Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Kitab Allahı" | Elman Mustafayev

Heydər Əliyevin sözünü kəsən, DİN mayorunun rütbəsini sökdürən, Orxan Pamuku təəccübləndirən - Elman Mustafayev

Hələ sentyabr ayında işdə həmkarlarım arasında kiçik bir sorğu keçirib, ölkənin maraqlı adamlarının siyahısını hazırlamışdım. İndiki zəmanədə nə qədər təəccüblü görünsə də, özünə yemək əvəzinə axırıncı pulunu kitab almağa xərcləyən həmkarım Vəfa xanım (bəlkə bu tərifə görə, mənə yenə kitab bağışladı) çox getdiyi bir ünvanda - Qız Qalasının düz yanındakı kitab mağazasında gördüyü həm müdir, həm satıcı, həm də maraqlı həmsöhbət olan Elman Mustafayevin adını çəkdi. "Niyə də yox", dedim. Həm də əlavə etdim ki, Elman müəllim mənim dostumun dayısıdır. Amma "operativ"liyimi nəzərə alsaq, Qız Qalasının yanına getməyim bir xeyli uzandı. İki aydan sonra, noyabrda təsadüfən həmin dostum Zaur Şəkidən Bakıya gəldi. Özü də məndən xahiş elədi ki, dayımın yanına getmək istəyirəm, məni ora apar. Bax, bu lap yerinə düşdü. Zaurla birgə getdik də, Elman müəllimin bir çayını içdik də, müsahibə üçün razılığını aldım da... Demişdim axı, operativ işləyirəm. Yenə aradan bir ay keçdi və nəhayət, Qız Qalasının yanındakı kitab mağazasına getmək mənə nəsib oldu. Guya bir saatlıq getmişdim. Bir də ayıldım ki, bizim söhbətimiz və Elman müəllimin əla likörünün dadı mənə vaxtı unutdurub. Düz dörd saatdan artıq Azərbaycanın və bəlkə də Qafqazın yeganə ən çox təcrübəli KİTAB ADAMI (seçdirmə mənimdir - E.X.) ilə həmsöhbət olmuşam. Uzun-uzadı yazmadan, söhbətimizin yadımda qalan ən maraqlı məqamlarını Sizə də danışacağam.

Qısa haşiyə:

Elman Mustafayev 1940-cı ildə Şəki şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini elə doğma şəhərdə alıb. Uşaqlıqdan ailədə müxtəlif istiqamətlərə yönləndirilsə də, kitaba olan həvəsi Elman Mustafayevi Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kitabxanaçılıq fakültəsinə gətirib. Burada o, "Kitab-əmtəəşünaslıq və biblioqrafiya" ixtisası üzrə təhsil alıb. Ali təhsilə qədər həyatında saymaqla qurtarmayan peşələrlə məşğul olub. Qısaca onu deyim ki, musiqi və aşpazlıq sahəsində daha irəli gedib. Belə ki, o, tar sinfini bitirib və tam aşpaz ixtisasına yiyələnib. Hətta, restoran müdiri olub. Dediyinə görə, günü bu gün getdiyi toylarda kabablara baxanda iştahası qaçır. Mərc gəlir ki, heç bir aşpaz kababın hər tikəsində neçə qram ət, neçə qram sümük olmalıdır, onu dəqiq bilmir. Nə başağrısı edim, gündə sovet dövrü üçün böyük pul sayılan 50 rublluq qazancı olan restoran işindən iyrənir. Elə buna görə də, Litvanın Kaunas şəhərində hərbi xidməti çəkib, Azərbaycana qayıdan kimi kitaba bağlılığını rəsmiləşdirir.

