beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kitab ətri

Bəh-bəh-bəh...telefonlardakı bluetooth adlarına baxırsan və fərqli, fərqli düşüncələrə dalırsan, deyirsən ki, gəl-ha-gəl-ə bax. Əslində hər kəsin öz malı ilə istədiyini etməyə haqqı var, amma, gəlin, boynumuza alaq ki, bu gün başqa şeyi demirəm, elə məhz telefonlara olan maraq kitablara olsa, həyat necə olardı?! Və yaxud da internetdə vaxtı sərf etdiyimiz oyunlar əvəzinə (ya da bu vaxtın daha bir qismini) kitablara, əsərlərə, məlumatlara, məqalələrə və yaxud da elə maraqlı postlara ayırsaydıq.
Hansı cavanlarımız bir araya toplaşdıqda bir-birləri ilə oxuduğu kitablardan söz açır, hansılar əsərləri müzakirə edir, hansılar kitablarını oxumaq üçün dəyiş-düyüş edirlər??? Axı hansılar? Çox azdır..

Haqsızlıq etməyim, təbii ki, oxuyanlar var, buna da yox desəydim ağartmış olardım. Əlbəttə ki var! Amma, əksəriyyətin fikri-zikri, amalı tamam başqadır. Məqsədləri nədir, onu da bilmirik?!
Xarici ölkələrdə, metrolarda, başqa nəqliyyat vasitələrində əllərində telefon, bluetooth-da eşələnən cavanlara az rast gəlmək olar. Çoxluq kitab oxuyur. Yaşlısı da, cavanı da. Hələ yaşlıları qoyum bir kənara, əgər bir ölkədə ki, cavanlar oxuyurlar, elmə-biliyə, mütaliəyə belə maraq göstərirlər, əlbəttə ki, o ölkə hər zaman irəli gedəcəkdir.
kitab oxumaq lazimdir



Bizdə isə... Əslində mən belə passivliyə bir nöqteyi nəzərdən yanaşmıram, səbəblər də çox ola bilər. Deyir ki, balıq başdan iy verər. İndi dövrdə ən öndə gedən işlər nədir? Bunları hardan bilirik? Təbii ki, reklamdan. Sırf reklam. Məncə kitablar üçün də müxtəlif həvəsləndirici işlər görülsə, müxtəlif kompaniyalar qurulsa irəli bir addım atılmış olar. Yoxsa çox şeyi itirə bilərik.

Kitabxanalar var, kitab dükanlarımız da var. Amma, içində özümüzünkülər olsa da əksəriyyəti xarici yazarların kitablarıdır. Hərçənd ki, oxuyan şəxs üçün bunun elə də önəmi yoxdur, amma, bizim özümüz üçün bu çox mənfi bir haldır. Yəni əgər bu gün kitab yazanımız yoxdursa, o zaman oxumayanımızı nə deyək?

Bu zaman da ortaya bir sual çıxır? Niyə kitablar istənilən dərəcədə, istənilən sayda çap olunmur? Yəqin ki, buna istənilən dərəcə tələb yoxdur. Bir çox müasir yazarlar bu gün məhz internet səhifələrində çap olunmçağı daha üstün tuturlar. Çünki, imkanları buna yetir. ATV kanalında izlədiyim bir verlişdə adını xatırlamadığım bir yazıçı qeyd elədi ki, mən əsər yazmıram, çünki, bundan nə xeyir əldə edəcəyəm ki? Baxıb görürsən ki, kişi düz deyir. Balaları ac qalacaqsa hansı əsərdən, hansı romandan söz gedə bilər??? Hərçənd ki, bununla da qismən razıyam, tam yox. Çünki, ədəbiyyat, başqa aləmdir və yazar əgər yazırsa bunu istədiyi üçün yazır, sözlərini sinəsində, ürəyində saxlaya bilmədiyi üçün yazır. Burda pulun nə məsələsi?!

Zaman elə zamandır ki, bu saat istədiyin kitabı internetdən yükləyib oxuya bilərsən və ya istədiyin məqalələri, yazıları və s. Bu gün bizim ədəbiyyat əgər toz basmırsa bunda internetin xeyri çox böyükdür, hətta, belə demək olar ki, ədəbiyyatımız internetin sayəsində yaşayır və irəli getməyə çalışır.. Çünki, baxıb, oxuyub görürsən ki, yazanlar, buna səy göstərənlər və öyrənənlər var. Ha doğru, ha yalnış, ha az, ha çox! Amma, var.

***

Bir neçə vaxt bundan öncə metrodan çıxanda, elə çıxışdaca bir satıcının öz “butkasında” necə büzülüb, oturub, yuxulamasının şahidi oldum. 26-27 yaşlarında olardı.. Üzüldüm… İndi düşünürəm ki, səhərdən axşamacan işləyən insanlar hansı həvəslə kitab oxusunlar? Və ya hansı vaxtda? Və ya hansı pulla? Tutaq ki, kişi işlədi, gəldi evə, yedi, içdi- indi guya o əlinə kitab alıb başlayacaq oxumağa??? Yox, bu ayda-ildə bir dəfə görülən iş olar.. Balaları evdə çörək gözləyirsə, geyim gözləyirsə (bu o kişinin gün ərzində olan düşüncəsi) və adamın səhərdən axşamacan canı çıxırs (bu o kişinin vaxtı), hansı maraqdan, hansı kitabdan söz gedir axı?! Kişi gəlib, başını atıb yatacaq. Neyləsin?!

Demək ki, belə nəticəyə gəlinir ki, insan rahat yaşayarsa çox şey həll eləmək olar. Amma, vallah bəzi rahat yaşayanlarımızda da oxumağa heç həvəs yoxdur.” Pul onsuz da hər şeyi həll edir…”

Ehh yuxarı tüpürsən bığ, aşağı tüpürsən saqqal. Deyiləsi isə o qədər şey var ki.. Amma, nə fayda, nəticə ki boşdur?! Çox çalışmaq, çox.. Gələcəyi düşünərək çox çalışmaq, bir çox ideyalara imza atmaq…elə idealar ki, insanların xeyrinə olacaq..


Tarix: 08.12.2014 / 13:53 Müəllif: Aziza Baxılıb: 214 Bölmə: Kitablar və mütaliə