romanlardandır. Əsərdə üç müxtəlif mədəniyyətli ailənin üç nəslinin həyatı komik dillə təsvir olunur. “Ağ dişlər”də müharibə, sevgi, dostluq, zəlzələ kimi mövzulara toxunulub.

11. “Kafka sahildə” Haruki Murakami
Tamura adlı gənc atasınını Edip kompleksinə bənzəyən “qara” öncəgörmələrindən (guya o atasını öldürərək anası və bacısı ilə birgə yaşayacaq) canını qurtarmaq üçün evdən qaçır. Adını dəyişib Kafka qoyur və bu cür yaşamağa başlayır. Əsər Azərbaycan dilinə tərcümə olunub.

12. “Çərpələng uçuran” Xalid Hüseyni
Əsərdə Əmir adlı varlı əfqan gənc ilə onların xidmətçilərinin oğlu Həsən arasındakı dostluqdan bəhs olunur. Həsən hər yerdə Əmiri qoruduğu halda Əmir bir dəfə davaların birində Həsəni qoruya bilmir (cəhd də etmir) və gözünün qabağında dostunu zorlayırlar. Əsərin ikinci hissəsində Əmir Həsənin onun qardaşı olduğunu öyrənir və borcunu ödəmək üçün onun oğlunu talibançılardan xilas edir.

Əsər Azərbaycan dilində nəşr olunub.

13. “Məni tərk etmə” Kadzuo İsiquro
Yapon əsilli ingilis yazıçısının bu əsəri 2005-ci ildə Buker mükafatına layiq görtülürb. “Tayms” jurnalına görə isə ilin ən yaxşı romanı olmuşdur.

Romanda hadisələr XX əsrin sonunun antiutopik Britaniyasında baş verir. Roman Ket Ş. Adlı otuz yaşlarında bir qadının xatirələri üzərində qurulub.

14. “Austerlis” V. Q. Zebald
Bütün ömrü boyu qalaların, qəsrlərin, sarayların memarlığını öyrənən Jak Austerlis bir gün dərk edir ki, o 1941-ci ildə beş yaşı olanda İngiltərəyə gətirilməsindən başqa özü haqda heç nə bilmir. Bax beləcə qəhrəman illər sonra Avropanın arxivlərini dolaşaraq öz itirilmiş keçmişinin axtarışına çıxır.

1943-cü ildə anadan olmuş alman yazıçı 2001-cü ildə avtomobil qəzasında vəfat edib.

15. “İmperiyanın çöküşü” Riçard Russo
Müəllifin komediya janrında yazdığı əsər Men ştatının kiçik şəhərində yaşayan “mavi yaxalıqlar”ın həyatından bəhs edir. Əsərin baş qəhrəmanı isə bir bar sahibidir.

Riçard Russo 1949-cu ildə ABŞ-da anadan olub. O həm də, kinossenarilər yazır. “İmperiyanın çöküşü” əsəri 2002-ci ildə Plutser mükafatına sahib olub.

16. “Qaçaq” Elis Munro
Yazıçı 1931-ci ildə Kanadada anadan olub. Buker mükafatı laureatıdır, bir neçə dəfə isə Nobel mükafatına namizədi olub. Onun “Qaçaq” əsəri isə 2004-cü ildə Qiller mükafatına layiq görülüb. Əsər hekayələr toplusundan ibarətdir.

17. “Ustad” Kolm Toibin
Roman Amerikalı yazıçı Henri Ceymsin həyatından bəhs edir. Müəllif 1955-ci ildə İrlandiyada anadan olub. “Ustad” romanı 2006-cı ildə İmpak Dublin ədəbiyyat mükafatını layiq görülüb.

18. “Sarı günəşin yarısı” Nqozi Adiçi Çimamanda
Gərgin dramatizmi ilə fərqlənən əsər bir neçə qəhrəmanın həyatından bəhs edir. Bəziləri əsəri Afrikanın “Çərpələnguçuran”ı hesab edirlər. Əsər qadın yazarlara verilən “Oranc” mükafatına layiq görülüb.

Çimamanda 1977-ci ildə Nigeriyada anadan olub.

19. “Qeyri-adi Yer” Cumpa Lairi
Hind əsilli ABŞ qadın yazıçısının əvvəlki əsərində olduğu kimi “Qeyri-adi Yer” romanında da hind emiqrantlarının ağır həyatından bəhs olunur.

20. “Conatan Strenc və mister Norrell” Syuzan Klark
2004-cü ildə nəşr olunmuş roman müəllifin ilk əsəridir. Fentezi janrında yazılmış əsərdə hadisələr XIX əsrdə Napoleonun dəhşətli müharibələrlə dünyanı sarsıtdığı dövrdə baş verir. Britaniya krallığı təhlükədədir. Magiya isə krallığa yardım etməli, onu qara qüvvələrdən xilas etməlidir.


Tarix: 08.12.2014 / 13:49 Müəllif: Aziza Baxılıb: 189 Bölmə: Kitablar və mütaliə
loading...