60-cı illərin Bakısı
üçün burnunun ucu göynəyir Elman Mustafayevin. "Bakının heç bir dövrü elə mədəni, elə yüksək səviyyədə olmayıb", deyir. "Tələbə vaxtı indiki Nizami (o vaxtkı Torqovı) küçəsində gəzməkdən gözəl nə ola bilərdi" deyən qəhrəmanımın danışdıqca gözləri gülür. 1967-ci ildən kitabla başlayan işi bu günədək davam edir. Hazırda Fəvvarələr Meydanında olan Prezident Kitabxanasının yerində o vaxtlar Tədris-pedaqoji kitab mağazası var imiş. Düz 13 il həmin mağazaya rəhbərlik edib. Kitaba olan diqqəti, işini yüksək peşəkarlıqla görməsi ölkə rəhbərliyinin diqqətini çəkib.

80-ci ildə "Kitab Evi"
kitab eviistifadəyə verilib Bakıda. Təbii ki, bu sahədə təcrübəsi olan Elman Mustafayev Mərkəzi Komitənin təşəbbüsü ilə Azərbaycan SSR-də ən böyük kitab alqı-satqısını təşkil edən təşkilata rəhbər təyin edilib. 18-35 yaş arası, xüsusi görünüşü, ünsiyyət bacarığı, xarici dil bilən xanımlar Bakının mərkəzində olan Kitab Evinə işə qəbul olunub. Kitab Evinin açılışı vaxtı respublikaya rəhbərlik edən Heydər Əliyev Bakıda yox imiş. Ona görə, açılışa Kamran Bağırov gəlib. Amma 1981-ci ilin iyununda Heydər Əliyev Kitab Evinə baş çəkib. Fəaliyyətə başladığının heç bir ili tamam olmadan bütün Sovet respublikalarında məşhurlaşan Kitab Evinin bacarıqlı rəhbəri və kollektivi Heydər Əliyevi qarşılayıblar. Həmsöhbətim həmin görüşü belə xatırlayır: "Heydər Əliyevin kitaba olan marağını artıq bilirdim. Onun Kitab Evinə gəlişi isə sırf öz istəyi idi. Adətən, rəhbərlər harasa gedəndə, o müəssisə haqqında ona ətraflı, dolğun məlumat verilir. Heydər Əliyev də Kitab Evinə gəldi, bütün şöbələri gəzdi, xeyli suallar verdi və bizim konfrans zalında görüşümüz başladı. Mən gördüm ki, Heydər Əliyevə bizim fəaliyyətimiz haqqında düz-əməlli məlumat verilməyib. Qeyri-ixtiyari onun sözünü kəsdim. Kitab Evinin əsas işi, xarici əlaqələri, alqı-satqısı haqqında geniş məlumat verdim. Mən Heydər Əliyevin sözünü kəsəndə bütün zalda uğultu qopdu. Hamı nəfəsini çəkib, ona və mənə baxırdı ki, görəsən nə olacaq? Çünki dövlət televiziyası çəkiliş aparırdı. Amma Heydər Əliyev görəndə ki, mən işimiz haqqında daha müfəssəl məlumat verirəm, onda gülümsündü. Zaldakıların da ürəkləri yerinə qayıtdı. Çoxu elə bilirdi ki, bu mənim axırımdır. Heydər Əliyev isə işini sevən adamı qiymətləndirməyi bacarırdı. Mən düz 5 il onun şəxsi kitabxanasına kitablar seçmişəm. Təxminən bilirdim ki, nəyi oxuyacaq və ya nə onunçün maraqlı olacaq. Ən maraqlısı isə o idi ki, mənim Heydər Əliyevə göndərdiyim kitabları o özü vərəqləyib, seçirdi. Amma Kamran Bağırov üçün kitabın nə olduğunu bilməyən köməkçiləri seçirdilər deyə, çoxu Kitab Evinə qaytarılırdı."

5 ilin uğurları və badalaqları
xatırlandıqca, yada növbəti hadisələr düşür. Nələr olmayıb ki, 5 il Kitab Evinə rəhbərlik etdiyi vaxtda? Dəfələrlə SSRİ miqyasında keçirilən kitab yarmarkaları və sərgilərində Azərbaycan nümayəndə heyətinə başçılıq etməsini (adının çəkilməsini istəmədi) həzm edə bilməyən komitə rəhbəri bəzən Moskvadakı hesabatlara da Elman Mustafayevi (bu sahənin adamı olmadığı üçün) göndərirmiş. Hətta bir dəfə SSRİ kitab ticarəti və poliqrafiya işləri komitəsinin sədri Safronov özü Bakıdan yazılan donoslar haqqında iyrənərək danışıb: "Safronov Bakıya gəlmişdi. O, mənim işlərimi çox bəyənirdi. Məsəlçün, Kitab Evində bütün SSRİ-də ilk dəfə olan informasiya mərkəzi yaratmışdım. Bu nə idi; dörd dildə danışmağı bilən əməkdaşlarımız istər Kitab Evinə gələnlərə, istərsə də zəng edənlərə Bakının bütün kitab mağazalarında və kitabxanalarında olan kitablar haqqında məlumat verirdilər. Bu, alverçi xislətli digər mağaza rəhbərlərinin və kitabxana müdirlərinin xoşuna gəlmirdi. Çünki onlara şəffaf işləmək sərf etmirdi. Piştaxta altından baha qiymətə tapılmayan kitablardan satırdılar. İnformasiya mərkəzi də hesabat istəyəndə, bu onların işlərinə mane olurdu. Yəni, bu sistemi Safronov ilk dəfə Bakıda Kitab Evində görəndə, çox təəccübləndi. Dedi ki, Moskvada, Leninqradda (indiki Sankt-Peterburq) belə sistem yoxdur, qayıdan kimi mütləq yaradacağam. O mənə Moskvaya, ya da Leninqrada getməyi təklif etdi. Dedim ki, yox, bura Vətəndir, işimi burada görəndə daha çox rahatlıq tapıram. Safronov hirsləndi ki, "əşi, bəsdi sən Allah, gördüm Vətənini. Bir həftədir Bakıdayam, ancaq səndən qeybət edirlər, ancaq səndən donos verirlər mənə. Gəl, səni aparım mərkəzə. İki otaqlı evə söz verə bilmərəm, amma Moskvanın ən yaxşı yerində bir otaqlı evə söz verirəm. İşin də göz qabağında, burada qalsan işləməyə imkan verməyəcəklər." O, nə qədər desə də, mən fikrimdən dönmədim. Zaman göstərdi ki, Safronov haqlı imiş. Özüm uzaqlaşdım Kitab Evindən. Bir-birinin ardınca ərizələr yazdım ki, işdən çıxıram. O vaxtlar da komitə rəhbərliyi özbaşına çıxara bilməzdi. Moskvadan it kimi qorxurdular. Safronovun mənə münasibətini də gözəl bilirdilər. Dedim ki, Qız Qalasının yanındakı kitab mağazasını verin, gedirəm ora. Düz 5 il - yaranandan rəhbərlik etdiyim Kitab Evindən məni iyrəndirdilər".

Paqonu sökülən mayor
haqqında heç vaxt danışmamışam, deyən Elman müəllim, mağazaya gələn gənclərin suallarını cavablandırdıqdan sonra söhbətini davam edir: "Kitab Evinin direktoru olanda, nazirlərdə, komitə sədrlərində bir xidməti maşın vardısa, məndə ikisi vardı. Yəni Kitab Evinin rəhbəri müəyyən məqamlarda onlardan da hörmətli idi. Mənim işim SSRİ miqyaslı iş idi, onlarınkı Azərbaycandaxili iş idi. Bir dəfə anbara Moskvadan çoxlu kitablar gəlmişdi. Özüm də fəhlə paltarı geyinib, uşaqlara kitab daşımağa kömək edirdim. İşi sevdiyimdən, kabinetdə oturmurdum. Toz-torpağın içində işlədiyim yerdə bir milis (polis) mayoru yaxınlaşdı. Özünü Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edib, vəsiqəsini də göstərdi. Dedi ki, mənim uşaqlarıma 3 komplekt kitab ver. Mən də dedim ki, qardaş, 1 komplekt istəsən kömək edərdim, amma 3 komplekt verə bilmərəm. Həm də bu mayorun özünü yuxarıdan aparması, guya vəzifəsi ilə təzyiq eləmək istəməsi xoşuma gəlmədi. Bir az keçdi, sözünü yenə təkrarladı. Deyəndə ki, mümkün deyil, qayıtdı ki, dedim axı, mən kiməm. Əlimdəki kitabları yerə qoyub, düz qabağında dayandım. Sakitcə soruşdum ki, kimsən? Dedi, belə şeyin üstündə bilirsən adamın şalvarın çıxardıb, neynərlər? Bu vaxt yaxınlıqdakı fəhlələr, hamısı xətrimi çox istədiyiklərindən bizə yaxınlaşdılar. Bir işarəmlə təpiyin altına salıb əzişdirərdilər. Fəhlələrdən biri stulun bir ayağını qırıb, mayoru onunla döymək istəyirdi. İşarə etdim ki, lazım deyil, qayıdın işinizlə məşğul olun! Yuxarı, kabinetimə çıxıb, Daxili İşlər Nazirliyində Xüsusi Əməliyyat İdarəsinin rəisi polkovnik İbrahimova zəng elədim. Dedim ki, sizin filan adlı bir mayor gəlib burada şalvarımı çıxartmaqla hədələyir, məndən 3 komplekt məktəbli kitabı istəyir. İbrahimov məni çoxdan tanıyırdı, dərhal dedi ki, oradadırsa, deyin tez mənim yanıma gəlsin. Aşağı düşdüm, gördüm doğrudan da orada məni gözləyir. Sakitcə dedim ki, sizi polkovnik İbrahimov yanına çağırır. Rəngi ağappaq kağız kimi oldu. Yerində quruyub qaldı. Tərpənə bilmirdi. Yenə etinasız dedim ki, burada vaxt itirməyin, yoldaş mayor, gedin, sizi gözləyirlər. Nə isə, bu mayor getdi və təxminən 15 dəqiqədən sonra İbrahimov zəng elədi. Üzrxahlıq edib dedi ki, bəs həmin mayorun hərəkəti haqqında nazirə məruzə elədim. Nazir onun paqonlarını özü sökdü. Sən demə, bu, həmin mayorun növbəti belə əməliymiş. Öz cəzasını çəkdi, həmişəlik milis sistemindən tərxis olundu. Demək istəyirəm ki, mən də onun tayı olub, yekə-yekə danışardım. Yaxud fəhlələrə işarə edərdim ki, döyün bunu. Ya özüm əlbəyaxa olardım. Nəyə lazımdır axı belə yersiz təzyiqlər, vəzifəylə öyünmək?"

Kikabidzenin pasport oğurluğu
yadına düşəndə gülməkdən uğunub getdi. Həmsöhbətim deyir ki, Kitab Evində direktor olanda müntəzəm olaraq, Azərbaycanın və SSRİ-nin ən məşhur simaları ilə görüşlər təşkil edib. Yazıçılar, ictimai xadimlər, aktyorlar, müğənnilər və digər maraqlı peşə sahibləri ilə Kitab Evində baş tutan görüşlər həm də dövlət televiziyası ilə göstərilir, qəzetlərdə, jurnallarda geniş məqalələr yazılırmış (Hətta uşaqlar üçün ayrıca görüşlər təşkil edilərək, onlara nağıl oxunur, kitablar hədiyyə edilirmiş...). Bir dəfə Vaxtanq Kikabidze Bakıya gələndə onu Kitab Evində görüşə razı salıb: "Biləndə ki, Kikabidze Bakıdadır, daimi Oxucularımızı onunla görüşdürmək istədim. Güc-bəla ilə Kikabidzeni razı saldım. Çox yaxşı görüş keçdi. Nəzərdə tutulan vaxtdan da artıq oldu. Görüşdən sonra Kikabidzeni öz kabinetimdə çay süfrəsinə dəvət etdim. Bu vaxt bir işçim mənə yaxınlaşıb dedi ki, bəs, Elman müəllim Kikabidze mənim pasportumu götürüb vermir. Güldüm ki, sənin pasportun onda nə gəzir? O da gözəl bir xanım idi. Utandı, qızardı, heç nə deyə bilmədi. Çay içdiyimiz yerdə birdən qayıtdım ki, yoldaş Kikabidze, zəhmət olmasa, bizim əməkdaşımızın pasportunu qaytarın. Gülməkdən öldü. O da mən deyən sözü dedi ki, Sizin işçinin pasportu məndə nə gəzir? Amma sonra qaytardı. Bu da şəhərdə yayılmışdı ki, Kikabidze Bakıda pasport oğurlayıb".

Kimlər olmayıb ki, alıcılarım
deməyə əsası olan Elman Mustafayev Vəxtiyar Vahabzadəni, Nəriman Həsənzadəni (həm də müəllimi olub), Rövşən Cavadovu, Orxan Pamuku xatırlayır. Onların hər biri haqqında maraqlı söhbətlər edir. Orxan Pamuk Bakıya gələndə Qız Qalasının yanındakı kitab mağazasına da baş çəkib: "Adətən, məşhur simalar bura gələndə, özümü elə aparıram ki, guya tanımıram. İstəyirəm ki, sərbəst hansısa kitaba baxsınlar. Orxan Pamuk bura gələndə bütün bölmələrə baxdı. Bir xeyli söhbət etdik. Bir neçə saat ərzində elə maraqla danışdıq ki, təəccübünü gizlədə bilmədi. Dedi ki, sizin kimi hərtərəfli biliyə malik kitab adamlarına bütün dünyada nadir hallarda rast gəlmək olar. Bakı haqqında kitablarla daha çox maraqlanırdı deyə, şəhərin tarixindən bəhs edən bir neçə kitab seçdi. Mən də bir neçəsini bağışladım. Onunla söhbət mənim özümə də ləzzət elədi. Geniş biliyə malik adamla ünsiyyət çox rahat olur".

"Book kafe" anlayışı
bütün dünyada var, deyən peşəkar mütəxəssis təəssüfünü gizlədə bilmir. "İndiki zəmanədə kimin ağlına nə gəlirsə onu da edir", deməklə, bu mövzuda danışmağı yersiz bilir: "Bilirsiz, indi elə zəmanədir ki, hamı ağlına gələni edir. "Book-kafe"yə yenilik deyənlər bəlkə heç anadan olmamışdılar mən Yuqoslaviyada onu görəndə. Dünya praktikasında bu çoxdan var. Amma necə, hansı formada? İnsanlar kitab mağazasına gəlirlər və bir növ istirahət etmək üçün ona çay, kofe, sərinləşdirici içki təklif edilir. Yəni kitab alacaq insan tələsmədən, vərəqləyə-vərəqləyə seçim edə bilsin. Bir növ dincini alsın. Daha bunun üçün ayrıca pul ödəməsin. Çay, ya kofe içmək istəyən onsuz da hansısa kafeyə gedəcək. Amma sən onları ona görə təklif edirsən ki, məhz insanlara xoş üzlə, yaxşı qulluqla kitab sata biləsən. Yaxşı yadımdadır, 70-ci illərdə Allahın İranında kitab mağazasına girəndə bizi elə qarşıladılar ki, dedik, görəsən bura haradır? Gözəl çay dəstgahı açdılar. Özü də pulsuz. Biz də elə-belə baxmağa getdiyimiz halda adama bir neçə kitab aldıq. Yoxsa indi kimlərsə kitab kölgəsində pul qazanmaq xatirinə bu addımı atırsa, vay o ölkənin halına. Bir dəfə elə bu mağazaya bir neçə fransız gəlmişdi. Kitablara baxdılar, ordan-burdan söhbət etdik. Götürdüm bir çay dəmləyib, bunlara çay süzdüm. Sağollaşıb getdilər. Səhəri gün onlardan biri gəlib, 50 manatdan da çox dəyərində bir qalaq kitab aldı. Dedi ki, dünən bizimlə elə rəftar elədiniz ki, başqa yerdən kitab almaq istəmədik" (Həmsöhbətim xaricdən - Almaniya, Fransa, ABŞ, Yaponiya, Avstraliya və digər ölkələrdən gələn müxtəlif peşə sahibi müştəriləri haqqında olduqca maraqlı söhbətlər etdi. Amma yazının həcmini nəzərə alıb, o söhbətləri ixtisar etdim. Qonaqlardan jurnalist olanlar Elman Mustafayev haqqında öz ölkələrində böyük məqalələr yazıblar. Jurnalları, qəzetləri Bakıya da göndəriblər. ABŞ-da nəşr olunan "Azerbaijan İnternational" jurnalından Betti Bler Tokioda Elman Mustafayev haqqında yazı oxuyanda necə sevindiyini özü ona danışıb.)

Kitab yox, kartof-soğan satanlar
çoxalıb Bakıda sözlərini əsəbi deyir Elman Mustafayev. Onun sözlərinə görə, adlarını kitab satmaq üzrə bilici qoyub, özlərini ictimaiyyətə kitaba can yandıran kimi sırıyanlar kitabın düşmənləridir: "Qanı qiymətinə kitablar satırlar. Onlar kitabdan daha çox, katrof-soğan satanlara oxşayırlar. Kitaba can yandırsalar, belə eləməzlər. Kitab mağazalarında işləyənlərin səviyyəsi dəhşətli dərəcədə aşağıdır. Çünki o mağazaları açanlar özləri kitabın nə olduğunu bilmirlər. Kitab satmaq ən çətin peşələrdən biridir. Hər adam kitab sata bilməz ki..."

Kitab mükafatı
haqqında danışanda dəhşətə gəldi. Başını bulamaqla kifayətləndi Kitab Allahı. Elman Mustafayev kitabla bağlı mükafatların bütün digər mükafatlardan çətin olduğunu deyir: "Ömründə kitabın nə olduğunu bilməyən, alverçiliyə yeni başlayan insan hansı haqla kitab mükafatı təşkil edir? Bir neçə kitab mağazası açmaq olar, orada kitabla bərabər yeyib-içmək də satmaq olar, amma kitabla belə davranmaq olmaz! Bir kitab oxuyub, onun haqqında normal diskussiya apara bilməyən özünü mütəxəssis kimi qələmə verir. İndi kimi dindirirsən, deyir nəşriyyatım var. Nəşriyyat necə olmalıdır, naşir hansı işləri görməlidir - heç bir anlayışı yoxdur. Buraxılan kitablara baxıb təəssüf etməkdən başqa nə çarəm var? İnsanlar özləri diqqətli olmalıdırlar ki, "kartof-soğan" satanların tələsinə düşməsinlər. Onlara özlərini reklam lazımdı, pul qazanmaq lazımdı, daha kitaba hörmətdən danışıb, heç olmasa camaatı özlərinə güldürməsinlər".

70 ilin 43-ünü kitablara həsr edən Elman Mustafayevlə söhbətin sonunda başa düşdüm ki, indi camaatın gözünə kül üfürüb, "biz görüşlər təşkil edirik", "biz uşaqlara nağıllar oxuyuruq", "biz kitaba sevgini qaytarmaq üçün tədbirlər keçiririk", "biz "book-kafe" yeniliyi etmişik", "biz mükafat veririk" kimi rəngli nağıllar danışanlar hamısı gülünc günə qaldı. Səbəbi yəqin ki, yazını oxuyanların hamısına bəlli oldu. Sən demə "bu yeniliklər" çox da uzaq olmayan keçmişimizdə, elə Bakıdaca baş verib. Sadəcə indiki "kitab dəllalları" o vaxtlar ya uşaq, ya da sərgərdan həyat sürən gənclər olduqlarından ictimai həyatda baş verənlərdən xəbərsiz olublar. Onlar heç Kitab Allahını tanımırlar!


Tarix: 08.12.2014 / 13:47 Müəllif: Aziza Baxılıb: 424 Bölmə: Kitablar və mütaliə
loading...